Təhsil sistemi
Ərəbistan
yarımadasının şərq hissəsində, Fars və Oman
körfəzləri sahilində yerləşən Birləşmiş Ərəb
Əmirliklərində (BƏƏ) neft yataqlarının
işlənilməsinə başlandıqdan sonra təhsilin
inkişafına daha böyük diqqət yetirilib, təhsil
ən prioritet sahələrdən biri kimi önə çəkilib.
İxtisaslı mütəxəssislərin yetişdirilməsi üçün
investisiya qoyuluşunun ölkənin gələcəyi
baxımından əhəmiyyətini qəbul edən BƏƏ federal
hökumətin ümumi xərclərinin 25 faizini təhsilə
sərf edir.
Ölkə üzrə savadlılığın ümumi səviyyəsi 91 faiz
təşkil edir. Birləşmiş Ərəb Əmirliklərində
əhalinin savadlılıq səviyyəsinin yüksəlməsinə
nail olmaq üçün bir sıra davamlı tədbirlər
həyata keçirilir. BƏƏ hökuməti 2009-cu ildə
təhsilin və müəllim hazırlığının keyfiyyətinin
yüksəldilməsi üçün 7,4 milyard dirhəm (2 milyard
ABŞ dolları) vəsait ayırıb.
BƏƏ-də dövlət təhsili məktəbəqədər təhsil
pilləsindən ali təhsil pilləsinə qədər ölkənin
bütün vətəndaşları üçün pulsuzdur. Buraya
məktəbli formaları, kitablar, zəruri
avadanlıqlar, əlavə vəsait və nəqliyyat vasitəsi
ilə təminat da daxildir. Təhsil IX sinfə, yəni 6
yaşdan 15 yaşa qədər icbaridir.
2006-2007-ci tədris ilindən etibarən əcnəbi
şagirdlərə də təhsil haqqı ödəməklə dövlət
məktəblərində oxumağa icazə verilir. Birləşmiş
Ərəb Əmirliklərində müəllim tələbə nisbəti
15:1-ə bərabərdir.
BƏƏ-nin müasir təhsil sistemi əsasən ötən əsrin
ikinci yarısından sonra formalaşıb. 1952-ci ildə
ölkədə çox az sayda formal məktəblər fəaliyyət
göstərirdi. 1960-1970-ci illərdə məktəblərin
yaradılması proqramının tətbiqi təhsil
sisteminin nisbətən genişlənməsinə səbəb oldu.
Ölkədə təhsilə dövlət büdcəsindən ayrılan vəsait
davamlı olaraq artırılsa da, tədris metodları və
kurikulum yeni tələblərə cavab vermirdi.
Ümumilikdə təhsil sistemi zəif idi. 2006-cı ilin
fevral ayında hökumət tərəfindən təhsilin
keyfiyyətinin yüksəldilməsi, o cümlədən daimi
sinif otaqlarının, kompüter laboratoriyalarının
müasir avadanlıqlarla təmin olunması
istiqamətində konkret addımlar atılmağa başlandı.
BƏƏ-nin
Təhsil Nazirliyi təhsildə texnologiyaları tətbiq
etmək, yeni bacarıqları təkmilləşdirmək üçün
hazırlanmış və şagirdlərin təhsil imkanlarının
artırılmasına yönəlmiş "Təhsil-2020" adlı
beşillik silsilə proqramlar qəbul edib. Bu
proqramın bir hissəsi kimi, 2003-2004-cü tədris
ilindən başlayaraq bütün dövlət məktəblərinin I
siniflərində yeni riyaziyyat və inteqrativ
təbiət elmləri kurikulumu tətbiq edilir. Yeni
kurikulumlarda ingilis dilinin tədrisi digər
fənlərin, o cümlədən riyaziyyat və təbiət
elmlərinin tədrisinə inteqrasiya edilir.
Birləşmiş Ərəb Əmirlikləri qadınların təhsilə
cəlb olunması və onların təhsil imkanlarının
artırılması istiqamətində mühüm irəliləyiş əldə
edərək BMT-nin Minilliyin Məqsədlərinə çatmaq
üçün müəyyən etdiyi tələbləri yerinə yetirib.
Ölkədə təhsilin bütün pillələrində yeni
təşəbbüslər dəstəklənir və müvafiq islahatlar
həyata keçirilir. Bunlardan biri də K-12
proqramlarının tətbiq edilməsidir. Bu proqramın
əsas məqsədi orta məktəb məzunlarının dünya
universitetlərində oxumasına tam hazırlıqlı
olmasını və qlobal əmək bazarında rəqabət apara
bilməsini təmin etməkdir.
Təhsil sahəsində həyata keçirilən mütərəqqi
islahatlarla yanaşı, BƏƏ hökuməti 2020-ci ilə
qədər təhsili milliləşdirməklə təhsil sektorunda
çalışan vətəndaşlarının sayının 90 faizə
çatdırılmasını əsas hədəf kimi müəyyənləşdirib.
Orta təhsil pilləsində reallaşdırılan bütün bu
islahatlar ölkənin Təhsil Nazirliyi, Abu-Dabi
Təhsil Şurası və Dubay Təhsil Şurası tərəfindən
həyata keçirilir.
BƏƏ-də ali təhsil sisteminin idarə olunması ilə
Ali Təhsil və Elmi Tədqiqat Nazirliyi məşğul
olur. Bu qurum həm də ali təhsil müəssisələrinə
qəbul aparılmasını və tələbələrin seçdikləri
ixtisaslar üzrə yerləşdirilməsini həyata keçirir.
Məktəbəqədər təhsil
Birləşmiş
Ərəb Əmirliklərində uşaqlar 4-5 yaşlarında
məktəbəqədər təhsilə cəlb olunurlar. 2005-ci
ilin statistikasına görə, ibtidai məktəblərin I
sinfinə qəbul edilən uşaqların 80 faizini
məktəbəqədər təhsil müəssisələrindən gələn
uşaqlar təşkil edir.
Ölkədə həm dövlət, həm də müstəqil məktəbəqədər
təhsil müəssisələri fəaliyyət göstərir. Müstəqil
bağçalarda tətbiq olunan kurikulum dövlət
bağçalarında tətbiq olunan kurikulum ilə eynidir.
Həmçinin müstəqil bağçalar üçün inzibati,
texniki və tədris heyətinə olan ehtiyacı Təhsil
Nazirliyi müəyyənləşdirir.
Məktəbəqədər təhsil pilləsində son illər
aparılmış islahatlar nəticəsində Bağçaların
İnkişaf Mərkəzləri yaradılıb. Bu mərkəzlər
Körfəz regionunda tədris və inzibati heyətin
hazırlanması, eləcə də onların ixtisasının
artırılması üçün daimi elmi-tədris bazası hesab
edilir.
İbtidai təhsil
Ölkədə ibtidai təhsil 6 yaşdan başlanır və 6 il
davam edir. Dövlət ibtidai təhsil
müəssisələrində oğlanlar ayrı, qızlar ayrı
məktəblərdə oxuyurlar. 2006-cı ilin
statistikasına görə, oğlanların 85, qızların isə
82 faizi ibtidai təhsil pilləsinə cəlb olunur.
İngilis
dilinin tədrisi səviyyəsini yüksəltmək üçün Abu-Dabi
Təhsil Şurası Zayed Universiteti ilə birgə
ibtidai təhsil üzrə pilot proqram hazırlayır.
Ölkədə ingilis dilində səlis danışmağı
bacarmayanların işlə təmin olunması xeyli
çətindir. Bu proqramın genişləndirilərək ölkənin
bütün məktəblərində tətbiq olunması
planlaşdırılır.
BƏƏ-də ibtidai təhsildən sonra şagirdlər 3 illik
hazırlıq (əsas) təhsili pilləsində oxuyurlar.
