Azərbaycan
ictimaiyyəti ölkəmizin dövlət müstəqilliyinin
bərpasının 20 illiyini böyük qürur hissi ilə
qeyd edir. 20 il ölkənin, dövlətin tarixində o
qədər də böyük zaman deyil. Lakin Azərbaycan bu
illər ərzində çox böyük tarixi yol keçibdir.
Əsası müstəqil Azərbaycan dövlətinin banisi, ulu
öndər Heydər Əliyev tərəfindən qoyulmuş
quruculuq, milli dövlətçilik siyasəti
nəticəsində qısa dövr ərzində dövlətimizin
hüquqi-sosial bazası yaranmış, müstəqilliyi
möhkəmlənmiş, ölkəmizin dünya birliyinə
inteqrasiyası istiqamətində çox ciddi addımlar
atılmışdır.
Ulu öndərin əsasını qoyduğu siyasi və iqtisadi
kursun, cəmiyyət həyatının bütün sahələrini
əhatə edən islahatların onun siyasi varisi,
müasir təfəkkürlü siyasətçi və dövlət xadimi,
ölkəmizin Prezidenti cənab İlham Əliyev
tərəfindən uğurla davam etdirilməsi nəticəsində
son illər Azərbaycan dünyada ən qabaqcıl ölkələr
sırasına çıxmış, iqtisadi inkişaf tempinə görə
lider ölkəyə çevrilmişdir. Ölkəmizin beynəlxalq
aləmdə yeri və mövqeyi getdikcə daha da
möhkəmlənir, nüfuzu artır. Ölkədə yoxsulluğun
səviyyəsi minimuma endirilib. Son illərdə həyata
keçirilmiş məqsədyönlü tədbirlər sayəsində 900
min Azərbaycan vətəndaşı yeni iş yerləri ilə
təmin olunub.
20 il ərzində digər sahələrdə olduğu kimi,
təhsil sektorunda da çox böyük işlər görülüb. Bu
dövrdə 2 mindən çox orta məktəb binası və əlavə
tədris korpusu tikilib, bütün ali təhsil
müəssisələrinin binaları əsaslı təmir olunub və
yenidən qurulub. Ümumtəhsil məktəblərinin I-XI
sinifləri üçün müasir tələblərə cavab verən
milli dərsliklər yaradılıb və pulsuz olaraq
Azərbaycan şagirdlərinə çatdırılıb. Latın
qrafikalı əlifbaya keçilməsi ilə əlaqədar qısa
zamanda bütün məktəblər və kitabxanalar yeni
əlifba ilə çap olunmuş dərslik və əlavə
vəsaitlərlə təmin edilib.
İnformasiya-kommunikasiya texnologiyalarının
təhsilə tətbiqi böyük vüsət alıb.
Ötən əsrin 80-ci illərinin sonu - 90-cı
illərinin əvvəlləri xalqımızın tarixinə azadlıq,
torpaqlarımızın bütövlüyü uğrunda mübarizə dövrü
kimi düşmüşdür. 1991-ci il oktyabrın 18-də
Azərbaycan parlamentinin qəbul etdiyi Dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktı ilə
Azərbaycanın müstəqilliyi bərpa olundu, xalqımız
özünün əsrlərlə arzuladığı azadlığına formal da
olsa qovuşdu.
80-ci
illərin ortalarından etibarən Azərbaycanda
təhsil sahəsində də durğunluq meyilləri kök
atmağa başlamışdı. 70-ci illərdə əsası qoyulmuş
sürətli tərəqqi zəifləyərək öz yerini tənəzzülə
vermişdi. Mütərəqqi ənənələr unudulmağa
başlanmışdı. Ən pisi isə, təhsilə qayğı yaddan
çıxmışdı. Təhsilin cəmiyyətdə aparıcı rolu
lazımınca qiymətləndirilmirdi.
Müstəqillik haqqında tarixi qərarın qəbul
olunmasından sonra milli təhsil sisteminin
yaradılması üçün də müəyyən təşəbbüslər
göstərildi. Hətta 1992-ci ilin sonlarında "Təhsil
haqqında" Azərbaycan Respublikasının Qanunu
qəbul edildi. Qanunla bağlı müvafiq
əsasnamələrin, normativ aktların hazırlanmasına
başlandı. Təhsilin məzmununun yeniləşdirilməsi,
proqram və dərsliklərin yenidən yazılması
sahəsində də təşəbbüslər edildi.
Bütün bunlara baxmayaraq, 80-ci illərin sonunda
digər sahələrdə olduğu kimi, təhsildə də özünü
göstərən geriləmə və tənəzzül müstəqilliyimizin
ilk mərhələsində - 1991-1993-cü illərdə xüsusilə
geniş miqyas aldı. Müstəqilliyin və demokratik
təmayülün qərar tapması ilə keçmiş ideoloji,
siyasi və mənəvi dəyərlər yararsız hala düşdü,
yeni qaydaların, yaşayış normalarının,
dəyərlərin yaradılması zərurəti lazımi şəkildə
dərk olunmadı və bu istiqamətdə gözlənilən
addımlar atılmadı. Ölkənin səriştəsiz rəhbərliyi
mövqecə tarixi məqamın unikallığını dərk etmək
bacarığından uzaq olduğundan, cəmiyyətdə baş
verən mürəkkəb ictimai-siyasi hadisə və mənəvi
prosesləri cilovlaya bilmədi, hərc-mərclik,
başıpozuqluq bütün sahələri bürüdü.
Cəmiyyətdə vaxtilə böyük hörmət və nüfuza malik
olan məktəbə, müəllimə, ziyalıya ehtiram,
oxumağa maraq azaldı. Dəyərli mütəxəssislərin
ölkədən axını başladı.
Təbii ki, bütün bunları yaradan, təhsildəki
dağıdıcılıq prosesinə rəvac verən səbəblərdən
biri də ölkədə müharibənin getməsi idi. Mənfur
qonşularımız ermənilər ölkəmizə qarşı irəli
sürdükləri əsassız ərazi iddialarını, Dağlıq
Qarabağı Ermənistana birləşdirmək niyyətlərini
gerçəkləşdirmək üçün hərəkətə keçmişdilər.
1993-cü ilin sonunadək Azərbaycan ərazisinin 20
faizi ermənilər tərəfindən işğal olunmuş, 1
milyondan çox əhali məcburi köçkün və qaçqın
vəziyyətinə düşmüşdü. Dağlıq Qarabağın, onun
ətrafındakı rayonların düşmən tərəfindən işğalı
nəticəsində təhsilimizə böyük maddi zərbə
dəymiş, 220 körpələr evi-uşaq bağçası, 616
ümumtəhsil məktəbi, 35 məktəbdənkənar tərbiyə
müəssisəsi, 11 peşə məktəbi, 4 orta ixtisas
təhsili müəssisəsi, 1 ali məktəb filialı
dağıdılmışdı.
Yalnız xalqımızın böyük oğlu, dahi siyasətçi və
mahir dövlət xadimi Heydər Əliyevin xalqın
təkidli tələbi ilə 1993-cü ilin iyununda
Azərbaycanda ikinci dəfə hakimiyyətə
qayıdışından sonra müstəqilliyin ilk illərində
təhsil sahəsində baş alıb gedən tənəzzülün,
dağıdıcılıq proseslərinin qarşısı alındı. Ulu
öndərin titanik səyləri, müdrik siyasəti
nəticəsində ölkəmiz parçalanmaq, yox olmaq
təhlükəsindən qurtardı.
Böyük öndərin hakimiyyətə qayıdışının ilk illəri
olan 1993-1995-ci illər tariximizə ölkədə bütün
sahələrdə islahatlara başlamaq üçün sabitliyin
yaranması dövrü kimi daxil olmuşdur.
1995-ci ildə qəbul olunmuş Konstitusiyaya
əsasən, ölkəmizdə icbari ümumi orta təhsilə
keçildi. Böyük iqtisadi çətinliklərə baxmayaraq,
təhsil müəssisələrinin maddi-texniki bazasının
möhkəmləndirilməsi istiqamətində bəzi addımlar
atıldı. Təcrübəli müəllimlərin təhsil ocaqlarını
tərk etməsi kimi mənfi bir meylin qarşısı
alındı. Əgər 1991-ci ildə ölkənin təhsil
müəssisələrində 133 min müəllim çalışırdısa,
1998-ci ildə onların sayı artaraq 168 min nəfərə
çatmışdı.
1993-1994-cü tədris ilindən ali təhsildə
ikipilləli sistemə - 4 illik bakalavriatura və 2
illik magistraturaya keçildi. 1997-ci ildə
bakalavriaturanın ilk buraxılışı oldu, eyni
zamanda həmin il ilk dəfə olaraq magistr
hazırlığına başlandı.
