Bu
tədris ilindən etibarən xüsusi qayğıya ehtiyacı
olan uşaqların məsafədən təhsilinin idarə
olunmasına başlanılıb. "Elektron təlimləndirən
sistemlər" adlı layihə əsasında həyata keçirilən
bu işlərə Təhsil Nazirliyi tərəfindən seçilmiş
20 nömrəli məktəb-liseydə start verilib. Bu
məqsədlə adıçəkilən məktəbdə Distant tədris
mərkəzinin yaradılması "2008-2012-ci illərdə
Azərbaycan Respublikasında təhsil sisteminin
informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na
uyğun olaraq aparılır. Təhsil Nazirliyinin
nəzdində Təhsil Sisteminin
İnformasiyalaşdırılması İdarəsinin dəstəyi ilə
layihəni gerçəkləşdirən qurum isə "Nobel-T" MMC-dir.
Şirkətin direktoru Salam Əliyevin sözlərinə görə,
görülən işlər pilot olaraq həyata keçirilir.
"Əsas məqsəd məsafədən təhsilin inkişafı,
layihəyə cəlb olunmuş xüsusi qayğıya ehtiyacı
olan şagirdlərin təhsilalma imkanlarının
yaxşılaşdırılmasıdır. Onların kompüter və
elektron resurslardan istifadə bacarıqlarının
artırılması, Azərbaycan təhsil şəbəkəsinə və
İnternetə çıxış imkanlarının yaxşılaşdırılması
da əsas istiqamətlərimizdəndir". Təşkilatın
rəhbəri ötən ildən davam edən layihə
çərçivəsində 30 şagird və 7 müəllimə ən yeni
texnologiya proqram təminatları ilə təchiz
olunmuş APL- İNC şirkətinin istehsalı olan
noutbuklar təqdim edildiyini də deyir: "Şagirdlərin
evlərinə də İnternet xətti çəkilib və İKT
avadanlıqları ilə təchiz olunub. Həmçinin
şagirdlərin dərs prosesinin idarə edilməsi
məqsədi ilə müəllimlər üçün ayrılan tədris
məkanının yüksəksürətli fibro-optik İnternet və
İntranet bağlantılarla təchiz olunması işləri də
aparılıb. Distant tədris mərkəzi İKT
avadanlıqları ilə təchiz olunub və fibro-optik
İnternet xətti çəkilib.
S.Əliyev layihənin xüsusi qayğıya ehtiyacı olan
uşaqların təhsil almasında yaranan çoxsaylı
problemlərin həllinə yönəldiyini deyir. Belə ki,
evdə normal və keyfiyyətli təhsil ala bilməyən
bu şagirdlərin əksəriyyəti çölə müstəqil olaraq
çıxa, kitabxanalardan yararlana bilmir. Evdə
fərdi təhsil aldıqlarına görə öz yaşıdları ilə
ünsiyyətdən uzaq olan bu uşaqların ən böyük
problemlərindən biri də sağlamlıqları ilə
əlaqədar psixoloji vəziyyətlərinin qeyri-stabil
olmasıdır: "Layihənin həyata keçirilməsi üçün
Bakı şəhəri Səbail rayonu 219 nömrəli məktəbi
pilot məktəb, bu məktəbin 30 nəfər xüsusi
qayğıya ehtiyacı olan şagirdlərdən təşkil
olunmuş 9-cu sinfi pilot sinif və sinifdə dərs
deyəcək yüksək elmi-pedaqoji təcrübəyə malik 28
nəfər müəllimlərdən ibarət pilot müəllimlər
qrupu seçilib".
Təlim prosesinin "Elektron təlimləndirən
sistemlər"dən istifadə etmə əsasında
aparılmasının üstünlüklərinə də toxunan təşkilat
rəhbəri deyir ki, bu qəbildən olan uşaqlar
dövlətin və cəmiyyətin diqqətindən kənar
qalmadıqlarını bir daha hiss edəcəklər: "Layihənin
köməyi ilə şagirdlərin ən azı 20 faizinin
sağlamlığında, psixoloji durumunda ciddi
dəyişikliklərin əldə edilməsi də mümkündür.
Uşaqların diqqətinə biliyin yeganə meyar olduğu
da çatdırılır. Layihənin bir üstünlüyü də fərdi
inkişafa və özünü təkmilləşdirməyə nail olma
imkanlarını artırmaqdır".
219 nömrəli evdə məktəbdə xüsusi qayğıya
ehtiyacı olan şagirdlər təhsil alır və onlar
evdə fərdi təhsil aldıqlarına görə öz yaşıdları
ilə ünsiyyətdən uzaqdırlar. Bu layihə nəinki
şagirdləri təlimləndirəcək, hətta öz yaşıdları
ilə ünsiyyətdə olmağa şərait yaradacaqdır. Onlar
kompüter texnologiyasından istifadə edərək
müvafiq proqram və resursların köməyi ilə nəinki
ölkə daxilində, hətta ölkə xaricində də özlərinə
dost qazana biləcəklər.
Ümumiyyətlə, layihə xüsusi qayğıya ehtiyacı olan
şagirdlərin beynəlxalq İnternet şəbəkəsi
vasitəsi ilə cəmiyyətə inteqrasiya etməsinə
səbəb olacaq. Bundan başqa, əgər şagird məlum
səbəbdən dərsi mənimsəməzsə, onu təkrar dinləmək
imkanı qazanacaq. Bu da şagirdlərin bütün
fənlərdən bilik əldə etməsinə şərait yaradacaq.
Şagirdlər kompüter texnologiyaları vasitəsi ilə
İnternetdən əlavə məlumatlar ala biləcək, evdən
kənara çıxmadan kitabxanalardan istifadə edəcək,
qiyabi olaraq dünyanın flora və faunasını
görəcək, tarixi abidələri və muzeyləri gəzə
biləcəklər. Onlar kompüter texnologiyaları,
proqram və resurslarından istifadə edərək
keçilən dərs haqqında əlavə məlumatlar toplayıb,
araşdırma aparacaq, müqayisə və nəticələr
çıxaracaqlar.
Bu təlim-tədris prosesi xüsusi qayğıya ehtiyacı
olan uşaqların bu vaxta qədər gizli qalmış
bacarıq və qabiliyyətlərini də üzə çıxarmağa
imkan verəcək. Ən əsası, şagirdlər bir-biri və
müəllim ilə hər zaman ünsiyyətdə olacaq, keçilən
mövzu haqqında müzakirə apara biləcəklər.
Fikrimizcə, bu layihədə olan belə bir təlim
prosesinin reallaşdırılması xüsusi qayğıya
ehtiyacı olan şagirdlərdə erkən yaşlarından
müstəqil idrak fəallığının aşılanmasına, sərbəst
düşünməyə, həmçinin yaradıcılıq təfəkkürünün
yaranması və inkişafına səbəb ola bilər.
Təlim üsulu uşaqların elmə olan marağını daha da
artıracaq, onlarda yaradıcılıq potensialının üzə
çıxarılmasında, cəmiyyətdə bir şəxsiyyət kimi
formalaşmasında mühüm rol oynayacaqdır.
Şakir CƏFƏROV |