Keçən
yüzilliyin ortalarından başlayaraq bölgələrdə,
kənd yerlərində elə bir ziyalı nəsli yetişdi ki,
onlar həm doğulduqları, həm də fəaliyyət
göstərdikləri yerlərdə qələmə sarılıb həm
keçmişdən, həm də günümüzdən bəhs edən əsərlər
yazmağa başladılar. Hərə Vətən divarına bir daş
qoysa, bu, gələcəyin yaşayan abidəsinə çevrilə
bilər. Belə ziyalılardan biri də qədim Qazax
qəzası, keçmiş Dilican nahiyəsi, Qaraqoyunlu
dərəsində Çaykənd kəndindən olan 85 illik
ömrünün 70 ilini şərəfli müəllim peşəsinə həsr
etmiş Qurban Süleymanovdur.
Yadımdadı... 1941-ci ildə alman-sovet savaşı iki
aydı başlamışdı. 18 yaşdan yuxarı hamı
müharibəyə səfərbər olmuşdu. Bircə yaşlı
müəllimimiz - Şəmşəd Əliyev qalmışdı, o,
əlifbanı öyrədirdi, özü də çox yaxşı öyrədirdi.
Sentyabrda məktəbimizə çox gənc, bir az da
çəlimsiz 14-15 yaşlı Qurban adlı bir müəllim
gəldi. Qonşu Çaykənd kəndindən, yuxarı sinif
şagirdlərindən az seçilirdi. Nə yaşda olur-olsun
müəllim müəllimdir. Kəndin ağsaqqalları Şəmşəd
müəllim kimi onun da əlini sıxır, hörmətlə
yanaşırdılar. Həqiqətən yadımdan çıxmır, bizim
kəndlərdə ən hörmətli adam müəllim sayılırdı,
kənddə xeyir-şərdə, toyda, yasda, bayramlarda
məclisə müəllim gələn kimi yer göstərilir,
hörmət edilirdi. Biz uşaqlar kəndin ortasında
müəllim görən kimi evə qaçırdıq, müəllimin
gözünə görünmürdük...
Çox gənc Qurban müəllim də onlardan biri idi,
yaşına görə çox hazırlıqlı idi. O zaman müəllim
az olduğundan aşağı siniflərdə bir müəllim bir
neçə fəndən dərs deyirdi. Fərqi yoxdur,
ədəbiyyat müəllimi tarixi də, coğrafiyanı da,
lazım gələndə riyaziyyatı da tədris edə bilirdi.
Onlardan biri Qurban müəllim idi. Qurban
müəllimin bacarığı-savadı tez üzə çıxdı və
tezliklə məktəbin müdiri oldu. Üç ildən sonra
doğulduğu Çaykənd məktəbinə direktor keçdi. O
illərdə Qurban müəllim Qazax ikiillik Müəllimlər
İnstitutunda da oxudu, təhsilini artırdı.
Zaman etalondur, hər şeyi həll edir. İkinci
Dünya savaşı qurtardı, yeniyetmələr böyüdü.
Qurban müəllimin özü də, yetirdiyi şagirdlər də
Gəncəyə, Bakıya üz tutub ali məktəblərə
axışdılar, təhsil aldılar, əyanidə də oxuyanlar
oldu, qiyabidə də. Qurban müəllim də Bakıda
Pedaqoji İnstitutu (indiki Azərbaycan Dövlət
Pedaqoji Universiteti) (1950-1954) bitirib
rayonun müxtəlif kəndlərində müəllim, tədris
hissə müdiri və direktor vəzifələrində
müəllimliyini davam etdirdi.
Bəzi maddi çətinliklər ortaya çıxsa da, Qurban
müəllimin ayrı-ayrı qonşu kəndlərdə müəllim və
ya direktor işləməsi maraq doğururdu, belə ki,
müxtəlif kəndlərin əhvali-ruhiyyəsini, təhsilə
marağını, uşaqların istedadını, hətta
valideynlərin məktəbə, müəllimə münasibətini
izləmək, öyrənmək, müəllimin özünün fərdi
təcrübə toplaması üçün diqqətçəkən məsələ idi.
Qurban müəllim bu yerdəyişmədə çoxlu uğurlar
qazandı...
Bir dəfə Qurban müəllimdən söhbət zamanı
soruşdum ki, kəndləri bir-birindən fərqləndirmək
olurmu? Heç fikirləşmədən dedi - Sizin Əmirxeyir
kəndinin adamları da, uşaqları da xüsusilə
fərqlənir, yaşlıların sinəsi qədim söz-söhbətlə
doludu, hər aşıq gəlib sizin kənddə oxuya bilməz.
Uşaqdan böyüyə sinədəftərdirlər. Elə ona görə də
hər evdə ali təhsilli var, hətta 40-a yaxın
elmlər namizədi, 10 nəfər elmlər doktoru yetişib,
hələ müxtəlif vəzifələrdə və hərbidə işləyənləri
demirəm...
Qurban müəllim bir neçə il qonşu kəndlərdə
məktəb direktoru işləsə də, 1965-ci ildə ta
erməni vəhşilərinin köçürmələrinə (1988) qədər
doğulduğu Çaykənd kəndində direktor və tədris
hissə müdiri vəzifələrində işləmişdir. Maraqlısı
odur ki, Qurban müəllim sadəcə direktor
vəzifəsini yerinə yetirməmişdir. O xüsusi
təşəbbüs göstərib 8 illik məktəbi 11 illik
məktəbə çevirtdirdi. Məktəbə yeni binanın
tikilməsinə nail oldu. Məktəbin önündə həmin
kənddən olan və Azərbaycanda tanınmış dövlət
xadimi, 1937-ci il repressiyasının qurbanı Bala
Əfəndiyevin büstü qoyuldu, məktəb onun adını
daşıdı...
Qurban Süleymanov öncə məktəbdə çox zəngin fondu
olan kitabxana yaratdı, ayrıca ədəbiyyat odası
təşkil elədi. Odanı öz şəxsi vəsaiti ilə
ədəbiyyatla zənginləşdirdi. Eyni ilə də başqa
fənlər üzrə kabinetlər yaratdı. Dərslər daha çox
kabinetlərdə tədris edilirdi.
Məktəbdə Qurban müəllimin təşəbbüsü ilə radio
qovşağı yaradılmışdı. Qovşaq Çaykəndlə yanaşı
qonşu kəndlərə də ötürülür və çox rəngarəng
elmi-pedaqoji bilgilər verilirdi. Məktəb dram
dərnəyində müəllim və şagirdlər tamaşalar
göstərdilər. Səməd Vurğunun "Vaqif" pyesi
xüsusilə tez-tez göstərilirdi. Kəndin adamları
bu tamaşalara maraqla baxırdılar. Axı tarix boyu
Dilican və Qaraqoyunlu dərəsində 50-dən çox kənd
Qazax qəzasına, Gəncə quberniyasına tabe idi. Bu
bölgələrə erməni və malakanların köçürülməsi
nəticəsində türk kəndləri köçürülüb dağıdılmış,
cəmi 14 kənd qalmışdır. Qalan kəndlər bir-biri
ilə qohumlaşmış, sıx birlik yaratmış, 1988-ə
qədər özlərinə məxsus xüsusi bir ədəbiyyat və
mədəniyyət ocağı yaratmışdılar. Belə bir ocağın
genişlənib zənginləşməsində və bütün Azərbaycana
yayılmasında Qurban müəllimin böyük rolu
olmuşdur.
Əyaniliyə xüsusi diqqət yetirən Qurban müəllim
uşaqları həm qonşu kəndlərin məktəblərinə, həm
də Qazax rayonunun məktəblərinə, xalq şairi
Səməd Vurğunun Salahlıda ev-muzeyinə aparır, bu
da şagirdlərin həyata baxışlarının
zənginləşməsinə kömək edirdi.
Ümumiyyətlə, Qurban müəllimin pedaqoji
fəaliyyəti və təşkilatçılığı zəngin və çoxşaxəli
idi. Qurban müəllim həm də yaradıcı ziyalı idi.
Qaraqoyunlu dərəsi erməni quldurları tərəfindən
köçürüldükdən sonra kəndlər Azərbaycanın
müxtəlif bölgələrinə səpələndilər. Qurban
müəllim həmin vaxtdan Şəmkir rayonunun Günəşli
kəndində müəllimliyini davam etdirirdi.
Qurban müəllim gəncliyindən ədəbiyyat həvəskarı
kimi öz kəndləri və qonşu kəndlər haqqında
topladığı zəngin ədəbiyyatı və kitabxananı da
özü ilə köçürmüş, yaradıcılığa ciddi meyil
göstərmişdir. Burada onun yeni bir keyfiyyəti
üzə çıxdı. "Əzəli Oğuz yurdum - doğma Çaykəndim"
adlı 444 səhifəlik kitabı doğulduğu kəndə həsr
etdi. Kitabda kəndin tarixi, əkinləri, bitkiləri,
əhalinin sosial durumu, məktəb direktorları və
müəllimlər, alman-sovet savaşı illəri,
kollektivləşmə, kəndin qabaqcıl adamları,
çobanları, qadınları, elm adamları,
uzunömürlülər, repressiya qurbanları, Qarabağ
şəhidləri, nəhayət, erməni xəyanəti kimi vacib
məsələlər Çaykənd haqqında kifayət qədər
müfəssəl bilgi verir. Bununla Qurban müəllim
doğma kəndinə çox dəyərli hədiyyəsini ortaya
qoydu.
