Oktyabrın
5-də Bakı Dövlət Universitetində (BDU)
müstəqilliyimizin bərpasının 20-ci ildönümünə
həsr edilmiş elmi-praktik konfransın plenar
iclası keçirilmişdir.
AzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə
açan BDU-nun rektoru, Milli Məclisin deputatı,
akademik Abel Məhərrəmov əvvəlcə bütün
müəllimləri peşə bayramları münasibətilə təbrik
etmiş, onlara işlərində uğurlar arzulamışdır.
Rektor Azərbaycanın ötən 20 ildə əldə etdiyi
nailiyyətlərdən, dövlət müstəqilliyimizin
bərpasının ilk illərində qarşılaşdığımız
problemlərdən danışmışdır. O, azadlığa,
müstəqilliyə gedən yolun heç də asan olmadığını
bildirmişdir. A.Məhərrəmov diqqətə çatdırmışdır
ki, XX yüzillik Azərbaycan tarixində çox böyük
mübarizələr əsri olmuş, azadlıq və istiqlaliyyət
uğrunda çoxlu qanlar tökülmüş, xalqımız
saysız-hesabsız şəhidlər vermişdir. Rektor 20-ci
ildönümü qeyd olunan Azərbaycanın yeni
müstəqillik dövrünün tariximizin ən parlaq və
şanlı səhifələrindən olduğunu bildirmişdir.
Akademik A.Məhərrəmov qeyd etmişdir ki,
ümummilli lider Heydər Əliyevin layiqli
davamçısı Prezident İlham Əliyevin məqsədyönlü
siyasəti nəticəsində bu gün Azərbaycan çox
dinamik inkişaf edir və ölkənin uğurları
gündən-günə artır.
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri,
universitetin fəlsəfə tarixi kafedrasının müdiri,
professor Rəbiyyət Aslanova tədbir
iştirakçılarını bayram münasibətilə təbrik etmiş,
müstəqilliyinin 20-ci ildönümünü qeyd edən
ölkəmizin tarixi uğurlarından danışmışdır.
R.Aslanova
Prezident İlham Əliyevin "Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin
bərpasının iyirminci ildönümü haqqında" 2011-ci
il 21 yanvar tarixli sərəncamının xalqımızın,
dövlətimizin 20 illik müstəqillik tarixinə
verilmiş yüksək qiymət və dəyər olduğunu
bildirmişdir. O qeyd etmişdir ki, müstəqilliyin
bərpasının 20 illiyinin dövlət səviyyəsində qeyd
edilməsinin ən böyük mahiyyəti dünyaya müstəqil,
demokratik, dünyəvi Azərbaycan dövlətinin
varlığının sübutu, beynəlxalq ictimaiyyətə "Azərbaycan
dövləti yaşayır və durmadan inkişaf edir"
mesajıdır.
Professor R.Aslanova ümummilli lider Heydər
Əliyevin müstəqil dövlətimizin yaranmasında,
inkişafında və dünyada tanınmasında misilsiz
rolundan bəhs etmişdir. O, müdrik dövlət xadimi
Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən
danışaraq bildirmişdir ki, Azərbaycanda siyasi
sabitlik və sürətli inkişafın təməli məhz ulu
öndər tərəfindən qoyulmuşdur. Hər birimiz
Azərbaycanın müstəqillik illərində qazandığı
uğurlara, keçdiyi inkişaf yolunda əldə etdiyi
nailiyyətlərə görə müasir dövlətimizin memarı və
qurucusu ulu öndər Heydər Əliyevə borcluyuq.
Məhz bu dahi şəxsiyyətin uzaqgörən və müdrik
siyasəti nəticəsində Azərbaycan regionun lider
dövlətinə çevrilmişdir. Deputat bildirmişdir ki,
hər bir azərbaycanlı fəxr etməlidir ki, bu gün
onun Azərbaycan adlı böyük, güclü, söz sahibi
olan müstəqil dövləti vardır.
Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev
və başqaları mövzu ətrafında fikirlərini
bölüşmüş, müasir Azərbaycanın 20 illik tarixinə
nəzər salaraq bu illər ərzində ulu öndər Heydər
Əliyevin gördüyü işlərdən, onun əvəzsiz
xidmətlərindən danışmışlar.
Tədbirdə Milli Məclis deputatları, ziyalılar,
BDU-nun müəllim və tələbə heyəti iştirak
etmişlər.
Tədbir konsert proqramı ilə başa çatmışdır.
|