Müstəqilliyimizin ilk illərində təhsil
sistemində özünü göstərən yeniliklərdən biri də
qeyri-dövlət təhsil müəssisələrinin, xüsusən də
özəl ali məktəblərin yaranmasıdır. 90-cı illərin
əvvəllərində fəaliyyətə başlayan bu
müəssisələrin işində sonralar çoxlu nöqsanlara
yol verilirdi. Lakin ulu öndər Heydər Əliyev
tərəfindən özəl ali məktəblərin fəaliyyətinin
tənzimlənməsi Təhsil Nazirliyinə həvalə
olunduqdan sonra bu sahədə müəyyən stabillik
yarandı. 1998-ci ildə ölkədə artıq dövlət
qeydiyyatından keçmiş 17 özəl ali məktəb
fəaliyyət göstərirdi.
Bu illərin ən mühüm hadisələrindən biri də
dövlət ali və orta ixtisas təhsili
müəssisələrində ödənişli əsaslarla tələbə
qəbulunun tətbiqi idi. Ali təhsil pilləsində
ödənişli təhsil barədə ulu öndər tərəfindən
1995-ci ildə imzalanmış tarixi sərəncam bu
pillənin sonrakı illərdə intensiv inkişafı üçün
real zəmin yaratdı.
Ulu öndər Heydər Əliyev 1993-cü ildə hakimiyyətə
qayıtdıqdan sonra təhsilimizin ötən əsrin
70-80-ci illərində mövcud olmuş bir çox
ənənələri kimi, xarici ölkələrə tələbələrin
göndərilməsi ənənəsi də davam və inkişaf
etdirilməyə başlandı. 2003-cü ildə dünyanın
inkişaf etmiş 40-a yaxın ölkəsində 160-a qədər
ixtisas üzrə 3000-dən artıq azərbaycanlı gənc
təhsil alırdı.
Həmin illərdə təhsilin bütün pillələrinin
normativ-hüquqi bazasının yaradılması,
məzmununun yeniləşdirilməsi istiqamətində
sistemli işlər görüldü, bir sıra addımlar
atıldı. Lakin ölkəmizin təhsil quruculuğu
sahəsində həyata keçirilmiş tədbirlərin böyük
əksəriyyəti təhsilin yalnız ayrı-ayrı
sahələrinin təkmilləşdirilməsinə yönəldilirdi.
Müstəqil dövlətimizin müasir tələblərə cavab
verən təhsil sisteminin yaranması üçünsə planlı,
sistemli, əhatəli islahatlara ehtiyac var idi.
Bu ehtiyacı böyük uzaqgörənliklə duyan Heydər
Əliyev 1998-ci ildə ölkəmizdə təhsil sistemində
islahatlar aparılmasına dair xüsusi sərəncam
imzaladı. Həmin sərəncamla Təhsil Sahəsində
İslahat Proqramının hazırlanması üçün xüsusi
dövlət komissiyası yaradıldı. Dövlət komissiyası
tərəfindən çox qısa müddət ərzində Azərbaycan
Respublikasının Təhsil Sahəsində İslahat
Proqramı hazırlandı və müzakirədən sonra,
1999-cu il iyunun 15-də ölkə başçısı tərəfindən
imzalandı.
10 il ərzində təhsildə strateji fəaliyyətin əsas
istiqamətlərini özündə əks etdirən proqramda
müəllim hazırlığının müasir tələblər
səviyyəsində yenidən qurulması, ümumi təhsildə
məzmunun yeniləşdirilməsi, yeni qiymətləndirmə
mexanizmlərinə keçid, əks-mərkəzləşmə
prinsiplərinə uyğun demokratik əsaslarla
ictimai-dövlət idarəetmə modellərinin tətbiqi,
dərslik siyasətinin təkmilləşdirilməsi, təhsil
sistemində elmin, eləcə də elmi tədqiqatların
inkişaf etdirilməsi, tədris prosesində
informasiya və kommunikasiya texnologiyalarından
geniş formada istifadə, təminat problemlərinin
uğurlu həlli, təhsilin maliyyələşdirilməsində
yeni iqtisadi mexanizmlərin hazırlanması, tədris
müəssisələrinin müasir kompüter texnologiyaları
ilə təchizatı və proqram təminatı, təhsilalmada
hamı üçün bərabər şəraitin yaradılması kimi
məsələlər əhatə edilirdi.
İslahat proqramına əsasən, ölkənin ümumi təhsil
pilləsinin məzmununun yeniləşdirilməsi qarşıda
ən mühüm vəzifə kimi dururdu. Məhz bu zərurət
nəzərə alınaraq Azərbaycanın təhsil tarixində
ilk dəfə 1999-cu ildə ümumi orta təhsilin dövlət
standartları və saziş tədris planı hazırlanıb
hökumət tərəfindən təsdiq edildi.
