Oktyabrın
7-də Fransa Prezidenti Nikola Sarkozinin
ölkəmizə rəsmi səfəri çərçivəsində Azərbaycanın
birinci xanımı Mehriban Əliyevanın Fransa
Respublikasının "Şərəf Legionunun Zabiti" dövlət
ordeni ilə təltif olunması mərasimi
keçirilmişdir.
Fransa
Prezidenti Nikola SARKOZİ mərasimdə çıxış edərək
dedi:
-Cənab
Prezident,
hörmətli
xanım, Siz Bakıda dünyaya göz açmısınız.
Azərbaycanın ən yaxşı səfirisiniz, eyni zamanda,
Siz dünyada bütün qadınlar üçün gözəl
nümunəsiniz. Bilirik ki, ali təhsilinizi
Moskvada almısınız, oftalmologiya sahəsində
mütəxəssissiniz. Ölkənizin maraqları naminə
gərgin fəaliyyət aparırsınız, həmçinin
parlamentdə fəal iş görürsünüz. Parlamentdə
ABŞ-Azərbaycan dostluq qrupunun sədrliyindən
Fransa-Azərbaycan dostluq qrupunun sədrliyinə
keçmək qərarınız bizim üçün böyük şərəfdir. Bu,
strateji və əla seçim oldu. Eyni zamanda, Siz
mədəni müxtəlifliyin təşviq edilməsində şəxsən
iştirak edirsiniz. Siz Fransanın böyük
dostusunuz. Olduqca mühüm iş aparırsınız.
Rəhbərlik etdiyiniz Fond uşaqlara qayğı
sahəsində böyük işlər görmüşdür. Bu Fond,
həmçinin dünya mədəni irsinin qorunmasına da
töhfə verir. Beləliklə, Azərbaycanın birinci
xanımına ölkəmizin - Fransa Respublikasının ali
ordenini təqdim etmək istərdim.
Hörmətli
Mehriban xanım Əliyeva, Fransa Respublikasının
adından Sizə "Şərəf Legionunun Zabiti" ordenini
təqdim edirəm.
***
Fransa
dövlətinin başçısı "Şərəf Legionunun Zabiti"
ordenini Azərbaycanın birinci xanımına təqdim
etdi.
***
Azərbaycanın
birinci xanımı Mehriban ƏLİYEVA Fransa
Prezidenti Nikola Sarkoziyə minnətdarlığını
bildirərək dedi:
-Hörmətli
cənab Prezident, Fransa dövlətinin yüksək
mükafatı olan "Şərəf Legionunun Zabiti" dövlət
ordeni ilə məni təltif etdiyinizə görə Sizə
dərin minnətdarlığımı bildirirəm.
Mənim üçün bu,
böyük şərəfdir və fəaliyyətimə verilən yüksək
qiymətdir. Mənim haqqımda dediyiniz sözlərə görə
Sizə minnətdarlığımı bildirirəm.
Sizi əmin
etmək istəyirəm ki, Azərbaycan ilə Fransa
arasında münasibətlərin genişləndirilməsi və
möhkəmləndirilməsi üçün böyük istəklə əlimdən
gələni edəcəyəm.
Mən çox şadam
ki, bu gün təməli qoyulan Bakı Fransız Liseyinin
reallaşmasında rəhbərlik etdiyim Heydər Əliyev
Fondunun da əməyi vardır. Əminəm ki, bu lisey
həm ölkəmizin təhsil sisteminin inkişafına
töhfəsini verəcək, həm də Azərbaycanda fransız
dilini, Fransanın tarixi və mədəniyyətini təbliğ
edəcəkdir.
Biz bu il
Fransada Azərbaycanın mədəniyyətini tanıtmaq
üçün müxtəlif tədbirlər, konsertlər, festivallar
keçirdik. Gələn il Bakıda - paytaxtımızda zəngin
Fransa incəsənətini əks etdirən "Plaisirs de
France" sərgisi keçiriləcəkdir.
Yaxın
gələcəkdə Parisdə Azərbaycanın Mədəniyyət
Mərkəzi fəaliyyətə başlayacaq və beləliklə də
ölkələrimiz arasında humanitar sahədə
əməkdaşlığımız daha da dərinləşəcəkdir. Çox
xoşbəxtəm ki, bu sahədə mənim də əməyim vardır.
Cənab
Prezident, ölkənizə olan dərin hörmət və
məhəbbətimi ifadə edərək bir daha Sizə və Fransa
dövlətinə bu yüksək mükafata görə təşəkkürümü
bildirirəm. Ölkənizə, xalqınıza, Sizə və
ailənizə ən xoş arzularımı diləyirəm. Bir daha
çox sağ olun.
***
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc |