Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin 3 iyul
2007-ci il tarixli 2282 nömrəli Sərəncamı ilə
təsdiq etdiyi "Azərbaycan Respublikasında
texniki peşə təhsilinin inkişafı üzrə Dövlət
Proqramı (2007-2012-ci illər)"nın əsas məqsədi
ölkə iqtisadiyyatının peşə-ixtisas kadrlara olan
tələbatın ödənilməsi və əhalinin müasir peşə
təhsili almaq imkanlarının təmin edilməsi idi.
Peşə təhsili didaktikasında prinsiplər sisteminə
elm, texnika və istehsalatın inkişaf
tendensiyası, əməyin məzmununda gedən
dəyişikliklər böyük təsir göstərir. Texniki və
iqtisadi münasibətlər sistemində ixtisaslı
kadrların rolunun artması müxtəlif texnoloji
proseslərin əmək funksiyalarının və iş
növlərinin birləşdirilməsi, peşələrin
inteqrasiyası daha münasib məzmun və onun
formalaşdırılması prinsiplərini tələb edir. Bu
baxımdan peşə hazırlığı məzmununun
formalaşdırılmasında istifadə edilən prinsipləri
ümumi pedaqoji və yeni spesifik prinsiplərə
ayırmaq olar. Ümumi pedaqoji prinsipləri
sadalamağa ehtiyac olmadığını nəzərə alaraq yeni
prinsiplər üzərində dayanaq. Spesifik prinsiplər
tədris-proqram sənədlərinin işlənilməsində mühüm
amil kimi əvvəlcədən yeni iqtisadi şəraitdə
ixtisaslı kadrların hazırlığına obyektiv
ictimai-siyasi tələblərə uyğun olaraq daha
münasib şəraitin müəyyən edilib həyata
keçirilməsinə imkan verir. Peşə təhsilinin
məzmununun hazırlanmasında aşağıdakı yeni təklif
edilən prinsiplərə istinad edilməsi məzmununun
bugünkü tələblər çərçivəsində
formalaşdırılmasına imkan verir.
Texniki və texnoloji yenilik prinsipi
Peşə təhsilinin məzmununun təyin edilməsində
müasir istehsalat həlledici əhəmiyyət kəsb edir.
Yeni texnika və təkmilləşmiş texnoloji proseslər
müəssisələrdə fəhlə əməyinin xarakter və
məzmununu kökündən dəyişdiyindən təlimin də
məzmunu bir qayda olaraq yeniləşir və tədris
fənlərinin də təkmilləşdirilməsi vəzifəsini
ortaya çıxarır. Yeni şəraitdə kadr hazırlığı,
yalnız elm və texnikanın müasir səviyyəsinə
uyğun gəlməsi ilə deyil, həm də hər bir kadra
yeni texnika və texnologiyanın mənimsənilməsi,
yaxın peşələrin də öyrənilməsi şəraitinin
yaradılmasını təmin etməlidir.
Bu prinsip təlimin məzmununda elmi faktlar,
anlayışlar, qanunauyğunluqların və texniki,
texnoloji yeniliklərin öz əksini tapmasını və
bunların şagirdlərə çatdırılmasını tələb edir.
Bununla şagirdlərdə həm geniş dairədə
elmi-texniki təsəvvür formalaşdırılır, həm də
fənnin öyrənilməsi üçün müsbət motivlər
aşılanır.
Pedaqoji praktika və aparılan tədqiqatlar
göstərir ki, peşə təhsili sistemində mənəvi və
texniki cəhətdən aşınmış alət və avadanlıqlar,
texnoloji qurğuların və s. öyrədilməsi ilə
aparılan təlim əslində bu gün qoyulan
vəzifələrin icra edilməsi üçün lazımi bilik,
bacarıq və vərdişlər verə bilmir.
Texniki və texnoloji yenilik prinsipinə uyğun
olaraq istehsalatın və peşənin elmi əsasları
haqqında biliklər özlüyündə düzgün qurulmuş
sistem halında olmalı və müasir elm, istehsalat,
texnika və texnologiyanın inkişafına cavab verə
bilən praktikanın kifayət qədər dürüst
faktlarına söykənməlidir. Bu mənada peşə
hazırlığının məzmununun struktur vahidləri,
onların daimi hərəkəti və inkişafı da qarşılıqlı
əlaqədə baxılır. Bu prinsip yalnız təlim
prosesində deyil, həm də ixtisas üzrə tədris
fənlərinin qurulmasında nəzərə alınmalıdır.
