Mən
1948-ci ildə Hüseyn Cavidlər, Cəlillər
yetişdirən bir torpaqda, Naxçıvanda dünyaya göz
açmışam. 1966-cı ildə orta məktəbi qızıl medalla
bitirib arzuların,xəyalların qanadında Bakı
şəhərinə gəlmişəm. Bakı Dövlət Universitetinin
fizika fakültəsinə daxil olub, 1971-ci ildə
oranı bitirmişəm. 1972-ci ildən Bakı şəhəri
Nizami rayonundakı 201 nömrəli orta məktəbdə
pedaqoji fəaliyyətə başlamışam. 1981-1995-ci
illərdə həmin məktəbdə təlim-tərbiyə işləri üzrə
direktor müavini vəzifəsində işləmişəm. 2000-ci
ilin yanvar ayından isə 201 nömrəli məktəbin
direktoru vəzifəsinə təyin olunmuşam.
Kollektivin mənə göstərdiyi etimadı doğrultmaq
üçün bu illərdə əlimdən gələni etməyə çalışmışam.
2000-ci ildə rayonda ən geridə qalmış məktəb
kimi tanınan 201 nömrəli məktəbin qabaqcıllar
sırasına çıxması üçün var qüvvəmizlə kollektivlə
birgə çalışmışıq. Hazırda məktəbimizdə təlim-
tərbiyə işlərinin uğurla yerinə yetirilməsi üçün
hər cür şərait yaradılmışdır. Ümummilli lider
Heydər Əliyevin və onun layiqli davamçısı
Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyevin təhsilimizə göstərdiyi qayğı
müəllim kollektivimizi daim inkişaf rejimində
işləməyə ruhlandırır. Məktəbimizin nailiyyətləri
çoxdur. Şagirdlərimiz fənn olimpiadalarında,
müxtəlif müsabiqələrdə uğurla çıxış edirlər. Son
dörd ildə ali məktəblərə qəbul üzrə
göstəricilərin dinamik inkişafı məktəbdə təlimin
keyfiyyətinin yüksəlməsindən xəbər verir.
Məktəbimizdə şagirdlərin mənəvi tərbiyəsində
mühüm rol oynayan maraqlı tədbirlərin təşkilinə
xüsusi diqqət yetiririk. 2009-cu ildə "Uşaq ili"
ilə əlaqədar keçirdiyimiz "Dünya sənin, dünya
mənim, bizlər isə bu vətənin", 2010-cu ildə "Ekologiya
ili" ilə bağlı "Gəlin dünyamızı qoruyaq" kimi
tədbirlər maraqla qarşılanmışdır.
Məktəbimizin mehriban kollektivi var. 1375 nəfər
şagirdin təlim - tərbiyəsi ilə 115 nəfər müəllim
məşğul olur. Qabaqcıl müəllimlərimizdən
S.Əhmədova, A.Xəlilova, D.Cəfərov, N.Əliyeva,
M.Əliyeva, A.Kərbəlayeva, Z.Əliyeva,
X.Ələkbərova, S.Abbaszadə və b. göstərmək olar.
2011-ci ildə tarix müəllimi Dahid Cəfərov "Ən
yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur.
Məktəb kollektivi təlimin keyfiyyətinin
yüksəldilməsində, müasir tələblərə cavab verən
dərslərin keçilməsi üçün müxtəlif
texnologiyalardan, elektron dərsliklərdən
bacarıqla istifadə edir. Məktəbdə 5 kompüter
otağı, 66 kompüter şagirdlərin istifadəsinə
verilmişdir.
2009-cu ildən məktəbimiz AFFA-nın "Futbol
həyatdır" layihəsinə qoşulmuşdur. Qız futbolunu
inkişaf etdirmək məqsədilə qızlardan ibarət
"Fidan-201" futbol komandası yaradılmışdır.
Həmin komandanın üzvlərindən bir neçəsi 17
yaşlılar üzrə Azərbaycanın milli yığma futbol
komandasına qəbul edilmişdir. 2010-cu ildən
məktəbimiz yaradılan yaxşı şəraitə görə
AFFA-nın qızlardan ibarət komandasının baza
məktəbi kimi fəaliyyət göstərir.
Məktəbdə fəaliyyət göstərən "Palitra" adlı rəsm
dərnəyinin üzvləri müxtəlif müsabiqələrdə uğurla
çıxış edərək qalib olmuşlar.
Hazırda biz müəllimlər respublikamızın
Prezidenti İlham Əliyev cənablarının
təhsilimizin inkişafı üçün məktəblərdə yaratdığı
şərait və imkanlardan bacarıqla istifadə edərək
qurub-yaratmaq eşqiylə yaşayır, müqəddəs
tərbiyə ocağımızı göz bəbəyimiz kimi qorumağa
çalışırıq.
Beynəlxalq müəllim günü ərəfəsində mən də
ölkəmizin bir qrup təhsil işçisi ilə birlikdə
möhtərəm Prezidentimizin sərəncamı ilə "Əməkdar
müəllim" fəxri adına layiq görülmüşəm.
Mənə fəxri adın verilməsini, düzü, heç
gözləmirdim. Təbrik etmək üçün zəng edənlərdən
eşitdiyim bu şad xəbər məni həyəcanlandırdı.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin
qayğı və diqqəti mənə bir müəllim kimi, bir ana,
bir vətəndaş, bir tərbiyəçi kimi çox xoşdur. Bu
diqqətə, bu qayğıya görə Prezidentimizə öz
minnətdarlığımızı bildirirəm. Mənə verilən bu
yüksək şərəfli ad gələcək fəaliyyətim üçün bir
enerji mənbəyidir.
Süsən SALMANOVA,
Bakıdakı 201 nömrəli tam orta məktəbin direktoru |