| 
								
								
								Rusiyada tələbələrin sosial müdafiəsi 
								gücləndirilir  
								Rusiya Federasiyasının Prezidenti Dmitri 
								Medvedev hökumətə tələbələrin sosial 
								vəziyyətinin yaxşılaşdırılmasını nəzərdə tutan 
								tapşırıqlar verib. Kremlin mətbuat xidmətindən 
								verilən məlumata əsasən, prezident tələbələrin 
								ali təhsil müəssisələrində, elmi idarələrdə, 
								kiçik müəssisələrdə və digər profil 
								təşkilatlarda əmək fəaliyyəti ilə təmin olunması 
								imkanlarının genişləndirilməsi sahəsində 
								tədbirlər görülməsi barədə hökumətə tapşırıq 
								verib. Tapşırığa əsasən, 2012-ci il  martın 
								12-nə qədər ali məktəb məzunlarının məşğulluq 
								mərkəzləri yaradılmalıdır.  
								2012-ci il fevralın 1-nə kimi bütün ali 
								məktəblərin, tədris korpusları və tələbə 
								yataqxanalarının yüksəksürətli və simsiz 
								İnternetlə təmin olunması məsələsinə 
								baxılmalıdır. Hökumət digər RF federal icra 
								hakimiyyəti orqanları ilə birlikdə dekabrın 1-nə 
								kimi  tələbələrin şəhərətrafı qatarlardan 
								istifadə üçün vahid tələbə biletləri ilə təmin 
								olunmasını başa çatdırmalıdır. 
								Dövlət başçısı  ali və orta təhsil 
								müəssisələrinin əyani şöbələrində oxuyan  xarici 
								tələbələrin qeydiyyatı məsələsinin 
								sadələşdirilməsi üçün təkliflərin hazırlanması 
								barədə tapşırıq verib.  
								Prezident tələbələrin illik 
								dispanserizasiyasının həyata keçirilməsi barədə 
								hökumət qarşısında vəzifə qoyub. Tələbələrə 
								tibbi xidmətin səviyyəsi təkmilləşdirilməli, 
								təhsil müəssisələrində tibb məntəqələri  
								yaradılmalı, mövcud olanlar isə yenidən 
								qurulmalıdır.  Prezident federal büdcədən 
								maliyyələşən ali məktəblərin  maliyyələşməsi 
								mexanizminin təkmilləşdirilməsi məsələsinin 
								yenidən gözdən keçirilməsini, tələbələr üçün 
								adlı təqaüdlərin təyin olunması üçün təkliflərin 
								hazırlanmasını tapşırıb.  
								Bundan əlavə, hökumət federal büdcə hesabına 
								miqrant tələbələrin yerləşdirilməsi problemini 
								həll etmək üçün yeni yataqxanaların tikilməsi 
								üçün proqram hazırlayacaq.   
								
								
								Barak Obama: "Amerikada şagirdlərin 25 faizi 
								orta təhsilə malik deyil"  
								 Amerika 
								prezidenti Barak Obama xalqa illik müraciətində 
								ABŞ təhsil standartlarının gücləndirilməsinə 
								çağırıb. O  bildirib ki, təhsil sistemində 
								islahatların aparılması  - bu, bizim təkcə 
								uşaqlar qarşısında deyil,  həm də ölkə və 
								gələcək qarşısında borcumuzdur.  Prezident qeyd 
								edib ki, müəllimlər bütün diqqəti heç də 
								məktəblilərin imtahanlara hazırlaşmalarına  
								deyil, onların təhsilinə yönəltməlidirlər. 
								Müəllimlərə məhz bu imkanların verilməsi üçün 
								dövlət bütün ştatlara təhsil sahəsində geniş 
								azadlıqlar verir, bu isə pedaqoqlara  özlərinin 
								birbaşa funksiyalarını yerinə yetirməyə şərait 
								yaradır.  Prezident əlavə edib ki, işsizliklə 
								mübarizəyə dair yeni qanun layihəsi müəllimlərin 
								sayını artırmağa və 35 minə yaxın məktəbin 
								modernləşdirilməsinə imkan verəcək. 
								"Əgər  iqtisadiyyatımız qarşısında duran 
								vəzifələrə ciddi yanaşırıqsa, onda biz təhsilə 
								daha ciddi yanaşmalıyıq",-deyə Obama bildirib. 
								 
								 Barak Obama deyib ki, indi Amerikanı təhsil 
								sahəsində qibtəediləcək bir ölkəyə çevirmək 
								vaxtıdır. "Bizim uşaqlar ən layiqli təhsil 
								almalıdırlar. Onlar artıq uzun müddət gözləyə 
								bilməzlər" deyən B.Obama təhsil sistemində 
								aparılan islahatları təqdirəlayiq adlandırıb və 
								əlavə edib ki,  2002-ci ildə sabiq prezident 
								Corc Buş tərəfindən imzalanan "Heç bir uşaq 
								arxada qalmamalıdır" adlı qanunda bir sıra 
								qüsurlar var və qanun artıq effektivliyini 
								itirib. ABŞ prezidenti deyib ki, Amerikada 
								şagirdlərin 25 faizi orta təhsilə malik deyil və 
								Amerika ali təhsil baxımından dünyada 16-cı 
								yerdədir.  Barak Obama bəyan edib ki, ölkənin 
								təhsil siyasətinin  dəyişməsi, məktəblərin və 
								müəllimlərin modernləşdirilməsinə milyardlarla 
								vəsaitin xərclənməsi Amerikanın gələcəkdə 
								rəqabət qabiliyyətinin möhkəmləndirilməsinə 
								xidmət edir.    
								
								
								İsveç təhsili böhrandan çıxır  
								 İsveç 
								hökuməti təhsil sahəsində islahatların həyata 
								keçirilməsinə 1 milyon ABŞ dolları xərcləməyi nəzərdə tutub. 
								Yaxın 4 il ərzində bu vəsait müəllimlərin 
								yenidənhazırlanması, dəqiq, humanitar və təbiət 
								elmlərinin tədrisi standartlarının 
								yüksəldilməsinə sərf olunacaq. İsveç hökumətinin 
								təhsil sahəsinin islahatlarına dair planları 
								ölkənin illik büdcəsinin müzakirəsi zamanı 
								açıqlanıb. İslahatın başlıca məqsədi müəllim 
								heyətinin peşəkarlığının, əhalinin məşğulluq 
								səviyyəsinin artırılması, ölkədə innovativ 
								sənayenin inkişafıdır. İsveçin maliyyə naziri 
								Anders Borqun sözlərinə görə, hökumət təhsilin 
								inkişafına xüsusi diqqət ayırıb. Məhz təhsil 
								İsveçə maliyyə böhranına qalib gəlməyə kömək 
								edəcək.  İslahatlar həm orta, həm də ali təhsilə 
								toxunacaq. İslahatların böyük qismi müəllimlər 
								üçün "karyera nərdivanı"nın təmin olunmasına 
								yönələcək.
 
								Öz səlahiyyətlərindən geniş istifadə edən 
								müəllimlər  maliyyə mükafatı alacaqlar.  İsveç 
								hökuməti humanitar və təbiət elmlərini öyrənən 
								tələbələrlə bağlı dəstək siyasətini dəyişəcək. 
								İndi yalnız əyani şöbələrdə təhsil alan aktiv 
								tələbələrə maliyyə dəstəyi göstəriləcək. 
								 
								Universitetlər İsveçin Təhsil Nazirliyinə aktiv 
								tələbələr barədə məlumat verməlidir. Dərslərdə 
								iştirak etməyən tələbələr hökumətin maliyyə 
								dəstəyi proqramından kənarlaşdırılacaq. 
								 
								Stokholm Universitetinin rektoru Kor Bremer 
								hesab edir ki, hökumət planının həyata keçməsi 
								tam realdır. 2018-ci ilə kimi yaşı 14-19 olan 
								gənc isveçlilərin sayı 600000 azalacaq. Nəticədə 
								ali təhsillilərə tələbat azalacaq. Hökumət 
								inşaatçı-mühəndislər hazırlayan universitetlər 
								üçün əlavə 400 yer ayırıb. "İsveçin XXI əsr 
								ərzində sənayecə inkişaf etmiş ölkəyə 
								çevrilməsini arzu edirəm. Bunun üçün isə biz 
								ağıllı mühəndislər yetişdirməliyik", - deyə 
								ölkənin təhsil naziri Yan Byerklund bildirib.    
								
								
								Ukraynada Avropa məktəbinin gələcəyi müzakirə 
								olunub  
								 Ukraynanın 
								paytaxtı Kiyevdə Avropa məktəbinin gələcək 
								perspektivlərinə həsr olunmuş forum keçirilib. 
								"XXI əsrdə məktəb: Kiyev təşəbbüsləri" 
								adlandırılan tədbirdə 40 ölkədən nümayəndə 
								iştirak edib.  Avropa orta təhsilinin gələcəyinə 
								həsr olunmuş forumda Ukraynanın baş naziri 
								Nikolay Azarov da iştirak edib. Nümayəndələr 
								təhsil sahəsində başlıca aspektləri diqqətdə 
								saxlayıblar. Forumda informasiya 
								texnologiyalarının inkişafı, məktəblərin 
								təchizatı və müəllimlərin yenidənhazırlanması 
								kimi məsələlər təhlil olunub. Tədbirdə Avropada 
								təhsilin vahid prinsiplərinin tətbiq olunması 
								zərurətindən, tolerantlığın tərbiyəsi, digər 
								mədəniyyətlərə hörmət məsələlərinə toxunulub. 
								Avropa Şurasının  Təhsil və dil siyasəti 
								Departamentinin direktoru Olas Olasdottip bəyan 
								edib ki, hazırda Avropanı sarsıtmış bir çox 
								problemlər  və təhsil arasında birbaşa əlaqə 
								var. "Oslodakı hadisə, Böyük Britaniyadakı 
								iğtişaşlar və AB məkanındakı maliyyə böhranı 
								bizim diqqətimizi təhsilin məqsədi  nə olmalıdır 
								məsələsinə yönəldib. Maliyyə böhranı indi 
								başlamayıb, lakin o, təhsildəki problemləri üzə 
								çıxarıb",-deyə AŞ rəsmisi bildirib. Onun 
								sözlərinə görə, təhsil Avropada baş verən bütün 
								proseslərə cavab verməlidir. Tədbirin sonunda 
								Avropa Şurası ekspertləri və Avropa ölkələrinin 
								təhsil qurumlarının  başçıları birgə bəyanat 
								qəbul ediblər. Ukraynanın təhsil və elm, gənclər 
								və idman naziri Dmitri Tabaçnikin sözlərinə görə, 
								forum Avropada orta təhsilin inkişafına təsir 
								edəcək. 
								
								
								Fransada müəllimlər tətil edirlər  
								Fransada müəllimlərin tətili başlayıb. Fransa 
								mətbuatının yazdığına görə, aksiyada əsasən 
								ibtidai təhsil (ibtidai məktəblər və uşaq 
								bağçaları) sahəsində çalışan müəllimlərin 53,8 
								faizi və orta təhsil sistemində (kollec və 
								liseylər) işləyən müəllimlərin 50 faizi iştirak 
								edir. Həmkarlar təşkilatlarının məlumatlarına 
								görə, paytaxt Paris və digər şəhərlərdə 
								keçirilmiş aksiyaya 165 min müəllim qatılıb.   
								Müəllimlər iş yerlərinin ixtisarına etiraz 
								edirlər.  Fransanın Təhsil Nazirliyi isə etiraz 
								edənlərin sayının müvafiq olaraq 28,9  faiz və 
								22,3 faiz olduğunu bildirir. Bu dəfə aksiyaya 
								özəl məktəblərin müəllimləri də qoşulub.  
								2012-ci il üçün büdcə layihəsində ölkənin 
								ibtidai və orta təhsil sistemində 14 min iş 
								yerinin ləğv olunmasına etiraz edən müəllimlər 
								layihənin yenidən gözdən keçirilməsini tələb 
								edirlər.     
								
								
								Bağçadan kənarda qalan uşaqlar məktəb həyatına 
								çətin adaptasiya olunurlar  
								 Öz 
								baba və nənələrinin nəzarətində olan yaşı 3-dən 
								aşağı uşaqlar bağçaya gedən həmyaşıdlarından 
								fərqli olaraq məktəb həyatına pis adaptasiya 
								olunurlar. Böyük Britaniyanın   Daily Telegraph 
								agentliyinin məlumatına görə, ölkədə aparılmış 
								araşdırmalar bunu deməyə əsas verir. Böyük 
								Britaniyanın Uşaq Cəmiyyətinin (Children's 
								Society) sifarişi ilə London Universitetinin 
								Təhsil İnstitutu (Institute of Education, 
								University of London) tərəfindən aparılmış 
								araşdırmada anaları vaxtından əvvəl işə çıxmağa 
								məcbur olan 5 min uşaq iştirak edib. 
								Məlum olub ki, bağçalara gedənlər  uşaq 
								cəmiyyətində özlərini daha yaxşı aparmağı 
								bacarır, məktəb qayda-qanunlarını asanlıqla 
								mənimsəyir, eləcə də hərfləri və rəqəmləri daha 
								yaxşı bilirlər.  
								Digər tərəfdən, evdə yaşlı doğmaların əhatəsində 
								qalan uşaqlar isə daha çox söz ehtiyatına malik 
								olur və həmyaşıdlarından daha savadlı çıxışlar 
								edirlər. Tədqiqat müəllifləri hökumətə bu 
								vəziyyətə diqqət yönəltməyi tövsiyə edir və 
								uşaqlara baxan baba-nənələrin bu sahədə əlavə 
								təhsil almaları üçün onlara güzəştlər təqdim 
								edilməsini  təklif edirlər. Çünki uşaqların evdə 
								yaxınlarından aldığı sevgi və diqqəti 
								bağçalardakı diqqətlə müqayisə etmək olmaz.   Uşaq 
								Cəmiyyətinin təqdim etdiyi statistikaya görə, 
								son 30 il ərzində işləyən anaların sayı 51 
								faizdən 64 faizə qədər artıb. Dünya maliyyə 
								böhranı isə daha çox anaları işə çıxmağa məcbur 
								edir.  
								Daha çox uşağın ana himayəsindən kənarda qalması 
								perspektivi YUNİSEF kimi nüfuzlu beynəlxalq 
								təşkilatları narahat edir. YUNİSEF-də hesab 
								edirlər ki, ananın  körpənin böyüməsində 
								iştirakı  onun  emosional  və  psixi  inkişafı  
								üçün  münbit  şərait yaradır.   
								
								
								Xarici mətbuat materialları əsasında hazırladı:Oruc MUSTAFAYEV
 |