Sauthempton Universiteti (University of
Southampton) İngiltərənin Sauthempton şəhərində
yerləşir və Böyük Britaniyanın ən nüfuzlu təhsil
ocaqlarından biridir.
Böyük
Britaniyanın "Times Higher Education Supplement
- QS World Universities Rankings" jurnalının
2009-cu ildə apardığı dünya universitetlərinin
reytinqinə əsasən, Sauthempton Universiteti
Tayvan Milli Universiteti ilə birgə 100 ən yaxşı
ali məktəb arasında 95-ci yerdə olub. "Times
Higher Education World University Rankings"in
2010-cu il üzrə dünyanın ən nüfuzlu
universitetləri arasında apardığı araşdırmaya
əsasən, Sauthempton Universiteti 90-cı, "QS
World University Rankings"in açıqlamasına görə
isə 81-ci yerdə qərarlaşıb. "QS World University
Rankings"in 2011-2012-ci tədris ili üçün
açıqladığı reytinq cədvəlinə əsasən Sauthempton
Universiteti 75-ci, "Times Higher Education
World University Rankings"in cədvəlində isə
127-ci yerdə dayanır.
Sauthempton Universiteti Rassell, Avropa
Universitetləri, Birlik Ölkələri Universitetləri
assosiasiyalarının, Beynəlxalq Universitetlər
Şəbəkəsinin üzvüdür.
Tarixi
Sauthempton Universitetinin tarixi 1862-ci ildə
xeyriyyəçi Henri Robinson Hartlinin yardımı
nəticəsində yaradılmış Hartli təhsil müəssisəsi
ilə başlayır. 1850-ci ildə Hartli ölüm ayağında
olarkən elmin inkişafı və öyrənilməsi mərkəzinin
yaradılması üçün Sauthempton şəhəri Hay
stritdəki malikanəsini və 103000 funt-sterlinq
məbləğdə vəsaiti vəsiyyət edir. Həmin dövrdə,
adətən kolleclər yaradıldığı halda, qeyri-adi
xarakterli Hartli mərkəz yaradılması haqqında
qərar verir. Vəsiyyətnaməyə dair uzunmüddətli
məhkəmə çəkişmələri və kütləvi debatlardan sonra
Sauthemptonda institut yaratmaq qərara alınır.
1862-ci
il oktyabrın 15-də baş nazir Lord Palmerstonun
iştirakı ilə Hartli İnstitutunun açılış mərasimi
keçirilir. 1883-cü ildə institut Hartli Kolleci
adlandırılır. Buna tələbələrin və müəllimlərin
sayının artması, yataqxanaların və digər
obyektlərin çoxalması səbəb olur.
1902-ci ildə Hartli Kolleci Hartli Universitet
Kolleci adlandırılır və London Universitetinin
filialına çevrilir. Bu proses kollecdə aparılan
tədrisin, maliyyələşmənin və digər işlərin
yoxlanılmasından sonra baş tutur. Ali məktəbdə
tələbələrin sayının çoxalması yeni vəsaitin
toplanılmasına, Hayfild ərazisində yeni
torpaqların alınmasına səbəb olur. 1914-cü il
iyunun 20-də ölkənin baş naziri Vikont Holdeynin
təşəbbüsü ilə ali məktəb Sauthempton Universitet
Kolleci adlandırılır.
Birinci Dünya müharibəsi başladıqdan 6 həftə
sonra kollecin binası hərbi hospitala çevrilir,
ali məktəbin binalarının arxasında taxta
daxmalar tikilir.
1920-1930-cu illərdə xeyriyyəçilərin kollecə
etdikləri yardım nəticəsində kitabxanalar,
universitet yolunun hər iki kənarında binalar
tikilir. İkinci Dünya müharibəsi dövründə şəhərə
atılan bombalar ali məktəbin binalarına xəsarət
yetirir. Kollecin yataqxanaları Fransa, Amerika
və Polşa hərbçilərinə verilir.
Müharibədən
sonra elektronika üzrə mütəxəssis, alman əsilli
Erix Zeplerin səyi nəticəsində kollecin
Elektronika bölməsi, Səs və Vibrasiya İnstitutu
yaradılır. 1952-ci il aprelin 29-da kraliça II
Yelizavetanın hakimiyyətinin ilk həftələrində
Kraliça xartiyasına əsasən Sauthempton
Universitet Kolleci Sauthempton Universiteti
adlandırılır və elmi dərəcə vermək hüququ
qazanır. Universitetdə 6 fakültə - İncəsənət,
Dəqiq elmlər, Mühəndislik, İqtisadiyyat,
Pedaqogika və Hüquq fakültələri yaradılır.
