2011-ci ildə tanınmış ədəbiyyatşünas alim,
Azərbaycan Respublikası Elmlər Akademiyasının
müxbir üzvü, filologiya elmləri doktoru, əməkdar
elm xadimi, professor Abbas Fəttah oğlu
Zamanovun 100 illiyi tamam olur.
Özünün zəngin elmi fəaliyyəti ilə Abbas Zamanov
milli ədəbiyyatşünaslığın bir məktəb kimi
formalaşdırılması və inkişaf etdirilməsi
sahəsində təqdirəlayiq xidmətlər göstərmişdir.
Ölkəmizdəki yüksək ixtisaslı kadrların
azərbaycançılıq məfkurəsinə sədaqət ruhunda
hazırlanmasında onun böyük əməyi vardır.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq
xalqımızın bədii-ictimai fikir tarixinin
tədqiqi, eləcə də mədəni irsimizin və mənəvi
sərvətlərimizin təbliği işinə mühüm töhfələr
vermiş professor Abbas Zamanovun 100 illik
yubileyinin layiqincə keçirilməsini təmin etmək
məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi
və Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan
Muxtar Respublikasının Ali Məclisi ilə birlikdə
Abbas Zamanovun 100 illik yubileyinə həsr
olunmuş tədbirlər planını hazırlayıb həyata
keçirsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti
"Abbas Fəttah oğlu Zamanovun xatirəsinin
əbədiləşdirilməsi haqqında" Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 13 dekabr
1993-cü il tarixli 598 nömrəli qərarının
icrasını təmin etsin və bu sərəncamdan irəli
gələn digər məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 oktyabr 2011-ci il |