"Qaraqoyunlunun ilk təhsil ocağı" kitabı da (376
səh.) Çaykənd məktəbinin 100 illiyinə həsr
olunmuşdur. Kitabda məktəbin ilk fəaliyyət
illəri, yeni müəllim kadr axını, təhsilə
müharibənin vurduğu zərbə, müharibədən sonrakı
dirçəliş illəri, məktəbi bitirmiş alimlər, qadın
müəllimlər, məktəbi bitirənlərdən müxtəlif
ixtisas qazanmış məzunları, qonşu kəndlərdən
Çaykənd məktəbində təhsil alanlar və s.
məsələlər məktəbin fəaliyyəti haqqında mükəmməl
təsəvvür yaradır.
Qurban müəllimin üçüncü dəyərli kitabı "Azərbaycan
folkloru antologiyası" (VII), "Qaraqoyunlu
folkloru" adlanır. Kitabda ilkin növ və janrlar,
ənənəvi janrlar, əfsanələr, rəvayətlər,
heyvanlar haqqında nağıllar, sehrli nağıllar,
məişət nağılları, atalar sözü və məsəllər,
tapmacalar, bayatılar, ağılar və el şairləri,
digər örnəklər antologiyanın səhifəsini
zənginləşdirir.
Qurban müəllimin çap etdirdiyi maraqlı
kitablardan biri Səməd Vurğuna həsr edilmiş
şeirlər toplusudur. Nəfis tərtibatla hazırlanmış
bu kitaba 129 şairin 249 şeiri toplanmışdır.
Şairə böyük ehtiramla hazırlanmış bu kitab
xalqın Səməd Vurğuna məhəbbətindən doğmuşdur.
Məncə bu şeir çələngi hələ tam deyil, həm də
bunlar ancaq Azərbaycan şairləridir. Axı Səməd
Vurğuna keçmiş sovetlər ölkəsinin ən çox
tanınmış şairləri şeirlər və poemalar həsr
etmişlər. Qurban müəllim bu natamamlığı ayrıca
bir kitabda tamamlamış, sovetlər ölkəsinin ən
tanınmış şairlərinin Vurğuna həsr etdikləri
şeirləri cəmləmişdir.
Xatırladım ki, Səməd Vurğun 1920-ci illərdə
dəfələrlə Dilican və Qaraqoyunlu dərəsində
olmuşdur. O illərdə Qazaxa tabe olan bu bölgələr
Qazaxın, Tovuzun, Ağstafanın yaylaqları idi.
Qaraqoyunlu dərəsində Səməd Vurğuna xüsusi bir
məhəbbət vardı. Qurban müəllim də böyük həvəs və
məhəbbətlə şairə həsr olunmuş şeirləri toplayıb
belə bir kitabı ərsəyə gətirmişdir.
Qurban müəllimin yaradıcılıq fəaliyyəti bunlarla
qurtarmır. O "Analı-anasız illərim" kitabında
özünün həyat salnaməsini, analı-anasız illərini
varaqlayır, həm qüssələnir, həm də qürur duyurdu.
"Analar başımızın tacıdır" kitabı da bu
duyğulardan doğmuşdur...
"Qaraqoyunluda izi-sözü qalanlar" kitabçası isə
bu torpağın tanınmış yetirmələrinə həsr
olunmuşdur. Burada həqiqətən qürur hissi
keçirirsən ki, bu irili-xırdalı 10-ca kənd böyük
bir elm və mədəniyyət məktəbi, yaddaşlarda qalan
ziyalılar nəsli yetirmişdir və onlar bu gün də
Azərbaycanın müxtəlif bilik məbədlərində
fəaliyyət göstərirlər.
Bütün bunların araşdırılıb üzə çıxarılmasında
Qurban Süleymanovun dəyərli xidməti hörmət və
ehtirama layiqdir. Bu yaxınlarda dünyasını
dəyişmiş Qurban müəllimin 85 illik ömür yolu, 70
illik pedaqoji fəaliyyəti, yaradıcılığı,
doğulduğu torpağa təmənnasız xidməti nümunə kimi
nəsillərə, xüsusən də gənc müəllimlərə əsl
örnəkdir.
Qara NAMAZOV,
professor |
|