Azərbaycanın
ilk arxeoloq-etnoqraf alimlərindən biri, əməkdar
elm xadimi, Qırmızı Əmək Bayrağı ordenli İshaq
Məmmədrza oğlu Cəfərzadə Gəncədə anadan olmuşdur.
İshaq 6 yaşında mədrəsədə oxumağa başlamış, ərəb
və fars dillərini öyrənmişdir. Altıillik şəhər
məktəbində o, rus dilinə yiyələnmişdir.
Əməksevər gənc biliklərə yiyələnmək üçün dilləri
öyrənməklə yanaşı, atasından qədim sərraclıq
peşəsini də mənimsəmişdir. 1927-ci ildə
Azərbaycan Pedaqoji İnstitutunun tarix
fakültəsini bitirən İshaq Cəfərzadə sonralar ADU-nun
şərqşünaslıq fakültəsində oxumuşdur. Ali təhsil
aldığı illərdə ictimai fəallığı ilə seçilən
İ.Cəfərzadə Azərbaycanın Qədim Abidələrinin
Mühafizəsi Komitəsinin üzvü kimi çalışmışdır.
1933-cü ildən İ.Cəfərzadə həyatını elmə
bağlamışdır; Azərbaycan SSR EA-nın Tarix
İnstitutunda fəaliyyət göstərmiş, arxeologiya
şöbəsinə rəhbərlik etmişdir.
İ.Cəfərzadə ilk elmi axtarışlarını Gəncədə
başlamışdır. Mütəfəkkir şair Nizami Gəncəvinin
800 illik yubileyi ilə əlaqədar təşkil olunmuş
qazıntı işlərinə Cəfərzadə başçılıq etmişdir.
Bu elmi fəaliyyət nəticəsində Gəncənin yeri
dəqiq müəyyənləşdirilmiş, qala divarları,
sənətkar məhəllələri, müxtəlif məişət tikililəri
aşkar edilmiş, çoxlu sayda maddi mədəniyyət
nümunələri tapılmışdı.
Tale İshaq Cəfərzadəyə ilk dəfə olaraq Nizami
Gəncəvinin məzarını açmağı, böyük sənətkarın
nəşini gün işığına çıxarmaq şərəfini nəsib
etmişdi. Şairin nəşini yubiley günlərində yeni
türbədə qara mərmər sənduqəyə qoymuş İ.Cəfərzadə
bu elmi araşdırmaların nəticələrini
ümumiləşdirən "Qədim Gəncənin tarixi-arxeoloji
oçerki" əsərini namizədlik dissertasiyası kimi
1944-cü ildə müdafiə etmişdir.
Alimin bioqrafiyasından bəlli olur ki, o, elə
müharibə illərində həm də Bakı limanındakı
Səbayıl şəhərinin, Yaloylutəpənin arxeoloji
qazıntılarına rəhbərlik etmişdi.
Mənbələrdə
qeyd olunur: Xəzərin dalğaları ilə yuyulan "Şəhri
Səbayıl" tədqiqatları zamanı o, ağır və gərgin
zəhmət hesabına dənizin dibindən 200-dən artıq
iriölçülü yazılı daş çıxara bilmişdi.
İshaq Cəfərzadənin adı çəkiləndə Qobustan,
Qobustandakı qayaüstü rəsmlər yada düşür. Həmin
rəsmlər ötən əsrin 39-40-cı illərində aşkar
edilmişdi.
Arxeoloji ədəbiyyatda göstərilir:
Bakıdan 50-60 km cənub-qərbdə yerləşən
Qobustanda 1939-1940-cı illərdə Azərbaycanda ilk
qayaüstü təsvirlər aşkar olunmuşdur. Böyük
Qafqaz dağlarının cənub-şərq qurtaracağında
Böyükdaş, Cingirdağ, Kiçikdaş və Yazılıtəpə
silsiləsində tapılmış bu rəsmlər müxtəlif dövrlü
və müxtəlif məzmunlu olub, Azərbaycan xalqının
qədim mədəniyyətini öyrənmək baxımından olduqca
əhəmiyyətlidir. Qobustanda təxminən minə yaxın
Abşeron süxurlu əhəng daşları üzərində 3500-dən
çox müxtəlif ölçülü rəsmlər qeydə alınmışdır. Bu
rəsmlər mövzu baxımından olduqca müxtəlifdir.