Hersoq Vellinqton universitetin kansleri təyin
edildikdən sonra 1953-cü il iyulun 4-də burada
ilk elmi dərəcələr verilir, tələbə və
müəllimlərin sayı sürətlə artır, ali məktəbin
kampusu genişlənir. 1961-ci ildə universitetə
şəhər şurası yaxınlığında yerləşən 200 binanı
almaq icazəsi verilir, burada Tibb və
Okeanoqrafiya fakültələri yaradılır.
1960-1970-ci illərdə Çaylvort malikanəsi, Qlen
Eyr və Montefiore binaları əldə edildikdən sonra
universitetin yeni yataqxanaları tikilir.
1987-ci ildə Universitet Qrantları Cəmiyyəti
ölkə üzrə ali məktəblərin maliyyələşməsini
azaldır, nəticədə bu universitet də bir qədər
böhran yaşayır. Universitetin Alt Komitəsi daha
çətin vəziyyətə düşməmək məqsədilə müəllimlərin
sayını azaltmağı təklif edir. Bu təklif
universitetin kampuslarında nümayişlərlə
qarşılanır və nəticədə universitetin Senatı
tərəfindən rədd edilir. 1980-ci ilin
ortalarından 1990-cı illərədək universitet
Hayfilddə ərazisini genişləndirir, konfransların
keçirilməsi üçün malikanə və elmi park, Milli
Okeanoqrafiya Mərkəzi, idman meydançaları və s.
tikilir.
Vitse-kansler
Hovard Nyubinin dövründə universitet daha
məqsədəuyğun fəaliyyətə başlayır və yüksək
keyfiyyətli tədqiqatlar aparır. 90-cı illərdə
Sauthempton Universiteti daha iki yeni kampus
əldə edir, Vençester İncəsənət Məktəbi və Le
Sainte Birləşmiş Kolleci Sauthempton
Universitetinə birləşdirilir. Mərkəzi-cənubi
İngiltərədə Tibb bacısı və mamalıq məktəbi
yaradılır və mütəxəssis hazırlığına başlanılır.
Universitetin Beysinqstok, Vinçester, Portsmut
və Nyuport subkampuslarında tələbələrinin sayı
sürətlə çoxalır.
1997-ci ilin payızında Böyük Britaniyada kütləvi
meningit xəstəliyi yayılır və 3 nəfərin ölümünə
səbəb olur. Sauthempton Universiteti bu
xəstəliklə mübarizə üsulu olaraq kütləvi
vaksinasiya proqramını həyata keçirir.
2002-ci il yanvarın 22-də Sauthempton
Universiteti qızıl yubileyini qeyd edir. Həmin
dövrdə universitetin tədqiqatlardan əldə etdiyi
vəsait ümumi gəlirlərinin əsas hissəsini təşkil
edir. Son illər universitetin Elektronika və
Kompüter Elmləri Məktəbi, Optoelektronika Elmi-Tədqiqat
Mərkəzi, İnkişaf Elmləri İnstitutu, yeni idman
zalı tikilərək istifadəyə verilib.
Büdcəsi və təhsil haqqı
2009-2010-cu
tədris ilində Sauthempton Universitetinin illik
gəlirləri 394177000 funt-sterlinq olub. Həmin
vəsaitin 117897000-ni maliyyə şurası qrantları,
103018000-ni təhsil haqqı və təhsil sazişləri,
88343000-ni tədqiqat qrantları və sazişləri,
habelə digər vasitələr hesabına əldə olunan
gəlirlər təşkil edib.
Həmin tədris ilində ali məktəbin ümumi xərcləri
390135000 funt-sterlinq olub. Göstərilən
məbləğin 227106000-ni əməkdaşların əməkhaqqı,
22999000-i amortizasiya, qalanlarını isə digər
əməliyyat xərcləri təşkil edib.
2011-2012-ci tədris ilində Sauthempton
Universitetində bakalavr səviyyəsində təhsil
haqqı 10820-25500 funt-sterlinq təşkil edir.
Magistratura səviyyəsində təhsil haqqı
11440-14460, doktorantura səviyyəsində isə
11440-16120 funt-sterlinqdir.
Sauthempton Universitetində 1 tədris ilində
tələbəyə təhsil haqqını çıxmaq şərti ilə
7500-9000 funt-sterlinq lazım gəlir. Bu məbləğə
yataqxana, qidalanma, Sauthempton daxili
nəqliyyat, kitab, dəftərxana ləvazimatları,
avadanlıq və digər lazımi əşyalar daxildir.
Tələbənin seçdiyi həyat tərzindən asılı olaraq
sərf olunan vəsait dəyişə də bilər.
Universitet bu gün
Sauthempton
Universitetinin 5 kampusu mövcuddur. Onlardan
4-ü Sauthempton, 1-i isə Vinçester şəhərində
yerləşir. Hayfild kampusunun yaxınlığında
hazırda yeni kampus - Dəniz Qabaqcıl Təcrübə
Mərkəzi tikilir.
Universitetin əsas kampusu Hayfild rayonunda
yerləşir. 1914-cü ildə açılmış kampus memar
Cayls Hilbert Skottun layihəsi əsasında
yaradılıb. 1956-cı ildə ser Bezil Spensə
universitet şəhərciyinin genişlənməsi üzrə ümumi
plan hazırlanması tapşırılıb. Spens beton, şüşə
və mozaikadan istifadə edərək müasir görünüşlü
binaların tikintisinə nail olub. Hayfild
şəhərciyinin ən yeni planı isə 1998-ci ildə
memar Rik Mather tərəfindən hazırlanıb. O,
əsasən kampusun yaşıllaşdırılması layihəsi ilə
məşğul olub, həmçinin Zepler və Qauer binalarını
tikib.
Hayfild kampusunda böyük park yerləşir, park
boyu heykəltəraşlar Barbara Hepvortun, Castin
Noulzun, Nik Poupun və Con Edvardsın əl işləri
yerləşdirilib. Kampusda Con Hansard Qalereyası,
Nuffield teatrı, Terner Sims konsert zalı
mövcuddur.
Sauthempton Universiteti Avenyu kampusunu
1993-cü ildə 2 milyon funt-sterlinqə alıb.
Əvvəllər həmin ərazidə Riçard Tonton Kolleci və
Sauthepmton Tramşeds binası fəaliyyət göstərib.
Hazırda bu kampusda Humanitar elmlər
fakültəsinin binaları, Dil Tədqiqatı Mərkəzi,
2006-cı ildə xüsusi dizaynla tikilmiş
Arxeologiya binası, viktorian üsluba aid Əsas
Bina, Bercess, Krouford binaları yerləşir.
Milli
Okeanoqrafiya Mərkəzi universitet tərəfindən
xüsusi tikilmiş mərkəzdir. 1995-ci ildə açılmış
mərkəzdə 4 tədqiqat institutu fəaliyyət göstərir.
Burada elmi-tədqiqat məqsədlərinə xidmət edən
RRS Discovery, RRS Ceyms Kuk gəmiləri mövcuddur.
Milli Okeanoqrafiya Mərkəzində dəniz dibinin,
səviyyəsi, sahil tədqiqatları və s. öyrənilir.
Sauthempton xəstəxanaları universitetə məxsus
böyük xəstəxanaların yerləşdiyi ərazidən
ibarətdir. Burada Tibb fakültəsinin binaları,
xəstəxanalar, laboratoriyalar, tədqiqat
mərkəzləri yerləşir.
Boldervud kampusu Hayfild şəhərciyinə yaxın
ərazidədir. 2010-cu ilədək bu ərazidə
universitetin Tibb fakültəsinin binaları və
bioloji elmlər üzrə tədqiqat mərkəzləri
yerləşirdi. Sonradan bu binalar Sauthempton
xəstəxanaları ərazisinə köçürüldükdən sonra
burada Dəniz Qabaqcıl Təcrübə Mərkəzinin
tikintisinə başlanılır və görülən işlərin
2014-cü ildə tamamlanması nəzərdə tutulur.
Kampusda Lloyld Registr Mərkəzi və Dəniz
İnstitutunun yerləşməsi nəzərdə tutulur.
Sauthempton Universitetində onlarla bakalavr,
magistr və doktorluq proqramları təklif edən 8
fakültə fəaliyyət göstərir:
Biznes
və hüquq fakültəsi İnternet, dəniz, ekologiya
hüququ, strategiya, marketinq, idarəetmə, dizayn,
tekstil, qrafika, moda və digər bu kimi sahələr
üzrə təhsil proqramları təklif edir. Fakültənin
apardığı tədqiqatların əhəmiyyətli hissəsi
ixtisaslaşmış mərkəzlərdə - Dəniz Hüququ,
Sauthempton Qanun və Şəbəkə institutlarında,
Bank işi, Maliyyə və Davamlı İnkişaf, Əməliyyat
Tədqiqatları, İdarəetmə Elmləri və İnformasiya
Sistemləri, Risk Tədqiqatları mərkəzlərində
həyata keçirilir. Fakültənin akademik binaları
Hayfild əsas kampusunda və Vinçester universitet
şəhərciyində yerləşir.
