| 
								 Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsinin Təhsilin 
								İdarəolunmasının Məlumat Sistemləri (TİMS) 
								sektorunun təşkilatçılığı ilə "TİMS proqramı və 
								onun mahiyyəti" mövzusunda treninq-seminarlar 
								keçirilir. Sentyabrın 5-dən başlamış 
								treninq-seminarlar paytaxtın 11 rayonunu əhatə 
								edir. Belə treninq-seminarlardan biri də 
								sentyabrın 29-da Bakıdakı 152 nömrəli məktəbdə 
								təşkil olunmuşdur. Tədbirdə BŞTİ-nin müdir 
								müavini Hüseyn Əsgərov, idarənin TİMS sektorunun 
								müdiri Dürdanə Əhədova, Binəqədi rayonunda 
								yerləşən ümumtəhsil məktəblərinin direktorları, 
								təlim-tərbiyə işləri üzrə direktor müavinləri və 
								TİMS əlaqələndiriciləri iştirak edirdilər. 
								Treninq-seminarların keçirilməsində məqsəd 
								Azərbaycan Respublikası Prezidentinin 10 iyun 
								2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş 
								"2008-2012-ci illərdə Azərbaycan Respublikasında 
								təhsil sisteminin informasiyalaşdırılması üzrə 
								Dövlət Proqramı"na uyğun olaraq TİMS proqramının 
								əhəmiyyətini və idarə olunmasını iştirakçılara 
								çatdırmaqdan ibarətdir. 
								Tədbiri giriş sözü ilə açan BŞTİ-nin müdir 
								müavini Hüseyn Əsgərov TİMS proqramının 
								əhəmiyyətindən danışaraq qeyd etdi ki, təhsil 
								sisteminin müasirləşdirilməsi şəraitində təhsil 
								müəssisələrinin idarə olunması sisteminin 
								təkmilləşdirilməsinə yeni tələblər qoyulur. Bu 
								sahədə BŞTİ-nin Təhsilin İdarəolunmasının 
								Məlumat Sistemləri sektoru mühüm işlər görmüşdür. 
								H.Əsgərov bildirdi ki, TİMS sisteminin 
								yaradılmasında və fəaliyyətində başlıca məqsəd 
								təhsili səmərəli idarə etmək və təhsilin 
								keyfiyyətini yüksəltməkdir. Mövcud vəziyyəti 
								operativ təhlil etmək, qiymətləndirmək və 
								nəticədə əsaslandırılmış optimal qərarlar qəbul 
								etmək üçün verilənlər bazasında olan məlumatların 
								dürüstlüyü vacib şərtlərdən biridir. TİMS 
								sektorunun əməkdaşları informasiya 
								texnologiyaları əsasında təhsilin səmərəli 
								idarəolunması sistemini formalaşdırmaq üçün Bakı 
								şəhəri üzrə "TİMS-Məktəb" proqramının idarəetmə 
								strukturunu mütəmadi olaraq təkmilləşdirirlər. 
								H.Əsgərov TİMS sektorunun əməkdaşlarının İKT-nin 
								köməyi ilə təhsil sisteminin 
								informasiyalaşdırılması və TİMS bazasına 
								ötürülən məlumatların dəqiqliyinə nəzarətlə 
								bağlı məktəb rəhbərləri ilə keçirilən 
								seminarların müsbət nəticələr verəcəyinə ümidvar 
								olduğunu bildirdi. 
								Tədbirdə çıxış edən BŞTİ-nin TİMS sektorunun 
								müdiri Dürdanə Əhədova proqram haqqında 
								danışaraq bildirdi ki, əməkdaşlar tərəfindən 
								verilənlər bazasında olan materialların 
								monitorinqi aparılmış və bütün məlumatlar 
								sənədlərlə ciddi şəkildə yoxlanıldıqdan sonra 
								bazaya daxil ediləcək. D.Əhədova qeyd etdi ki, 
								artıq məktəbəqədər və məktəbdənkənar təhsil 
								müəssisələrinin kadrları haqqında məlumatlar da 
								verilənlər bazasına daxil edilmişdir. Hazırda 
								2011-2012-ci tədris ili üçün TİMS elektron 
								məlumat bazasının dəqiqləşdirilməsi, I sinif 
								şagirdləri haqqında məlumatların əlavə edilməsi, 
								"Əsas və orta təhsil kursu" üzrə 
								mərkəzləşdirilmiş qaydada keçiriləcək 
								imtahanlarla bağlı IX və XI sinif şagirdlərinin 
								siyahısının yoxlanılması sahəsində işlərə 
								başlanılıb. 
								TİMS proqramının mahiyyəti haqqında sektorun 
								böyük məsləhətçisi Buludxan İsayev iştirakçılara 
								ətraflı məlumat verdi. İştirakçıları 
								maraqlandıran suallara cavab verən B.İsayev 
								bildirdi ki, məktəblərin bütün hesabat formaları 
								TİMS proqramında cəmləşdirilib.  
								
								
								Niyazi RƏHİMOV |