Gənc nəslin tərbiyəsi qətiyyətlə deyə bilərik ki,
yaşadığı mühitlə, ünsiyyətdə olduğu insanlarla,
təlim-tərbiyə aldığı pedaqoji kollektiv, ən
vacibi isə böyüyüb başa çatdığı ailəsi ilə
bağlıdır.
Bu bir həqiqətdir ki, tərbiyə işində əsas
məsuliyyət, ağırlıq ailənin üzərinə düşür. Odur
ki, yaxşı ailə tərbiyəsi görənlər və
valideyninin üzünü ağ edənlər üçün həmişə "necə
ağıllı, ədəbli, əməksevər uşaqdır" ifadələrini
işlədirlər. Belə gənclər də mənəvi cəhətdən
sağlam, mədəni, səmimi və uzaqgörən olurlar. Ona
görə də müasir gəncləri şüurlu, dərrakəsi dərin,
dünyagörüşü geniş görmək istəyiriksə, ailə
tərbiyəsi məsələsini ön plana çəkməli və bu
məsələyə ciddi yanaşmalıyıq. Valideynlər tərbiyə
işini elə məqsədyönlü qurmalıdırlar ki,
övladlarının əxlaqi dəyərlərinə elə zərgər
dəqiqliyi ilə fikir verməlidirlər ki, sonda
onlara qazandırdıqları üçün peşmanlıq hissi
yaşamasınlar. Onlar öz övladlarını elmli,
mədəniyyətli, peşəkar olmaları üçün hələ kiçik
yaş dövrlərindən hər bir hərəkətlərinə,
nitqlərinə, davranışlarına, dostluq etdiyi
adamların xarakterinə fikir verməlidirlər.
Bəs nə zaman ailədə tərbiyə sistemi düzgün
qurular və ailənin zəhməti hədər getməz, ata-ana,
bacı-qardaş, nənə-nəvə və s. arasında qarşılıqlı
anlayış və hörmət olar? Bu məqsədə tərbiyəçilər
o zaman nail olarlar ki, tərbiyə etdikləri
uşaqlar tutduqları işin mahiyyətini, dedikləri
sözün qiymətini dərindən dərk etsinlər,
böyüklərə qarşı olan hərəkətlərinə diqqətlə
yanaşsınlar. Ata-ana arasındakı qarşılıqlı
hörmət, ailə üzvləri ilə davranış qaydaları
istər-istəməz uşaqların tərbiyəsində özünü
büruzə verir. Valideyn övladını öz ailəsinə,
vətəninə, el-obasına layiqli övlad kimi görmək,
geniş dünyagörüşə malik vətəndaş kimi böyütmək
istəyirsə, ona dinimizin, milli adət-ənənələrimizin
çərçivəsində yol göstərməli, yaxşı kitabların
siyahısını, tarixi filmlərin baxılma vaxtını
bildirməlidir. Hər şeydən əvvəl, azərbaycançılıq
ideyasını aşılamalıdır. Valideynlər
əməksevərliyin, vətənpərvərliyin ata-anaya,
müəllimə, torpağa sevginin sirlərini səbr və
təmkinlə, zərrə-zərrə övladlarına
çatdırmalıdırlar. Təcrübə sübut etmişdir ki,
məktəb həyatının gənc nəslə verdiyi dəyərlərin
çeşidini heç bir həyat verə bilməz. Əgər ata-ananın
tərbiyə prosesində nə qədər böyük rolu varsa,
gənclərin formalaşıb cəmiyyət içərisində yer
almasında müəllim bir o qədər əmək sərf edir.
Ona görə də ən böyük dahilər belə qazandıqları
hər nailiyyətə görə müəllimlərinə minnətdar
olduqlarını bildiriblər.
Təlim-tərbiyə insan psixologiyasını
formalaşdıran mühüm amil olduğundan onu düzgün
yönəltmək lazımdır. Axı uşaqların baxışları,
qavrayışı, nitqi, ailə tərbiyəsi və mədəniyyəti
eyni deyil. Ona görə də tərbiyə işi hər bir
müəllimdən pedaqoji ustalıq tələb edir.
Pedaqoqlar uşaq psixologiyasını onların
baxışlarından oxumalı, ailə həyatları,
məişətləri ilə yaxından tanış olmalıdırlar.
Müasir dövrün tələbləri müəllimlərin üzərinə
ciddi vəzifələr qoyur.
Ümumiyyətlə, gənc nəsil ailə və məktəbdə
formalaşır, mühitdə inkişaf edir. Qazandığı
uğurları iş prosesində-peşədə, sənətdə davam
etdirərək xalqa, doğmalarına fayda verir.
İctimai mühitin də, kollektivin də, rəhbərliyin
də, dostların da gənclərin tərbiyəsində rolu
hədsizdir. Bunun üçün düşdüyümüz mühitin
demokratik olması əsas şərtlərdəndir ki, bu da
gəncliyin sağlam inkişafına təkan verir.
İctimaiyyət özü bir ailədir, yəni ailənin
böyüdülmüş formasıdır. Deməli, ailəsini sevənlər
cəmiyyətini də, vətənini də, xalqını da sevir.
Bu, danılmaz bir həqiqətdir. Tarix sübut
etmişdir ki, ictimaiyyət hər bir kəsin haqqını
özünə çatdırır. Odur ki, müasir gəncliyin ürəyi
vətən üçün döyünməlidir.
Biz uzaq və yaxın keçmişimizə nəzər salsaq, o
dövrün gənclərinin müasir gəncliyə həqiqətən
örnək olacağına qətiyyətlə inanarıq. Vətənimizin
hər qarışında uyuyan şəhidlərimiz Azərbaycan
ailələrində tərbiyə alıb, Azərbaycan
məktəblərində haqqı nahaqdan seçməyi öyrəniblər.
Biz müasir dövrün gəncləri onlardan nümunə
götürüb vətənin bizə oğul deməsi üçün, vətən əmr
etsə şəhidliyi bacarmaq üçün hazır olmağı dərk
etməliyik.
Müasir dövrün gəncləri bilməlidir ki, onlar
azad, müstəqil, demokratik bir ölkənin
gəncləridir. Bu gənclər onu da yaddan
çıxarmamalıdır ki, azadlıq və demokratiyanı əldə
etmək nə qədər çətin olsa da, onu qoruyub
gələcək nəsillərə çatdırmaq qat-qat ondan
çətindir. Hər bir gənc dərin bilikli, yüksək
dünyagörüşlü şəxsiyyət kimi yetişərək ulu
öndərimiz Heydər Əliyevin parlaq zəkası ilə
işıqlanmış azərbaycançılıq ideyasına sədaqət
nümayiş etdirərək Prezident İlham Əliyevin
ətrafında möhtəşəm qələbələrimizin və
Azərbaycanımızın işıqlı gələcəyi naminə daha sıx
birləşməlidir.
Lamiyə AZADLI,
Azərbaycan Müəllimlər İnstitutunun
Ağcabədi filialının metodisti |
|