Oktyabrın
11-də təhsil naziri Misir Mərdanov YUNESKO Baş
direktorunun kommunikasiya və informasiya üzrə
müavini Yanis Karklinş və bu təşkilatın Moskva
nümayəndəliyinin rəhbəri Dendev Badarçla
görüşüb.
Qonaqları
səmimi salamlayan təhsil naziri Misir Mərdanov
bildirib ki, YUNESKO Azərbaycan Respublikası
Təhsil Nazirliyinin ən yaxın tərəfdaşı və geniş
əlaqəsi olan bir təşkilatdır. Nazir Azərbaycanın
bu təşkilatla yüksək əlaqələrinin qurulmasında
Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın böyük xidmətləri olduğunu diqqətə
çatdırıb. YUNESKO ilə əməkdaşlığın əsasən 8
istiqamət üzrə aparıldığını vurğulayan təhsil
naziri bu istiqamətlərin hər biri üzrə geniş
məlumat verib. Öncə YUNESKO-nun Assosiativ
Məktəblər Layihəsi üzrə Azərbaycanın 18 təhsil
müəssisəsinin dünyanın 35 ölkəsinin təhsil
müəssisəsi ilə əməkdaşlıq etdiyindən söz açan
nazir hazırda bu təşkilatla əməkdaşlıq
çərçivəsində ölkəmizin 2 ali təhsil
müəssisəsində YUNESKO kafedralarının açıldığını
deyib.
YUNESKO-nun ən
irimiqyaslı layihələrindən biri olan "Təhsil
hamı üçün" Proqramında Azərbaycanın fəal iştirak
etdiyini vurğulayan Misir Mərdanov ölkəmizin
1998-ci ildən qoşulduğu həmin proqramın səmərəli
şəkildə həyata keçirildiyini diqqətə çatdırıb.
Eyni zamanda nazir YUNESKO-nun ekspert və
maliyyə dəstəyi ilə "Təhsildə İslahatlara Yardım
Mərkəzi" qeyri-hökumət təşkilatının
yaradıldığını və inklüziv təhsil üzrə layihə
həyata keçirildiyini bildirib.
Daha sonra
nazir 2005-ci ildə Bakıda "YUNESKO-Azərbaycan:
gələcəyə körpü" mövzusunda beynəlxalq konfrans
keçirildiyini, həmin konfransda təhsil sahəsində
əməkdaşlıq haqqında Anlaşma Memorandumu
imzalandığını nəzərə çatdırıb. Misir Mərdanov,
həmçinin 2008-ci ilin mayında Heydər Əliyev
Fondunun prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə Bakıda YUNESKO-nun Dünyada
Savadlılığın Dəstəklənməsi üzrə regional
konfransının keçirildiyini və dünyada tanınmış
şəxslərin, təhsil üzrə ekspertlərin bu tədbirə
qatıldığını vurğulayıb.
Misir Mərdanov
əlavə edib ki, hazırda Təhsil Nazirliyi və
YUNESKO "Azərbaycanda peşə təhsilinin inkişafı"
layihəsini həyata keçirir. Nazir layihənin əsas
məqsədinin ilk peşə-ixtisas təhsili üzrə müasir
standartlara cavab verən kurikulum, dərs
vəsaitləri və dərsliklərin hazırlanması olduğunu
qeyd edib. Təhsil naziri qeyd olunan tədbir və
layihələrin Azərbaycanda uğurla həyata
keçirilməsində YUNESKO-nun Moskva
nümayəndəliyinin rəhbəri Dendev Badarçın, eləcə
də Azərbaycanın YUNESKO yanında daimi
nümayəndəsi Eleonora Hüseynovanın fəal və
səmərəli fəaliyyətinin mühüm rol oynadığını
nəzərə çatdırıb.
Görüşdə bir
sıra təkliflərlə çıxış edən nazir onu da
bildirib ki, təhsil sisteminin
informasiyalaşdırılmasının ölkə başçısının
diqqətdə saxladığı məsələlərdən biri olduğunu
nəzərə alaraq, ikitərəfli əməkdaşlıqda İKT
sahəsinə də geniş yer verilməlidir. Nazir bu
baxımdan müəllimlərin kompüter və informasiya
texnologiyalarından istifadə bacarıqlarının
təkmilləşdirilməsi sahəsində YUNESKO ilə birgə
layihənin və Bakıda müvafiq treninqlərin həyata
keçirilməsinin, Azərbaycanın təhsil sistemində
İKT-nin tətbiqi üzrə YUNESKO tərəfindən ekspert
yardımı göstərilməsinin əhəmiyyətini nəzərə
çatdırıb.
Səmimi qəbul
və görülmüş işlər haqqında ətraflı məlumat
verdiyi üçün təhsil naziri Misir Mərdanova
təşəkkürünü bildirən Yanis Karklinş öncə təmsil
olunduğu təşkilatda üzərinə düşən vəzifə barədə
məlumat verib. YUNESKO-nun öz fəaliyyətində
diqqət yetirdiyi sahələrdən birinin informasiya
və kommunikasiya texnologiyaları olduğunu qeyd
edən qonaq Azərbaycana bu sahədə istənilən
dəstəyi göstərməyə hazır olduqlarını vurğulayıb.
Yanis Karklinş müəllimlərin İKT bacarıqlarının
təkmilləşdirilməsini başlıca məsələlərdən biri
kimi dəyərləndirib və bu təşkilatın qeyd olunan
istiqamətdə gördüyü işlərdən, həyata keçirdiyi
və nəzərdə tutduğu layihələrdən söz açıb.
Görüşdə daha
sonra qarşılıqlı əməkdaşlığın inkişaf
etdirilməsi istiqamətində fikir mübadiləsi
aparılıb. |