Azərbaycan
müəllimləri öz peşə bayramlarını 1993-cü ildən
qeyd edirlər. Bu bayram bir müəllim kimi mənə də
əzizdir və mən də minlərlə həmkarım kimi hər il
onun gəlişi ilə sevinirəm. Lakin builki bayramı
yəqin ki, ömrüm boyu ən xoş gün kimi
xatırlayacağam. Çünki bu il peşə bayramımız
ərəfəsində bir qrup müəllimlə birlikdə mən də
möhtərəm Prezidentimizin sərəncamı ilə "Əməkdar
müəllim" fəxri adına layiq görülmüşəm.
Sevincimin həddi-hüdudu yoxdur. Bu sevinci mənə
bəxş edən Prezidentimizə dərin minnətdarlığımı
bildirirəm.
Mən Nailə Nemət qızı Bağırova 1957-ci il
avqustun 24-də Bakı şəhərində ziyalı ailəsində
anadan olmuşam. 1964-cü ildə Bakı şəhəri Yasamal
rayonunda yerləşən 158 nömrəli orta məktəbi "yaxşı"
və "əla" qiymətlərlə bitirmiş, 1976-cı ildə
Azərbaycan Xarici Dillər İnstitutunun (indiki
Azərbaycan Dillər Universiteti) ingilis dili
fakültəsinə daxil olmuşam. Universiteti
bitirdiyim 1981-ci ildən 1991-ci ilədək 1
nömrəli fizika-riyaziyyat təmayüllü məktəbdə,
1991-ci ildən isə Bakı şəhərindəki 27 nömrəli
orta məktəbdə ingilis dili müəllimi işləyirəm.
Bir müəllim kimi hər bir şagirdin dili mükəmməl
öyrənməsi üçün özümün bilik və bacarığımı
əsirgəmirəm. Şagirdlərim indi dünyanın müxtəlif
ölkələrində Azərbaycanı ləyaqətlə təmsil edirlər.
Məlumat üçün bildirim ki, xarici dillərin
tədrisi sahəsində aparılan islahatlar
nəticəsində 2005-ci ildə Azərbaycan
Respublikasında ilk dəfə olaraq ingilis dilinin
ümumtəhsil məktəblərinin bütün siniflərində
tədrisi məsələsi gündəmə gəldi və bu fənn
ibtidai siniflərin tədris planına daxil edildi,
milli "İngilis dili" dərslikləri yazıldı. Bu
dərsliklərin yazılmasında mənim də xidmətlərim
var. Belə ki, mən professor Natiq Yusifovla
birlikdə ibtidai siniflər üçün (I, II, III və
IV) dərsliklər və iş dəftərləri hazırlamışıq. Bu
dərsliklər və dərs vəsaitləri Təhsil
Nazirliyinin Elmi-Metodik Şurası tərəfindən
yüksək qiymətləndirilmişdir.
Təhsil Nazirliyi dərslik nəşri sahəsində
apardığı islahatlar nəticəsində 2008-ci ildə
Milli Kurikulum əsasında yeni dərslik
komplektlərinin (dərslik, müəllim üçün vəsait və
şagirdlər üçün iş dəftəri) hazırlanması
məqsədilə ikimərhələli tender elan etdi. Mən
Natiq Yusifovla birlikdə "KÖVSƏR" nəşriyyatında
I siniflər üçün "İngilis dili" komplektini
hazırlayıb tender komissiyasına təqdim etdim.
Nəticədə, dərsliklər Dərslikləri Qiymətləndirmə
Şurası tərəfindən yüksək qiymətləndirilərək nəşr
edildi.
2008-ci ildə Təhsil Nazirliyinin keçirdiyi "Ən
yaxşı müəllim" müsabiqəsində iştirak edərək
qalib gəlmişəm və Azərbaycan Respublikası
Prezidentinin sərəncamı ilə 5000 manat
birdəfəlik pul mükafatı almışam.
2008-ci ildə Təhsil Nazirliyi sistemində "İngilis
dili"nin intensiv tədrisi ilə əlaqədar 7 pilot
məktəbində başlanmış kurslarda mən də fəal
iştirak etmiş və sertifikatlar almışam.
2011-ci ilin iyul ayında (8-dən 20-dək) Bakı
Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Kiprdə
Doğu Akdeniz Universitetində keçirilmiş "Kurikulum,
texnologiya və metodologiya" kursunda iştirak
etmişəm və sertifikat almışam.
Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının üzvüyəm.
15-dən artıq dərsliyin, dərs vəsaitinin, müəllim
üçün metodik vəsaitin müəllifi olmaqla yanaşı,
həm də redaktoruyam. Mən aldığım "Əməkdar
müəllim" adını da məhz çoxillik pedaqoji
fəaliyyətimə, xüsusən də Milli Kurikulum
əsasında hazırlanan dərsliklərin nəşrindəki fəal
iştirakıma, Elmi-Metodiki Şuradakı fəal işimə
verilən qiymət kimi dəyərləndirirəm.
Nailə BAĞIROVA,
Bakıdakı 27 nömrəli tam orta məktəbin ingilis
dili müəllimi |