Böyük öndərin Azərbaycan müəllimlərinin XI
qurultayında məktəb tikintisi, təmiri və
təchizatına yardım göstərilməsi ilə bağlı
çağırışı cəmiyyətdə böyük əks-səda verdi,
bununla əlaqədar məktəb tikintisi və təmiri
sahəsində böyük iş başlandı. 1998-2002-ci
illərdə müxtəlif xarici təşkilatlar tərəfindən
respublikamızın 10 rayonunda 8936 yerlik 28
məktəb binası tikilmiş, 15 rayonda 29045 yerlik
70 məktəb binası əsaslı təmir olunmuşdur.
Ümumiyyətlə, həmin illər ərzində respublikamızda
116 yeni məktəb inşa edilmişdir.
Müstəqilliyimizin ilk illərində ölkənin maliyyə
çətinliyi qarşısında qaldığı, ən mühüm həyati
əhəmiyyət kəsb edən sahələrin belə
maliyyələşdirməyə dövlətin vəsait ayırmağa
çətinlik çəkdiyi bir vaxtda ulu öndər Heydər
Əliyev təhsilə xüsusi qayğı göstərir,
çətinliklərə baxmayaraq, büdcədən təhsilə
ayrılan vəsait ildən-ilə artırılırdı. Əgər
1990-cı illərdə təhsil sektoruna ümumi büdcədən
o vaxtkı qiymətlərlə 113,2 milyard manat vəsait
ayrılmışdısa, bu rəqəm 1995-ci ildə 376,8
milyard manata, 2000-ci ildə 906 milyard manata,
2003-cü ildə isə 1990-cı ilə nisbətən 10 dəfədən
də çox artırılaraq 1216 milyard manata çatmışdı.
Müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi
də Heydər Əliyevin daim diqqət mərkəzində duran
məsələlərdən idi. Onun respublikada ikinci dəfə
hakimiyyətdə olduğu illər (1993-2003-cü illər)
ərzində təhsil işçilərinin əməkhaqqı 9 dəfə
artırılmış, bunun üçün xüsusi Prezident
fərmanları imzalanmışdır.
Dövlət hesabına xaricdə təhsil alan gənclərin də
sosial durumu daim Heydər Əliyevin diqqət
mərkəzində idi. Təkcə Türkiyədə dövlət hesabına
təhsil alan 700 azərbaycanlı tələbənin hər
birinə təqaüd verilməsi üçün ildə 2,4 milyard
manat vəsait ayrılmışdı. Hər il ən yüksək bal
toplayaraq ölkənin ali məktəblərinə daxil olan
gənclər üçün xüsusi Prezident təqaüdünün, eləcə
də istedadlı gənclər üçün fəxri təqaüdlərin,
Prezident fərmanı ilə "Qızıl kitab"ın təsis
olunması bu qayğının bariz nümunəsi idi.
Ümummilli lider Heydər Əliyev ölkədə tədris
müəssisələri şəbəkəsinin təkmilləşdirilməsi
sahəsində də islahatların aparılmasına böyük
önəm verirdi. Onun 2000-ci il 13 iyun tarixində
imzaladığı "Azərbaycan Respublikasında təhsil
sisteminin daha da təkmilləşdirilməsi haqqında"
fərmanı bu sahədə aparılan islahatları yeni
keyfiyyət mərhələsinə qaldırdı.
Fərmanın icrası istiqamətində görülən işlər
nəticəsində bir çox ali məktəblərə universitet
statusu verildi. Təhsil tariximizdə ilk dəfə
olaraq Azərbaycan Müəllimlər İnstitutu və onun
12 regionda filialı yaradıldı. Ali
məktəblərimizin sayı yeni yaradılan təhsil
ocaqları hesabına artdı.
Təhsilimizin yaxın dostu və himayəçisi Heydər
Əliyevin adı ilə bağlı olan daha bir mühüm
tədbirə - ümumtəhsil məktəblərinin şagirdlərinə
dərsliklərin pulsuz verilməsinə başlandı. Həmin
dövrdə təhsil sahəsində özünü göstərən ən ciddi
yeniliklərdən biri də yeni əlifbaya keçilməsi,
latın qrafikalı əlifbanın tətbiqinin reallığa
çevrilməsidir. Böyük fəxrlə qeyd olunmalıdır ki,
Heydər Əliyevin "Bizim bugünümüz, gələcəyimiz
məhz latın qrafikası ilə bağlıdır" tarixi
çağırışı və bununla əlaqədar verdiyi xüsusi
fərman təhsil sistemində bu məsələlərin tam
həlli ilə nəticələndi.