Əsasən insan, vəhşi öküz, maral, keçi, şir,
ceyran, at, gur və s. təsvirlərindən ibarət olan
bu rəsmlər çox vaxt təbii ölçüdə verilmişdir.
Daşlarda kollektiv əmək prosesi, o cümlədən
taxıl biçini, qurban gətirmək, ov səhnələri,
müxtəlif heyvanların vuruş səhnələri, dəvə
karvanları və s. çox real canlandırılmışdır.
Qobustan qayalarının bir hissəsində adamlı və
adamsız qayıq təsvirləri verilmiş, qayıqların
burun hissəsində günəş şəkli çəkilmişdir.
Tədqiqatçıların fikrincə, böyük yastı daşlarda
çox qədim Azərbaycan əyləncə oyunlarının, o
cümlədən "pul-pula", "ev köçdü" və ya "mərə-mərə"nin
təsviri verilmişdir.
Qədim karvan yolu üzərində yerləşən Qobustanda
həm də epiqrafik abidə, o cümlədən qədim latın
yazısı qeydə alınmışdır. Qobustanda aparılmış
arxeoloji qazıntılar bu ərazinin ən qədim
yaşayış məskəni olduğunu sübut etmişdir. Burada
müxtəlif qayaüstü sığınacaqlar, 20-dən çox
mağara ilə yanaşı, Orta Daş dövrünə (Mezolit)
aid zəngin yaşayış məskəni və nekropol tədqiq
edilmişdir.
Keçmiş SSRİ-də qayaüstü təsvirlərin görkəmli
mütəxəssislərindən olan İ.Cəfərzadə Qobustan
qayaüstü təsvirlərini məzmunu və işləmə
texnikasına görə təhlil edərək onları dövrlər
üzrə qruplara bölmüşdür.
Tədqiqatçının fikrincə, Qobustan qayaüstü
rəsmlərinin ən qədim nümunələri çiyinlərindən
kaman aşırılmış, ayaqüstə və ya yarım oturmuş
vəziyyətdə silueti çəkilmiş insan təsvirləridir.
Onlar təbii ölçüdə, çox vaxt qəfəsə çanaq
hissəsi müstəsna olmaqla çılpaq vəziyyətdə
təsvir olunmuşdur. Bəzən isə kişi təsvirləri
əlində balta həkk edilmişdir. Böyükdaş və
Cingirdağ zonalarında təbii böyüklükdə verilmiş
öküz rəsmləri, nisbətən kiçik miqyasda silueti
çəkilmiş geyimli, silahla birlikdə işlənmiş
insan təsvirləri, burun hissəsində günəş rəsmi
çəkilmiş qayıq rəsmləri və b. təşkil edir.
Qobustandakı qayaüstu təsvirlərin yaşı çox
böyükdür. E.ə. I minillikdə yaşamış
ulularımızın adət-ənənəsi, təsərrüfat həyatı,
ilkin incəsənət bu rəsmlərdən anlaşılır.
Arxeoloji qazıntılar onu da təsdiq edib ki,
buralar həm də ən qədim yaşayış məskənlərindən
olub. 20-dən çox daş dövrünə aid zəngin yaşayış
məskəni aşkar edilib.
Mərhum İ.Cəfərzadəyə görə, Qobustan qayaüstü
rəsmlərinin ən qədim nümunələri çiyinlərindən
kalman aşırılmış, ayaqüstə və ya yarım oturmuş
vəziyyətdə silueti çəkilmiş insan təsvirləridir.
Qayaüstü rəsmlərin bəziləri təsvirli yazılardır.
Belə yazılar keçmiş köç və karvan yolları
üzərindədir. Bu təsvirlər indi qədim
Azərbaycanın keçmiş iqlim şəraitini, o dövrün
əhalisinin təsərrüfat həyatını, incəsənətini
öyrənmək baxımından böyük tarixi-coğrafi, elmi
əhəmiyyətə malikdir.
İ.Cəfərzadə Qobustanda 5000-ə yaxın qayaüstu
rəsm aşkar etmişdi. Həmin tarixi-mədəni
yadigarların hamısı qeydə alınmaqla yanaşı,
alimin ömür-gün yoldaşı, yaxın köməkçisi,
Azərbaycanın ilk qadın rəssamlarından olan
Səfiyyə xanım tərəfindən dəqiqliklə kağıza
köçürülmüşdü.