Bir çox peşələrin öyrənilməsində mövcud olan
plan və proqramların məzmununun səmərəliliyinə
aid aparılan tədqiqatlar göstərmişdir ki,
məzmunun köhnəliyi üzündən məzunlar istehsalatda
öz peşələrini yenidən öyrənməli olmuşlar.
Bu prinsipin tələblərinə əməl edilməsi üçün elə
tədris materialı seçilməlidir ki, onun praktika
ilə yoxlanılmış elmi gerçəkliyi olsun, həm də
elmi-texniki tərəqqi şəraitində elm və
texnikanın inkişaf perspektivini görməyə imkan
versin. Bununla bərabər, təlimin müasir elm və
texnikanın nailiyyətlərini əks etdirə bilən
avadanlıq və istehsalat obyektlərində aparılması
təmin edilməlidir.
Kompleks fənlərarası əlaqə prinsipi
Məzmunun formalaşdırılıb onun strukturunun təyin
edilməsində kompleks fənlərarası əlaqə
prinsipinin həyata keçirilməsi mühüm əhəmiyyət
kəsb edir. Peşə təhsili didaktikasında, tədris
proqram sənədlərinin işlənilməsində bu prinsipin
özünəməxsus rolu vardır. Yüksək ixtisaslı və
genişprofilli kadr hazırlığı peşə, politexnik və
ümumi təhsilin qarşılıqlı əlaqəsi, üzvi birliyi
əsasında mümkündür. Bu qarşılıqlı əlaqənin
mahiyyəti ətraf aləmin obyektiv vəhdəti, təbiət
hadisələrinin, cəmiyyət və istehsalatın
qarşılıqlı əlaqəsi ilə müəyyən olunur.
Fənlərarası əlaqənin əsas konstruktiv funksiyası
təhsilin məzmunu elementlərinin koordinasiyası
və inteqrasiyasından ibarətdir ki, bunlar da
bir-birini tamamlayır. Bu mənada o, ideya,
anlayış, qanun, fakt, bacarıq və vərdişlər
ayrı-ayrı tədris fənlərinin bölmələri arasında
əlaqələr yaradılmasına imkan verir.
Didaktik baxımdan əlaqələrin işlənməsi və həlli
problemində dialektik metodun bütün müddəaları
nəzərə alınmalıdır. Yalnız onun əsasında peşə
təhsili məzmununun tərkib elementləri arasındakı
qarşılıqlı asılılığı dərk edib öyrənmək
mümkündür.
Kompleks fənlərarası əlaqə adı altında
istehsalat fəaliyyətində bilik, bacarıq və
vərdişlərin müvəffəqiyyətlə formalaşması üçün
bir neçə fənn arasında əlaqələrin ümumi
əsaslarda birləşdirilməsinin vəhdəti başa
düşülür. Peşə təlimində bu ümumtəhsil,
ümumtexniki, ixtisas fənləri və istehsalat
təlimi arasında kompleks, obyektiv əlaqələrin
həyata keçirilməsindən ibarətdir.
Kompleks əlaqələrin seçilməsi üçün əsas
kriteriyalar şagirdlər tərəfindən qazanılmış
bilik, bacarıq və vərdişlər sisteminin tətbiqini
tələb edən elmlərin əsası və istehsalat
prosesindən ibarətdir.
Göstərildiyi kimi, peşə təhsili bilavasitə ümumi
və politexnik təhsillə əlaqəlidir. Axırıncının
səviyyəsi nə qədər yüksək olarsa, peşəyə
yiyələnmə o qədər tez və səmərəli olar. Öz
növbəsində peşə təhsili ümumi və politexnik
səviyyənin qalxmasına imkan verir. Belə ki, onda
elmlərin əsası, istənilən bir istehsalat
sahəsinin iqtisadiyyatı, texnika və
texnologiyası, istehsalat proseslərinin
qanunauyğunluqları açıqlanır. Digər tərəfdən,
peşə təhsili ümumi və politexnik təhsilin zəruri
komponenti, onların praktiki tətbiqi bazası kimi
çıxış edir.
Stabillik və dinamiklik prinsipi
Stabillik və dinamiklik prinsipinin nəzərə
alınması əsasən peşə təliminin məzmununun
layihələşdirilməsində mühüm əhəmiyyət kəsb edən
amillərdən biridir. Bu prinsipə əsasən tədris
proqram sənədləri uzun müddət üçün daimi
stabil bilikləri əks etdirməli, eləcə də
texnika və texnologiyanın inkişafından asılı
olaraq onun yenidən dəyişdirilməsi üçün
dinamik ehtiyatlara malik olmalıdır.