Müasir Azərbaycan dövlətinin banisi, ölkəmizi
dünyanın ən inkişaf etmiş, sivil dövlətləri
səviyyəsinə çatdırmağı həyatının əsas amalı,
qayəsi sayan, özünün böyük dühası, zəngin
idarəçilik təcrübəsi, dönməz iradəsi ilə bu
məqsədin əldə edilməsinə çalışan ümummilli
liderimiz Heydər Əliyevin ideyaları, təməlini
qoyduğu nəhəng quruculuq işləri ondan sonra
böyük öndərin layiqli davamçısı, yeni təfəkkürlü
siyasətçi, möhtərəm Prezidentimiz İlham Əliyev
tərəfindən böyük qətiyyət və uğurla həyata
keçirilməyə başlandı. Bu mənada möhtərəm
Prezidentimiz İlham Əliyevin ölkəmizə rəhbərlik
etdiyi 2003-2011-ci illər çağdaş təhsilimizin
tarixində vüsətli inkişaf, bütün sahələrdə
islahatların daha da dərinləşməsi, ölkənin, o
cümlədən də təhsilin elmi əsaslara söykənən
dövlət proqramları vasitəsilə idarə olunması
dövrü kimi xarakterizə olunur.
Bu dövrün əsas xüsusiyyətlərindən biri təhsilə
qayğının, onun inkişafına ayrılan xərclərin
ildən-ilə artırılmasıdır. Bu isə təhsilin dövlət
siyasətinin əsas prioritetlərindən biri olması
ilə bağlıdır. Belə ki, təhsilə ayrılan büdcə
2003-cü illə müqayisədə 6 dəfədən çox artaraq
2010-cu ildə 1,2 milyard manata çatmışdı.
Son illər təhsil tarixində ilk dəfə olaraq 16
inkişafyönümlü dövlət proqramı təsdiq olunub və
uğurla həyata keçirilməkdədir. Təhsilin
ayrı-ayrı sahələrinin inkişafı üzrə real
vəziyyətin təhlili əsasında hazırlanıb təsdiq
edilmiş bu proqramların reallaşdırılması
nəticəsində tədris müəssisələrinin fəaliyyətinin
qiymətləndirilməsi, infrastrukturun müasir
tələblərə uyğun qurulması, təhsilin məzmununun
yeniləşdirilməsi, yeni dərslik siyasətinin
reallaşdırılması, təhsilalanların
nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni
model və mexanizmlərin tətbiqi, əmək bazarının
tələbatına uyğun kadr hazırlığı və təminatının
yaxşılaşdırılması, təhsil müəssisələrinin
informasiya-kommunikasiya texnologiyaları ilə
təmin edilməsi və təhsil sisteminin
informasiyalaşdırılması, məktəbəqədər, texniki
peşə, ali təhsil, xaricdə təhsil, istedadlı
uşaqların inkişafı, xüsusi qayğıya ehtiyacı olan
uşaqların təhsilinin təşkili,
de-institutlaşdırma və digər istiqamətlərdə
əhəmiyyətli nailiyyətlər əldə olunub.
Ayrı-ayrı təhsil pillələri və səviyyələrində də
ciddi inkişaf meyilləri özünü büruzə
verməkdədir. Məktəbəqədər təhsilin uşaqların
intellektual, fiziki və psixoloji inkişafında,
onların şəxsiyyətinin formalaşmasında və məktəbə
hazırlanmasında xüsusi əhəmiyyətə malik olması
tədricən cəmiyyət tərəfindən qəbul edilməyə
başlanıb. Respublikamızda 20 il ərzində heç bir
məktəbəqədər təhsil müəssisəsi tikilmədiyi
halda, 2008-2010-cu illərdə ilk dəfə olaraq ölkə
üzrə 40 yeni uşaq bağçası tikilib istifadəyə
verilib, 44 məktəbəqədər təhsil müəssisəsi
əsaslı təmir edilib, müasir avadanlıqlarla
təchiz olunub. Həyata keçirilən tədbirlər
nəticəsində ölkə üzrə uşaqların məktəbəqədər
təhsillə əhatə səviyyəsi yüksəlib. 2009-cu ildə
bu göstərici 15,8 faiz idisə, hazırda 17,6 faiz
təşkil edir. Bakı şəhərində bu inkişaf daha çox
müşahidə olunmaqdadır. Belə ki, paytaxtda
bağçalara cəlb olunmuş uşaqların sayı 8,6 min
nəfər artıb, təhsilin bu pilləsi üzrə əhatə
səviyyəsi 26 faizi ötüb.
Müstəqillik tariximizdə ilk dəfə olaraq uşaq
bağçaları üçün müasir tələblər səviyyəsində 151
adda təlim vəsaitləri hazırlanıb müəssisələrə
çatdırılıb.
Son illər Azərbaycanda 2161 yeni məktəb
binasının tikilməsi, əsaslı təmiri və müasir
avadanlıqlarla, o cümlədən kimya və fizika
laboratoriyaları ilə təmin edilməsi, bütün
məktəblərdə kompüter siniflərinin yaradılması
təhsil tariximizdə ən əlamətdar hadisələrdəndir.
Məktəblərin infrastrukturunun yeniləşdirilməsi
sahəsində Heydər Əliyev Fondunun müstəsna
xidmətlərini xüsusilə qeyd etməliyik. Fondun
təşəbbüsü ilə 2005-2010-cu illərdə 300-dən çox
yeni məktəb, uşaq bağçası, uşaq evi,
internat-məktəb binası tikilib istifadəyə
verilib, əsaslı təmir və bərpa olunub, müasir
avadanlıqlarla təchiz edilib. 2010-2011-ci
tədris ili ərəfəsində ölkədə 9380 yerlik 26
məktəb istifadəyə verilmişdir. 2011-2012-ci
tədris ili ərəfəsində isə Bakı şəhərində 70-ə
yaxın məktəb əsaslı təmir edilmiş, yeni
korpuslar tikilmişdir. Bölgələrdə 60-a yaxın
məktəb təmir edilmişdir.
Müstəqillik illərində aparılan genişmiqyaslı
işlər, təhsil infrastrukturunun yeniləşdirilməsi
sahəsində əhəmiyyətli nailiyyətlərin əldə
edilməsi və müasir tələblərə uyğun şəraitin
yaradılması məzmun islahatları üçün də əlverişli
zəmin yaradıb. 2006-cı ildə Nazirlər Kabineti
tərəfindən "Ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulum)" təsdiq edilib. 2008-2009-cu tədris
ilindən ümumtəhsil məktəblərinin I siniflərində
tədrisə yeni fənn kurikulumları və müasir
dərsliklərlə başlanılıb, bu proses 2011-2012-ci
dərs ilindən I, II, III və IV sinifləri əhatə
edib. Yeni kurikulumların tətbiqi ilə əlaqədar
40 minədək müəllim xüsusi proqram əsasında
öyrədici təlim kurslarından keçirilib və
nümunəvi tədris materialları ilə təmin edilib.
V-XI siniflər üçün də eyni məzmunlu sənədlərin
hazırlanması istiqamətində son illər gərgin iş
aparılmış, nəticədə həmin siniflər üzrə fənn
proqramları (kurikulumlar) hazırlanıb
müzakirədən keçirilərək 2011-ci ilin iyununda
təsdiq olunmuşdur.
Yeni məzmun yeni nəsil dərsliklərin
hazırlanmasını zəruri etmişdir. 2003-2011-ci
illərdə milli mənəvi dəyərlər əsasında müasir
tələblərə uyğun məzmunda ümumilikdə 40 milyon
nüsxədən çox dərslik çap edilib. Təhsil
tariximizdə ilk dəfə olaraq yeni kurikulum
tətbiq edilən I -IV siniflər üçün dərslik
komplektləri (şagird üçün dərslik, iş dəftəri,
müəllim üçün vəsait) hazırlanıb, Dərslikləri
Qiymətləndirmə Şurası tərəfindən
qiymətləndirilib və müsbət rəy alındıqdan sonra
çap edilib. 2011-2012-ci tədris ili üçün 102
adda 3463170 nüsxə dərslik, metodik vəsait çap
olunmuşdur.
Azərbaycan təhsilində ilk dəfə olaraq milli
(ölkə səviyyəsində təhsilalanların
nailiyyətlərinin səviyyəsinin
qiymətləndirilməsi) və beynəlxalq qiymətləndirmə
(ölkədə təhsil səviyyəsinin digər ölkələrlə
müqayisəli təhlilini aparmağa yönəlmiş
qiymətləndirmə) tədbirləri həyata keçirilib və
bu proses davam etdirilməkdədir.
Müstəqil ölkəmizin 20 illik təhsil tarixində ilk
dəfə olaraq 2011-ci ildə təhsil aldığı müddətdə
xüsusi nailiyyətlər qazanan tam orta təhsil üzrə
məzunlar qızıl və gümüş medallarla təltif
olunub. 53 şagird qızıl və gümüş medallara layiq
görülüb.