Bu fədakar və vətənsevər alim həmin rəsmlər
üzərində illər boyu araşdırma aparmışdır.
Dünyanın bir çox yerlərində aşkar edilmiş
qayaüstü təsvirlərdən Qobustan rəsmlərinin
üstünlüyü aşağıdakılardır: bu təsvirlər geniş
xronoloji çərçivəlidir, mövzu cəhətdən
rəngarəngdir, orijinal süjetlidir, böyük bədii-estetik
dəyərə malikdir.
Ümumiyyətlə, İ.Cəfərzadə 70-dən çox maddi
mədəniyyət abidəsi aşkara çıxarmışdır.
O, Xocalı, Yaloylutəpə, Orənqala, Çovdar ...
arxeoloji ekspedisiyalarında, etnoqrafiya ilə
bağlı elmi səfərlərdə iştirak etmişdir.
1938-40-cı illərdə Gəncə, Abşeron, Səbayıl,
Qobustan (1939-1950) ... arxeoloji
ekspedisiyalarının təşkilatçısı və rəhbəri olmuş
alim 1929-cu ildə SSRİ Elmlər Akademiyasının
təşkil etdiyi ekspedisiyanın işinə qoşularaq
Qara dənizin şimalındakı antik dövrlərə aid
Olviya şəhər yerində də qazıntılar aparmışdır
(Q.İsmayılzadə).
İllər ötür, fəqət Qobustan qayaları tarixin daş
yaddaşı kimi qalmaqdadır. Və bu təsvirlərdən söz
düşəndə böyük alimin adı hörmət və ehtiramla
çəkilir. Aşağıdakı əsərləri mənbələr kimi
oxunmaqdadır:
"Azərbaycanın qədim tarixi. Azərbaycan SSR Tarix
və Fəlsəfə İnstitutunun əsərləri, c.1. Bakı:
1961.
"İstoriko-arxeoloqiçeskoy oçerk staroy Qendji (Rodina
Nizami)". Baku: 1949. Qobustan. Naskalnıye
izobrajeniya". Baku: 1973.
"İshaq müəllimin qayaüstü rəsmlər üzərində iş
təcrübəsi alimlər üçün gözəl məktəb olmuşdu"
Qüdrət İSMAYILZADƏ,
BDU-nun etnoqrafiya və
arxeologiya kafedrasının müdiri,
tarix elmləri doktoru, professor, əməkdar
müəllim
Onun sevinc və günəş işığı ilə dolu böyük
yaradıcılıq yolu vardı. Ona qədim Gəncənin
xarabalıqlarını tapmaq, dahi Nizaminin müqəddəs
türbəsini açmaq, səfalı Xaçbulaq yaylasının
əfsanəvi qalalarını öyrənmək və Qobustanın min
bir səhifəli daş kitabını oxumaq kimi şərəfli,
qibtə ediləsi işlər nəsib olmuşdu.
İshaq Cəfərzadənin adı respublikamızdan çox-çox
uzaqlarda elmi ictimaiyyətə indi də yaxşı
tanışdır. Onun adını İngiltərə və Fransada,
Çexiya və Slovakiyada, Macarıstan, Almaniya,
İtaliya, İspaniya və Kanadada çox eşidiblər. Hər
yerdə onu Azərbaycan arxeologiyasının
yaradıcılarından biri, misilsiz Qobustan
mirasının ilk tədqiqatçısı kimi tanıyırlar.
Azərbaycanın elə bir guşəsi tapılmaz ki, oraya
bu görkəmli alimin ayağı dəyməmiş ola. Lakin
onun adı ilə daha çox dünya incəsənət xəzinəsini
bəzəyən, milli mədəni və mənəvi qürurumuzu
təşkil edən məhz Qobustanın daş naxışları,
rəsmləri bağlıdır. Ulu babalarımızın hiss və
duyğularını qoruyub saxlayan bu abidənin
tətbiqinə o, ömrünün 40 ilə yaxın bir dövrünü
həsr etmişdi. Bəlkə də elə buna görə Qobustanın
yalçın qayaları üzaq minilliklərin, əsrlərin
sirlərini ondan gizlətmək istəməmiş, çətin və
əziyyətli axtarışlarda ona qüvvət, əzəmət vermiş,
möhkəm arxa olmuşdu. Bəlkə də elə buna görə
tanınmış alimin yerişində və duruşunda,
söhbətlərində və yazılarında həmişə Qobustanın
düşüncəsi, onun nəhəng qayalarının vüqarı,
minbir səsli qədim və ecazkar mahnısı əks
olunmuşdu.
