"...
1911-ci ildə oktyabrın 15-də Cənubi Azərbaycanın
Sərab mahalının Evə kəndində yoxsul bir ailədə
dünyaya gəldim. Atam Əjdər, anam Zəhra gün
çıxmamışdan tarlaya gedər, əkin-biçinlə məşğul
olub qaranlıq düşəndə evə dönərdilər. Atam bəzən
məni də, böyük qardaşımı da zəmiyə aparardı.
Ağır işləri özü görərdi. Biz də gücümüz çatandan
ona kömək edərdik. 1911-ci ildə Səttarxan
inqilabı yatırıldıqdan sonra gün-güzaranı onsuz
da ağır olan xalqın vəziyyəti daha da pisləşdi.
Aclıq ailələri girdabına aldı. Ailəmizdən
əvvəlcə babam, kiçik bacım, sonra anam Zəhra
aclığa tab gətirməyib dünyalarını dəyişdilər.
Kənddə ən dəhşətli hadisə baş verdi. Bayramlarda
bizə rəngli yumurta, dadlı qoğallar verən bir
qadın aclığa dözməyib ikiaylıq körpəsini yemişdi.
Dəli olan bu qadını kənd sakinləri daşqalaq
edərək öldürdülər.
Dərd-ələm içində yaşayan atam Quzey
Azərbaycanına üz tutdu. Atam, qardaşım və mən
pay-piyada Bakıya gəlib çatdıq. Burada da həyat
üzümüzə gülmədi. İş axtaran atam yorğan-döşəyə
düşüb vəfat etdi.
Bu dəhşətli xəbəri eşidəndə 9 yaşım vardı.
Dizimin taqəti kəsilib, yerə yıxıldım. Göz
yaşlarım torpağa süzüldü. Atamı son mənzilə yola
sala bilmədim. Sonradan məzarını axtarsam da,
bütün səylərim, sorağım bir nəticə vermədi.
Aradan bir müddət keçəndən sonra qardaşımı
itirdim. Zabratda bir ailənin qoyun-quzusunu
otardım...
Mən burada dayımı axtarıb tapmışdım. Onun da
güzəranı ağır idi. Odur ki, çətinliklə də olsa,
özüm-özümü dolandırdım. Sonradan Mantaşevin
mədənində işə düzəldim. Nəhayət, Azərbaycanda
sovet hakimiyyəti quruldu. Mən təhsil aldım.
Yaşadığım həyat tərzi məni bir tərəfdən əzsə də,
digər tərəfdən ədəbiyyata meylimi artırmışdı.
Gecə-gündüz vaxt tapdıqca mütaliə edirdim.
Ədəbiyyata vurğunluq məni Zabratdakı yazıçı
Seyid Hüseynin rəhbərlik etdiyi dərnəyə gətirdi.
Ədəbiyyata əvvəlcə şeirlə gəldim. Sonra ilk
hekayəm "Zəhra" qəzetdə çap olundu...
Ağlım kəsəndən daim dərin bir uçurumun kənarı
ilə yeriyib, addımlamışam. Təsadüf nəticəsində
dibi görünməyən uçuruma yuvarlanmayaraq sağ
qalmışam..."
Mirzə müəllimin özünün görüşlərdən birində
danışdığı Əkrəm Qaflanoğlu tərəfindən qələmə
alınmış bu acı həyat hekayətini professor Teymur
Əhmədovun tərtibçiliyi ilə hazırlanmış "Mirzə
İbrahimov müasirlərinin xatirələrində" adlı
kitabından oxuyub məyus bir halda dərin xəyala
dalmışdım... Bu ara əl telefonum zəng çaldı.
Yazıçının qızı - bəstəkar, professor, xalq
artisti Sevda İbrahimova idi... Mirzə
İbrahimovun 100 illiyi ilə bağlı qəzetimiz üçün
yazı hazırlamalı idim. Ondan da atası barədə
xatirələrini danışmasını xahiş etmişdim. Vaxt
itirmədən Üzeyir Hacıbəyli adına Bakı Musiqi
Akademiyasına yollandım. Burada Sevda xanımla
dərs dediyi auditoriyada görüşdüm. O, əvvəlcə
müxtəlif illərdə, müxtəlif mətbuat orqanlarında
Mirzə müəllim haqqında çap olunmuş yazıları,
sonra isə özünün yazdığı "Atama çatmayan məktub"
adlı yazısını və kiçik bir şəklini mənə verdi.
Mən də Təhsil Nazirliyi tərəfindən bu il nəşr
edilmiş, tərtibçilərdən biri olduğum "Azərbaycanın
təhsil nazirləri" kitabını ona təqdim etdim.
Həmin kitabda Mirzə müəllimin 1942-1946-cı
illərdə Azərbaycan SSR xalq maarifi komissarı
işləməsi barədə də yazı və şəkilləri verilib.
Sevda xanım nəfis şəkildə tərtib edilmiş
kitabın ərsəyə gəlməsində əməyi olan bütün
insanlara təşəkkür etdi.
Atama
çatmayan məktub
Sevda İBRAHİMOVA, bəstəkar
Ana və ata... Mənim üçün bu iki söz ayrılmazdır.
