Oktyabrın
7-də Təhsil Nazirliyində Tacikistan Respublikası
Prezident Aparatının Təhsil və elm şöbəsinin
müdiri Əbdülhəmid Nazimovun başçılıq etdiyi
nümayəndə heyəti ilə görüş keçirildi. Qonaqları
səmimi salamlayan təhsil nazirinin müavini Qulu
Novruzov onları Təhsil Nazirliyində görməyindən
məmnunluq hissi keçirdiyinin bildirdi. Görüşün
əsas məqsədinin Tacikistan nümayəndə heyətinin
ölkəmizin monitorinq, qiymətləndirmə sahəsində
təcrübəsini öyrənməsi, məktəbdaxili, milli və
beynəlxalq qiymətləndirmə ilə bağlı həyata
keçirilən tədbirlər haqqında onların ətraflı
məlumatlandırılması olduğunu qeyd edən nazir
müavini öncə Azərbaycanda həyata keçirilən
təhsil islahatlarından söz açdı. Əsası ümummilli
lider Heydər Əliyev tərəfindən qoyulmuş təhsil
siyasətinin ölkə başçısı cənab İlham Əliyevin
rəhbərliyi ilə uğurla davam etdirildiyini xüsusi
vurğuladı. Dövlət büdcəsindən təhsilə ayrılan
vəsaitlərin ilbəil artdığını, müstəqillik
illərində təhsillə bağlı 16 Dövlət Proqramının
həyata keçirildiyini diqqətə çatdıran Qulu
Novruzov bunlar barədə danışdı.
Azərbaycan
təhsilinin dünya təhsil sisteminə inteqrasiyası
istiqamətində görülən işlərə toxunan nazir
müavini Dünya Bankı ilə birgə əməkdaşlıq
çərçivəsində həyata keçirilən tədbirlər haqqında
məlumat verdi. Qeyd olundu ki, Dünya Bankı ilə
qarşılıqlı əməkdaşlığın nəticəsi olaraq Təhsil
Nazirliyində 2004-cü ildən şagird
nailiyyətlərinin qiymətləndirilməsi adı altında
fəaliyyətə başlayan şöbə bir müddətdən sonra
Monitorinq və qiymətləndirmə adlandırılıb.
Monitorinq və qiymətləndirmə şöbəsinin
fəaliyyətindən, gördüyü işlərdən bəhs edən Qulu
Novruzov artıq bu sahədə kifayət qədər
təcrübənin qazanıldığını, müvafiq istiqamətdə
qarşıya qoyulan vəzifələrin uğurla yerinə
yetirildiyini bildirdi.
Tacikistan
Respublikası Prezident Aparatının Təhsil və elm
şöbəsinin müdiri Əbdülhəmid Nazimov belə səmimi
qarşılandıqlarına görə nümayəndə heyəti adından
azərbaycanlı həmkarlarına minnətdarlığını
bildirdi. Qeyd etdi ki, Azərbaycan bu gün,
həqiqətən, inkişaf etmiş bir ölkədir. Qonaq
Azərbaycanı özü üçün doğma ölkə hesab etdiyini
deyərək, təhsil sahəsində əməkdaşlığın inkişaf
etdirilməsinin mühüm əhəmiyyət kəsb etdiyini
söylədi. Səfər proqramı çərçivəsində ölkəmizin
bir neçə ali təhsil müəssisəsində və Şəki
şəhərində olduqlarını deyən Əbdülhəmid Nazimov
keçirilən digər görüşlərdən də razılığını ifadə
etdi. Qonaq səfərin əsas məqsədinin qeyd
edildiyi kimi Azərbaycanın ali məktəblərə qəbul,
məktəbdaxili, milli və beynəlxalq qiymətləndirmə
sahəsində əldə olunan təcrübə ilə yaxından
tanışlıq, bu işin öyrənilməsi olduğunu bildirdi.
Sonra Təhsil
Nazirliyinin Monitorinq və qiymətləndirmə
şöbəsinin müdiri Təranə Hacıyeva rəhbərlik
etdiyi şöbənin fəaliyyət istiqamətləri barədə
geniş məlumat verdi. Təranə Hacıyeva müasir
təhsil sistemində yeni qiymətləndirmənin önəmli
yer tutduğunu söylədi. Qeyd edildi ki,
qiymətləndirmə olmadan təhsilin keyfiyyəti
barədə fikir yürüdülə bilməz. Onun məqsədi
məlumat toplamaqdır. Məhz həmin məlumatlar
əsasında da müəyyən nəticələrə gəlinir. Yeni
qiymətləndirmə sistemində şagird nailiyyətlərinə
kompleks şəkildə yanaşılır. Dünyada qəbul
olunmuş və artıq tətbiq edilən qiymətləndirmə
sistemi 3 komponenti - məktəbdaxili, milli və
beynəlxalq qiymətləndirməni əhatə edir.
Milli
qiymətləndirmə ilə bağlı fikirlərini söyləyən
Təranə Hacıyeva bildirdi ki, bu, statistik
qiymətləndirmə deyil. Milli qiymətləndirmə
təhsili öyrənmək üçün aparılan tədqiqatdır və
onun məramı ayrı-ayrı şagirdlərin imtahan
nəticələrini öyrənmək deyil, ümumilikdə təhsilə
qiymət verməkdir. Milli qiymətləndirmə təhsilə,
məktəblərin fəaliyyətinə qiymət verməklə yanaşı,
həm də təhsilə təsir edən amilləri öyrənir.
Milli qiymətləndirmədə əsas məqsəd ölkənin
təhsil sisteminin səviyyəsini öyrənmək və
nəticələrdən asılı olaraq təhsildə planlaşdırma
və proqnozlaşdırmanı müəyyənləşdirməkdir.
T.Hacıyeva ölkəmizdə 2009-cu ildə milli
qiymətləndirmənin ilkin mərhələsinin
aparıldığını və sonrakı illərdə də bunun davam
etdirildiyini söyləyərək həmin sahədə əldə
olunan nəticələrdən danışdı.
Görülən ilk
işlərdən birinin də məhz beynəlxalq
qiymətləndirmə ilə bağlı olduğunu deyən çıxışçı
daha sonra qonaqlara bu barədə ətraflı məlumat
verdi. Azərbaycanın PISA beynəlxalq proqramında
iştirakından söz açan T.Hacıyeva bildirdi ki,
adıçəkilən proqram müxtəlif ölkələrin
şagirdlərinin oxu, riyaziyyat və təbiət elmləri
üzrə bilik və bacarıqlarının, eyni zamanda
onların müxtəlif tipli problemləri necə həlletmə
qabiliyyətlərinin qiymətləndirilməsini həyata
keçirmək məqsədi ilə aparılır. PISA beynəlxalq
proqramında şagirdlərimizin göstərdiyi
nəticələrdən danışan şöbə müdiri bununla bağlı
ətraflı şərh verdi. Qonaqlara verilən digər
məlumatdan aydın oldu ki, 2009-cu ildən
başlayaraq Təhsil Nazirliyi ölkənin ümumtəhsil
müəssisələrində kurikulum üzrə beynəlxalq
qiymətləndirmənin həyata keçirilməsini təmin
etmək üçün TIMSS və PIRLS beynəlxalq
qiymətləndirmə proqramına qoşulub. TIMSS və
PIRLS beynəlxalq qiymətləndirilməsi ibtidai
siniflərdə aparılır. Şöbə müdiri adıçəkilən
qiymətləndirmə proqramında iştirak edən
şagirdlərimizin nəticələrinin ürəkaçan olacağına
ümidvar olduğunu dedi.
Çıxışında tam
orta təhsil (XI sinif) və ümumi orta təhsil (IX
sinif) səviyyələri üzrə mərkəzləşdirilmiş
qaydada buraxılış imtahanlarının keçirilməsindən
danışan Təranə Hacıyeva tacikistanlı təhsil
işçilərini bu formada aparılan imtahanlara
hazırlıq işləri, onların təşkili, aparılma
qaydaları, nəticələri, bütövlükdə həmin sahədə
əldə edilən təcrübə ilə tanış etdi. Qeyd olundu
ki, ümumtəhsil məktəblərində buraxılış
imtahanlarının mərkəzləşdirilmiş qaydada
aparılması təhsilin keyfiyyətinin
yüksəldilməsinə, təhsilə münasibətdə şagird və
müəllimlərin, məktəb rəhbərlərinin, eləcə də
valideynlərin məsuliyyətinin artırılmasına,
obyektivlik və şəffaflığın təmin olunmasına
xidmət edir.
T.Hacıyeva onu
da bildirdi ki, rəhbərlik etdiyi şöbə Dünya
Bankının tövsiyəsi və dəstəyi ilə beynəlxalq
ekspertlərlə əməkdaşlıq edir və əlaqəli şəkildə
işləyir. Çıxışının sonunda şöbənin potensialı,
texniki imkanlarından söz açan şöbə müdiri digər
həyata keçirilən tədbirlərdən danışdı. Görülən
işlərlə kifayətlənilmədiyini, ilbəil milli və
beynəlxalq qiymətləndirmə prosesinin
təkmilləşdirildiyini söylədi.
Görüşdə
ümumtəhsil məktəblərində buraxılış
imtahanlarının mərkəzləşdirilmiş qaydada
keçirilməsinin təşkili, aparılma qaydaları ilə
bağlı hazırlanmış xüsusi slaydların nümayişi,
həmçinin nəşr olunmuş müxtəlif elmi- metodik və
imtahanda istifadə olunan vəsaitlərin Tacikistan
nümayəndə heyətinə təqdim edilməsi onların
ölkəmizin bu sahədə əldə etdiyi təcrübə ilə
əyani tanışlığına, daha dolğun təsəvvürə malik
olmalarına imkan yaratdı.
Geniş
diskussiya və fikir mübadiləsi şəraitində keçən
görüşdə Tacikistan Respublikasının nümayəndə
heyətinin üzvləri müzakirə olunan məsələlərlə
bağlı öz fikirlərini bildirməklə yanaşı, onları
maraqlandıran suallar da cavablandırıldı.
Samirə KƏRİMOVA |