Son illər dünya və beynəlxalq fənn
olimpiadalarında Azərbaycan məktəbliləri 11
qızıl, 38 gümüş, 60-dan çox bürünc medala layiq
görülüb. Əhalisinin sayının az olmasına
baxmayaraq, medalların sayına görə Azərbaycan
dünya ölkələri arasında ilk onluqda yerini
qoruyub saxlayır.
Məktəbdənkənar təhsil müəssisələrinin
yetirmələri də müxtəlif səviyyəli yarışlarda
əhəmiyyətli nailiyyətlər əldə ediblər.
Məktəblilərimiz son illər respublika və
beynəlxalq yarışlarda 1886 medal, o cümlədən
Avropa, dünya birinciliyi və çempionatlarında
178 medal qazanmışlar.
Təhsilin informasiyalaşdırılması sahəsində
əhəmiyyətli nailiyyətlər əldə edilib. Ölkənin
ümumtəhsil məktəbləri İKT ilə təmin edilib, hər
20 şagirdə bir kompüter nisbəti təmin olunub.
Halbuki 2004-cü ildə hər 1063 şagirdə bir
kompüter düşürdü. Həmin ildən bəri ümumtəhsil
məktəblərinin İKT ilə təminatı, təhsil
sisteminin informasiyalaşdırılması üzrə dövlət
proqramları çərçivəsində bütövlükdə təhsil
müəssisələrinə 33708 ədəd kompüter, 2809 ədəd
proyektor və noutbuk dəsti verilib. "Xalq
kompüteri" layihəsi çərçivəsində 9000 müəllim
kompüterlə təmin olunub. İnzibati, pedaqoji və
texniki heyət əhatə olunmaqla 54 min nəfər
müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına
yiyələnib. Təhsil tariximizdə ilk dəfə olaraq
fənlər üzrə elektron tədris resursları
hazırlanaraq məktəblərə verilib, 20 ümumi təhsil
müəssisəsində "elektron məktəb" layihəsi həyata
keçirilməyə başlanılıb. 1000 məktəb genişzolaqlı
sürətli İnternetlə təmin olunub. İnternetə
qoşulmuş məktəblərin nisbəti 2004-cü ildəki 1,5
faizdən 2010-cu ildə 22 faizə yüksəlib.
Yaradılmış DATA mərkəz, elektron tədris
resursları bazası, vahid təhsil portalı səmərəli
idarəetməni təmin edir.
"2005-2009-cu illər üçün ümumtəhsil məktəbləri
şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf
Proqramı" başa çatdırılıb, ümumilikdə 6179
müəllim stimullaşdırıcı tədbirlər tətbiq
edilməklə respublikanın ucqar kənd məktəblərinə
göndərilib, ucqar kənd məktəblərində kadra olan
kəskin ehtiyac ödənilib. Respublikanın
ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu
sahəsində yeni mexanizmlərin tətbiqinə
başlanılıb.
Təhsil sahəsində həyata keçirilən genişmiqyaslı
tədbirlərlə yanaşı, müstəqillik illərində dövlət
səviyyəsində təhsil işçilərinin fəaliyyətinin
maddi və mənəvi stimullaşdırılması sahəsində
əhəmiyyətli addımlar atılıb. Təhsil tariximizdə
ilk dəfə olaraq Azərbaycan Respublikası
Prezidenti tərəfindən "Ən yaxşı ümumtəhsil
məktəbi və ən yaxşı müəllim mükafatlarının təsis
edilməsi haqqında" 4 sentyabr 2007-ci il tarixli
Sərəncam imzalanıb, 2008-ci, 2009-cu, 2010-cu və
2011-ci illərdə "Ən yaxşı ümumtəhsil məktəbi" və
"Ən yaxşı müəllim" müsabiqələri keçirilib.
Azərbaycanda təhsilə, təhsil işçilərinə diqqət
və qayğının parlaq təzahürüdür ki, 2003-2010-cu
illərdə elm və təhsilin inkişafındakı
xidmətlərinə görə 1000-dən çox təhsil işçisi
yüksək dövlət təltiflərinə, fəxri adlara və
fərdi təqaüdlərə layiq görülüb.
2005-ci ildə Azərbaycan Boloniya prosesinə
qoşulub, Avropa təhsil məkanına inteqrasiya
istiqamətində əhəmiyyətli addımlar atılıb.
YUNESKO və digər beynəlxalq qurumların
sənədlərinə, habelə beynəlxalq təsnifat
strukturuna uyğun olaraq ali təhsilin bakalavr
səviyyəsi ixtisaslarının (proqramlarının) yeni
siyahısı hazırlanıb və təsdiq edilib. 23 ali
təhsil müəssisəsi akkreditasiyadan keçib, Təhsil
Nazirliyi sistemindəki bütün ali təhsil
müəssisələrində kredit sistemi tətbiq edilib.
Ölkənin 7 aparıcı ali təhsil müəssisəsinə (Bakı
Dövlət Universiteti, Azərbaycan Tibb
Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası,
Azərbaycan Texniki Universiteti, Azərbaycan
Dövlət İqtisad Universiteti, Naxçıvan Dövlət
Universiteti, Azərbaycan Dövlət Aqrar
Universiteti) muxtariyyət hüququ verilib. Ali
təhsil müəssisələrinin infrastrukturunun
inkişafı sahəsində əhəmiyyətli işlər görülüb,
bütün universitetlərin maddi-texniki bazası
əsaslı şəkildə yeniləşdirilib.
"2009-2013-cü illərdə Azərbaycan Respublikasının
ali təhsil sistemində islahatlar üzrə Dövlət
Proqramı"nın icrası istiqamətində ölkə
Prezidenti tərəfindən 10 fevral 2010-cu il
tarixli "Ali təhsil müəssisələrində yeni
maliyyələşmə mexanizminin tətbiq edilməsi barədə"
fərman imzalanıb. Həmin fərmana əsasən,
2010-2011-ci tədris ilindən başlayaraq
Azərbaycan Respublikası ərazisində fəaliyyət
göstərən ali təhsil müəssisələrində büdcə
vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi
əsasında həyata keçirilir. Dövlət büdcəsinin
vəsaiti hesabına dövlət sifarişi ilə ali təhsil
müəssisələrində kadr hazırlığının adambaşına
maliyyələşdirmə prinsipi tətbiq edilir.
Neft gəlirlərinin insan kapitalının inkişafına
yönəldilməsi baxımından "2007-2015-ci illərdə
Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili
üzrə Dövlət Proqramı" çərçivəsində həyata
keçirilən tədbirlər xüsusilə diqqəti cəlb edir.
2007-2011-ci illərdə 800-ə yaxın istedadlı
azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin
nüfuzlu ali məktəblərində təhsil almağa
göndərilib. Dünyanın aparıcı universitetlərində
müxtəlif mənbələr hesabına 10000-dən çox
azərbaycanlı gənc təhsil alır. Azərbaycanın ali
təhsil müəssisələrində təhsil alan əcnəbilərin
sayı isə 7000-i ötüb.
Ən mühüm hadisələrdən biri 2009-cu ildə "Təhsil
haqqında" Azərbaycan Respublikası Qanununun
qəbul edilməsidir. Qanun, ölkəmizdə təhsil
siyasəti və strategiyasının əsas istiqamətlərini
əks etdirməklə yanaşı, ilk növbədə, xalqımıza,
Azərbaycanda təhsilin inkişafına xidmət edəcək,
milli təhsil sisteminin dünya, Avropa təhsil
sisteminə inteqrasiyasını sürətləndirəcək.
Qanunun icrası istiqamətində Təhsil Nazirliyində
hazırlanmış 40 adda normativ sənəd Nazirlər
Kabineti tərəfindən təsdiq edilib.
Ölkəmizdə informasiya cəmiyyətinin qurulmasının
və biliklərə əsaslanan iqtisadiyyata keçidin
yeni təhsil modelinə tələbatını nəzərə alaraq
möhtərəm Prezidentimiz İlham Əliyev 2011-ci il
iyulun 11-də "2011-2021-ci illərdə Azərbaycan
təhsilinin inkişafı üzrə Milli Strategiya"nın
hazırlanması haqqında" sərəncam imzalayıb. Həmin
sərəncama əsasən Milli Strategiya layihəsini
hazırlamaq üçün Dövlət Komissiyası yaradılıb.
İnanırıq ki, hazırlanacaq yeni sənəd inkişafın
innovasiya mərhələsinə keçilməsi,
rəqabətədavamlı milli iqtisadiyyatın
formalaşdırılması və inkişaf dinamikasının
sürətləndirilməsi, başlıca olaraq insan kapitalı
ilə bağlı bir çox məsələlərin həllini tapmasını,
o cümlədən Azərbaycan təhsilinin dünya
standartlarına cavab verməsini təmin edəcəkdir.
Misir MƏRDANOV,
Azərbaycan Respublikasının təhsil naziri |