Bakı
Dövlət Universitetində ABŞ-ın Kaliforniya
Texnologiya İnstitutunun kimya və fizika üzrə
professoru, dünya şöhrətli alim, kimya üzrə
Nobel mükafatı laureatı, Yaxın və Orta Şərqdə
elm müşaviri, Amerika Birləşmiş Ştatlarının
Prezidenti Barak Obamanın məsləhətçisi Əhməd
Həsən Zevayla universitetin fəxri doktoru adının
verilməsi münasibətilə tədbir keçirilib.
BDU-nun rektoru, akademik Abel Məhərrəmov çıxış
edərək qonaq haqqında ətraflı məlumat verib.
Professor Əhməd Zevaylın kimya və fizika
sahəsində çoxşaxəli elmi fəaliyyətlə məşğul
olduğunu bildirən rektor alimin 1999-cu ildə "Femtosaniyələr
texnikasından istifadə etməklə kimyəvi
reaksiyalar zamanı yaranan keçid hallarının
tədqiqi"nə görə kimya üzrə Nobel mükafatı
laureatı adına layiq görüldüyünü diqqətə
çatdırıb.
Şərqin ilk dünyəvi ali məktəbi olan Bakı Dövlət
Universiteti haqqında da məlumat verən rektor bu
təhsil ocağının 92 illik tarixi ərzində dünya
şöhrətli məzunları, görkəmli alimləri,
beynəlxalq səviyyədə tanınan fəxri doktorlarının
olduğunu diqqətə çatdırıb. Sonra BDU-nun Elmi
Şurasının 8 oktyabr 2011-ci il tarixli iclasının
qərarı elan edilib. Məlum olub ki, Əhməd Zevayl
müasir dünyada elmin və demokratiyanın
inkişafına verdiyi töhfələrə və sülhməramlı
fəaliyyətinə görə Bakı Dövlət Universitetinin
fəxri doktoru adına layiq görülür.
Bundan sonra Əhməd Zevayla fəxri doktor diplomu,
mantiya və hədiyyələr təqdim olunub.
Çıxış edən Əhməd Zevayl BDU-nun fəxri doktoru
olmasından məmnun olduğunu deyib. O, elm və
təhsil, müsəlman ölkələrinin gələcəyi,
demokratiya ilə bağlı fikirlərini bölüşüb,
tələbələrin suallarını cavablandırıb.
BDU-nun Mətbuat və informasiya şöbəsi |