Azərbaycan
Prezidenti İlham Əliyev və Fransa Prezidenti
Nikola Sarkozi mərasimdə iştirak ediblər
Oktyabrın 7-də
Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi
keçirilmişdir.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev, Fransa
Respublikasının Prezidenti Nikola Sarkozi və
ölkəmizin birinci xanımı Mehriban Əliyeva
mərasimdə iştirak etmişlər.
Prezident
İlham Əliyev Fransa dövlətinin başçısı Nikola
Sarkozini qarşıladı.
Mərasim
iştirakçıları Azərbaycan və Fransa
prezidentlərini hərarətlə qarşıladılar.
Əvvəlcə
"Azərbaycan Respublikasının hökuməti və Fransa
Respublikasının hökuməti arasında Bakı Fransız
Liseyinin yaradılması haqqında" Saziş imzalandı.
Sənədi Azərbaycan tərəfdən xarici işlər naziri
Elmar Məmmədyarov, Fransa tərəfdən isə xarici və
Avropa işləri naziri yanında əməkdaşlıq
məsələləri naziri Anri de Renkur imzaladılar.
Dövlət
başçıları mərasimdə çıxış etdilər.
Prezident
İlham ƏLİYEV ali qonağı salamlayaraq dedi:
-Hörmətli
cənab Prezident!
Hörmətli
qonaqlar!
Xanımlar və
cənablar!
Cənab
Prezident, mən Sizi bir daha Azərbaycanda
səmimiyyətlə salamlayıram, Azərbaycana xoş
gəlmisiniz. Sizin səfəriniz tarixi xarakter
daşıyır. İlk dəfə olaraq Fransa Prezidenti
Azərbaycana səfər edir. Əminəm ki, səfəriniz
Fransa-Azərbaycan əlaqələrinin gələcək uğurlu
inkişafına çox böyük töhfəsini verəcəkdir.
Əlaqələrimiz çoxşaxəlidir, bütün sahələri əhatə
edir. Son illər ərzində ölkələrimiz arasında
yaşanan əməkdaşlıq bizi daha da ruhlandırır və
əmin edir ki, gələcəkdə də Fransa-Azərbaycan
əlaqələri strateji xarakter daşıyacaqdır.
Siyasi
əlaqələrimiz çox intensivdir. Mən dəfələrlə
Sizin gözəl ölkənizə səfər etmişəm, bu gün isə
Siz bizim qonağımızsınız. Siyasi sahədə
əməkdaşlığın perspektivləri də çox gözəldir.
Eyni zamanda, Azərbaycan-Avropa İttifaqı
əlaqələrinin inkişafında Fransanın çox böyük
rolu vardır. Şəxsən Sizin və rəhbərlik etdiyiniz
dövlətin Avropa İttifaqı-Azərbaycan əlaqələrinə
verdiyiniz dəstəyə görə Sizə minnətdaram. Bu
yaxınlarda "Şərq tərəfdaşlığı" zirvə görüşünün
keçirilməsi bir daha göstərdi ki, Avropa
İttifaqı-Azərbaycan əlaqələri uğurla inkişaf
edir. Azərbaycan-NATO əlaqələrində də Fransanın
xüsusi rolu vardır. Bu əlaqələrin inkişafında
Sizin ölkəniz əminəm ki, bundan sonra da
dəstəyini göstərəcəkdir.
Əlbəttə,
regional təhlükəsizlik məsələləri daim diqqət
mərkəzindədir. Bu gün də bu məsələlərlə bağlı
biz Sizinlə çox geniş və səmimi söhbət
aparmışıq. Fransa Minsk qrupunun həmsədri kimi
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həll olunması işində
çox mühüm rol oynayır. Biz bu rolu yüksək
qiymətləndiririk və ümid edirik ki, şəxsən Sizin
səyləriniz nəticəsində münaqişə tezliklə
beynəlxalq hüquq normalarına uyğun şəkildə
həllini tapacaq və ölkəmizin ərazi bütövlüyü
bərpa olunacaqdır.
