Cəmiyyətimizin irəliyə doğru inkişafını müəyyən
edən yeniliklər bütün hüquqi sənədlərdə olduğu
kimi, "Təhsil haqqında" Azərbaycan
Respublikasının Qanununda, habelə "Azərbaycan
Respublikasında ümumi təhsilin Konsepsiyası
(Milli Kurikulum)" sənədlərində də öz geniş
əksini tapmışdır.
İndi yeni pedaqoji yanaşmalar və müxtəlif təhsil
fəlsəfələri baxımından müasir tələblərə cavab
verən dünyagörüşünün formalaşdırılması günün
vacib əhəmiyyətli məsələlərindəndir. Bu baxımdan
ümumi təhsilin Konsepsiyasının (Milli
Kurikulumun) tətbiq edilməsi, konseptual sənəd
kimi Milli Kurikulumun əsas xüsusiyyətlərinin və
kurikuluma dair ilkin bilik və bacarıqların
öyrənilməsi uğurlu addım kimi
dəyərləndirilməlidir.
Məlum olduğu kimi, yeni fənn kurikulumlarının
səciyyəvi cəhətləri ənənəvi təlimdən əsaslı
surətdə fərqlənir. Hər bir fənn üzrə
müəyyənləşdirilmiş dövlət tələbi və onların
reallaşdırılması istiqamətində seçilən yeni
təlim strategiyaları bu günün müəllimi
qarşısında duran vəzifə və məsuliyyətləri
dəqiqləşdirir, o, dəqiq təlim məqsədləri tərtib
edir, uyğun forma və üsullar seçir, təlim
tapşırıqlarını hazırlayır.
Qeyd etmək lazımdır ki, bütün bunlar üçün müasir
müəllimdə gərəkli bilik və bacarıqlar olmalıdır.
Həmin bacarıqların formalaşması istiqamətində və
ümumilikdə Azərbaycan təhsilinin dünya təhsil
sisteminə uğurla inteqrasiya olunması üçün
Təhsil Nazirliyi mütəmadi olaraq yeni fənn
kurikulumlarını tətbiq edəcək müəllimlərin
müvafiq treninqlərdən keçməsini təşkil edir. Bu
treninqlər ilk vaxtlar ekstensiv səciyyə
daşıyırdısa, indi o, intensiv xarakter almış və
ölkəmizin bütün pedaqoji ictimaiyyəti bu mühüm
əhəmiyyətli nəzəriyyədən, demək olar ki,
bəhrələnmişdir.
Bu sahədə Azərbaycan Müəllimlər İnstitutunun
fəaliyyəti də danılmazdır. Burada ixtisasartırma
və yenidənhazırlanma işi günün tələbləri
səviyyəsində qurulmuşdur.
İnstitutun rektoru, millət vəkili, professor
Aqiyə Naxçıvanlı treninqlərin təşkili və
keçirilməsi işini xüsusi diqqət mərkəzində
saxlayır. O, bu sahədə çalışan müəllimlərin
hazırlıq səviyyəsinin artırılmasına,
treninqlərin səmərəli keçməsinə nəzarət etməklə
bərabər, həm də fənn kabinetlərinin və
auditoriyaların təmiz və səliqəliliyinə, eləcə
də əyaniliklə təchiz olunmasına hərtərəfli qayğı
göstərir. İnstitutda nizam-intizam aparıcı
meyara çevrilmışdir.
Prorektor R.Əzizovun diqqəti və qayğıkeşliyi
burada təşkil olunan kursların səmərəli və
keyfiyyətli keçməsinə kömək göstərir. Müdavimlər
üçün yaradılmış şərait, onların arzu və
təkliflərinin operativ həlli yuxarıda qeyd
olunanların bariz nümunəsi kimi
dəyərləndirilməlidir.
Azərbaycan Müəllimlər İnstitutunda müdavim kimi
dinlədiyimiz kurslar bizə bu təhsil ocağı
haqqında ürəkdolusu danışmağa əsas verir. Burada
təlim kurslarının treninqi yüksək hazırlığa
malik, geniş erudisiyalı kadrlara tapşırılmışdır.
Əlavə təhsilə xidmət edən kabinetin müdiri
Xuraman Nağızadə, baş metodist Solmayə
Əmrəliyeva və metodist Arzu Kərimova, təhsildə
innovasiyalar kabinetinin metodisti Mətanət
Abbasova yeni fənn kurikulumlarının nəzəri
əsaslarının öyrədilməsində diqqətəlayiq
fəaliyyət göstərirlər.
Mübaliğəsiz demək olar ki, onların hər birinin
öz işlərinə məsuliyyətli münasibəti müdavimlərin
razılığına səbəb oldu. Burada dinlənilən 60
saatlıq proqram materialı dinləyicilərin
gələcəkdə keyfiyyətli treninqlər aparması üçün
əsaslı stimul oldu.
Ziyadxan BUDAQ,
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
əməkdaşı,
Fatimə SAYILOVA,
Bakıdakı 290 nömrəli tam orta
məktəbin ibtidai sinif müəllimi |