Stabil hissə elm, texnika, texnologiya və
istehsalatın təşkilinin əsas müddəalarının
öyrənilməsini nəzərə alır və praktiki olaraq
onlar dəyişikliyə məruz qalmırlar. Onlar yalnız
dəqiqləşdirib detallaşdırılır. Proqramın bu
hissəsinə uyğun olaraq şagirdlərdə tez
dəyişikliyə məruz qalmayan əsas peşə bilik,
bacarıq və vərdişləri formalaşdırır.
Tədqiqatların nəticələrinə əsasən müəyyən
edilmişdir ki, tədris proqramının ümumi həcminin
80-85%-i stabil, 15-20%-i isə dinamik hissənin
payına düşür. Proqramın stabil hissəsində
istehsalatın əsas sahələrində tez dəyişikliyə
uğramayan və məzunların işləməsi üçün lazım olan
əsas peşə bilik, bacarıq və vərdişlər sistemi
nəzərdə tutulur. Proqramın dinamik hissəsində
elmi-texniki tərəqqinin texnikada, texnologiyada
və istehsalatda əmək metodlarında etdiyi
dəyişikliklər də əks olunur. Dinamik hissə
əvvəlki bilikləri zənginləşdirən hadisələr,
proseslər və qanunauyğunluqlar haqqında yeni
məlumatları əks etdirir.
Məzmunun stabil hissəsinə materialşünaslıq
fənnində materialların fiziki, kimyəvi və
mexaniki xassələri, dinamik hissəsinə isə
ixtisas fənlərindən yeni texnika və
texnologiyaya aid məlumatlar, proqnozlar
daxildir. Tədris planında daha çox dinamiki
hissə ixtisas fənlərinin payına düşür. Onların
sayı və növü peşə fəaliyyətinin xarakteri və
növü ilə müəyyən olunur.
Stabillik və dinamiklik prinsipi məzmunun
müəyyənləşdirilməsində əsasən belə tələblərə
cavab verməlidir:
*
Tədris proqram sənədlərinin stabil hissəsini
xarakterizə edən daimi bir əsas, bünövrə
nüvəciyinin tapılıb aşkara çıxarılması;
*
Tədris proqram sənədlərinin stabil hissəsinin
aşkar edilib ona perspektivliyi, dəqiq yoxlanmış
elm, texnika, texnologiya, istehsalatın
əsaslarına aid olan yeniliklərin daxil edilməsi;
*
Yaxın gələcəkdə proqnozlaşdırılması mümkün olan
texnika, texnologiya haqqında məlumatların
məzmuna daxil edilməsi.
Bu prinsipə uyğun olaraq ayrı-ayrı mövzuların
məzmunu uyğun elm sahəsinin, texnika və
texnologiyanın, istehsalatın və əməyin təşkilinə
aid yeni nailiyyətləri əks etdirməlidir. Bununla
bərabər, hər bir proqrama texniki vasitələrin,
texnologiyanın, istehsalatın təşkilini əks
etdirən mövzular daxil edilir.
İnteqrasiya və diferensasiya prinsipi
Bazar iqtisadiyyatı şəraitində peşə təhsilinin
inteqrasiya və diferensasiyası istehsalatın
sosial-iqtisadi inkişafı ilə şərtlənir.
Geniş mənada inteqrasiya fəhlə kadrları
hazırlanması üçün geniş profil üzrə peşə
qrupları müasir istehsalat və təlimdə mövcud
olan elmi-texniki, sosial-iqtisadi,
psixofizioloji və didaktiki ümumilik əsasında
birləşmiş təhsilin məzmununun vahid formaya
gətirilməsi başa düşülür.
Dar mənada inteqrasiya ümumtexniki, ixtisas və
bütün tədris-istehsalat işlərinin vahid
kompleksə (bloka) gətirilməsi başa düşülür.
İnteqrasiya prinsipi peşə məktəblərində ixtisas
fənləri və istehsalat təliminin məzmununun vahid
şəklə salınmasına da imkan verir. Bu da, öz
növbəsində, mühəndis-pedaqoqlardan xüsusi
hazırlığa malik olunmasını tələb edir. Eyni
zamanda xüsusi texnologiya və istehsalat
təliminin birləşdirilmiş dərsləri həyata
keçirilməlidir.
Nə qədər ki, elm, texnika, istehsalat peşə
təhsilinin məzmununun formalaşdırılmasında mühüm
mənbə keyfiyyətində çıxış edir, tarixi inkişafın
müasir mərhələsində onların qarşılıqlı
əlaqələrinin əsas xüsusiyyətlərinə, didaktik
inteqrasiyanın obyektiv əsasları kimi baxmaq
zəruridir.
