Azərbaycan dünya birliyi ölkələri ilə ictimai
həyatın bütün sahələrində səmərəli əməkdaşlıq
edən bir ölkədir. Buna görə də başqa
fəaliyyətlərlə yanaşı, bir neçə dildə ünsiyyət
qurmağı, əlaqə yaratmağı bacarmaq, şəxsiyyət
formalaşdırmaq müasir məktəbin mühüm
vəzifələrindən biridir.
Hazırkı dövrdə qloballaşma prosesinin və
inteqrasiya meyillərinin getdikcə sürətləndiyi
ictimai-siyasi, sosial, mədəni sahələrdə baş
verən mühüm keyfiyyət dəyişiklikləri
kommunikasiya vasitələrindən istifadə etməklə,
şagirdlərin kommunikativ bacarıqlarının yüksək
səviyyədə inkişafını tələb edir.
Xarici dilə yiyələnmə şagirdlərin humanitar
təhsil səviyyəsini yüksəldir, şəxsiyyətin
formalaşmasına geniş imkanlar yaradır. Bu
səbəbdən də tədris fənni kimi xarici dilin
statusu artır, ixtisas müəllimlərindən böyük
məsuliyyət tələb olunur.
Müasir dövrdə məktəbin qarşısında təhsilin
keyfiyyətini yüksəltmək kimi məsul və şərəfli
bir vəzifə durur. Bu vəzifəni müvəffəqiyyətlə
yerinə yetirmək üçün şagirdlərə dərin bilik
vermək, onların fəalllıq və müstəqilliyini
təmin, ölkədə baş verən yeniliklərlə şagirdləri
tanış etməklə onlarda geniş elmi dünyagörüşü
yaratmaq tələb olunur.
Respublikamızda həyata keçirilən təhsil islahatı
təhsil müəssisələrinin fəaliyyətində, bütövlükdə
təhsil sisteminin strukturu, idarəsi və
iqtisadiyyatında köklü yerdəyişmənin həyata
keçirilməsini nəzərdə tutur.
"Azərbaycan Respublikasında ümumi təhsilin
Konsepsiyası (Milli Kurikulum)" sənədində qeyd
edilir ki, əsas təhsilin məqsədi şagirdlərdə
təhlil və tətbiq, araşdırma və ümumiləşdirmə
aparmaq, informasiya-kommunikasiya
texnologiyalarından istifadə, müxtəlif
mənbələrlə işləmək, özünün fəaliyyət
istiqamətlərini müəyyənləşdirmək, hadisələri və
mahiyyətləri dəyərləndirmək, problemləri həll
etmək bacarıqları formalaşdırmaqdan ibarətdir.
Deməli, ümumi təhsil sistemində pedaqoji proses
əvvəllcədən müəyyən olunmuş nəticələri əldə
etmək üçün müəllimlərin əlaqələndirici,
istiqamətverici, məsləhətçi, şagirdlərin isə
tədqiqatçı, təcrübəçi, yaradıcı subyekt kimi
qarşılıqlı əməkdaşlıq fəaliyyətləri əsasında
pedaqoji prosesin tamlığı, şagirdyönümlülük,
fəaliyyətin stimullaşdırılması, təlimdə bərabər
imkanların, dəstəkləyici mühitin yaradılması
prinsipləri nəzərə alınmaqla qurulur.
Bu gün təhsildə həm forma, həm də məzmunca ciddi
dəyişikliklər gedir: milli təhsil sistemi
yaradılır, beynəlxalq təcrübəyə əsaslanan yeni
təhsil formalaşır, müəllim-şagird münasibətləri
yenidən qurulur.
Bu işdə Azərbaycan Müəllimlər İnstitutunun
özünəməxsus yeri və rolu vardır. AMİ
məzmunundakı fərqli struktur dəyişiklikləri
əsasında son illər respublikanın çoxsaylı orta
ümumtəhsil, orta ixtisas, peşə, ali (dövlət,
özəl) təhsil müəssisələrində çalışan müəllimlərə
metodiki köməklik göstərmək, təhsil sahəsindəki
innovasiyalara dair seminarlar keçirmək, seminar
iştirakçısı olmuş müəllimlərin dərslərinin
monitorinqini aparmaq, ayrı-ayrı mövzular üzrə
metodiki tövsiyələr hazırlamaq, qabaqcıl
pedaqoji təcrübəni öyrənmək, ümumiləşdirmək,
təbliğini təşkil etmək, müxtəlif təhsil
müəssisələrində fənlərin tədrisi keyfiyyətini
öyrənmək məqsədilə dərs və məşğələlərdə iştirak
etməklə məşğuldur.
Belə təhsil ocaqlarından biri də Xəzər rayonu
Türkan qəsəbəsindəki E.Mirzəyev adına sağlamlıq
imkanları məhdud uşaqlar üçün 6 nömrəli
Respublika ümumi orta təhsil internat-məktəbdir.
***
Məktəbin direktoru B.Zeynalov və təlim-tərbiyə
işləri üzrə direktor müavini K.Dadaşovun
iştiraki ilə mütəmadi olaraq müəllimlərin təlim
nəticələrinə həsr olunmuş "dəyirmi masa"
keçirilir.
Məktəbdə işini günün tələbləri istiqamətində
quran müəllimlər çoxdur. Onlardan biri ingilis
dili müəllimi Gülnarə Əliyevadır.
Fənn müəllimi kimi o, dərs prosesində şifahi
nitq, yazı bacarıqlarının formalaşdırılması,
düzgün oxu qabiliyyətlərinin yaradılması və
dilin inkişaf etdirilməsinə xüsusi diqqət verir.
O, şifahi nitqin inkişafını əsas tələb kimi
göstərməklə şagirdlərin ünsiyyət bacarıqlarının
formalaşdırılmasına, lüğət ehtiyatlarının
zənginləşdirilməsinə, ən zəruri qrammatik
anlayışların mənimsənilməsinə, oxu və yazı
texnikası, dinləyib-anlama vərdişlərinin inkişaf
etdirilməsinə hər vasitə ilə səy göstərir.
Bağlanmış ikitərəfli müqaviləyə əsasən mütəmadi
olaraq təhkim olunduğumuz bu internat-məktəbə
gəlir, tədris prosesi ilə yaxından tanış olur,
xarici dil müəllimlərinin dərslərini müşahidə və
müzakirə edirik. Alınan nəticələrlə bağlı
"dəyirmi masa" keçirir, müəllimləri
maraqlandıran suallara cavablar, onlara lazımi
metodiki tövsiyələr veririk.
Gülnarə Əliyeva ingilis dilindən didaktik
material hazırlayarkən aşağıdakı üç mərhələnin
məntiqi ardıcıllığına fikir verir:
*
Didaktik vəsait üçün seçilmiş leksik və
qrammatik materialların şagirdlərin məktəbdə
öyrəndikləri digər fənlərlə, yəni Azərbaycan
dili, rus dili və onun qrammatikası, eyni
zamanda ədəbiyyat, tarix, coğrafiya ilə
inteqrasiyası önəmlidir.
*
Didaktik vəsaitdə mövzuların tədrisi məsələləri
öz əksini tapır. Bu mərhələ bütün fənlərin
tədrisinə aid edilə bilər. Müəllim bu yolla
didaktik vəsaitə daxil olan leksik vahidlərin,
ifadələrin, ayrı-ayrı qrammatik formaların bir
neçə dəfə təkrar olunacağı hesabını apara bilir.
Digər tərəfdən, o, təkrarın xarakterini
müəyyənləşdirə bilir.
*
Burada şagirdlərin ingilis dilindəki bilik
səviyyəsi təyin olunur. Ənənəvi üsulla
şagirdlərin biliyi çox səthi və təxmini yanaşma
yolu ilə müəyyənləşdirilirdisə,
proqramlaşdırılmış təlim elementlərinin tətbiqi
yolu ilə məsələnin belə təxmini həlli aradan
qaldırılır. Bu yanaşma, şagirdin müstəqil işinə
əsaslanır ki, bu da nəticəyönümlü təlimi təmin
etmiş olur.
Müəllim proqramlaşdırılmış təlimin məzmunundan
və elementlərindən istifadə edərək üç cəhətə
daha çox fikir verir:
*
Müəllim və şagird əməyinin elmi və təcrübi
təşkili;
*
İnteraktivliyin (əks-əlaqənin) təmin olunması;
*
Təlim prosesinin keyfiyyətinin idarə olunması.
Bu cəhətlər bir-biri ilə sıx surətdə bağlıdır.
Əgər dərsdə əks-əlaqənin heç olmazsa ən sadə
elementlərindən istifadə edilmirsə, ona müasir
dərs demək olmaz. Elə buna görədir ki, Gülnarə
müəllim dərs prosesində əlaqəni üç formada
yerinə yetirir:
*
Müəllimdən şagirdə (düzünə əlaqə).
*
Şagirddən müəllimə (xarici əks-əlaqə).
*
Şagirddən şagirdin özünə (daxili əks-əlaqə).
Göründüyü kimi, müəllim bu üç əlaqədən həm
ayrı-ayrılıqda, həm də hamısından birlikdə
istifadə edir. Bundan başqa o, dərslərində
əks-əlaqə vasitələri olan şərti işarələr,
şablonlar və iş vərəqlərindən səmərəli istifadə
edir. Bu işi o, belə yerinə yetirir: müəllim
şagirdlər üçün üçrəngli kartoçkalar hazırlayır.
Kartoçkalar elə hazırlanır ki, onun rənglərini
dəyişmək də olur. Məsələn, şagirdlər ingilis
dilində sifətin dərəcələrini öyrənirlər. Burada
şagirdlər sifətin dərəcələrini əlamətlərinə görə
tapır, kartoçkalar vasitəsilə adi dərəcəni sarı,
müqayisə dərəcəsini yaşıl və üstünlük dərəcəsini
qırmızı rənglərlə göstərirlər. Burada fərqli
cəhət odur ki, müəllim üçrəngli kartoçkadan
istifadə edir. Bu da müəllimin nəzərinə daha tez
çarpır və o, şagirdin mövzunu bilib-bilmədiyini
dəqiqləşdirir.
İnteraktivliyin digər növlərindən biri də
tapşırıqların iş vərəqlərində yerinə
yetirilməsidir. Bu da şagirdlərin
müstəqilliyini, tədqiqatçılıq bacarığını və
mobilliyini təmin edir. Lakin bununla bağlı
müəllimlərə bəzi təkliflər verilməlidir:
1. Dərsin məqsədini dəqiqləşdirmək:
*
dərsin mövzusuna, məzmununa aid olmalı;
*
hansı bilik, bacarıq və vərdişlər
formalaşdırılmalıdır.
2. Müxtəlif növlü tapşırıqlar seçmək, bu
tapşırıqlar:
*
dərsin məqsədinə uyğun və qoyulan tədqiqat
probleminin həllinə yönəlməlidir;
*
şagirdlərin yaşına, bilik və intellektual
səviyyəsinə;
*
dövlət proqramına və milli dəyərlərə
əsaslanmalı;
*
aktual, real həyatla və şagirdlərin təcrübələri
ilə bağlı olmalı;
*
tədqiqatçılıq həvəsini artıran, maraqlı,
cəlbedici olmalıdır.
3. Müxtəlif məlumat mənbələrindən istifadə
etmək.
4. Nəticələrin təqdimetmə formaları müxtəlif
olmalıdır.
5. Tapşırıqlar dəqiq ifadə edilməlidir.
6. İş vərəqinin tərtibatı səliqəli, məhdud,
yaraşıqlı, estetik, əyani olmalı, orada formal
məlumatlar qeyd olunmalıdır.
Göründüyü kimi, iş vərəqlərində aparılan
müstəqil iş şagirdlərin diqqətli
olmalarına, tapşırıq və çalışmaların həllinə
məsuliyyətlə yanaşmalarına, yeni bilik, bacarıq
və vərdişlərə yiyələnmələrinə geniş imkanlar
yaradır. Gülnarə müəllim şagirdlərin müstəqil
işlərini günün tələbləri səviyyəsində təşkil
etməyə çalışır. Şagirdlərin müstəqil bacarıq və
vərdişlərə yiyələnmələri üçün ingilis dili
üzrə mövcud proqramdan geniş və səmərəli
istifadə edir. O, şagirdlərin müstəqil
işləmələri və bilik almalarını iki istiqamətdə
təşkil edir:
a) sinifdə dərs prosesində;
b) sinifdənxaric tədbirlərdə.
Dərs prosesində şagirdlərin müstəqil işləmələri
üçün kitab ən etibarlı mənbədir. Ona görə də
müəllim kitab üzrə şagirdlərin müstəqil
işləmələrinin aşağıdakı növlərindən istifadə
edir:
1. Mətnə aid planların tərtibi;
2. Mətnin məzmununa dair sualların
müəyyənləşdirilməsi;
3. Mətndən sinonim və antonimlərin tapılması;
4. Ayrı-ayrı mövzuların həyat hadisələri ilə
müqayisəli şərhi;
5. Paylayıcı kartoçkalar üzrə cavabların
hazırlanması;
6. Dilimizdə işlənən ingilis sözlərinin lüğətdən
tapılması;
7. Audio-vizual vasitələrdən istifadə edilməsi.
Müəllim qeyd edir ki, dərsdə əks-əlaqənin
yaradılması ilə müəllim əməyinin elmi təşkili
nöqteyi-nəzərdən vaxta qənaət edilir. Qənaət
edilmiş həmin vaxt yeni biliklərin
möhkəmləndirilməsinə, başqa dil vərdişlərinin
yaradılmasına və s. faydalı işlərə sərf edilir.
Ümumiyyətlə, Gülnarə Əliyeva proqramlaşdırılmış
təlim elementlərindən istifadə etməklə ingilis
dilindən şagirdlərin biliyini artırır, təlimin
keyfiyyətini yüksəldir və şagirdlərdə şifahi
nitq bacarıq və vərdişlərini inkişaf etdirir.
Akif QURBANOV,
Mətanət ABBASOVA,
Azərbaycan Müəllimlər İnstitutunun əməkdaşları |