Uzun illərdir
ki, Azərbaycan torpaqları - Dağlıq Qarabağ və
onun ətrafında yerləşən 7 rayon işğal
altındadır. Bu işğal və etnik təmizləmə siyasəti
nəticəsində bir milyondan artıq azərbaycanlı
doğma torpağında qaçqın-köçkün həyatı yaşayır.
Bu vəziyyətə
son qoyulmalıdır və Sizin də qeyd etdiyiniz
kimi, status-kvo dəyişdirilməlidir. Hesab edirəm
ki, status-kvonun dəyişdirilməsi üçün yaxşı
imkanlar vardır və status-kvonun
dəyişdirilməsini ən çox arzulayan tərəf
Azərbaycandır. Çünki bu, bizim torpaqlarımızdır
və bizim torpaqlar işğal altındadır. Beynəlxalq
təşkilatlar bu məsələ ilə bağlı öz qərarlarını
vermişlər. BMT Təhlükəsizlik Şurası, ATƏT,
Avropa Parlamenti, Avropa Şurası, digər
təşkilatlar - yəni, məsələnin həlli üçün hüquqi
baza vardır. Əminəm ki, yaxın zamanlarda daha da
ciddi addımlar atılacaq, münaqişəyə son
qoyulacaq və Cənubi Qafqazda sülh, əməkdaşlıq
yaranacaqdır.
Ölkələrimiz
arasında iqtisadi sahədə əməkdaşlıq da çox
uğurla inkişaf edir. Deyə bilərəm ki, bu ilin 8
ayında iki ölkə arasındakı ticarət dövriyyəsi 3
milyard dolları keçmişdir və gələcək inkişaf
üçün imkanlar vardır. Ümid edirəm ki, ilin
sonuna qədər bu rəqəm 4 milyard dollara
çatacaqdır. Fransanın 40-a yaxın şirkəti
Azərbaycanda uğurla fəaliyyət göstərir. Onlar
ekologiya, ətraf mühitin qorunması ilə bağlı
müxtəlif layihələri icra edirlər. Azərbaycanda
məişət tullantıları zavodu Fransa şirkəti
tərəfindən tikilir. Bakıda metronun konseptual
inkişaf planında Fransa şirkətləri iştirak
edirlər. Bizim birinci telekommunikasiya
peykimizi orbitə Fransa şirkəti qaldıracaqdır.
Yəni, bu sahədə də əməkdaşlıq üçün yaxşı
imkanlar vardır.
Enerji
təhlükəsizliyi sahəsində əməkdaşlıq çox
uğurludur. Bu yaxınlarda "Total" və "Gaz de
France" şirkətlərinin Azərbaycanda yeni qaz
yatağını aşkarlaması həm ölkəmizin enerji
potensialını gücləndirəcək, eyni zamanda
Avropanın enerji təhlükəsizliyinə də müsbət
təsirini göstərəcəkdir. Çünki bildiyiniz kimi,
Azərbaycan "Cənub" qaz dəhlizinin reallaşmasında
çox mühüm rol oynayır. Bu məsələlər, eyni
zamanda Avropa İttifaqı-Azərbaycan əlaqələrinin
bir hissəsidir.
Bu yaxınlarda
aşkar edilmiş qaz yatağında 350 milyard kubmetr
qaz vardır və beləliklə, Azərbaycanın qaz
potensialı hazırda 2,6 trilyon kubmetrdir. Mən
çox şadam ki, Fransa şirkətləri bizim
tərəfdaşlar kimi Azərbaycanda uğurla fəaliyyət
göstərirlər.
Nəhayət,
humanitar sahədə əməkdaşlıq çox genişdir. Yaxın
gələcəkdə Parisdə Azərbaycan Mədəniyyət Mərkəzi
fəaliyyətə başlayacaqdır. Bu gün isə Bakıda
Fransız Liseyinin təməl daşı qoyulacaqdır. Bu,
çox əlamətdar və gözəl hadisədir. Bu liseyin
fəaliyyətə başlaması Fransa-Azərbaycan
əlaqələrini daha da gücləndirəcəkdir. Bu, bizim
dostluğumuzun rəmzidir. Eyni zamanda
Azərbaycanda təhsil sahəsinə qoyulan böyük
sərmayədir. Bu liseyin yaradılmasında əməyi olan
bütün şəxslərə dərin minnətdarlığımı bildirirəm.