Mühəndislik və ətraf mühitin mühafizəsi
fakültəsində akustik, aerokosmik, sənaye,
biotibb, vətəndaş, hesablama, elektromexanika,
ekologiya, mühəndislik-geologiya, mühəndislik,
gəmiçilik və nəqliyyat sahələri üzrə geniş
spektrdə tədqiqatlar həyata keçirilir. Bu, Böyük
Britaniyada aviasiya və maşınqayırma
texnologiyaları, tikinti, elektrotexnika, ətraf
mühit və maşınqayırma sahələrində ən yaxşı
təhsil verən fakültələrdəndir. Fakültə Hayfild
əsas kampusunda fəaliyyət göstərir.
Sağlamlıq elmləri fakültəsi reabilitasiya və
aktiv həyat tərzi, təşkilatçılıq və tibbi yardım
göstərilməsi, xərçəng, palliativ əlac və tibbi
xidmət, eləcə də digər məsələlər üzrə
tədqiqatlar aparır. Fakültənin əsas elmi
fəaliyyət hissəsi Hayfild kampusunda yerləşsə də,
cənubi Hempşir ərazisi böyu da forpostları
mövcuddur.
Tibb fakültəsində respirator tibb, tibb elminin
inkişafı, xərçəng tədqiqatları, sümük və oynaq
xəstəlikləri, ümumi tibbi təcrübə, immunologiya
və gövdə hüceyrələri, regenerativ tibb sahələri
əsas tədqiqat istiqamətlərindəndir. Tibb
fakültəsi Xərçəng, Kliniki neyroelmlər,
Birləşmiş kliniki elmlər, Sağlamlığın və
xəstəliyin mənşələri, İnfeksiya, iltihab və
immunitet, Tibbi təhsil departamentlərindən
ibarətdir. Fakültənin əsas fəaliyyət mərkəzi
Hayfild kampusundan kənarda yerləşən Sauthempton
xəstəxanaları ərazisindədir. Sauthempton
Universitetinin Tibb fakültəsi xərçəng
xəstəliyinin tədqiqatları və ilkin tibbi
yardımın təşkili üzrə ölkədə yüksək yerləri
tutur.
Humanitar elmlər fakültəsində arxeologiya,
ingilis dili, film, tarix, müasir dillər, musiqi
və fəlsəfə sahələrini əhatə edən geniş çeşidli
ixtisas proqramları mövcuddur. Fakültə Yəhudi/Qeyri
Yəhudi Əlaqələri İnstitutuna, Tətbiqi Dillər
Tədqiqatları, Orta Əsrlər və İntibah Mədəniyyəti,
Transmilli Tədqiqatlar, Meksika- Sauthempton
Əməkdaşlığı, Çeuton Kitabxana evi ilə birgə
işləyən XVIII əsr Sauthempton Tədqiqatları
mərkəzlərinə sahiblik edir. Fakültənin əsas
fəaliyyət mərkəzləri Avenyu və Hayfild
kampuslarıdır.
Təbiət elmləri və ekologiya fakültəsi geokimya,
farmakologiya, kataliz, elektrokimya, okean
dinamikası, paleokeanoqrafiya,
paleoklimatologiya, ekologiya, molekulyar
biologiya və digər sahələri əhatə edən
proqramlar təklif edir. Fakültənin Sauthempton
Milli Okeanoqrafiya və Yer Elmləri Mərkəzi
mövcuddur. Təbiət elmləri və ekologiya
fakültəsinin akademik bölmələri Hayfild,
Uoterfront kampuslarında, Sauthempton Baş
xəstəxanasında yerləşir. Kimya və geologiya
sahələrinin inkişafına görə universitet ölkənin
ali məktəbləri arasında birinci yerləri tutur.
Fizika və tətbiqi elmlər fakültəsində
astronomiya, informatika, elektroenergetika,
elektronika, nanotexnologiya, optoelektronika,
fizika, fundamental sahələr üzrə tədqiqatlar
həyata keçirilir. Fakültənin fotonika və
nanomateriallar tədqiqatları həyata keçirən 100
milyon funtluq Maunbatten binası mövcuddur.