Çünki onlar bir-birinə ağlasığmaz dərəcədə bağlı
idilər, onların məhəbbəti göylər qədər uca,
təmiz və əbədi idi. Mən dünyaya göz açandan bu
məhəbbətin ab-havası ilə boy atmış, bu
məhəbbətin, sözlü-musiqili məhəbbətin gözəlliyi
indi də mənim daxilimdə yaşayır. İnsana Allah
tərəfindən gözəl nemət bəxş edilən bu məhəbbət
insanın son dəqiqəsinə qədər onunla olur, həm
gözəl, işıqlı günlərində, həm də qüssəli,
kədərli anlarında...
Mənim ilk xatirələrim söz və musiqi sədaları ilə
bağlıdır. Babam Qurban Primovun ilhamlı,
bənzərsiz çalğısı, onun özünəməxsus zarafatları
unudulmazdır.
Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət
Konservatoriyasını bitirmiş ilk azərbaycanlı
pianoçu qadınlardan biri, çox fədakar və
qayğıkeş ana, sədaqətli, vəfalı həyat yoldaşı,
ziyalı Azərbaycan xanımı, əsl Azərbaycan
qadınına aid olan bütün gözəl keyfiyyətlər -
əziz anam Sara xanım Primovaya məxsus idi.
Azərbaycan xalq mahnıları, Üzeyir Hacıbəyovun,
Baxın, Bethovenin, Şopenin musiqisinin sədaları
bizim evdə həmişə səslənirdi.Və əlbəttə, bizim
evdə Azərbaycan və dünya ədəbiyyatının,
poeziyasının inciləri ilə tanışlıq, gözəl
incəsənət əsərləri haqda, teatr tamaşaları və
konsertlər haqda şirin söhbətlər olardı...
Bu xatirələr mənim üçün çox əziz, çox sevimli
bir insan -atam Mirzə İbrahimovla bağlıdır.
Bəlkə də "xatırlayıram" sözü burada lazım deyil,
çünki o, həmişə mənimlədir, onun sönməz və
işıqlı məhəbbəti mənim ürəyimdədir, beynimdədir.
O, gözəl insan, gözəl həyat yoldaşı, gözəl ata,
gözəl baba idi. Öz xalqını, torpağını sevərdi-
sevərdi ülvi məhəbbətlə. Həyatı, insanları,
təbiəti, bəşəri sevərdi - sevərdi ülvi
məhəbbətlə. Ürəyi açıq idi- bütün səmimi, təmiz
qəlbli insanlara. Möhkəm iradə və incəlik,
cəsarətli və mərd, çox geniş bilikli və
intellektual, böyük mənəviyyat dünyası və
həssaslıq - ümumiyyətlə insana xas olan bütün
yüksək keyfiyyətləri özündə cəmləşdirirdi.
Onun uşaqlarla danışmağı, onları əzizləməyi bir
nağıl idi!
O, ömrünün lap axır günlərində Füzulinin
qəzəllərini əzbər elə ifadəli deyərdi ki! Ondakı
ensiklopedik bilik ağlasığmaz idi. Onunla söhbət
edəndə, onun həm ədəbi, həm tarixi və
ümumiyyətlə böyük dünyagörüşü adamı heyran
edirdi.
Onun anamla münasibəti olduqca böyük, dərin
məhəbbətin təzahürü idi. 37-ci illərdə anamın
barmağına nişan üzüyünü Nigar xanım Rəfibəyli
taxmışdı. Atam onu həmişə Nigar bacı deyə
çağırırdı. Çünki onun ilk doğmaları Üzeyir
Hacıbəyov, Səməd Vurğun, Rəsul Rza, Nigar
Rəfibəyli, Sabit Rəhman olmuşlar. Və məhz bu
dahilər atam və anamın xeyir işlərinin (buna
indiki mənada toy demək olmaz) təşəbbüskarları
olmuş, 1938-ci il dekabrın 4-də Qurban Primovun
evində balaca bir məclis təşkil edib, anam Sara
xanım Primovanı Vidadi küçəsi ev 98-dən atam
Mirzə İbrahimovun Xaqani küçəsi 19 saylı
evindəki mənzilinə gəlin gətirirlər. Bu mənzil
atamın ilk mənzili oldu. O vaxta qədər onun evi
yox idi. Kirayə qalırdı. Atam Ali Sovetin sədri
olduğu zaman ona daha geniş mənzil təklif
etmişdilər. Anam isə "mən bu mənzilə gəlin
gəlmişəm, buradan da son mənzilə gedəcəyəm" dedi.
Elə oldu ki, mənim də nişanımda anam xahiş etdi
ki, barmağıma nişan üzüyünü Nigar xanım taxsın!
Bilmirəm bu təsadüfdü, ya nədir? Ancaq, həyatda
mənim ailə xoşbəxtliyim o vaxtdan başladı...
Xalqımızın 90-cı illərdə başına gələn
müsibətləri, Qarabağ faciəsini çox böyük
həyəcanla, ağrı ilə duyur və böyük narahatçılıq,
iztirab keçirirdi. Vertolyot qəzası onun
səhhətinə yeni bir zərbə endirdi.
Ömrünün son illərində onun ürəyinin bütün nazik
telləri tarım və gərgin halda idi. Xalqına,
torpağına olan məhəbbət hissi onda bütün
hisslərdən öndə idi.
