Azərbaycan Respublikasının
Təhsil Qanunu

 

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİNİN ORQANI

Ana səhifə Seçilmişlərə əlavə et Bizə yazın

 
 
 Xəbərlər
 
 
 
Rəsmi
 
 
 Heydər Əliyev Fondu
 
 
 
Qanunvericilik
 
 
 
Təhsil Nazirliyində
 
 
 
Pedaqoji yazılar
 
 
 Müsahibələr
 
 
 
İdman
 
 
 
Fotoqalereya
 
 
 Arxiv
 
 
 
Əlaqə

 
 
 

Dünya universitetləri

 
 
 

İnternet və ya sayt daxilində  axtarmaq istədiyiniz sözü xanaya yazıb "Axtar" düyməsini sıxın

internetdə

saytda

 
 
 
 

 
 
 
 
 
 
 

 
 
 

 
 
 

ARXİV

7 Oktyabr 2011 - ¹39

 

Əlli beş yaş nədir ki…

 

Pıçıltı nəğməli bulaqlar saflığı ilə, məcrasında sakit axan çaylar keçdiyi yollarında cansız, quru səhralara həyat bəxş edib gözoxşayan yaşıllıqlar, güllü-çiçəkli, bağlı-bağatlı ormanlar yaratdığı üçün sevildiyi kimi dünyaya göz açan insanlar da yaşayaraq arxada qoyduğu ömür payında əməllərinə və qazandığı nailiyyətlərinə görə ictimaiyyət tərəfindən seçilərək sayılırlar. Peşəsindən, vəzifəsindən, harada işləməsindən asılı olmayaraq əməli və fəaliyyəti ilə xalqına, dövlətinə xeyir verməyə çalışanlar əsl vətəndaş kimi onu tanıyanlar tərəfindən sevilirlər.  Belə insanlardan biri, Təhsil Nazirliyinin Kənd rayonları üzrə ümumi təhsil şöbəsinin baş məsləhətçisi vəzifəsində çalışan Əhliyət Adıgözəlov haqqında söz açmaq niyyətindəyəm.

Adıgözəlov Əhliyət Musa oğlu 1956-cı il sentyabrın 10-da Qubadlı rayonunun Cılfır kəndində ziyalı ailəsində anadan olub. O zaman kənddə məktəb olmadığı üçün I-IV sinifləri qonşu Seytas kəndində oxuyub. 1973-cü ildə isə Gorus rayonunun Şurnuxu kənd orta məktəbini "əla" qiymətlərlə başa vurub. 1974-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) ümumtexniki fənlər və fizika fakültəsinə qəbul olan Əhliyət 1979-cu ildə ali təhsilini bitirib. Həmin il təyinatla Qubadlıya göndərilib və rayonun Göyərçik kənd 8 illik məktəbində ixtisası üzrə müəllim kimi ilk əmək fəaliyyətinə başlayıb. Bu məktəbdə dərs saatı az olduğu üçün həftənin iki gününü burada, qalan dörd gününü isə vaxtilə orta təhsil aldığı təhsil müəssisəsində fizika fənnini tədris edib. 1984-cü ildə Bakıya köçdüyü üçün Qaradağ rayonunun 224 nömrəli əsas məktəbinə ixtisası üzrə işə qəbul edilib. Burada yaxşı müəllim kimi pedaqoji kollektivin, şagirdlərin və valideynlərin hörmətini qazanan Əhliyət müəllim 1986-cı ildə rayon rəhbərliyi tərəfindən irəli çəkilərək Qaradağ Rayon Təhsil Şöbəsində məktəb inspektoru vəzifəsinə təyin olunub.

1999-cu ildə təhsilin humanistləşdirilməsi ilə bağlı Bakı şəhəri üzrə keçirilmiş müsabiqədə və pedaqoji mühazirələrdə iştirak edən Əhliyət Adıgözəlov əldə etdiyi nəticəyə görə I dərəcəli Diploma layiq görülüb və həmin ildə də savadlı mütəxəssis kimi Təhsil Nazirliyinə işə gətirilib. Yeri gəlmişkən qeyd edim ki, Əhliyət Adıgözəlov 1999-cu ildən bu günə kimi Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən psixoloji-tibbi-pedaqoji komissiyanın sədridir.

Əhliyət müəllim nazirlikdə işlədiyi ötən 12 il ərzində kifayət qədər nailiyyətlər əldə edib. Belə ki, inklüziv təhsilin pilot-layihə formasında tətbiqi ilə bağlı aparılan işlərin təşkilatçılarından biri olub. 2003-cü ildən 2007-ci ilə kimi təhsil sektorunun inkişafı layihəsinin məktəb qrantı proqramı komponentinin koordinatoru olub. İsmayıllı, Ucar və Şirvan şəhərlərində bu komponentə rəhbərlik edib, inkişafyönümlü layihələrin hazırlanmasında həmin rayonların pedaqoji kollektivlərinə yaxından köməklik göstərib.

2003-cü ilin iyun ayında İtaliyanın Turin şəhərində iki həftəlik beynəlxalq kurs keçib. 2004-cü ilin iyun ayında Norveçin Stavanger, 2006-cı ildə Xorvatiyanın Zaqreb, sonrakı illərdə isə xüsusi təhsillə bağlı Riqa və Vilnüs şəhərlərində keçirilən konfrans və seminarlarda iştirak edən Əhliyət Adıgözəlov Azərbaycan təhsilini layiqincə təmsil edə bilib. O, istedadlı uşaqların yaradıcılıq potensialının üzə çıxarılması və inkişafı ilə bağlı Dövlət Proqramının həyata keçirilməsində xeyli mühüm işlər görüb. Əhliyət müəllim səmərəli fəaliyyətinə görə bir sıra diplom və fəxri fərmanlara layiq görülüb. Bu günlərdə isə 55 yaşının tamam olması münasibətilə nazirlik tərəfindən "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi" döş nişanı ilə təltif edilib.

Əhliyət müəllimi xeyli illərdir ki, tanıyıram. Onunla Təhsil Nazirliyində və bir sıra tədris müəssisələrində keçirilən tədbirlərdə tez-tez görüşürük. İşinin mahir bilicisi olan bu insan sadəliyi, təvazökarlığı və səmimiliyi ilə diqqətimi cəlb edib. Bu günlərdə 55 yaşının tamam olacağını bilib sevindim. Telefonun dəstəyini qaldırıb nömrələri yığdım, xəttin o biri  başında  Əhliyət  müəllimin qayğılı səsini eşitdim. Onunla görüşüb haqqında məqalə yazmaq istəyimi ona bildirdim. Düşündüyüm kimi, əvvəlcə təvazökarlıq edərək buna ehtiyacın olmadığını dedi və diqqətimə görə mənə təşəkkür etdi. Nəhayət, razılığını aldım, onunla görüşüb müsahibə almaq üçün vaxt ayırdıq. Vədələşdiyimiz kimi ertəsi gün nazirliyə getmək üçün dəftər-qələmimi qoltuğuma vurub iş otağımdan çıxdım. Gün ərzində səngimədən yağan yağış düzü-dünyanı yuyub təmizləmiş və nəhayət ki kəsmişdi. Səma aydın, hava günəşli olsa da, Bakı küləyi öz şıltaqlığından qalmırdı. Təhsil Nazirliyində Əhliyət müəllimlə kabinetində, iş başında köhnə dostlar kimi çox səmimi görüşdük. Çöhrəsindən yağan yorğunluq işinin çoxluğundan xəbər verirdi. Yazı stolunun üstünə yığılmış qalaq-qalaq kağızlar, qovluqlar, tez-tez səslənən telefon zəngləri bunu bir daha sübut edirdi.

Stolun üstündə dəftərimə birtəhər yer eləyib müsahibə almaq üçün ona verəcəyim suallara keçdim. Və Əhliyət müəllimdən aldığım cavabları hörmətli oxucularıma təqdim edirəm:

- Siz orta məktəbi "əla" qiymətlərlə bitirmisiz. Elə buna görə də o zaman reytinqi yüksək olan istənilən ali məktəbə qəbul ola bilərdiniz. Bəs nə üçün APİ-ni seçdiniz?

- Ziyalı ailəsində anadan olmuşam. Atam uzun müddət dövlət işində işləyib. Bir neçə çağırış rayon sovetinin deputatı olub. Onun müəllim peşəsinə və müəllimlərə xüsusi hörməti vardı. Həmişə - insan öyrətməkdən, insan tərbiyə etməkdən savablı iş yoxdur - deyirdi. Hələ orta məktəbdə mənə dərs demiş İdris Həşimovu, Əli Adıgözəlovu, Hidayət Məsməliyevi və başqalarını özümə meyar seçmiş, gələcək həyatımda onlar kimi olmaq, geyimdə, səliqə-sahmanda, davranışda onlara oxşamağı qarşıma məqsəd qoymuşdum. Və buna nail olduğum üçün sevinirəm.

- Bugünkü müəllimi necə görürsünüz?

- Keçmiş zamanlarda müəllimə müqəddəs varlıq kimi baxırdılar. Çünki o vaxtlar müəllimlərin yeganə qayğısı dərsini yaxşı keçməkdən, tədrisi lazımi səviyyədə aparmaqla şagirdlərə yüksək bilik öyrətməkdən ibarət olub. Hazırda qloballaşmaya doğru gedirik. Təəssüflə qeyd etməliyik ki, gündəlik qayğıları, problemləri özlərinə yük edən bəzi müəllimlər dərsi keçmək üçün deyil, gününü başa vurmaq üçün siniflərə girirlər. Lakin bunlarla yanaşı, tədrisi günün tələbi səviyyəsində quran, müstəqil respublikamıza layiq yüksək intellektli gənclərin yetişməsi üçün əllərindən gələni əsirgəməyən savadlı müəllimlərimiz çoxdur. Müəllimlərin əməkhaqlarının ilbəil artırılması, təhsil işçiləri üçün yaradılan şərait və dövlət tərəfindən onlara göstərilən qayğı deməyə əsas verir ki, yaxın zamanda yuxarıda qeyd etdiyimiz neqativ hallar aradan götürüləcək və təhsilimiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyacaqdır.

- Əhliyət müəllim, 55 illiyiniz müstəqilliyimizin 20 illik ildönümü ilə eyni vaxta düşüb...

- Əvvəla onu deyim ki, müstəqil Azərbaycan Respublikası ümummilli liderimiz Heydər Əliyevin memarı olduğu və qurub yaradaraq bizə ərməğan etdiyi şah əsəridir. Azərbaycanımız imperiya buxovundan azad olaraq sanki yenidən yaranıb, təbii və milli sərvətlərimiz özümüzə qayıdıb. Soykökümüzü, milli dəyərlərimiz olan adət və ənənələrimizi yenidən bərpa edib inkişaf mərhələsinə, tərəqqi yoluna çıxarmağa nail olmuşuq. Elə buna görə də müstəqilliyimizi göz bəbəyimiz kimi qorumalı, uğrunda hər an canımızdan, qanımızdan keçməyə hazır olmalıyıq. Bu, mənim üçün ikiqat sevinc və bayramdır.

- Siz Azərbaycanın dilbər guşələrindən olan Qubadlı torpağında dünyaya göz açmısınız. Bu gün ana yurd üçün qəribsəyirsinizmi?

Bu sualımdan sonra Əhliyət müəllimin qayğılı sifəti tutuldu. Gözlərini məchul bir nöqtəyə dikərək dərin xəyala daldı. Nurlu, işıqlı çöhrəsində kədərin və qəmin qara kölgələri göründü. Vətən həsrətindən, Vətən nigarançılığından yaranmışdı bu hal.

- Yaralı yerimə toxundunuz. Mən o torpaqda böyümüşəm, ana laylasını, ata nəvazişini orda görmüşəm. At belində füsunkar gözəlliyə malik dağları, dərələri, meşələri, çəmənləri gəzmişəm. Ləziz meyvələrindən, min bir nemətindən dadmışam, havasını udub, suyunu içmişəm. Heç ana yurdu unutmaq olarmı? Axı, yeniyetməlik və gənclik illərimin unudulmaz xatirələri muncuq kimi o yerlərdə səpələnib və bu gün yolumu gözləyir. Ancaq o günə çox az qalıb. Möhtərəm Prezidentimiz, ali baş komandanımız İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasəti nəticəsində çox keçməyəcək ki, torpaqlarımız düşmən tapdağından azad ediləcək və doğma yurd-yuvamıza qayıdacaq, yeni quruculuq işləri ilə məşğul olacağıq. Digər rayonlar kimi Qubadlı da öz yeni inkişaf mərhələsinə qədəm qoyacaq.

- Ən çox sevindiyiniz gün?

- Nəvələrim Turqutun və Dilarənin dünyaya göz açdıqları gün çox sevinmişəm. Axı baba olurdum. Demək yaşımın kamil çağına qədəm qoyuram. Çox istədiyim övladlarım Cavid və Xəyyam isə ata olurdular. Büruzə verməsələr də, hiss edirdim ki, onlar da sevinirdilər. Bu isə ikiqat sevinc idi. Axı onların sevinci mənim sevincimdir. Ancaq ağla qara, gecə ilə gündüz qardaş olduğu kimi, xeyir və şər də əkiz gəlib bu dünyaya. Onu deməliyəm ki, sevinc müvəqqətidir, ani hissdir, gəlib-gedərdir. Kədər isə insanla son mənzilinə qədər yoldaşlıq edir. Elə buna görə də həyatın kəşməkəşli, ağır anlarında sarsılmamalı, mərdliklə dözüm göstərib baş çıxarmalı və qalib gəlməliyik. Məhz bunu müasir gənclərimizə tövsiyə edərdim.

Söhbətimiz şirin alındığından vaxtın necə ötdüyünü hiss etməmişdim. Müsahibəmi bitirib müsahibimin qayğılı, mehriban və səmimi çöhrəsinə diqqət yetirdim. Fikirləşdim ki, 55 yaş nədir ki, Əhliyət müəllim hələ bundan sonra daha müfəssəl, daha yeni nailiyyətlərə imza atacaq. Ona uzun ömür, möhkəm cansağlığı, tutduğu bu müqəddəs yolda  sonu bitib-tükənməyən uğurlar arzulayıb ondan ayrıldım. 

Müsahibəni apardı:
Nizami MİRZƏ

 
 
Bookmark and Share  
 
Səhifənin başına qalx Nömrənin müdəricatına dön"Müsahibələr" bölməsinə get Səhifənin başına qalx  

HEYDƏR ƏLİYEV

İLHAM ƏLİYEV

MEHRİBAN ƏLİYEVA

HEYDƏR ƏLİYEV
FONDU

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ

 
 

BİZ TORPAQLARIMIZA QAYIDACAĞIQ!

XANKƏNDİ 26.12.1991
XOCALI 26.02.1992
ŞUŞA 08.05.1992
LAÇIN 18.05.1992
XOCAVƏND 02.10.1992
KƏLBƏCƏR 04.04.1993
AĞDƏRƏ 07.07.1993
AĞDAM 23.07.1993
CƏBRAYIL 23.08.1993
FİZULİ 23.08.1993
QUBADLI 31.08.1993
ZƏNGİLAN 29.10.1993
 
 
 
Ermənistanın 1991-1993- cü illər ərzində ölkəmizə hərbi təcavüzü nəticəsində ümumilikdə 288 uşaq baxçası, 799 ümumtəhsil məktəbi, 11 texniki-peşə məktəbi, 1 ali məktəb, 2 ali məktəb filialı, 9 orta ixtisas məktəbi dağıdıldı.
 
 

 

 

2007 - 2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə
DÖVLƏT PROQRAMI

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi
KURİKULUM PORTALI

 

Azərbaycan Respublikası
TƏHSİL PORTALI

 Copyright 2011 ©  All Rights Reserved.
Created and supported by
Mehman Shafagatov