Böyük alim İshaq müəllimlə mənim ilk tanışlığım
50-ci illərin sonlarında olmuşdu. O vaxtlar mən
uzaq dağ bölgələrindən birində, yoldan uzaq bir
kənddə müəllimlik edir, boş vaxtlarımda isə
işlədiyim yerin zəngin tarixi abidələrini
öyrənməyə cəhd göstərirdim. Bəzi maraqlı
abidələr haqqında mətbuat səhifələrində çıxışlar
da etmişdim. Bəlkə də bunu nəzərə alaraq
günlərin bir günündə təcili teleqramla məni
Azərbaycan Elmlər Akademiyasının arxeologiya
şöbəsinə işə dəvət etmişdilər. Müəllimliyi,
uşaqlarla işləməyi çox xoşlasam da, teleqramı
alan günün sabahı Bakıya yola düşmüşdüm. Əslində,
onda mən illərdən bəri qəlbimdə yuva salmış
arzuma qovuşmağa tələsmişdim.
Yadımdadır, əlimdə həmin teleqram, ürəyimdə isə
böyük təşviş və həyəcan, o vaxtlar Voroşilov
küçəsində yerləşən Tarix İnstitutunun
arxeologiya şöbəsinə gəldim. Burada məni
Azərbaycan arxeologiyasına rəhbərlik edən İshaq
Cəfərzadənin otağına apardılar. Adını çox
eşitdiyim görkəmli alimlə mənim əyani tanışlığım
belə başlandı.
İshaq müəllim otağın künc tərəfində, böyük bir
yazı masasının arxasında əyləşmişdi. Başında
özbək araqçını vardı. Oturmaq üçün mənə yer
göstərdi və bir müddət susdu. Hiss etdim ki,
onun baxışları üzümdə gəzir və məni tər basdı.
Düzü, arxeologiya mənim üçün əlçatmaz bir
zirvəyə, İshaq müəllim isə bu zirvəyə gedən
yeganə yolun zəhmli keşikçisinə çevrilmişdi.
Görünür, o, mənim bərk həyəcan keçirdiyimi hiss
edib yavaşcadan boğazını arıtdı və çox səmimi və
açıq bir baxışla məqalələrimi oxuduğunu bildirdi.
Bunun ardınca gözlənilmədən məndən maaşımı
soruşdu. 240 manata qədər böyük maaş aldığımı
eşitdikdə təəccübləndi, lakin birdən-birə quru
bir səslə dedi:
- Bala, bizdə sən bu maaşın yarısından da az
alacaqsan. Biz səni kiçik elmi işçi vəzifəsinə
götürməyi nəzərdə tutmuşuq. Bu vəzifənin maaşı
isə cəmi 83 manatdır. Lakin xəbərdarlıq edirəm
ki, bu, çətinliyin yalnız bir tərəfidir.
Arxeologiyanın özü çox ciddi və olduqca ağır bir
elmdir. Yadda saxlamalısan ki, arxeoloq hər cür
iş şəraitində işləməyə hazır olmalıdır. Bizim
isə əsas iş şəraitimiz iliyimizə qədər işləyən
şaxtadan və ya beynimizi yandıran istidən,
gözlərimizi dolduran toz-torpaqdan asılı
olmayaraq açıq havadadır. Bəziləri arxeologiyada
romantika axtarırlar. Lakin belə adamların heç
biri arxeologiyada bir mövsümdən artıq qala
bilmir. İlk çöl axtarışından sonra qaçır. Mən
səni qorxutmaq istəmirəm. Dediklərimi düşün,
götür-qoy et. Özünü buna hazırlıqlı bilsən,
ərizə ilə gəl. Onda mən sənə, - uğurlu yol, -
deyərəm.
Doğrusu, o gecə yatmadım. Lakin ertəsi gün bir
cümlə ilə yazdığım ərizəni İshaq müəllimə təqdim
etdim. O, daha bir söz demədi, amma dodaqaltı
gülümsəyərək üstünü yazdı.
Bir il sonra isə İshaq müəllim məni Xaçbulaq
yaylağında yenidən başlanan tədqiqatlara apardı.