O, səhhətinin çox ağır vəziyyətində belə, bu
müsibətləri unutmur, əksinə, daha çox
nigarançılıq çəkirdi. Ancaq onun optimist
təbiəti, gələcəyə inamı itmirdi, Azərbaycan
xalqının işıqlı, gözəl gələcəyinə inanırdı.
Cənubi Azərbaycana məhəbbəti böyük idi!
Deyirdi ki, qızım, görəsən apara biləcəyəmmi
sizi Təbrizə?
Akademiyadakı şöbəsinə böyük həvəslə gedirdi.
Çünki orada o, səmimi istiliyi, məhəbbəti hiss
edərdi.
Heç unuda bilmirəm, onu torpağa tapşıranda, mən
arxamda bir qadının ağlayaraq: "atamız getdi" -
sözünü eşitdim. Mən ondan soruşdum ki, siz onu
tanıyırsız? O dedi ki: "mən uşaq evində
böyümüşəm. 50-ci illərdə, Mirzə müəllim Ali
Sovetin sədri olanda, hər ay bizə meyvədən
tutmuş bütün ərzaq mallarını göndərərdi. Biz onu
həmişə ata deyə çağırardıq". Mənim xatirimdədir,
anam deyərdi ki, atam Ali Sovetdən aldığı maaşı
da uşaq evlərinə göndərərdi.
Mənim musiqiçi olmağımda mənim doğmalarımın,
yaxınlarımın, həmçinin böyük və sevimli
müəllimlərimin əməyi danılmaz və unudulmazdır.
Lakin sənət aləminə bağlılıq, vurğunluq, ilk
növbədə, mənim əziz atamla bağlıdır. Yazdığım
musiqiləri, ilk növbədə, ona çalardım və o məni
yeni əsərlər üzərində işləməyə həvəsləndirirdi.
Deyirdi: "Qızım, otur işlə, əsl
səadət-yaradıcılıqdadır. Əsərin hansı səbəbdənsə
indi ifa olunmasa da, nə vaxtsa çalınacaq. Ancaq
o şərtlə ki, böyük həvəslə, böyük ürəklə,
məsuliyyət və ciddiliklə işləyəsən".
Çox sevinirdi atam, mənim əsərlərim səslənəndə!
Mənə yazdığı məktublardan:
"Əziz qızım Sevda! İnsan üçün ən böyük səadət
sevdiyi işlə məşğul olmaqdır. Sən isə Oqtayı
sevirsən (onu sevməmək olmaz!) yazmağı da
sevirsən, çalışmağı da, müəllimliyi də.
Müəllimlik! Yazıçılıqdan sonra mənim ən yüksək
tutduğum bir sənətdir. Çalış, qızım, uşaqlarla o
qədər həssas ol ki, onların ürəyindəki
qığılcımları alovlandıra biləsən. Ondan sonra
özləri irəliləyəcək. Gələcəkdə onların
parladığını, xoşbəxt olduğunu gördükdə isə yüz
qat artıq sevinəcəksən 10.02.66".
"Əziz balam Sevda! Bu gün sənin anadan olduğun
gündür. İyirmi üç il bundan əvvəl səni, körpə
vaxtında necə istəyirdiksə, indi də elə və daha
artıq... Səni təbrik edirik sevimli qızımız.
Xoşbəxt ol! Balacanı öp.
Anan - Sara Primova
Atan - Mirzə İbrahimov 28.11.62".
Bu il oktyabrın 15-də mənim əziz atamın 100
yaşı tamam olur. Vaxtından tez olsa da, mən bu
günü yad edirəm və yazımı atama çatmayan
məktubla bitirirəm:
"Mənim əzizim, çox mehriban, qayğıkeş və sevimli
atam!
Bu gün, oktyabrın 15-i sənin anadan olduğun
gündür. Mən səni körpə vaxtımda necə
istəyirdimsə, indi də elə və ondan da artıq...
sonsuz bir məhəbbətlə səni sevdiyimi demək
istəyirəm. Mən o zamanlar, sən bizimlə olanda,
bu məhəbbəti sənə tam dolğunluqla bildirə
bilmirdim, hətta səni qucaqlayıb öpəndə də mən
utanırdım, sıxılırdım. İndi isə zamanın sürətli
axınında, mən sənin məhəbbətini, sənin işıqlı
surətini daha da dərindən duyur və hiss edirəm.
Hiss edirəm ki, sənin və gözəl anamın məhəbbət
işığı mənim daxilimdədir. Mənim şad və fərəhli
anlarımda, mənim kədərli və qəmli anlarımda siz
mənimləsiniz. Sizin mənə bəxş etdiyiniz gözəl
günləri, saatları indi, mən daha tez-tez
xatırlayıram və deyirəm:
"Allah, şükür! Şükür ki, sən mənim həyatımı bu
insanlarla bağladın və mənə bu qədər xoşbəxtlik
bəxş etdin.
Səni, mənim əziz atamı, hər an ürəyində yaşadan,
ülvi bir məhəbbətlə sevən qızın Sevda"
İyun 2001-ci il.
Sentyabr 2011-ci il.
Yaradıcılıq
meridianları
ANAR, xalq yazıçısı
...Neçə illər bundan öncə mən Azərbaycan Teatr
Cəmiyyətinin salonunda xalq yazıçısı Mirzə
İbrahimovla yanaşı oturmuşdum. Tədris teatrının
gənc aktyorları hansısa tamaşadan səhnə
göstərirdilər. Onlar bu gənclər teatrına məxsus
yaradıcılıq manerasında - ehtirasla, bir az da
coşqunluqla oynayırdılar. Səhnə mizanı elə
düzülmüşdü ki, aktyorlar tamaşaçılara qarışmış,
onları səhnədə cərəyan edənlərə qoşmuşdular.
Birdən biz oturduğumuz yerin lap yaxınlığında
bərkdən atəş səsləri eşidildi. Hamımız
diksindik. Aktyorlardan kimsə yıxıldı, kimsə
qışqırdı. Tamaşaçılar özlərinə gəlib təzəcə
gülümsəməyə, sakitləşməyə başlamışdılar ki,
qəfildən yenə atəş səsləri təkrar eşidildi. Yenə
də hamı diksindi. Bu bir neçə dəfə təkrar
olundu. Mirzə müəllim mənə sarı əyilərək astadan
soruşdu:
Bilmirsən, hələ neçə dəfə atəş
açacaqlar?-gülümsədi və əlavə etdi: - Nəsə son
zamanlar məni atəşlər təqib edir.
1980-ci ildə yazılmış bu məqalə o vaxt
"Literaturnaya qazeta"nın səhifələrində dərc
olunmuşdur. Azərbaycan dilində ilk dəfə çap
olunur.
Məsələ ondadır ki, Mirzə İbrahimov bundan iki-üç
həftə öncə Kiprdə keçirilən beynəlxalq konqresdə
Asiya və Afrika Ölkələri ilə Həmrəylik
Komitəsinin sədri kimi SSRİ nümayəndə heyətinə
rəhbərlik etmişdi. Həmin konqresdə faciəli
hadisələr baş vermiş, Yusif Əs-Sibai
terroristlər tərəfindən öldürülmüşdü.
Nədənsə, Mirzə müəllimin həmin sözləri yadımdan
çıxmır. Mənə belə gəlir ki, Mirzə İbrahimovun
mürəkkəb və çoxtərəfli şəxsiyyəti, onun ictimai
fəaliyyətinin diapazonu və sadəcə, insani
keyfiyyətləri haqqında mülahizələrdə bu sözlər
yardımçımız ola bilər.
Bir insan və yazıçı kimi Mirzə İbrahimovun
mürəkkəb tərcümeyi-halının əsas mahiyyətini onun
ictimai fəaliyyətinin diapazonu təşkil edir...
Karel göllərindən Kuril adalarına qədər, Orta
Asiya səhralarından Moldoviyanın üzüm bağlarına
qədər bütün SSRİ-ni başdan-başa gəzmiş, Yer
kürəsinin əsas qitələrində olmuş, Azərbaycanın
demək olar ki, hər bir qəsəbəsini, kəndini
görmüşdür...
O, demək olar ki, bütün ədəbi janrlara müraciət
edib. Momumental romanlar, povest və hekayələr
onun yaradıcılığının əsasını təşkil edir... Onun
yol qeydlərinin coğrafiyası Avropa, Asiya,
Afrika ölkələrini əhatə edir, oxucular müəlliflə
birlikdə Stokholmdan Dakara, Parisdən və
Əlcəzairdən Kəlküttəyə, Ranquna və Banqkoka
səyahət edir...
Mən Mirzə İbrahimov haqqında qeydlərimi teatr
axşamı haqqında xatirələrlə başladım. Bilmirəm,
öz fikrimi çatdıra bildimmi, bu kiçik epizodda
yazıçını dərk üçün xarakterik olan cəhəti izah
edə bildimmi? Bu cəhət, fikrimcə, ondan
ibarətdir ki, Mirzə İbrahimovun taleyində böyük
və əhəmiyyətli işlərlə adi və gündəlik hadisələr
sıx surətdə bir-birinə qarışmışdı. O, böyük
əhəmiyyətə malik tarixi proseslərin və yalnız
Azərbaycan Yazıçılar İttifaqının ədəbi həyatı
üçün maraq kəsb edən hadisələrin iştirakçısı
olmuşdur. Gənclərin tamaşasında eşitdiyi "atəş"
səslərinin M. İbrahimova Kiprdə baş verən, bütün
dünyanı sarsıtmış hadisəni xatırlaması da,
dediyim kimi, yazıçının ictimai diapazonundan,
əgər belə demək mümkünsə, onun coğrafi
miqyasından xəbər verir. Bu, eyni zamanda onun
daxili, mənəvi həyatının parametrləridir...
Düşünürəm ki. bu mürəkkəb, sınaqlarla dolu həyat
yolu yalnız Mirzə İbrahimovun yaradıcılıq
fərdiyyətinin deyil, həm də onun insani
müdrikliyinin təşəkkülünə səbəb olmuşdur.
Axı müdriklik yalnız hər şeyi başa düşüb heç
nəyə təəccüblənməməkdə deyil. Müdriklik həm də
ondadır ki, çox şeyi başa düşməklə bərabər,
təəccüblənmək, heyrətlənmək bacarığını da
itirməyəsən. Sanki həyatı hər gün yenidən kəşf
edəsən.
Kiprdə əsl tapançadan atəş açırdılar və sovet
nümayəndə heyətinin rəhbəri Mirzə İbrahimov
təmsil etdiyi böyük dövlətin nüfuzuna görə özünü
sakit və ləyaqətlə apardı. Təhsil teatrının
tamaşasında isə o, oyuncaq tapançanın atəş
səslərindən uşaq kimi diksindi.
Yəqin ki, elə müdriklik bundadır: əsl atəş
zamanı təmkinini pozmamaq, oyuncaq tapançaların
atəş səslərindən uşaq kimi diksinmək...
Mütəfəkkir
yazıçı
Nəriman HƏSƏNZADƏ, xalq şairi
Mirzə İbrahimov kimi şəxsiyyətlər hər xalqın
tarixi yaddaşında, ədəbi taleyində nadir adamlar
kimi dərin izlər qoyub gedirlər və ictimai
fikrin müəyyən məqamlarında onların yeri daha
aydın görünür. Cəmiyyətin aparıcı qüvvələri
olduqları bir daha sübuta yetirilir.
O
bir yazıçı olaraq, həmişə biz gənclərə nümunə
idi, örnək idı. "Yazıçının bir əsas vəzifəsi
var, o da yazmaqdı" deyirdi. O taylı-bu taylı
Azərbaycanın dəyanətli oğlu idi... Bütün
yaradıcılığında bölünmüş Azərbaycan yox, bütöv
Azərbaycan idealından bəhs edirdi. Millilik və
bəşərilik əsərlərinin leytmotiviydi. Çünki
humanist idi, insanpərəst və millətpərəst idi...
Mirzə İbrahimov SSRİ Ali Sovetinin deputatı
olduğu vaxt iclas salonunun yuksək kürsüsündən
Antik dövrün müdriklərindən misal çəkərək,
azərbaycanlıların qənimi və qisasçı, Sov.
İKP-nin Baş katibi Mixail Qorbaçovun üzünə
demişdir ki, Allah adamı bədbəxt etmək
istəyəndə, onun ağlını əlindən alır.
Uzaqgörənliklə deyilmişdi.
Mən bu sözləri ona görə yazıram ki, bu unudulmaz
insanla on ilə yaxın bir müddətdə eyni
təşkilatda işləmişəm. Buna görə qələm dostum,
filologiya elmləri doktoru, professor Teymur
Əhmədova minnətdaram. O, Mirzə müəllimlə Elmlər
Akademiyasında bir şöbədə işləyirdi. Həm də
"Azərbaycan" jurnalında şöbə müdiriydi. Mənim
ittifaqa getməyimə o səbəb oldu. Mirzə
müəllimdən xahiş etmişdi, o da sözünü yerə
salmamışdı. Gənc şair kimi yaradıcılığıma da
hörməti var idi. Məni "Azərbaycan" jurnalı
redaksiyasına, poeziya şöbəsinə işə götürmüşdü.
...Bir dəfə SSRİ Yazıçılar İttifaqının sədri
Nikolay Tixonov Moskvadan bizim ittifaqa, Mirzə
müəllimə zəng vurmuşdu. Deyirdi ki, Mirzə
Əjdəroviç (telefondan səsini eşidirdim), sizi
təbrik edirəm. Yuxarılarda yüksək səviyyədə
növbəti müzakirədən sonra Nəsimi türkmənlərin
yox, Azərbaycanın böyük şairi kimi qəbul edildi.
Siz də bunu sübut edirdiniz. Bir daha təbrik
etdi. Mirzə müəllim o qədər sevinmişdi ki, məni
də təbrik etdi. Və dedi ki, qabağa düşüb bizim
klassikləri Moskvada öz adlarına çıxırlar.
Şah İsmayıl Xətai məsələsində də belə olmuşdu.
Türkmənlər öz şairləri kimi kitab da
buraxmışdılar.Mirzə müəllim deyirdi, biz qardaş
xalqıq, amma gərək, problemlərə elmi və tarixi
yanaşılsın.
Mirzə müəllimin ədəbi görüşlərində dəfələrlə
iştirak və çıxış etmişəm. O böyük insana və
yazıçıya Cənubi Azərbaycanın rəmzi kimi
baxırdım...
Yazıçının istəklı qızı, sevimli bəstəkarımız bu
günlərdə mənə dedi ki, atam bir gün sizin "Sən
məni yad et" şeirinizi gətirdi ki, Sevda, şeir
xoşuma gəlir, bəlkə musiqi bəstələyəsən. Bu
mahnı ustadımızın xahişilə yarandı və bu gün də
bəstəkarın nəğməsi efirdə, ekranda oxunur...
...Mirzə müəllimi ilk dəfə hələ Gəncə Dövlət
Pedaqoji İnstitutunun ikinci kursunda, 1951-ci
ildə filologiya fakültəsində oxuduğum illərdə
görmüşdüm. Bizim institutda təntənəli görüşü
keçirildi. O vaxt ürəyimdən keçirirdim ki,
görəsən bu böyük sənətkarı yaxından görəcəyəmmi,
yaxından salam verəcəyəmmi? Sonra tale elə
gətirdi ki, bir yerdə işləyəsi olduq. Mənim
əsərlərim barədə dəyərli sözlərini yadigar qoyub
getdi. İndi mən onun haqqında xatirə yazıram.
Düz deyirlər ki, dünya dərkedilməzdi. Yəni dərk
elədikcə, dərkedilməzliyə gedib çıxır. Mirzə
müəllim də dünya kimi bəzən dərkolunmaz idi.
Amma bir şeyi dərk edirdim ki, belə sənətkarlar
sağlığında da, sonra da əlçatmaz olurlar...
Əbədiyaşar
sənətkar
Teymur ƏHMƏDOV, filologiya elmləri doktoru,
professor
Mən xalq yazıçısı, akademik Mirzə İbrahimovun
ilk aspirantı olmuşam. 1961-ci ildə Azərbaycan
Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat
İstitutunun aspiranturasına yenicə imtahan
verəndən bir neçə gün sonra institutun direktoru
Kamal Talıbzadə məni yanına çağırmışdı. Biz elmi
tədqiqatın istiqamətini dəqiqləşdirməli idik. Bu
zaman otağa orta boylu, gülərüz bir nəfər daxil
oldu. Bu, institutun ədəbi əlaqələr şöbəsinin
müdiri, mərhum Şıxəli Qurbanov idi. O, məni
təbrik edib hansı şöbədə aspirant olacağımla
maraqlandı. Mən Azərbaycan- erməni ədəbi
əlaqələri ilə məşğul olmalı idim. O,
qayğıkeşliklə dedi: Mən özüm də ədəbi əlaqələrlə
məşğul olmuşam, amma bu, elm deyil. Görürəm
yaxşı oğlansan, gəl milli ədəbiyyatımızla məşğul
ol. Maraqlı, öyrəniləsi mövzular çoxdur.
Onların məsləhəti ilə XX əsr Azərbaycan
ədəbiyyatı istiqamətində işləməyə razılıq
verdim. Mən bu gün də hər iki alimin qayğı və
diqqətini minnətdarlıq hissi ilə xatırlayıram.
İki gündən sonra Kamal Talıbzadə ilə görüşəndə
mənə dedi:--Teymur, əzizim, bilirsən nə var?
Sənin elmi rəhbərin Mirzə İbrahimov olacaqdır.
Bu gözlənilməz xəbərdən təsirləndim,
qeyri-ixtiyari öz narazılığımı bildirdimE Lakin
Kamal Talıbzadə məni dilə tutdu, onun ev telefon
nömrəsini verib təkidlə tapşırdı ki Mirzə
müəllimə zəng vurum. Ertəsi gün zəng vurdum,
dəstəyi özü götürdü, tanışlıq verdim, mülayim
səslə dedi: "Teymur bala, sabah saat 3-də gələ
bilərsənmi, evdə gözləyəcəm, gəl".
Ertəsi gün saat 3 tamamda qapının zənginin
düyməsinə toxundum, içəridən səs dəldi: xoş
simalı, bəstəboy qadın qapını açıb, "keçin
içəri"-dedi... Mirzə müəllim otağın sol
qapısından içəri daxil olub pəncərə tərəfdən
stolu çəkib əyləşdi, mənə dedi: "Əyləşin". Bu
ilk dörüşdə Mirzə müəllim ali məktəbi
bitirməyim, ixtisasım, işim-peşəmlə maraqlandı.
10-15 dəqiqəlik ilk görüşümüz başa çatdı. Bir ay
ərzində hər həftə eyni vaxtda, eyni qayda ilə
10-15 dəqiqəlik söhbət zamanı Mirzə müəllim mənə
bir neçə mövzu təklif etdi. Mən həmin mövzuların
kimsə tərəfindən işlənməsini bildirdim.
Birdən-birə o, N. Nərimanovun dramaturgiyası
mövzusunda tədqiqat aparılmasının vacibliyindən
danışdı, məsləhət gördü ki, bu mövzunu işləyim.
Mənə tapşırdı ki, işin planını hazırlayım...
Mirzə müəllim mənə N.Nərimanovun dram əsərləri
barədə ümumi bir məqalə yazmağı tapşırdı.
Universitetin filologiya fakültəsini bitirsəm
də, N.Nərimanovun yaradıcılığından xəbərsiz
idim. Çünki ali məktəbdə onun adını çəkməkdən
qorxurdular. O, millətçi təmayülçü kimi qadağan
olunmuşdu. 1953-cü ildən sonra vəziyyət
dəyişmişdi. 1956-cı ildə yazıçı Qılman Musayev
N.Nərimanovun seçilmiş əsərlərini nəşr
etdirmişdi. Bu kitabla ilk tanışlıqdan sonra
yazdığım məqaləni Mirzə müəllimə təqdim etdim.
Bir həftədən sonra görüşəndə Mirzə müəllim məni
çox acıqlı qarşıladı: "Ay bala bu nədir?
Dilinizə fikir verin" deyə, məqaləni mənə
qaytardı. Mən günahkar adam kimi nə deyəcəyimi
bilmədim, amma xəcalətdən tərləmişdim. Pillələri
enməmiş qapı ağzında Mirzə müəllimin göy
karandaşla iki-üç vərəqdə bəzi cümlələrin
altından xətt çəkdiyini, bir-iki sözü
düzəltdiyini gördüm. Məqaləni axıradək oxumağa
səbri çatmamışdı. Mənə ciddi qulaqburması olan
məqaləni indi də saxlayıram...
Aspiranturanın ikinci ili, yay vaxtı Mirzə
müəllim soruşdu ki, havalar istiləşir,
istirahətə hara gedəcəksən?
Mən dedim ki, heç yerə getmək barədə düşünmürəm.
-Bəlkə Yazıçılar İttifaqından putyovka
götürəsən.
-Mən Yazıçılar İttifaqının üzvü deyiləm-dedim.
-
Sabah gedərsən Yazıçılar İttifaqına-dedi.
Tapşıraram sənə putyovka verərlər.
Ertəsi gün qardaşım pul verib təkid etdi ki, get
putyovkanı al. Mənə Krımın Koktebel (Göy təpə)
Yazıçılar evinə putyovka verdilər. Orada rusca
yazılmışdı: "Mirzə İbrahimovun ailə
üzvlərindən".
Mən elmi işimi başa çatdırdıqdan sonra makinada
yazdırıb Mirzə müəllimə təqdim etdim, özüm də
səbrim çatmadı ki, cavab gözləyəm, N.
Nərimanovun Qori seminariyası dövrünü
işıqlandıran materiallar sorağı ilə Tiflisə 10
günlük ezamiyyətə getdim. Ezamiyyətdən Bakıya
qayıdan günün ertəsi institutda professor Kamal
Məmmədovun şöbəsində idim. Kamal Talıbzadə
şöbəyə gəlib məni görər -görməz "sən gəlmisən,
bəs iki gündür Mirzə müəllim səni axtarır,
dissertasiyanı oxuyub, çox xoşuna gəlib, rəy də
yazıb, get ona zəng vur". Sonradan Kamal
Talıbzadə dedi ki, Mirzə müəllim dissertasiyanı
oxuyub axşam mənə zəng vuranda, soruşdu ki,
Kamal, bu işi doğrudanmı özü yazıb, material çox
zəngin, dili aydın, səlisdi. Mən dedim ki, Mirzə
müəllim, Teymuru çoxdan tanıyıram, hələ İrəvanda
işləyəndə onun Bakıda "Bilik" cəmiyyətində çıxan
bir kitabçasına rəy də vermişəm".
Mən Mirzə müəllimə zəng vurdum. "Teymur,
bala-dedi-gəl, dissertasiyanı apar". O, qovluğu
mənə verəndə heç bir söz demədi, amma tapşırdı
ki, rəyin əlyazmasını makinada yazdırıb bir
nüsxə də ona qaytarım... Əgər Mirzə müəllim onu
bəyənməsəydi, çətin ki, əlimə qələm alıb onu bir
də işləyəydim. Xoşbəxtlikdən elə olmadı,
dissertasiya rəhbərimin xoşuna gəlmişdi.
Beləliklə bir il keçdi, Mirzə müəllimin köməyi
ilə müdafiəyə buraxıldım. Müdafiə uğurla
keçdi... Mirzə müəllim müdafiədə iştirak etməsə
də. Bir gün əvvəl Moskvadan öz xətti ilə
foto-teleqraf göndərmişdi: "Əzizim Teymur,
təbrik edirəm. İnanıram ki, müdafiən uğurla
keçəcəkdir. Mirzə İbrahimov".
1968-ci ildə müsabiqə yolu ilə Nizami adına
Ədəbiyyat İnstitutunun XIX əsr Azərbaycan
ədəbiyyatı tarixi şöbəsində baş elmi işçi
vəzifəsini tutdum. Bu şöbənin müdiri Mirzə
İbrahimov idi...
Ürək
yanğısı ilə danışırdı
Maarif TEYMUR, S.Mümtaz adına Azərbaycan Dövlət
Ədəbiyyat və İncəsənət Arxivinin direktoru
Mirzə müəllimi görmək, onunla şəxsən tanış olmaq
üçün burnumun ucu göynəyirdi... "Gələcək gün"
qəbul imtahanında mənim taleyimdə əbədi sənətimi
müəyyənləşdirdi. Arxiv sənədləri, özü də yazıçı
və şairlərin yazdıqlarını gələcək nəsillərə
çatdırmaq üçün mənəvi xəzinədə - S.Mümtaz adına
Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət
Arxivində işləməyə mənə daha da qol-qanad verdi.
1966-cı ilin sentyabr- oktyabr aylarında arxivin
ilk əməkdaşlarından olan Bibixanım Hüseynova
(Allah ona da, Mirzə müəllimə də qəni-qəni
rəhmət eləsin) birlikdə qapı-qapı gəzib yazıçı
və şairlərlə görüşür, əlyazmalarını qəbul edib
şəxsi fondlar yaradırdıq. Noyabr ayında (1967-ci
ildə) ilk dəfə Mirzə müəllimlə görüşmək mənə
qismət oldu. Sonralar isə tez-tez Bibixanım xala
ilə, Mirzə müəllimlə görüşüb ondan əlyazmaları
və fotoşəkillərini istəyərdik. Bir dəfə hətta
belə bir dialoqumuz da oldu. Artıq 6-cı dəfə idi
ki, Mirzə müəllimin yaşadığı Xaqanı küçəsindəki
mənzilinə gedirdik. Hər dəfə də bizi əliboş yola
salar, yaxud da bir neçə şəkil, əlyazma verərdi.
Hətta bir dəfə Bibixanım xala: "Mirzə müəllim,
siz bizə əlyazmalarınızı verməsəniz və biz bu
cavan oğlanla əliboş qayıtsaq, bizim
əməkhaqqımızı verməyəcəklər"-dedi. Mirzə müəllim
isə cavabında: - Ay Bibixanım bacı, biz hələ
ölməyə hazırlaşmırıq axı, bütün əlyazmaları sizə
verim!.. Bir az keçsin, sənədlər hamısı sizin
arxivindir...
İllər keçdi, Mirzə müəllimin yaxın dostu və
məsləkdaşı, Azərbaycanın əməkdar elm xadimi Əziz
Şərifin bu sahədəki fəaliyyətini ona danışdıq.
Mirzə müəllim Moskvada olanda Əziz müəllimlə
danışıb və Əziz müəllim məsləhət görüb ki, o da
sənədlərini dövlət mühafizəsinə versin. Mirzə
müəllim yenə də narahat halda dedi: "Verəcəyəm,
bütün əlyazmalarımı verəcəyəm... Amma mənə vaxt
verin".
1975-ci ilin payızında Qulam Məmmədlinin təklifi
ilə mən Məmməd Tağı Sidqinin qızı Dostu xanım
Səfərova ilə görüşdüm. Dostu xanımdan qəbul
etdiyimiz sənədlər arasında 1919-cu ildə
yazılmış bir məktub diqqətimizi çəkdi. Bu məktub
çətin ərəb əlifbasında C. Cabbarlının Dostu
xanım Səfərovaya yazıldığı müəyyənləşdi...
1984-cü ildə Moskvadan Əziz müəllimin
sənədlərini gətirməyə getmişdim.Utana-utana bu
məktub barədə Əziz müəllimə danışdım. O, çox
sevindi. Və əlavə etdi: "Bəs, niyə çap
etdirmirsən?" Mən dedim: "Əziz müəllim, düz 9-cu
ildir ki, bu məktubu gəzdirirəm... Heç kəs çap
etmir". O: - Mirzə müəllimə deyərəm, Moskvadan
qayıdan kimi Mirzə müəllimlə görüş... Əlbəttə,
Mirzə müəllimlə görüşdüm. "Azərbaycan" jurnalı
redaksiyasında oldum. Tez bir zamanda Mirzə
müəllimin qayğısı nəticəsində C. Cabbarlının
Dostu xanın Səfərovaya yazdığı məktub tam halda
jurnalda çap olundu.
Biz bundan sonra Mirzə müəllimlə daha da
yaxınlaşdıq... Mirzə müəllimlə 1990-cı ilin
martında görüşdük. Xeyli şikayətləndi...
Hadisələr, siyası görüşləri olan millət
"fədailəri"nin adını çəkdi... Və əlavə etdi.
Gedək bala evə, kitablarımın bir neçə nüsxəsini
avtoqrafla sizin arxivə verim"... Biz söhbət
edə-edə onun yaşadığı mənzilə gəldik. Evdə iki
saata qədər əyləşib əlyazmalara baxdıq. Mirzə
müəllim birdən:--"Sizdə işləyən o yaşlı xanım,
səhv etmirəmsə, Bibixanım bacı deyə mən ona
müraciət edərdim.İşləyirmi?" Sonra da əlavə
etdi... "Gərək elə o vaxt bütün əlyazmalarımı
sizə verəydim... Keçmiş ola". Dərindən köks
ötürən Mrzə müəllim sanki keçmiş illərdə bizi
get-gələ saldığını bizə xatırladaraq
heyifsilənirdı... Gündəliyimdə bu barədə belə
qeydlərim var..." Bu gün sevinirəm. Mirzə
müəllimlə 3 saata qədər söhbət etdim.
Əlyazmalarını hazırlayıb daima mühafizə üçün
arxivimizə təhvil verəcəyini bildirdi... Neçə
illərdir bu arzu ilə yaşamışam ki, Mirzə
müəllimin də şəxsi arxiv fondunu yaradaq...
Deyəsən, bu arzum da çin olacaq...".
...1989-cu ildə bəzi "millət qəhrəmanları"nın
ona qarşı çılğın hücumlar etməsi hamını
qəzəbləndirirdi. Mən bu nadanlara cavab olsun
deyə, 22 avqust 1945-ci ildə Mirzə müəllimin
yazdığı "Azərbaycan" adlı yazısını da ("Mirzə
İbrahimov müasirlərinin xatirələrində" adlı
kitabda verilmiş) öz xatirə yazıma əlavə
etmişəm... Oradan oxuyub bilsinlər ki,
səriştəli, ağıllı ağsaqqala boş-boş hədyanlar
söyləmək olmaz... Mirzə müəllim Kremlin
salonunda çıxış edəndə (avqust 1945)
"Azərbaycan" yanğısı ilə ürəkdən danışırdı...
Özü də bütöv Azərbaycan məmləkəti barədə!..
Hazırladı:
Ədalət DAŞDƏMİRLİ |
|