| 
								 Oktyabrın 
								13-də Təhsil Nazirliyində Yaponiya hökumətinin 
								"Ot Kökləri və İnsan Təhlükəsizliyi Qrant 
								Yardımı Proqramı" çərçivəsində "Bakının 2 
								nömrəli peşə liseyində çilingər və dülgər 
								kursları üzrə peşə təhsili şəraitinin 
								yaxşılaşdırılması" layihəsi ilə bağlı qrant 
								müqaviləsinin imzalanması mərasimi keçirildi. Tədbiri 
								"Azərbaycan Gənc Maarifçilər" təşkilatının  
								sədri Ruhiyyə Aslanova açaraq təmsil etdiyi 
								qurumun Təhsil Nazirliyi və Yaponiyanın 
								ölkəmizdəki səfirliyi ilə əməkdaşlığından söz 
								açdı. Təşkilatın sədri onlara göstərdiyi dəstəyə 
								görə Təhsil Nazirliyinə və Yaponiyanın 
								ölkəmizdəki  səfirliyinə öz təşəkkürünü 
								bildirdi. Çıxış üçün söz 
								alan təhsil naziri Misir Mərdanov Yaponiya 
								hökumətinin Azərbaycanda artıq 10 ildən çoxdur 
								ki, qrant layihələrin, proqramların həyata 
								keçirdiyini bildirdi. Bu gün imzalanacaq qrant 
								müqaviləsinin peşə təhsili ilə bağlı ilk həyata 
								keçiriləcək layihə olduğunu söyləyən nazir onun 
								hazırlanmasında əməyi keçən bütün şəxslərə 
								minnətdarlıq etdi. Layihə barədə ətraflı məlumat 
								verən təhsil naziri bildirdi ki, əsas məqsəd 
								Bakıdakı 2 nömrəli peşə liseyində çilingər və 
								dülgər kurslarında təhsil şəraitini 
								yaxşılaşdırmaq üçün emalatxananı təmir edərək 
								şagirdləri yaş qruplarına görə müvafiq 
								avadanlıqlarla təmin etməkdir. Layihədən 140 
								şagird və 40 nəfərlik pedaqoji heyət 
								faydalanacaq. Bütövlükdə "Ot Kökləri və İnsan 
								Təhlükəsizliyi Qrant Yardımı Proqramı"nın 
								əhəmiyyətinə toxunan nazir Misir Mərdanov 
								adıçəkilən layihə də daxil olmaqla bu vaxta 
								qədər layihələr üzrə imzalanmış müqavilələrin 
								sayının 147, ümumi dəyərinin isə 11 milyondan 
								artıq ABŞ dolları təşkil etdiyini söylədi.
								 Yaponiya 
								xalqının yüksək mədəni dəyərlərə malik olduğunu 
								qeyd edən təhsil naziri ölkələrimiz arasında elm 
								və təhsil sahəsində əməkdaşlığın 
								genişləndirilməsinin və inkişaf etdirilməsinin 
								vacibliyini diqqətə çatdırdı. Bildirildi ki, 
								Azərbaycanın təhsil işçilərinin Yaponiyaya 
								səfərinin təşkil olunması, həmin ölkənin təhsili 
								ilə tanışlıq, əldə edilən təcrübənin  bizim 
								təhsilimizə tətbiqi son nəticədə öz müsbət 
								faydasını verə bilər.  Səfirliyin 
								fəaliyyətindən razılıqla danışan nazir Misir 
								Mərdanov çıxışının sonunda Yaponiya hökumətinin 
								ölkəmizdə təhsillə bağlı həyata keçirdiyi  
								işləri yüksək qiymətləndirdi. Yaponiyanın 
								ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri 
								Şusuke Vatanabe ünvanlarına belə xoş sözlər 
								söylədiyinə görə təhsil naziri Misir Mərdanova 
								təşəkkürünü bildirdi. Azərbaycanın Yaponiya üçün 
								dost ölkə sayıldığını deyən səfir ölkəmizlə 
								iqtisadi, həmçinin təhsil sahəsində əməkdaşlığa 
								hər zaman hazır olduqlarını qeyd etdi. 
								Yaponiyanın peşə təhsili haqqında danışan cənab 
								Şusuke Vatanabe orada peşə məktəblərini bitirən 
								gənclərin hazırlıqlı mütəxəssislər kimi 
								çalışdıqlarını söylədi.  Azərbaycanın da inkişaf 
								etmiş bir ölkə olduğunu deyən  və burada yüksək 
								ixtisaslı mütəxəssislər hazırlanmasının 
								vacibliyinə toxunan səfir belə layihələrin 
								həyata keçirilməsini dəstəklədiklərini bildirdi. Sonra 
								Yaponiyanın ölkəmizdəki  fövqəladə və 
								səlahiyyətli səfiri cənab Şusuke Vatanabe  və 
								"Azərbaycan Gənc Maarifçilər" təşkilatının sədri 
								Ruhiyyə Aslanova Yaponiya hökumətinin "Ot 
								Kökləri və İnsan Təhlükəsizliyi Qrant Yardımı 
								Proqramı" çərçivəsində "Bakının 2 nömrəli peşə 
								liseyində çilingər və dülgər kursları üzrə peşə 
								təhsili şəraitinin yaxşılaşdırılması" layihəsi 
								ilə bağlı qrant müqaviləsini imzaladılar.    
								 
								
								Samirə KƏRİMOVA |