Liseyin təməl daşının qoyulmasında Fransa
Prezidentinin iştirakı, əlbəttə ki, bugünkü
mərasimə xüsusi əhəmiyyət verir.
Əminəm ki,
hörmətli cənab Prezident, liseyin açılışında da
biz Sizinlə bərabər iştirak edəcəyik. Bir daha
Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram,
Sizə və rəhbərlik etdiyiniz ölkəyə yeni-yeni
uğurlar arzulayıram. Sağ olun.
***
Fransa
Prezidenti Nikola SARKOZİ çıxış edərək dedi:
-Möhtərəm
Prezident! Bakı Fransız Liseyinin təməl daşının
qoyulması mərasimində, Bakıda Sizin aranızda
olmaq mənim üçün bir sevincdir. Bu məktəbin
yaradılması qərarı təkcə iki ölkə arasındakı
yüksək səviyyədə olan diplomatik və siyasi
əlaqələrin nümunəsi deyil, eyni zamanda
Azərbaycanın göstərdiyi münasibətlərdəndir. Bu,
həmçinin Azərbaycanın dinamizmini və onun
dünyaya açıqlığı arzusunu ifadə edir.
Bakı mühüm bir
qovşaqdır. Əsrlərdən bəri müxtəlif xalqların və
müxtəlif mədəniyyətlərin bir-birinə qovuşduğu
məkandır. Fransız Liseyi bu ölkənin tarixini
təcəssüm etdirəcəkdir. Bir vaxtlar ölkənizin
neft sənayesinin inkişafında çox mühüm rol
oynamış Nobel qardaşlarının yaşadıqları
prospektdə bu gün Azərbaycan Dövlət Neft
Şirkətinin və Sizin həyat yoldaşınız, xanım
Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər
Əliyev Fondunun dəstəyi sayəsində Fransız
Liseyinin təməli qoyulur. Mən bir daha yenidən
Mehriban xanıma öz təşəkkürümü bildirmək
istəyirəm.
Fransız
Dünyəvi Təhsil Missiyasının və ölkələrimizin
təhsil nazirliklərinin dəstəyi ilə bu lisey
fransızdilli elitanın formalaşmasına imkan
verəcəkdir. Eyni zamanda, Fransa
universitetlərinin qapıları bu fransızdilli
tələbələrin üzünə daim açıq olacaqdır. Aldıqları
biliklərlə Azərbaycanı bəhrələndirmək üçün onlar
ölkələrinə qayıdacaqlar.
Mən bilirəm
ki, Sizin tələbələr Fransa hökumətinin, son
illərdə isə, həmçinin Azərbaycan hökumətinin
təqaüdləri sayəsində Fransada təhsil alırlar.
Arzu edirəm ki, universitetlər arasında
əməkdaşlıq daha da zənginləşsin. Ümidvaram ki,
Fransız Liseyi buna güclü töhfəsini verəcəkdir.
Bu lisey həmçinin ölkələrimiz arasındakı mədəni
və tarixi əlaqələrin ardıcıllığını əks
etdirəcəkdir. 1920-ci ildə bolşeviklərin
işğalından sonra Fransa birinci müstəqil
Azərbaycan hökumətinin sürgündə olan üzvlərinin
çoxuna sığınacaq vermişdir. 1944-cü ilin
noyabrında II Dünya müharibəsinin sonunu
müzakirə üçün Moskvaya gedən general Şarl de
Qoll Bakıda bir gecə səfərdə olmuşdur. Mən bunu
unutmuram.
Azərbaycan
müstəqilliyini bərpa edən gündən başlayaraq
ölkələrimiz arasında, xüsusilə də mədəniyyət və
təhsil sahəsi dinamik və məhsuldar bir
əməkdaşlığa başlamışdır. Bu, həm strateji
tərəfdaşlıqda özünü əks etdirir, həm də qeyd
edim ki, mədəniyyətdə.
