Digər
peşə-ixtisas sahibləri kimi təhsil sahəsində
çalışanlar da hər il öz peşə bayramlarını - 5
Oktyabr Beynəlxalq Müəllimlər Gününü təntənə
ilə qeyd edirlər.
Təhsilin, müəllimin cəmiyyətin inkişafındakı
böyük rolunu yüksək qiymətləndirən, təhsilə,
təhsil işçilərinə daim xüsusi diqqət və qayğı
göstərən dövlətimizin başçısı möhtərəm
Prezidentimiz İlham Əliyev hər il olduğu kimi
bu il də peşə bayramları ərəfəsində təhsil
sahəsində xidmətləri olan xeyli təhsil işçisini
"Tərəqqi" medalı ilə təltif edib, bir qrup
müəllimə "Əməkdar müəllim" fəxri adı verib.
Pedaqoji ictimaiyyətimizin böyük rəğbətlə
qarşıladığı bu təltiflər, təbii ki, müəllimlərin
bayram sevincini qat-qat artırıb. Bu günlər belə
ikiqat sevinc - həm bayram, həm də mükafat
sevincini yaşayanlardan biri də mənəm. Belə ki,
möhtərəm Prezidentimizin 3 oktyabr 2011-ci il
tarixli sərəncamı ilə mən də "Tərəqqi" medalı
ilə təltif olunmuşam.
Uzun illərdir ki, təhsil sahəsində çalışıram.
1999-cu ildən Bakının Binəqədi rayonundakı 244
nömrəli tam orta məktəbə rəhbərlik edirəm.
Pedaqoji fəaliyyətimlə yanaşı, ölkənin siyasi
həyatında da yaxından iştirak edirəm. Xeyli
müddətdir ki, 8 nömrəli Binəqədi 1 saylı seçki
dairəsinin sədriyəm.
Pedaqoji sahədəki fəaliyyətim, dövlətçiliyimizə
xidmətlərim dəfələrlə ən müxtəlif səviyyələrdə
qiymətləndirilib. Təhsil Nazirliyinin "Qabaqcıl
təhsil işçisi" döş nişanına, fəxri fərmanlarına,
Binəqədi Rayon İcra Hakimiyyətinin fəxri
fərmanlarına layiq görülmüşəm. Lakin "Tərəqqi"
medalı zəhmətimə verilən ən böyük qiymət, dövlət
təltifidir. Mən bunun üçün, eləcə də təhsilimizə
göstərdiyi diqqət və qayğıya görə Azərbaycan
Prezidenti cənab İlham Əliyevə dərin
minnətdarlığımı bildirirəm. Belə yüksək
mükafatları biz müəllimlər dövlətimizin etimadı
kimi dəyərləndirir, daha fəal çalışmaq üçün
böyük stimul hesab edirik.
Əlbəttə, layiq görüldüyüm mükafatı həm də bir
kollektiv rəhbəri kimi məktəbimizin fəaliyyətinə,
son illər qazandığımız uğurlara verilən yüksək
qiymət hesab edirəm. 1999-cu ildə direktor təyin
olunandan sonra öz fəaliyyəti, uğurları ilə o
vaxt o qədər də fərqlənməyən məktəbimizi
kollektivin köməyi ilə qısa müddət ərzində
paytaxtımızın ən yaxşı ümumtəhsil
müəssisələrindən birinə çevirməyə nail olmuşam.
Pedaqoji sahədə çalışmaqla yanaşı uzun illərdir
ki, həm də elmi fəaliyyətlə məşğulam.
Azərbaycanda orta təhsilin sosial -fəlsəfi
problemlərinə dair araşdırma apararaq
dissertasiya müdafiə edib, fəlsəfə doktoru
alimlik dərəcəsi almışam. Üç elmi əsərin
müəllifiyəm, bir neçə monoqrafiyam çap olunub,
15-ə qədər elmi məqaləm xarici mətbuatda dərc
edilib.
Məktəbimizin də son illər uğurları artıb. Tədris
ocağımız 2008-2009-cu tədris ilində möhtərəm
Prezidentimizin müvafiq sərəncamına əsasən
keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi"
müsabiqəsində qalib gələrək 10000 manat
birdəfəlik pul mükafatı alıb.
Bir müəllimimiz "Əməkdar müəllim", üç
müəllimimiz "Ən yaxşı müəllim" müsabiqəsinin
qalibdir.
Hər il məzunlarımızın böyük əksəriyyəti yüksək
balla ölkənin və xarici dövlətlərin ali
məktəblərinə qəbul olunur. Bu il 92 məzunumuz
tələbə adını qazanıb. Onlardan 13-ü xarici
ölkələrdə oxuyur, 18 nəfər orta ixtisas
məktəblərinə qəbul olunub. Məzunlarımızdan 5-i
qəbul imtahanlarında 600-dən çox, 20 nəfər isə
500-600 arasında bal toplayıb.
İdman sahəsində də böyük uğurlara imza atmışıq.
Məktəbimiz 13 ildir ki, dalbadal Binəqədi rayonu
məktəblilərinin spartakiadasında I yeri tutur.
Hazırda məktəbimizdə 1500-dən çox şagird təhsil
alır, onların təlim-tərbiyəsi ilə 200-ə yaxın
müəllim məşğul olur. Məktəbimizdə mövcud olan 3
kompüter otağı İKT-nın tədrisə tətbiqinə imkan
verir. Müəllimlərimizin 90 faizi İKT üzrə
treninqlərdən keçib. Bütün bunların nəticəsidir
ki, yeni dərs ilinə uğurla başlamışıq.
Layiq görüldüyüm yüksək dövlət mükafatı,
şübhəsiz, daha səmərəli fəaliyyət üçün stimul
olacaq, etimadı doğrultmaq üçün daha səylə
çalışacağıq.
Yəhya ABBASOV,
Bakıdakı 244 nömrəli tam orta məktəbin direktoru
|