Bu yerlər onun üçün doğma və əziz idi. Özünün
dediyi kimi, bütün uşaqlıq və gənclik illərini
Azərbaycanın bu səfalı guşəsində keçirmişdi.
Sonralar ilk tədqiqatları üçün də o, məhz buranı
seçmişdi. Xaçbulaqda tədqiqat apararkən biz
alaçıqlarda qalırdıq. Hər axşam İshaq müəllim
bizi özünün dədə-baba ənənəsi ilə qurulmuş iri
alaçığına dəvət edirdi və gecə yarıdan keçənədək
bu yerlərin tarixindən, adət-ənənələrindən və öz
həyatından maraqlı söhbətlər edirdi.
***
Qədim qayaüstü təsvirlər dünyanın bir çox
yerlərində aşkar edilmişdir. Lakin heç yerdə
Qobustanın təsvirləri qədər geniş xronoloji
çərçivəli, mövzu cəhətdən rəngarəng, orijinal
süjetli və bədii dəyərli təsvirlərə təsadüf
olunmamışdır.
İshaq müəllim Qobustan təsvirlərinin ən qədim
nümunələrini orta daş - mezolit dövrünə aid
etmiş, onların 9-10 min il əvvəl çəkildiyini
sübuta yetirmişdi. Sonrakı dövrlərdə Qobustanın
daş salnaməsində təsvirlərin sayı daha da artmış
və zənginləşmişdi. Mis, tunc və dəmir
dövrlərində Qobustanın bu qeyri-adi daş kitabına
qədim təsərrüfat sahələrinin genişlənməsi,
inkişafı, dini təsəvvürlərin mürəkkəbləşməsi ilə
əlaqədar daha geniş məzmunlu və kompozisiyalı
lövhələr - əsl incəsənət əsərləri əlavə
edilmişdi. Ciddi axtarışlar nəticəsində İshaq
müəllimə hər bir rəsmin dövrlərə görə mənasını
açmaq, onların işlənmə üslubunu aydınlaşdırmaq
müyəssər olmuşdur. Yer kürəsinin müxtəlif
guşələrində tapılmış bütün qədim qayaüstü
təsvirlərə yaxşı bələd olan İshaq Cəfərzadə
Qobustan təsvirlərinin səciyyəvi xüsusiyyətini,
bədii və tarixi əhəmiyyətini müəyyənləşdirə
bilmişdi. Görkəmli alimin tədqiqatlarında
diqqəti cəlb edən cəhətlərdən biri də Qobustanın
qədim təbii-coğrafi şəraitinin nəzəri bərpası
ilə bağlıdır. Alimə görə uzaq keçmişdə
Qobustanın iqlimi rütubətli və tropik iqlimə
yaxın olmuşdur. O zaman bu ərazi sulu çaylara,
çoxlu bulaqlara və bol ot örtüyünə malik
olduğundan burada saysız-hesabsız ov heyvanları
özlərinə sığınacaq tapmış və yerli qəbilə və
tayfaların böyük mal-qara sürüləri saxlanılmışdı.
Qobustan təsvirlərini öyrənərkən istedadlı alim
onların meydana gəlmə tarixinə xüsusi fikir
vermişdi. Tədqiqatçının fikrincə, Qobustanın
saysız-hesabsız təsvirləri içərisində siluet
üsulu ilə çəkilmiş, çiyinlərində kaman olan kişi
və qadın təsvirləri ən qədim dövrlərə aiddir və
onlar bilavasitə qadınların ibtidai cəmiyyətdə
hakim olduğu madərşahlıq dövründə çəkilmişdir.
İshaq Cəfərzadənin dərin və geniş axtarışları
ona sonrakı dövrlərin təsvirlərini də müəyyən
etməyə, onların fərqləndirici xüsusiyyətlərini
aydınlaşdırmağa imkan vermişdi. İshaq müəllim
müəyyən bir dövrün təsvirlərini tədqiq edərkən
çox düzgün olaraq onları həmin dövrün
təsərrüfatı, dini təsəvvürləri və mədəni
nailiyyətləri ilə əlaqələndirmişdi. Bu sahədə
o, mütəxəssislərin diqqətini cəlb etmiş bir sıra
maraqlı və elmi əsaslı fikirlər irəli sürmüşdü.
Şamxəlil MƏMMƏDOV |