Gələn ilin
mart ayında Bakı İncəsənət Muzeyi dünyada ilk
olaraq Fransanın inciləri sərgisini açacaqdır.
Burada intibah dövründən bu günədək fransız
mədəni irsini əks etdirən yüzədək görkəmli əsər
nümayiş etdiriləcəkdir.
Möhtərəm
Prezident! Əziz İlham! Mənimlə birlikdə bu
liseyin yaranmasını qərara almaqla Siz
mədəniyyət rəngarəngliyini və Frankafoniyanı
seçmiş olursunuz. Bu, cəsarətli seçim və uğurlu
gələcəkdir. Fransa bütün sahələrdə Sizin
dostunuzdur, Sizin tərəfdaşınızdır. Siz
bilirsiniz ki, artıq Frankafoniya tolerantlıq,
azadlıq, insan hüquqları və demokratiya kimi
bəşəri dəyərlərin daşıyıcısıdır. Nüfuzunuzla, bu
gözəl layihəni müdafiə etməklə Siz bu dəyərlərə
dəstək verdiyinizi nümayiş etdirirsiniz və mən
bu münasibətlə Sizi təbrik edirəm. Mən bir daha
Sizə təşəkkür etmək istərdim. Bu gün bizə
göstərdiyiniz qəbul üçün, cənab Prezident,
şəxsən Sizə və Sizin həyat yoldaşınıza
təşəkkürümü bildirirəm. Bilin ki, Fransa Sizin
dostunuzdur və Siz ona etibar edə bilərsiniz.
Təşəkkür edirəm!
***
Azərbaycan və
Fransa prezidentləri tikiləcək liseyin stendinə
baxdılar.
Sonra Fransız
Liseyinin təməli qoyuldu.
Prezident
İlham Əliyev və Prezident Nikola Sarkozi gilizi
təmələ buraxdılar. Dövlət başçıları və
Azərbaycanın birinci xanımı təmələ beton
qarışığı tökdülər.
Bildirildi ki,
Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa
olunacaq lisey ölkəmizdə müvəqqəti və daimi
yaşayan fransızdilli əcnəbi vətəndaşların və
Azərbaycan vətəndaşlarının bu dildə təhsil
almalarına geniş imkanlar yaradacaqdır. Fransız
məktəbinin tədris planı uşaq bağçasından
başlayaraq 12 illik ümumi təhsil müəssisəsində
tətbiq edilən klassik fransız tədris planı
olacaqdır. Tədris proqramı Fransa milli təhsil
sisteminin tələblərinə uyğun olaraq fransız
dilində aparılacaqdır. Şagirdlərə veriləcək
attestat Fransa Milli Təhsil Nazirliyinin
standartlarına və tələblərinə cavab verəcək və
nazirlik tərəfindən tanınacaqdır. Məktəbin
məzunları öz seçimlərinə uyğun olaraq
təhsillərini Fransanın istənilən ali təhsil
müəssisəsində davam etdirmək imkanı
qazanacaqlar.
Fransa
Prezidentinin diqqətinə çatdırıldı ki, bu təhsil
ocağı Bakının "Ağ şəhər" adlanan ərazisində inşa
olunacaqdır. Dünyada şəhərsalma sahəsində həyata
keçirilən ən iri və nadir layihələrdən olan
"Bakı Ağ şəhər" layihəsinin maraqlı
tərəflərindən biri də burada Paris məhəlləsinin
salınmasıdır.
Sonra
Azərbaycanın və Fransanın dövlət başçıları
ölkəmizdə fəaliyyət göstərən fransız iş adamları
ilə görüşdülər, onlara fəaliyyətlərində uğurlar
arzuladılar.
Azərbaycan
Prezidenti İlham Əliyev və xanımı Mehriban
Əliyeva Fransa Prezidenti Nikola Sarkozini yola
saldılar.
AzərTAc |