Azad
Berlin Universiteti (almanca Freie Universität
Berlin) Almaniya Federativ Respublikasının
Berlin şəhərində yerləşir. Bu ali məktəb
Almaniyanın və Kontinental Avropanın ən nüfuzlu
tədqiqat universitetlərindən biridir.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Azad
Berlin Universiteti 100 ən yaxşı ali məktəb
arasında 94-cü yerdə dayanıb. "QS World
University Rankings"in 2010-2011-ci tədris ili
üzrə açıqlamasına görə, Azad Berlin Universiteti
dünyanın ən nüfuzlu universitetləri arasında
70-ci, 2011-2012-ci tədris ilində isə 66-cı
yerdə qərarlaşıb.
Tarixi
Azad Berlin Universiteti 1948-ci il dekabrın
4-də ABŞ müttəfiqləri və Berlin siyasətçilərinin
dəstəyi ilə bir qrup tələbə və alim tərəfindən
Humboldt Universitetində tələbələrin təqib
edilməsinə cavab olaraq yaradılıb. Universiteti
yaradan tələbə və müəllimlər siyasi təsirdən
uzaq olan ali məktəbdə oxumaq və tədqiqat
aparmaq istəyirdilər. ABŞ tərəfindən edilən
səxavətli yardım nəticəsində Azad Berlin
Universitetinin bir neçə yeni bina kompleksi,
eləcə də Bencamin Franklin Universitet
Xəstəxanası, Henri Ford binası, Mərkəzi Mühazirə
zalı tikilir. Həmin dövrdən etibarən
universitetin şüarı "Həqiqət, ədalət və
azadlıq"dır.
1968,
1990, 2007-ci illər Azad Berlin Universitetinin
tarixində dönüş mərhələləri kimi yadda qalır.
1960-cı ildə universitetdə birlik və demokratiya
uğrunda tələbə nümayişləri baş qaldırır. 1990 və
2000-ci illərdə Almaniyanın birləşməsindən sonra
Azad Berlin Universitetində köklü dəyişikliklər
baş verir. Universitetin fəaliyyəti genişlənir,
fundamental təhsil islahatları aparılır,
idarəetmə sistemi müasirləşdirilir.
2007-ci ildə Azad Berlin Universiteti yüksək
sahibkarlıq prinsiplərinə görə mükafata layiq
görülür və bu, universitetin tarixində
əhəmiyyətli hadisə kimi yadda qalır. Həmin ildə
Azad Berlin Universitetində sovet xüsusi xidmət
orqanları tərəfindən öldürülən tələbələrin
şərəfinə abidə ucaldılır. Eyni zamanda bu ali
məktəbin inkişafında və azadlığı uğrunda
mübarizədə xidmətləri olan şəxslərə universitet
rəhbərliyi tərəfindən mükafatlar verilir.
Universitet bu gün
Almaniya təhsil sistemi hər zaman dünyəviliyi
ilə digər ölkələr üçün nümunə olub. Bu ənənələri
özündə əks etdirən Azad Berlin Universiteti
Berlin şəhərinin cənub-qərbində Dalem yaşayış
rayonunda Steqlitz-Zehlendorf ərazisində
yerləşir.
Azad Berlin Universiteti 4 kampusdan ibarətdir.
Bunlar Dalem, Lankuitz, Düppel, Bencamin
Franklin kampuslarıdır.
XX
əsrin əvvəllərindən başlayaraq Dalem rayonu
ölkənin yüksək səviyyəli təhsil mərkəzi kimi
tanınır. Kampusun memarları Dalemi müharibədən
sonrakı Almaniyada yeni olan ABŞ kampuslarına
oxşar inşa ediblər. Bu kampusda Hüquq, Biologiya,
kimya və əczaçılıq, Riyaziyyat və kompüter
elmləri, Fizika fakültələri, Biznes və
İqtisadiyyat Məktəbi, Otto Zur Siyasi Elmlər,
Con Kennedi Şimali Amerika Tədqiqatları
institutları, Universitet kitabxanası,
Henri-Ford binaları yerləşir. Dalem kampusunun
ərazisində 20000-dən çox yabanı bitki
yetişdirilən 106 akr əraziyə malik Botanika bağı
mövcuddur. Kampusdakı ilk binalar "Ford
Fondu"nun maliyyə dəstəyi nəticəsində tikilib.
Universitetin ən böyük binası Rost-und
Silberlaube Dalem kampusunda yerləşir. Bu
kompleks bir sıra əlaqəli strukturdan ibarətdir.
Britaniyalı memar lord Norman Foster tərəfindən
bu binaya Filologiya kitabxanasının binası əlavə
olunub.
Lankuitz kampusunda Geologiya, Coğrafiya Elmləri
institutları, Yer elmləri departamentinin binası
yerləşir. Universitet arxivinin bir hissəsi də
Lankuitz şəhərciyində saxlanılır.
Düppel kampusunda əsasən Baytarlıq fakültəsinin
binaları cəmlənib. Burada Kiçik Heyvanların
Sağlamlığı, Atların Kliniki Cərrahiyyəsi və
Radiologiya, Reproduksiya Baytarlıq,
İribuynuzlular Baytarlıq, Quş Xəstəlikləri
xəstəxanaları mövcuddur.
Bencamin Franklin kampusunda Şarite Tibb
Mərkəzinin binaları və xəstəxanaları yerləşir.
Bu kampus Berlin şəhərinin cənubunda Steqlitz
rayonundadır.
Azad
Berlin Universitetində 160 təhsil proqramı
təklif edən 10 fakültə, 2 məktəb və 3
mərkəzləşmiş institut (Con Kennedi, Latın
Amerikası Tədqiqatları, Şərqi Avropa
Tədqiqatları institutları) fəaliyyət göstərir.
Biologiya, kimya və əczaçılıq fakültəsi Kimya və
Biokimya, Biologiya, Əczaçılıq institutlarından
ibarətdir. Kimya və Biokimya İnstitutunda
stereoselektiv və makromolektural sintez,
molekulyar və tibbi biokimya, struktur biokimya
üzrə tədqiqatlar həyata keçirilir. Biologiya
İnstitutu molekulyar botanika, mikrobiologiya,
neyrobiologiya, ekoloji proseslər, heyvan və
bitkilər, təkamül və biomüxtəliflik və s.
sahələr üzrə ixtisaslaşıb. Məktəb Botanika bağı
və Botanika muzeyi ilə əməkdaşlıq edir.
Əczaçılıq İnstitutu dərman preparatlarının
işlənməsi və sınaqdan keçirilməsi, təbii
cismlərin analizi, dərmanların çatdırılmasının
innovativ sistemləri, yoxlamanın alternativ
metodu istiqamətləri üzrə ixtisaslaşıb.
İnstitutlar ingilis və alman dillərində bakalavr
və magistr proqramları təklif edir.
Pedaqogika və psixologiya fakültəsi Psixologiya,
Pedaqogika və ibtidai təhsil departamentlərindən
ibarətdir. Pedaqogika və ibtidai təhsil
departamenti təhsilin antropologiyası, təhsil
futurologiyası, empirik tədqiqatlar, fənlərarası
təhsil elmləri və s. üzrə tədqiqatlar aparır.
Psixologiya departamentində Biopsixologiya,
Kliniki psixologiya və psixoterapiya, Dəqiq və
tətbiqi elmlərin inkişafı, Diferensial və
şəxsiyyət psixologiyası, psixoloji
qiymətləndirmə, Emosiya psixologiyası və
affektiv psixofiziologiya, Təkamül psixologiyası,
Eksperimental və neyrokoqnitiv psixologiya,
Sağlamlıq psixologiyası, Peşə və təşkilati əmək,
Sosial və iqtisadi psixologiya, Metodlar və
qiymətləndirmə, Psixologiya, Səhiyyə proqramları
təklif olunur.
Yer
elmləri fakültəsinə Geologiya, Coğrafiya,
Meteorologiya və Yer elmləri institutları
daxildir. Geologiya Elmləri İnstitutu Tektonik
və çöküntü geologiyası, Paleontologiya,
Mineralogiya, Hidrogeologiya, Geokimya,
Geofizika, Planetar elmlər; Coğrafiya Elmləri
İnstitutu İnsan coğrafiyası, Fiziki, Tətbiqi
coğrafiya, Distansion duyma və geoinformatika;
Meteorologiya və Yer Elmləri İnstitutu isə Ümumi
meteorologiya, Orta atmosfer fizikası, Nəzəri
Meteorologiya, Yer iqlim sistemlərinin əlaqəsi,
Yer və kainat elmləri departamentlərindən
ibarətdir.
Tarix və kulturologiya fakültəsində Fridrix
Meinik Tarix, İncəsənətin Tarixi (İncəsənətin
tarixi, Afrika incəsənəti tarixi, Şərqi Asiya,
Cənubi Asiya incəsənəti tarixi departamentləri
daxildir), Qədim Tədqiqatlar (Qədim Yaxın Şərq
arxeologiyası, Klassik arxeologiya,
Misirşünaslıq, Cənubi Asiya dilləri və
mədəniyyətləri departamentləri mövcuddur), Şərqi
Asiya və Yaxın Şərq (Çin, Yaponiya, Koreya, İran,
Semit və ərəb tədqiqatları, Türkologiya, İslam
tədqiqatları departamentləri daxildir), Yəhudi
Tədqiqatları, Katolik İlahiyyat, Müqayisəli
Etika, Dinşünaslıq institutları fəaliyyət
göstərir. Bu institutlarla yanaşı fakültədə
20-yə yaxın fənlərarası mərkəz mövcuddur.
Riyaziyyat və kompüter elmləri fakültəsi dəqiq
elmlər, texnika, sənaye və cəmiyyət sahələrində
mürəkkəb real həyat problemlərinin həlli
sahəsində riyaziyyat və kompüter elmləri üzrə
ixtisaslaşıb. Fakültə riyaziyyat, kompüter
elmləri və bioinformatika sahələri üzrə müxtəlif
beynəlxalq dərəcələr təklif edir.
Fəlsəfə
və humanitar elmlər fakültəsinə Fəlsəfə, Yunan,
Latın Dilləri və Ədəbiyyatları, Müqayisəli
ədəbiyyatşünaslıq, Alman, holland dilləri və
ədəbiyyatı, Roman dilləri və ədəbiyyatı, İngilis
dili və ədəbiyyatı, Teatr tədqiqatları,
Mədəniyyət və media-idarəetmə institutları
daxildir.
Fizika fakültəsində əsasən bərk cismli və
klaster fizikası, biofizika, nəzəri fizika
sahələri üzrə tədqiqatlar həyata keçirilir,
kimyəvi reaksiyaların izlənilməsində ultraqısa
işıq impulslarından istifadə olunur. Burada 3
tədqiqat mərkəzi və tədqiqat qrupları fəaliyyət
göstərir.
Siyasi və sosial elmlər fakültəsinin nəzdində
Otto Suhr Siyasi Elmlər, Sosiologiya, Media və
Kommunikasiya Elmləri, Sosial və Mədəni
Antropologiya institutları mövcuddur.
Hüquq fakültəsi Vətəndaş Hüququ, Cinayət Hüququ,
İctimai Hüquq institutlarından ibarətdir.
Baytarlıq
fakültəsi Almaniyadakı bu sahəni əhatə edən 5
müəssisədən biridir. Fakültəyə 5 baytarlıq
xəstəxanası (Quş Xəstəlikləri, Atların Kliniki
Cərrahiyyəsi və Radiologiya, Qoşadırnaqlı
Heyvanlar, Baytarlıq Kliniki Reproduksiyası,
Kiçik Heyvanların Sağlamlığı), 15 institut (Baytarlıq
Anatomiyası, Baytarlıq Fiziologiyası, Baytarlıq
Biokimyası, Heyvanların Qidalanması,
Virusologiya, İmmunologiya və Molekulyar
Biologiya, Mikrobiologiya və İnfeksion
Xəstəliklər, Qidalanma Gigiyenası, Ət Gigiyenası,
Heyvandarlıq və Ətraf Mühitin Gigiyenası,
Heyvanların Mühafizəsi, Heyvanların Patologiyası,
Parazitologiya və Heyvanların Patologiyası,
Farmakologiya və Toksikologiya, Biometriya və
İnformasiyanın Biometrik İşlənməsi) daxildir.
Tibb Məktəbi (Berlin Tibb Universiteti)
Almaniyada bu sahəni əhatə edən ən böyük və
nüfuzlu ali təhsil müəssisələrindən biridir.
2003-cü il 1 iyun tarixində Berlin şəhəri
Nümayəndələr Palatası Berlin Tibb
Universitetinin restrukturizasiyası haqqında
qanun qəbul edir. Azad Berlin Universitetinin və
Humbolt Universitetinin Tibb fakültələri Şarite
adlı korporasiya altında birləşdirilir. Həmin
təşkilatda tibbin bütün sahələri, eləcə də
stomatologiya sahəsi üzrə tədris və tədqiqat
aparılır. Təşkilata ümumilikdə 107 xəstəxana və
institutdan ibarət olan 17 Şarite-Mərkəz
daxildir. Bunlar Səhiyyə və Sosial Elmlər;
Fundamental Elmlər; Stomatologiya, Çənə-ağız
tibbi; Terapiya və Tədqiqatlar; Diaqnostik
Laboratoriya və Profilaktik Tibb, Diaqnostik və
Müdaxilə Radiologiyası, Nüvə Tibbi;
Anesteziologiya və İntensiv Terapiya; Cərrahiyyə;
Travmotologiya və Rekonstruktiv Cərrahiyyə;
Şarite Onkoloji; Ürək-damar Xəstəlikləri; Daxili
Xəstəliklər və Dermatologiya; Kardiologiya,
Qastroenterologiya və Nefrologiya; Onkoloji
xəstəliklər; Nevrologiya, neyrocərrahiyyə və
psixiatriya; Audiologiya, Foniatriya,
Oftalmologiya, Otolarinqologiya; Ginekologiya,
Perinatal, Uşaq Tibbi və İnsan Genetikası;
Eksperimental və Kliniki Tədqiqat mərkəzləridir.
Şarite Mərkəzində Tibb bacısı və Xəstələrə
Qulluq xidməti də fəaliyyət göstərir.
Biznes
və İqtisadiyyat Məktəbi universitetin ən böyük
məktəblərindən, ölkənin isə iqtisadiyyat üzrə
tədqiqat mərkəzlərindən biridir. Məktəbin Biznes
Administrasiyası bölməsinə Maliyyə, mühasibatlıq
və vergi, Menecment, Marketinq, İnformasiya
sistemləri departamentləri; İqtisadiyyat
bölməsinə İqtisadi nəzəriyyə, İctimai
iqtisadiyyat, İqtisadi siyasət, Statistika və
ekonometrika departamentləri daxildir. Məktəb
universitetin Uilli Şarnou Turizm, Con Kennedi,
Latın Amerikası Tədqiqatları, Şərqi Avropa
Tədqiqatları institutları ilə əməkdaşlıq edir.
Azad Berlin Universitetinin kitabxana sistemi
Almaniyanın ən zəngin kitabxanalarından biridir.
Ali məktəbdə əsas Universitet, Filologiya və
20-yə yaxın bölmə kitabxanası (Botanika bağı və
muzeyi, Qadınların inkişafı və gender
tədqiqatları, Kimya, Şarite tibb, Pedaqogika və
psixologiya, Tarix və kulturologiya, Yer elmləri,
Riyaziyyat və kompüter elmləri, Meteorologiya,
Con Kennedi institutları, Əczaçılıq, Fizika,
Hüquq, Sosial Elmlər, Baytarlıq, Biznes və
İqtisadiyyat) fəaliyyət göstərir. Universitet
kitabxanalarının əsas fonduna 8 milyon cild
kitab, 38000 elektron jurnal, 400000 elektron
kitab, 1300 verilənlər bazası daxildir.
Azad Berlin Universitetinin illik büdcəsi
ümumilikdə (Şarite Tibb Məktəbini çıxmaq şərti
ilə) 380 milyon avro təşkil edir. Universitetin
prezidenti professor Piter Andre-Altdır.
Universitetin əməkdaşlarının sayı 4871 nəfərdir.
Əməkdaşların 422 nəfəri professor, 1200 nəfəri
elmi işçi, qalanları isə inzibati heyətdir. Ali
məktəbdə təhsil alan tələbələrin sayı təxminən
35000 nəfərdir.
Azad Berlin Universitetinin bir qrup
tədqiqatçısının apardığı mükəmməl tədqiqatlar
çoxlu sayda Nobel mükafatına layiq görülməklə
təhsil müəssisəsinə böyük nüfuz qazandırıb.
Bu gün Azad Berlin Universiteti dünyanın 339 ali
məktəbi ilə əməkdaşlıq edir və Almaniyanın
sürətlə inkişaf edən 9 elit universitetlərindən
biridir. Hər il 600-dən çox əcnəbi alim
universitetdəki tədqiqatlara qatılır.
Universitetin inkişafında və rəqabətli
elmi-tədqiqatların aparılmasında bu ali məktəbin
məzunları böyük rol oynayır. Onların təhsil
aldıqları ali məktəbə göstərdikləri yardım
nəticəsində universitet bir çox elmi
nailiyyətlərə imza atıb.
Universitetin məşhur məzunları
|
Klaus Henş |
Avropa Parlamentinin sabiq prezidenti |
|
|
Roman Hersoq |
Almaniyanın sabiq prezidenti |
|
|
Ernst Benda |
Almaniyanın sabiq daxili işlər naziri |
|
|
Otto Şili |
Almaniyanın sabiq daxili işlər naziri |
|
|
Herta Doybler-Qmelin |
Almaniyanın sabiq ədliyyə naziri |
|
|
Hans Eyhel |
Almaniyanın sabiq maliyyə naziri |
|
|
Andrea Fişer |
Almaniyanın sabiq səhiyyə naziri |
|
|
Renata Künast |
Almaniyanın sabiq İstehlakçıların
Hüquqlarının Müdafiəsi,
Qida və Kənd Təsərrüfatı naziri |
|
|
Yutta Limbax |
Almaniya Konstitusiya Məhkəməsinin sabiq
prezidenti |
|
|
Eberhard Diepgen |
Berlin şəhərinin sabiq meri |
|
|
Gerhard Ertl |
kimya üzrə Nobel mükafatı laureatı |
|
|
Oe Kendzaburo |
ədəbiyyat üzrə Nobel mükafatı laureatı |
|
|
Herta Müller |
ədəbiyyat üzrə Nobel mükafatı laureatı |
|
|
Ernst Ruska |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Reynhard Selten |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
|
İrmella Hijiya-Kirsçereyt |
Leybnits mükafatı laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |
|