İnteqrasiya prinsipi dar ixtisaslı təlimdən peşə
qrupları və geniş profilli fəhlə hazırlığına
keçilməsini tələb edir. Çünki mövcud olan forma
nə istehsalatın tələblərini, nə də peşə
hazırlığı səviyyəsini ödəmir.
Çoxfənliliyin tədris prosesində ləğv edilməsi,
inteqrativ fənn və kursların yaradılması, peşə
tədris qrupları üçün inteqrasiyalı tədris plan
və proqramlarına keçirilməsi, tədris-proqram
sənədlərinin stabilliyinin və nəzəri səviyyədə
yeniləşdirilməsinin təmin edilməsinə imkan
verir.
İstehsalatın texniki və texnoloji səviyyəsinin
təhlili, yeni texnikanın təsiri ilə fəhlə
əməyinin məzmununda əqli fəaliyyətin artması
peşə təhsilinin məzmununun müəyyən edilməsinə
diferensial yanaşma tələb edir. Bu, elm, texnika
və avtomatlaşdırılmış istehsalatın intensiv
inkişafı ilə şərtlənir.
İşəgötürənlərin tələblərinin nəzərə alınması
prinsipi
Yeni şəraitdə respublikamızda çoxlu müəssisələr
özəlləşdirilib və sahibkarlıq inkişaf etdirilir.
Özəl müəssisə və şirkətlərdə istehsal sistemi
yeniləşdirilir, əmək məhsuldarlığının
artırılması üçün yeni üsullar axtarılır. Bu
baxımdan işəgötürən təşkilatlar məzunları işə
qəbul edərkən onlar fəhlələrin peşəkarlığına,
səriştəliliyinə, mədəni səviyyəsinə xüsusi
tələblər göstərirlər. Bunu əsas götürərək
işçilərin müəssisədə iş əməliyyatlarının yeninə
yetirilməsi üçün zəruri bilik, bacarıq və
vərdişlər kompleksi baxımından işəgötürənlərin
tələbləri nəzərə alınaraq təhsilin məzmununa
daxil edilir.
Əmək
bazarının tələblərinin nəzərə alınması prinsipi
İxtisaslı fəhlə kadrları hazırlığında əmək
bazarının öyrənilməsi və ayrı-ayrı peşələrə olan
tələblərin müəyyən olunması indi daha böyük
əhəmiyyətə malikdir. Bu istiqamətdə aparılan
tədqiqatlar da peşə hazırlığında əmək bazarının
əsas meyarlarından biri olmasını göstərmişdir.
Peşə təhsili ilə əmək bazarı bir-birinin
"çağırışına" daha çevik diqqət yetirdikdə iş
axtaran peşə məktəb (lisey) məzununun ixtisas
hazırlığı səviyyəsi əmək bazarındakı boş iş
yerinə olan tələblərlə üst-üstə düşür.
Müasir texnikanın tətbiqi ilə çoxlu sayda
işçilərin ixtisara düşməsinə baxmayaraq, eyni
zamanda yüksək ixtisaslı fəhləyə olan tələbat
artmaqda davam edir. Belə fəhlələrə əmək
bazarında göstərilən əsas tələblərdən biri öz
işini müstəqil planlaşdırmağı bacarmaq,
standartlara dəqiq əməl etmək, iqtisadi
düşüncəyə malikolma, geniş profillilik qərar
qəbul etmək bacarığı və s. ibarətdir.
İstehsalat qabaqcıllarının təcrübəsinə istinad
edilməsi prinsipi
Peşə təhsili sistemində uzunillik təcrübələr
göstərir ki, məzunların istehsalata adaptasiya
prosesi çətin olur, onlar əmək məhsuldarlığını
yerinə yetirə, yeni texnologiyanın öhdəsindən
gələ bilmirlər. Bu mənada tədris proqramının
ayrı-ayrı mövzularında qabaqcılların iş
təcrübəsi öz əksini tapmalıdır. İstehsalat
təlimi prosesində alət və avadanlıqların
istismarında, işin planlaşdırılmasında, iş
sahəsinə qulluq edilməsində, işin daha səmərəli
təşkilində buraxılan nöqsanların aradan daha
çevik qaldırılması və s. kimi metodlar vaxtında
daxil edilməlidir.
Kamil AĞAMALIYEV,
Təhsil Nazirliyinin Texniki peşə təhsili
şöbəsinin baş məsləhətçisi,
Alik ALLAHVERDİYEV,
4 nömrəli Bakı Peşə Liseyinin direktoru
|