Təsviri
incəsənət fənnində xalqımızın adət-ənənələri
haqda məlumatların, incəsənət əsərlərinin dərk
olunaraq şagirdlərə çatdırılması xüsusi
əhəmiyyət daşıyır. Cəmiyyət və təsviri incəsənət
əlaqələrini əks etdirən məzmun xətti üzrə
müəyyən olunan bilik və bacarıqlar şagirdlərə
milli dəyərlərə maraq və hörmət aşılayır, insan
cəmiyyətinin mədəni, siyasi və iqtisadi həyatı
haqqında geniş və dolğun təsəvvürlər yaradır.
Xalqımızın yaşayış tərzi, adət-ənənələrini geniş
əks etdirən təsviri incəsənət əsərləri ilə təmas
zamanı şagird milli dəyərlərə yiyələnməklə bir
növ mədəni mübadilə prosesini yaşayır.
Şagirdlərin xalq yaradıcılığı ilə yaxından
tanışlığı üçün muzeylərimizdəki zəngin milli
folklor nümunələrimizin də rolu böyükdür. Milli
irsimizlə yaxından tanışlığı və şagirdlərin
incəsənətlə ünsiyyəti prosesində müəllimin rolu
danılmazdır. Dərs zamanı emosional-bədii
atmosferin yaradılması şagirdlərin bədii
əsərlərlə canlı ünsiyyət qurmasına və nəticədə
onların dünyagörüşlərinin inkişafına səbəb olur.
İncəsənətə dair hər bir mövzu şagirdlər
tərəfindən "daxilən yaşanmalıdır".
Adət və ənənələrimizi nəsildən-nəslə ötürmək
xüsusiyyətləri müasir mədəniyyət və incəsənətin
daha da zənginləşməsində və inkişafında xüsusi
əhəmiyyət kəsb edir. Bunlar ədəbiyyatın,
musiqinin, teatrın müxtəlif folklor
nümunələrinin xəzinəsinə çevrilmişdir.
Elimizin adət-ənənələrini, bayramlarını öz
rəsmində təsvir edən Bakı Avropa Liseyinin 7a3
sinif şagirdi Fuad Orucov Yaponiyada keçirilən
16-cı Kanaqava Beynəlxalq Uşaq Rəsm Sərgisində
liseyin 72 şagirdinin rəsmləri arasında nümayiş
etdirilmişdir. O, bu müsabiqədə ən yaxşı rəsm
əsərinin müəllifi seçilmiş və sertifikatla
mükafatlandırılmışdır.
Kiçik
rəssam Azərbaycan qadınının üst geyimlərinin çox
müxtəlif və rəngarəng olduğunu göstərməyə
çalışmışdır. Xalqın mədəniyyətini əks etdirən
elementlərdən biri olan parçaların naxış və
rənglərini təsvir etməklə, həm də bir xalqın
incəsənətini digərindən ayırmağa nail olmuşdur.
Qadınların baş geyimləri olan ipək kəlağayı və
örpəklər rəngarəngliyi və gözəlliyinə görə
olduqca cəlbedici və maraqlı olduğu kimi, onun
örtülməsində də yaş və sosial fərqlərin mövcud
olduğunu: yaşlı qadınların tünd, cavanların isə
açıq rəngli kəlağayı örtdüklərini nümayiş
etdirmişdir. Milli geyim dəstlərini tamamlayan
yerli zərgərlərin yaratdığı zərgərlik
nümunələrini də göstərməyi unutmamışdır.
Azərbaycanın geyim mədəniyyəti hər əsrdə
özünəməxsus xüsusiyyətlərə, xarakterə malik
olduğunu göstərməyə çalışmışdır.
Beynəlxalq sərgidəki işlərin qiymətləndirilməsi
zamanı münsiflər heyəti müxtəlif ölkələrdən olan
uşaq rəsmlərində, ilk növbədə, bədii xüsusiyyətə,
məzmun baxımından təmsil etdiyi ölkənin onu
fərqləndirən cəhətlərinə xüsusi fikir verirlər.
Rəssamlar daha çox valideyn tərəfindən çəkilən
rəsmlərə deyil, uşağın daxili aləminin səsini,
yaradıcı təfəkkürünü, rəng zənginliyini əks
etdirən kiçik əsərlərə baxmaq və
qiymətləndirməkdən zövq alırlar.
Bədii sərgi, rəsm müsabiqəsi, rəssamlarla görüş,
muzey və sərgi salonlarındakı əsərlərlə tanışlıq,
bədii yaradıcılıq gecələrinin təşkil edilməsinin
şagirdlər üçün tərbiyəedici əhəmiyyəti çox
böyükdür. Onlarda yaradıcılıq potensialının üzə
çıxarılması, şagird yaradıcılığının inkişaf
etdirilməsi üçün stimulların yaradılması və
şagirdlər arasında təcrübə mübadiləsinin təşkil
olunması üçün bu cür müsabiqələrin keçirilməsi
mühüm əhəmiyyət kəsb edir.
Sərgilərin təşkili və burada şagirdlərin
iştirakı onları həvəsləndirmək, incəsənətə,
bədii yaradıcı məşğələlərə maraq oyatmaq üçün
effektiv vasitədir. Sərgi hər zaman şagirdlərin
ədəbiyyat, tarix, biologiya, təsviri incəsənət
dərslərində təməli qoyulan dünyagörüşünün
formalaşmasına kömək edir.
Dərs dediyim Bakı Avropa Liseyində elmi
biliklərin tədrisi ilə yanaşı təsviri incəsənət
dərslərinə də ciddi diqqət yetirilir. Bu sahə
üzrə istedadlı uşaqlar çoxdur. Rəssamlığa,
yaradıcılığa marağı olan uşaqların çəkdikləri
rəsmlər öz məzmun və mənasına görə onların böyük
istedada malik olduğunu göstərir.
Burada hər il mütəmadi olaraq təsviri incəsənət
fənni üzrə 20-yə yaxın müxtəlif mövzuda bədii
yaradıcılıq nümunələri - pannolar, mövzu üzrə
rəsmlər, süjetli kompozisiya, dekorativ-tətbiqi
fəaliyyət, aplikasiya, kollaj, konstruksiya,
fərdi sərgilər nəinki respublika səviyyəsində,
hətta respublikadan kənarda da nümayiş etdirilir.
Liseydə daimi fəaliyyət göstərən sərgilərlə
yanaşı, görkəmli rəssamlarla görüşlər, onların
həyatına həsr olunmuş gecələr, Bakı şəhər
məktəblilərinin də iştirak etdikləri birgə
müsabiqə və sərgilər təşkil edilir.
Respublikamızda müxtəlif təşkilatların - BMT-nin
İnsan Hüquqları üzrə Ali Komissarlığının,
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə
Müvəkkilinin (Ombudsman), YUNİSEF-in, Azərbaycan
Respublikası Gənclər və İdman Nazirliyinin, "Ümidli
Gələcək" Gənclər Təşkilatının, Azərbaycan Milli
Valideyn-Müəllim Assosiasiyasının, Azərbaycan
Qadın və İnkişaf Mərkəzinin nəzdində fəaliyyət
göstərən Azərbaycan Uşaqdan - Uşağa Sülh
Şəbəkəsi Təşkilatının, "İçərişəhər" Dövlət
Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni
Mərkəzinin və Azərbaycan Respublikası Təhsil
Nazirliyinin keçirdiyi uşaq və yeniyetmələrin
rəsm müsabiqələrində bu günədək Bakı Avropa
Liseyinin 500-ə yaxın şagirdi iştirak edib.
Beynəlxalq təşkilatlar - Fransada, Truada
YUNESKO-nun Lui Françoz Mərkəzində keçirilən
Beynəlxalq bədii sərgisində, Çexiyanın Lidiçe
şəhərində keçirilən uşaq rəsmlərindən ibarət
Beynəlxalq sərgidə (www.mdvv-lidice.cz), YUNESKO,
YUNİSEF tərəfindən Yaponiyada keçirilən 16-cı
Kanaqava Beynəlxalq Uşaq Rəsm sərgisində (www.earthplaza.jp/biennial/English/index.html),
İran İslam Respublikasının mədəniyyət mərkəzində
"Uşaqlar və Gənclər üçün animasiya praktik
seminarı"nda, tanınmış İsveç animatoru Erling
Ericsson (www.DEFC.IR) liseyin şagird qrupu ilə
keçirdiyi master-klass nəticəsində aktual
mövzularda olan 8 animasiyanın yaradılmasında,
İranın Holestan vilayətinin böhran vəziyyətləri
üzrə inzibati idarəetmə, Qırmızı Aypara
Cəmiyyəti, eləcə də yeniyetmə və uşaqların
tərbiyəsi üzrə Əqli İntellektual Mərkəzin
rəhbərliyi ilə əməkdaşlıq bu vilayət tərəfindən
təklif edilmış I Beynəlxalq Rəsm sərgisində (www.golestan.kanoonparvaresh.com),
ABŞ-ın paytaxtı Vaşinqton şəhərində keçirilən IV
Beynəlxalq Uşaq Rəsm Olimpiadasında (BUIF) (www.icaf.org)
iştirak edən Bakı Avropa Liseyinin şagirdləri
arasında 22 nəfər I yerin qalibi olaraq diplom,
170 nəfər müxtəlif fəxri fərman və
sertifikatlarla mükafatlandırılıb. 8 nəfər
Beynəlxalq Uşaq Rəsm Olimpiadasının qalibi olmuş
və Bakı Avropa Liseyinin 13 nəfər şagirdinin
fərdi sərgisi keçirilmişdir.
Sərgilərdə qazanılan nailiyyətlər
şagirdlərimizin əldə etdikləri bacarıqlara və
müəllim əməyinə verilən ən yüksək qiymətdir.
Kəmalə CƏFƏRZADƏ,
Bakı Avropa Liseyinin təsviri incəsənət
müəllimi |