Naxçıvan
Dövlət Universitetində yeni tədris ilində
keçiriləcək pedaqoji təcrübənin başlanğıc
konfransı oldu.
Tədbiri giriş sözü ilə açan ali məktəbin
rektoru, akademik İsa Həbibbəyli tələbə və
müəllimləri bu əhəmiyyətli hadisə münasibətilə
təbrik etdi. Qeyd olundu ki, pedaqoji təcrübənin
hər bir tələbənin gələcəyin yüksək intellektli
müəllimi, mütəxəssisi kimi formalaşmasındakı
rolu danılmazdır. Pedaqoji təcrübə imkan verir
ki, təhsil müddətində qazanılan nəzəri
bilikləri təcrübədə möhkəmləndirməklə peşə
vərdişlərinə yiyələnəsən. Bu səbəbdən təcrübə
dövründə metodistlərin, müəllimlərin və
tələbələrin üzərinə böyük məsuliyyət düşür.
Builki yeniliklərdən söhbət açan rektor qeyd
etdi ki, növbəti tədris illərində təcrübənin
əhatə dairəsinin genişləndirilməsi və
tələbələrin muxtar respublikanın təkcə şəhər
orta ümumtəhsil məktəblərinə deyil, həmçinin bir
sıra digər kənd məktəblərinə də təcrübəyə cəlb
olunması nəzərdə tutulur.
Universitetin
tədris işləri üzrə prorektoru, filologiya
elmləri doktoru Hüseyn Həşimli builki
təcrübənin məqsəd və vəzifələri barədə ətraflı
məlumat verdi. Belə ki, bu il universitetin,
kredit üsullu ixtisasları da daxil
olmaqla, 6 fakültəsinin 17 ixtisası üzrə
306 tələbəsi Naxçıvan Muxtar Respublikasının
14 orta ümumtəhsil məktəbində 4 həftə
müddətində pedaqoji təcrübə keçəcək. O da
vurğulandı ki, təcrübə zamanı dərslərin
təşkilində yeni texnologiyaların,
informasiya-kommunikasiya texnologiyalarının (İKT),
müasir dünyamızın tələbi kimi, geniş tətbiqi
zəruridir.
Naxçıvan MR Təhsil Nazirliyi Aparatının rəhbəri
Rəşad Xudiyev çıxışında qeyd etdi ki, muxtar
respublikada Ali Məclis sədrinin rəhbərliyi ilə
160-dan çox məktəb əsaslı təmir olunaraq
istifadəyə verilib, məktəblər 305 elektron lövhə
ilə təchiz olunub. Bu da yeni nəsil pedaqoqların
tədris prosesini müasir tələblərə uyğun
qurmasına şərait yaradır.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Hüseyn
Məmmədyarov ölkədə və muxtar respublikada
təhsilə, təhsil işçilərinə göstərilən
qayğıdan danışdı, təcrübəçi tələbələrə uğurlar
dilədi.
Nərmin CƏFƏROVA,
NDU-nun Mətbuat şöbəsinin əməkdaşı |