Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin böyük diqqət və qayğısı sayəsində
ölkəmizdə təhsilin inkişafını təmin edən
çoxsaylı proqramlar uğurla həyata keçirilir.
Həmin proqramların reallaşdırılması nəticəsində
təhsil infrastrukturu müasirləşir, təhsilalanlar
üçün bərabər imkanlar yaradılır, keyfiyyətin
yüksəldilməsi və davamlı inkişaf istiqamətində
əsaslı tədbirlər həyata keçirilir.
2004-2011-ci illərdə tikinti və təmir işləri
üçün Təhsil Nazirliyinin Təsərrüfathesablı
Əsaslı Tikinti İdarəsinə dövlət büdcəsindən
543665,1 min manat vəsait ayrılıb. Həmin vəsait
hesabına 121864 şagird yerlik 353 yeni məktəb,
1270 yerlik 11 yeni uşaq bağçası, 1 peşə tədris
mərkəzi binası, 184 məktəb üçün 49880 şagird
yerlik əlavə korpuslar inşa edilib, 176
məktəbdə, 50 uşaq bağçasında, 9 texniki peşə
məktəbində əsaslı təmir işləri aparılıb. Məktəb
tikintisi sahəsində həyata keçirilən tədbirlər
nəticəsində ikinövbəli məktəblər 73 faizdən 44
faizə, ikinci növbədə təhsil alan şagirdlər 34,5
faizdən 21 faizə enib.
Bütün bunlarla yanaşı, məktəblərin tikintisi və
əsaslı təmiri zamanı bir sıra nöqsanlara yol
verildiyi məlum olub. Belə ki, Azərbaycan
Respublikası Baş Prokurorluğunun müvafiq dövlət
strukturları ilə birgə Bakı şəhərinin 77
məktəbində apardığı araşdırma nəticəsində bəzi
nöqsanlar aşkar olunub. Nöqsanlarla bağlı
Azərbaycan Respublikası Baş Prokurorluğunun
"Orta ümumi təhsil məktəblərinin tikintisi və
əsaslı təmiri zamanı aşkar edilmiş qanun
pozuntularının aradan qaldırılması barədə"
təqdimatı Təhsil Nazirliyinə daxil olub.
Təqdimat Azərbaycan Respublikasının Baş
Prokurorluğu yanında Korrupsiyaya Qarşı Mübarizə
İdarəsinin rəhbərliyinin və Təhsil Nazirliyinin
aidiyyəti struktur bölmələri nümayəndələrinin
iştirakı ilə müzakirə edilib. Müzakirə zamanı
Bakı şəhərinin 77 məktəbində aparılan tikinti və
təmir işlərində aşkar olunmuş bütün
çatışmazlıqların ötən müddət ərzində Təhsil
Nazirliyinin Əsaslı Tikinti İdarəsi tərəfindən
aradan qaldırıldığı barədə məlumat verilib.
Azərbaycan Respublikası Baş Prokurorluğunun
təqdimatına əsasən məktəb tikintisi və təmiri,
onların istismara qəbul edilməsi sahəsində qanun
pozuntularına yol vermiş bir sıra vəzifəli
şəxslər barəsində Təhsil Nazirliyi tərəfindən
ciddi intizam tənbehi tətbiq edilib. İşdə yol
verdiyi nöqsanlara görə Təhsil Nazirliyinin
Əsaslı Tikinti İdarəsinin rəisi və bir neçə
məsul əməkdaşı tutduqları vəzifələrdən azad
olunub. Təhsil Nazirliyinin bu işə məsul olan
bəzi əməkdaşlarına, müəssisə rəhbərlərinə isə
ciddi xəbərdarlıq edilib.
Ümumi təhsil məktəblərinin tikintisi və təmiri
üzrə tenderlərin qanunauyğun şəkildə təşkili və
keçirilməsi, təmir-tikinti işlərinin aparılması
üzərində nəzarəti, işlərin istismara qanunauyğun
qəbul edilməsini nəzərdə tutan normativ aktların
təkmilləşdirilməsi, aparılan işlərin kifayət
qədər peşəkar və ixtisaslı mütəxəssislər
tərəfindən həyata keçirilməsinə təminat verən
mexanizmin işlənib hazırlanması, təmir-tikinti
işlərinin qanunauyğun şəkildə istismara qəbul
edilməsi, bu prosesə məktəb valideyn
komitələrinin, valideyn-müəllim
assosiasiyalarının nümayəndələrinin cəlb
olunması yolu ilə şəffaflığın artırılması
istiqamətində zəruri tədbirlərin görülməsi ilə
əlaqədar nazirliyin aidiyyəti strukturlarına,
yerli təhsil idarəetmə orqanlarına və təhsil
müəssisələrinə müvafiq tapşırıqlar verilib. |