Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun
prezidenti Mehriban Əliyeva oktyabrın 19-da
Bakının Xəzər rayonunda yenidən qurulmuş üç
təhsil müəssisəsinin açılışlarında iştirak
etmişdir.
Əvvəlcə Binə qəsəbəsindəki S.Abbasov adına 117
saylı tam orta məktəbin açılışına gələn Mehriban
xanım Əliyevaya gül dəstəsi təqdim olundu. Sonra
açılışı bildirən rəmzi lent kəsildi.
Məktəblə tanış olan Azərbaycanın birinci
xanımına məlumat verildi ki, yararsız vəziyyətdə
olan məktəb binası 2010-cu ilin dekabrında
sökülərək Fondun "Yeniləşən Azərbaycana yeni
məktəb" layihəsi çərçivəsində yenidən
tikilmişdir. 3 hektar ərazini əhatə edən məktəb
2040 şagird, 81 sinif, 4 kompüter otağı, akt və
idman zalları, laboratoriyalar, kitabxana, həkim
kabineti, əmək emalatxanalarından ibarətdir.
Binanın foyesində ulu öndər Heydər Əliyev və
Prezident İlham Əliyevin təhsilə qayğısını əks
etdirən fotostend qurulmuşdur. Məktəbin
həyətində süni örtüklü yeni idman meydançası
vardır. Təhsil müəssisəsində 140 müəllim çalışır.
Kompüter otaqlarının avadanlığı məktəbə Fond
tərəfindən hədiyyə edilmişdir.
Mehriban xanım Əliyeva məktəbin sinif və
kompüter otaqları, yeməkxanası, laboratoriyasına
baxdı, binanın istilik təchizatı ilə maraqlandı.
Bildirildi ki, bütün otaqlarda ən müasir istilik
sistemi quraşdırılmışdır.
***
Həmin gün Mehriban xanım Əliyeva Xəzər rayonunun
Türkan qəsəbəsində əsaslı təmirdən sonra
istifadəyə verilmiş D.Cəbrayılov adına 119 saylı
məktəbə gəldi.
Rəmzi açılış lentini kəsən Heydər Əliyev
Fondunun prezidentinə gül dəstəsi təqdim olundu.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı
təmir edilmiş məktəb binası və ibtidai siniflər
üçün inşa olunmuş yeni korpusla tanış olan
Azərbaycanın birinci xanımı musiqi kabineti,
siniflər, yeməkxana, akt və idman zallarına
baxdı.
Məlumat verildi ki, 550 yerlik məktəb binası
1966-cı ildə tikilmişdir. Heydər Əliyev Fondunun
"Yeniləşən Azərbaycana yeni məktəb" layihəsi
çərçivəsində əsaslı təmir olunan məktəb yüksək
keyfiyyətli avadanlıqla təchiz edilmişdir. Əlavə
olaraq ibtidai sinif şagirdləri üçün tikilmiş
300 yerlik yeni korpusda isə 238 uşaq təhsil
alır. Məktəbə Fond tərəfindən 40 kompüter
hədiyyə edilmişdir. Binada ulu öndər Heydər
Əliyev, Prezident İlham Əliyev, həmçinin
Mehriban xanım Əliyevanın təhsilə qayğısını əks
etdirən fotoguşə, müxtəlif tədbirlərin
keçirilməsi üçün nəzərdə tutulan 120 nəfərlik
akt zalı, 18 min kitabın saxlanıldığı kitabxana,
bufet vardır. Məktəb binası mərkəzləşdirilmiş
kamera-nəzarət sistemi ilə təchiz olunmuşdur.
***
Azərbaycanın birinci xanımı oktyabrın 19-da Zirə
qəsəbəsində Heydər Əliyev Fondunun "Təhsilə
dəstək" layihəsi çərçivəsində yeni istifadəyə
verilmiş uşaq bağçasının açılışında da iştirak
etdi.
Mehriban xanım Əliyevaya gül dəstəsi təqdim
edildikdən sonra rəmzi açılışı bildirən lent
kəsildi.
Bağçada yaradılmış şəraitlə tanış olan Mehriban
xanım Əliyeva daha sonra yeməkxana, oyun və
idman zalı, musiqi otağı ilə tanış oldu.
Azərbaycanın birinci xanımına məlumat verildi ki,
120 yerlik uşaq bağçasında 3-6 yaş arası
uşaqlardan ibarət 4 qrup fəaliyyət göstərəcəkdir.
1655 kvadratmetr ərazini əhatə edən uşaq
müəssisəsində müasir tələblərə cavab verən bütün
şərait yaradılmışdır.
Yeni mətbəx və yemək ləvazimatları ilə təchiz
olunmuş yeməkxanada uşaqların sağlam və düzgün
qidalanması təmin olunacaqdır. Müxtəlif musiqi
alətləri ilə təchiz edilmiş otaqda isə
balacaların musiqi istedadını kəşf və inkişaf
etdirmək üçün əsl imkan vardır.
Həyətdə qurulmuş uşaq meydançası, gözoxşayan
köşklər balacaların maraqlı və şən vaxt
keçirmələrinin təminatçısı olacaqdır. Uşaqların
təhlükəsizliyinə nəzarət mərkəzləşdirilmiş
kamera sistemi ilə aparılacaqdır.
AzərTAc |