Muxtar
respublikamızda təhsilə göstərilən dövlət
qayğısı sayəsində əldə edilən uğurların miqyası
getdikcə artmaqdadır. Artıq 4 ildir ki, Naxçıvan
Dövlət Universitetinin tələbələri Tələbələr Azad
Sahibkarlıq Fəaliyyətində (SİFE) beynəlxalq
tələbə proqramı üzrə Bakı şəhərində keçirilən
milli çempionatlarda, regional yarışmalarda
iştirak edir və hər il yüksək nəticələr nümayiş
etdirir.
Son iki ildə isə universitetin SİFE komandası
ardıcıl olaraq 2 dəfə ölkə çempionu adını
qazanaraq ölkəmizi dünya çempionatında təmsil
etmiş və xarici ölkələrin tanınmış
universitetləri ilə bir sırada öz bilik və
bacarıqlarını nümayiş etdirmişlər.
Sevindirici haldır ki, 2011-ci ilin mayında
Bakıda keçirilən SİFE VI Respublika
Çempionatında da NDU-nun komandası 1-ci yerə
layiq görülmüş, ölkə çempionu kimi Malayziyanın
paytaxtı Kuala Lumpur şəhərində keçiriləcək SİFE
Dünya Çempionatında Azərbaycanı təmsil etmək
hüququ qazanmışdır.
SİFE Dünya Kuboku uğrunda yarışmalarda iştirak
etmək üçün iqtisad üzrə fəlsəfə doktoru, dosent
Müslüm Cabbarzadənin rəhbərliyi ilə NDU-nun 16
nəfərdən ibarət olan komanda oktyabrın 1-də
Malayziyanın paytaxtı Kuala Lumpur şəhərinə yola
düşmüşdür.
Dünyanın 40-a yaxın ölkəsinin ən nüfuzlu
universitetlərinin iştirak etdiyi Dünya
Çempionatının əsas yarışları 3-5 oktyabr
tarixlərində baş tutmuşdur. Oktyabrın 3-də Kuala
Lumpur Konvensiya mərkəzində yarışların rəsmi
açılış mərasimi keçirilmişdir. Elə həmin gün
bütün iştirakçı ölkələrin milli
mədəniyyətlərinin nümayiş olunduğu təntənəli
mərasim təşkil olunmuşdur. Naxçıvan Dövlət
Universiteti tərəfindən Azərbaycanın tarixini,
mədəniyyətini, milli xüsusiyyətlərini,
kulinariyasını əks etdirən zövqlə hazırlanmış
guşə iştirakçılar tərəfindən böyük maraqla
qarşılanmışdır. Milli geyimdə olan tələbələrimiz
ölkəmizə aid guşəyə yaxınlaşan digər millətlərin
nümayəndələrinə Azərbaycan haqqında, milli
dəyərlərimiz, adət-ənənələrimiz barədə ətraflı
məlumatlar vermiş, milli musiqi və rəqslərimizi
nümayiş etdirmişlər. Eyni zamanda tələbələrimiz
digər ölkələrin milli mədəniyyətləri ilə tanış
olmaq imkanı əldə etmişlər.
Mədəniyyət
tədbiri başa çatdıqdan sonra SİFE Dünya
Çempionatının rəsmi açılış mərasimi
keçirilmişdir. Mərasimdə Malayziyanın xarici
ticarət naziri, digər dövlət rəsmiləri, nüfuzlu
şirkətlərin rəhbərləri iştirak etmişlər.
Açılış mərasimində iştirakçı komandaların
qruplara bölünməsi üçün püşkatma keçirilmişdir.
Püşkatmanın nəticələrinə görə, dünya
çempionatının qrup mərhələsində komandamız 2009
və 2010-cu illərin çempionu olmuş Misir, 2005-ci
ilin çempionu olmuş Zimbabve, Hollandiya,
Qırğızıstan kimi güclü rəqiblərlə mübarizə
aparmalı olmuşdur. Bu mərhələdə komandamız
tərəfindən hazırlanmış 4 biznes layihəsi
münsiflər heyətinin diqqətinə təqdim edilmişdir.
Birinci mərhələnin yekununda komandamızın çıxışı
yüksək dəyərləndirilmiş və III yerə layiq
görülmüşdür. Bu, Azərbaycan komandalarının SİFE
Dünya Çempionatında göstərdiyi ilk ən yüksək
nəticə kimi əhəmiyyətli hadisədir. Yekun
nəticələrə görə isə komandamız Mərkəzi Asiya və
Cənubi Qafqaz ölkələri arasında ilk yerdə təmsil
olunmuş, Fransa, Braziliya, Yaponiya, Koreya,
Meksika, Hollandiya, Polşa, Avstraliya, Seneqal,
Tunis və digər ölkələrin komandalarından irəlidə
olmuş, İngiltərə, Kanada, Ukrayna, Yeni
Zelandiya, Nigeriya, Mərakeş komandaları ilə
eyni pillədə yer almışdır.
Oktyabrın 4-də yarışların birinci mərhələsinin
bağlanış mərasimində komandamıza kubok, diplom
və mükafatlar təqdim edilmişdir.
Qeyd edək ki, yarışların final mərhələsinin
nəticələrinə görə Almaniya komandası 2011-ci
ilin SİFE çempionu adına layiq görülmüşdür.
Komandamızın Malayziya səfəri həm də müxtəlif
xarici şirkətlərin, biznes strukturlarının
rəhbərləri, rəsmi şəxslər, xarici ölkə
universitetlərinin müəllim və tələbələri ilə
görüşlərin təşkili ilə də yaddaqalan olmuşdur.
Oktyabrın 5-də NDU-nun SİFE komandasının üzvləri
Azərbaycan Respublikasının Malayziyadakı
səfirliyində olmuşdur. Azərbaycan
Respublikasının Malayziyadakı fövqəladə və
səlahiyyətli səfiri Tahir Kərimov yarışda
iştirak edən heyəti qəbul etmiş, yüksək nəticə
göstərməsi münasibətilə komandamızı təbrik
etmişdir. Bütün səfər ərzində səfirlik
komandamızı diqqətdən kənarda qoymamış, lazım
olan hər cür köməyi göstərmişdir.
Yarışdan sonra komandamızın üzvləri Kuala Lumpur
şəhərinin bir çox tarixi və turizm əhəmiyyətli
yerləri ilə tanış olmuşlar.
Naxçıvan Dövlət Universitetinin SİFE
komandasının fəaliyyət göstərdiyi 4 il ərzində
belə yüksək nəticələr əldə etməsi Naxçıvanda ali
təhsilin inkişaf səviyyəsini göstərən və gələcək
iqtisadçıların, sahibkarlıq fəaliyyəti ilə
məşğul olan yeni nəslin formalaşmasını nəzərə
çatdıran əhəmiyyətli hadisədir.
Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |