Sumqayıtda Beynəlxalq dəniz gününə həsr olunmuş
geniş ekoloji təmizlik aksiyası keçirilib. "Planetimizi
dəniz tullantılarından təmizləyək! Sumqayıtı
ekoloji təmiz şəhərə çevirək!" devizi altında
keçirilən aksiyanı ARDNŞ-ın "Azərkimya"
İstehsalat Birliyinin ekologiya idarəsi, şəhər
"Qızıl Aypara" Cəmiyyəti və təhsil şöbəsi təşkil
etmişdilər. Tədbir iştirakçıları əvvəlcə
Sumqayıt Şəhər Rəsm Qalereyasında məktəblilərin
dəniz və ekologiya mövzusuna həsr etdikləri rəsm
əsərlərindən və əl işlərindən ibarət sərgi ilə
tanış olublar.
Uşaqlara Beynəlxalq dəniz gününün tarixi,
əhəmiyyəti, mövcud ekoloji problemlər, onların
aradan qaldırılması yolları, dənizin ekoloji
mühitinin qorunması, müxtəlif tullantılarla
çirklənməsi və bunun qarşısının alınması
yolları haqqında geniş məlumatlar verilib.
Sonra məktəblilərin ekoloji problemlərə həsr
edilən məruzələri dinlənilib. Tədbirin
yekununda kimyaçıların təşəbbüsü ilə azyaşlı
uşaqlardan yaradılmış "Balaca ekoloqlar"
qrupunun fəal üzvlərinə hədiyyələr təqdim
olunub. Daha sonra gənc ekoloqlar qruplara
bölünərək şəhərin sahil boyu zolağının
əvvəlcədən müəyyən olunmuş sahələrində
təmizlik işləri aparıblar.
S.SƏFƏROVA |