Oktyabrın
12-də Bakıda "İnformasiya və kommunikasiya
texnologiyalarının tətbiqi (AİCT)" mövzusunda
5-ci Beynəlxalq konfrans öz işinə başlamışdır.
Üç gün davam
edəcək beynəlxalq konfrans Azərbaycan
Respublikası Rabitə və İnformasiya
Texnologiyaları Nazirliyi, Təhsil Nazirliyi,
Qafqaz Universiteti, Bakı Dövlət Universiteti,
YUNESKO-nun Təhsildə İnformasiya Texnologiyaları
İnstitutu, AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutu, Daşkənd İnformasiya Texnologiyaları
Universiteti, Türkiyə İqtisadi Kalkınma Ajansı
(TİKA) və Beynəlxalq Elektrik və Elektronika
Mühəndisləri İnstitutunun (İEEE) texniki dəstəyi
ilə təşkil olunmuşdur. Konfransa "Azercell"
şirkəti və "Akkord" şirkətlər qrupu tərəfdaş
sponsor, "Ericsson" şirkəti qızıl sponsor,
"Microsoft", "Nurgün Motors", "Sinam" və "DNS
computer" şirkətləri isə sponsor kimi dəstək
vermişlər.
Konfransın
Təşkilat Komitəsinin ünvanına dünyanın 31
ölkəsindən 250-dən çox məqalə və ya məruzə
tezisi daxil olmuş, onlar kitab şəklində çap
edilərək konfrans iştirakçılarına paylanmışdır.
5-ci
Beynəlxalq "İnformasiya və kommunikasiya
texnologiyalarının tətbiqi" konfransının açılış
mərasimi və ilk plenar iclası oktyabrın 12-də
Qafqaz Universitetində oldu.
Konfransı
açaraq, iştirakçıları salamlayan Qafqaz
Universitetinin rektoru, professor Ahmet Saniç
beynəlxalq tədbirə dünyanın 20-dən çox
ölkəsindən nümayəndələrin, görkəmli elm və
təhsil adamlarının gəldiyini bildirdi. Həmin
mövzuda silsilə konfransların tarixi haqqında
qısa məlumat verən A.Saniç onun təşkilinə
Beynəlxalq Elektrik və Elektronika Mühəndisləri
İnstitutunun yaxından dəstək verdiyini qeyd etdi
və institutun fəaliyyəti haqqında kiçik açıqlama
verdi. O, konfransın əhəmiyyətini yüksək
qiymələndirərək, onun əsas məqsədinin İKT-nin
tətbiqi sahəsində dünyada baş verən yenilikləri
paylaşmaq, bu sahədə çalışan alimlərin arasında
canlı ünsiyyət yaratmaq, fikir və təcrübə
mübadilələri aparmaq olduğunu vurğuladı və
konfransın iş qaydası ilə iştirakçıları tanış
etdi.
Konfransda
təbrik çıxışları edən Bakı Dövlət
Universitetinin rektoru, akademik Abel
Məhərrəmov, AMEA-nın İnformasiya Texnologiyaları
İnstitutunun direktoru, professor Rasim
Əliquliyev, Daşkənd İnformasiya Texnologiyaları
Universitetinin rektoru Xakim Mukhitdinov,
sponsor şirkətlərin təmsilçiləri bu nüfuzlu
beynəlxalq elmi məclisin əhəmiyyətini qeyd edib,
işinə uğurlar arzuladılar.
Konfransın
açılışından sonra keçirilən ilk plenar iclasında
professor Rasim Əliquliyevi, YUNESKO-nun Moskva
ofisinin direktoru Dendev Badarçın, türkiyəli
professor Adnan Yazicinin və b.-nın İKT-nin
tətbiqinin müxtəlif aspektlərinə həsr olunmuş
məruzələri dinlənildi. Sonra bölmə iclasları
keçirildi.
Oktyabrın
13-də 5-ci beynəlxalq konfrans öz işini Bakı
Dövlət Universitetində və AMEA-nın İnformasiya
Texnologiyaları İnstitutunda bölmə iclasları ilə
davam etdirdi.
İki gün
ərzində müxtəlif mövzuları əhatə edən 12 bölmədə
100-dən çox məruzə dinlənilərək müzakirə olundu.
Oktyabrın
14-də Qafqaz Universitetində konfransın bölmə
iclasları və yekun plenar iclası keçiriləcək.
Yusif ƏLİYEV |