Sosial və insan elmləri fakültəsi demoqrafiya,
iqtisadiyyat, pedaqogika, coğrafiya,
gerontologiya, beynəlxalq münasibətlər, operativ
tədqiqatlar, siyasət, psixologiya, riyaziyyat,
sosiologiya, sosial siyasət, sosial fəaliyyət və
statistika sahələrini əhatə edir. Fakültə
Hayfild kampusunda fəaliyyət göstərir və sosial
elmlər üzrə dünyanın ən aparıcı tədqiqat
mərkəzlərindən biridir. Sosial və insan elmləri
fakültəsinin Pedaqogika, Coğrafiya, Riyaziyyat,
Psixologiya, Sosial Elmlər, Müasir Çin
mərkəzləri, Sauthempton Statistika Elmləri
İnstitutu mövcuddur.
Sauthempton Universitetinin kampuslarında 5
kitabxana fəaliyyət göstərir. Əsas Hartli
kitabxanası Hayfild kampusunda yerləşir və
ölkənin ən zəngin kitabxanalarındandır. Hartli
kitabxanasının sakit oxu zalı, tədqiqat otaqları,
kafeləri tələbələrin xidmətindədir. Əlil və
sağlamlıq imkanları məhdud tələbələr üçün
kitabxanada lazımi şərait yaradılıb.
Universitetə qəbul olan tələbə avtomatik olaraq
kitabxanaya üzv seçilir.
Universitet kitabxanasının kolleksiyasına
ümumilikdə 1,6 milyon cild kitab, 6 milyon
əlyazma, 8000 dövri nəşr, 5000 elektron jurnal
daxildir. Bu rəqəmlər mütəmadi olaraq
artmaqdadır. Sauthempton Universiteti çox zəngin
əlyazmalar və nadir kitablar kolleksiyasına,
ilahiyyat və yəhudi dininə aid 4500 cilddən
artıq kitaba, "İlahi komediya"nın 6 nadir
nəşrinə malikdir. 1983-cü ildə kitabxanaya I
Vellinqton hersoqu Artur Uelslinin yazışmaları
daxil olub. Eyni zamanda ali məktəbdə Palmerston
və Mountbatten kimi sənədlərin də saxlandığı
Broadlands arxivi fəaliyyət göstərir.
Sauthempton Universitetində kansler vəzifəsi
formal xarakter daşıyır və bu vəzifəni xanım
Helen Aleksandr icra edir. O, universitetin ilk
qadın kansleridir. Ali məktəbin vitse-kansleri
isə professor, ictimai səhiyyə üzrə dünya
şöhrətli ekspert Don Nutbeamdır. Fakültələrə
dekanlar rəhbərlik edir. Sauthempton
Universitetinin idarəedici orqanları
Universitet Şurası və Senatdır. Universitetdə
ümumilikdə 5000-dən çox işçi çalışır.
Sauthempton Universitetində 25000-dən çox tələbə
təhsil alır. Onların 18000-ə qədəri bakalavr,
qalanları isə magistr və doktorantlardır.
Universitetdə dünyanın 130 ölkəsini təmsil edən
əcnəbi tələbə oxuyur.
Sauthempton Universiteti hazırda Böyük
Britaniyanın və dünyanın akademik nüfuza malik
aparıcı ali məktəblərindən biridir. Universitet
tədrisə, təhsilə, tələbə təcrübəsinə əsaslanan
əlverişli mühitdə əsasən beş sahəyə - fərqli
təhsilə, tələbənin istedadına önəm verməyə,
qlobal problemlərin öyrənilməsinə diqqət
ayırmağa, gənclərin gələcəyini təmin etməyə və
əvəzolunmaz sosial təcrübə bəxş etməyə diqqət
yetirir.
Universitetin məşhur məzunları
|
Pehin Bin İbrahim |
Bruney-Darussalamın sabiq daxili işlər
naziri |
|
|
Evan Enverem |
Nigeriya Senatının sabiq sədri |
|
|
Məhəmməd Lütfi Fərhad |
Şimali Afrika Parlamentinin sabiq
vitse-prezidenti |
|
|
Adrian Fulford |
Beynəlxalq Cinayət Məhkəməsinin hakimi |
|
|
Cerald Hovart |
Beynəlxalq Təhlükəsizlik Strategiyası
naziri |
|
|
Ceyson Hu |
Çin Respublikasının sabiq xarici işlər
naziri, Tayçjun şəhərinin meri |
|
|
Ebele Okeke |
Nigeriya dövlət xidmətinin ilk qadın
rəhbəri |
|
|
Artur Batton |
Böyük Britaniya Kral Hava Qüvvələrində
sabiq böyük komandan |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |