Qonaqları
səmimi salamlayan Misir Mərdanov Azərbaycanla
Koreyanın son illər inkişaf edən əlaqələrindən,
təhsil sahəsində əməkdaşlığın əsas
istiqamətlərindən söz açıb, iki ölkə arasında bu
sahə üzrə müxtəlif sənədlər imzalandığını qeyd
edib. Azərbaycanla Koreya arasında tələbə
mübadiləsinin aparıldığına diqqət çəkən nazir
əlavə edib ki, 16 azərbaycanlı gənc KAİST
Universitetində təhsil alır. Mövcud əməkdaşlığın
son hədd olmadığını söyləyən təhsil naziri
Azərbaycanda da KAİST tipli ali məktəbin
yaradılacağına ümidvar olduğunu söyləyib.
KAİST
Universitetinin Planlaşdırma və idarəetmə
departamentinin direktoru Konq Pak səmimi qəbul
üçün təhsil naziri Misir Mərdanova minnətdarlıq
edib. Azərbaycanın sürətli inkişafının bütün
sahələrdə özünü büruzə verdiyini bildirən qonaq
KAİST Universitetində oxuyan azərbaycanlı
tələbələrin təhsillərini uğurla davam
etdirdiklərini vurğulayıb. KAİST Universitetinin
rəhbərliyinin qarşılıqlı əlaqələrin inkişafında
maraqlı olduğunu nəzərə çatdıran Konq Pak bundan
sonra da təmsil etdiyi ali məktəbdə azərbaycanlı
tələbələrin oxuması üçün köməklik
göstəriləcəyinə inandığını bildirib.
Dünyanın ən
yaxşı 100 ali məktəbi arasında KAİST
Universitetinin layiqli yer tutduğunu söyləyən
təhsil naziri Misir Mərdanov bunu yüksək
nailiyyət kimi dəyərləndirib. Nazir azərbaycanlı
tələbələrin belə yüksək reytinqli ali məktəbdə
təhsil almasından məmnunluğunu ifadə edib,
ölkələrimiz arasındakı əlaqələrin inkişafında
səfir Li Ci Hanın mühüm rolu olduğunu
vurğulayıb.
Daha sonra
mövcud istiqamətlər üzrə əməkdaşlığın gələcəkdə
də davam etdirilməsi imkanları müzakirə olunub. |