İbtidai təhsil pilləsini başa vurduqdan sonra
şagirdlər öz təhsillərini texniki profilli orta
məktəblərdə də davam etdirə bilərlər. Həmin
məktəblərdə təhsil 6 il davam edir və məzunlara
orta texniki təhsil haqqında diplom verilir.
Orta təhsil
3 illik hazırlıq təhsilini başa vurduqdan sonra
şagirdlər növbəti 3 il müddətində orta təhsil
pilləsində oxuyurlar. Əhalinin orta təhsil
pilləsinə cəlb olunmasının səviyyəsi ibtidai
təhsil pilləsi ilə müqayisədə nisbətən aşağıdır.
Belə ki, bu təhsil pilləsinə kişilərin 62,
qadınların isə 66 faizi cəlb olunur.
Ölkədə orta təhsilin idarə olunmasına Təhsil
Nazirliyi cavabdehlik daşıyır. Dövlət məktəbləri
hökumətin ayırdığı vəsait hesabına maliyyələşir
və belə məktəblərdə kurikulum BƏƏ-nin inkişaf
məqsədlərinə və dəyərlərinə uyğun olaraq tərtib
olunur. Dövlət məktəblərində tədris ərəb dilində
həyata keçirilir. İngilis dili isə ikinci dil
kimi tədris olunur. Həmçinin beynəlxalq
səviyyədə akkreditasiyadan keçmiş çoxlu sayda
özəl məktəblər də fəaliyyət göstərir.
2006-2007-ci
tədris ilinin statistik məlumatlarına görə,
ölkənin 1256 dövlət və özəl orta məktəbində
650000 nəfər şagird təhsil alıb. Bu şagirdlərin
60 faizi dövlət məktəblərində oxuyub.
Son illər özəl təhsil sektorunda ciddi inkişaf
meyilləri müşahidə olunur. Bu isə özəl
məktəblərdə təhsil almaq istəyənlərin sayının
kəskin artmasına səbəb olub. Dubay Əmirliyində
şagirdlərin 50 faizi, Abu-Dabi Əmirliyində isə
40 faizi özəl məktəblərdə təhsil alır.
Ölkədə xüsusi təhsilin keyfiyyətinin
yüksəldilməsi istiqamətində də islahatlar həyata
keçirilməkdədir. 2006-cı ildə fiziki və əqli
qüsuru olanlar üçün təhsil imkanlarının
yaxşılaşdırılması məqsədilə xüsusi akt qəbul
edilib. Bu sənədə görə xüsusi qayğıya ehtiyacı
olan uşaqlar dövlət və özəl məktəblərdə digər
şagirdlərlə bərabərhüquqlu təhsil almaq imkanı
qazanıblar. Bununla yanaşı, bütün ölkədə müvafiq
peşə və reabilitasiya mərkəzləri də fəaliyyət
göstərir.
Ali təhsil
Birləşmiş Ərəb Əmirliklərində fəaliyyət göstərən
çoxsaylı ali təhsil müəssisələrinə Ali Təhsil və
Elmi Tədqiqat Nazirliyinin tabeliyində olan
Akademik Akkreditasiya Komissiyası lisenziya
verir. Ali məktəblərin tədris proqramlarının
akkreditasiyasını da bu qurum həyata keçirir.
Qeyd etdiyimiz kimi, ölkə vətəndaşları dövlət
ali təhsil müəssisələrində pulsuz oxuya bilərlər.
Orta təhsil pilləsinin sonuncu sinfini bitirən
qızların 95, oğlanların isə 80 faizi ali təhsil
müəssisələrinə qəbul olunurlar.
Ölkənin
dövlət universitetlərinin sırasına Birləşmiş
Ərəb Əmirlikləri Universiteti, Zayed
Universiteti və Ali Texnologiya Kolleci daxildir.
1976-cı ildə Abu-Dabi Əmirliyinin Əl-Əyn
şəhərində təsis olunmuş Birləşmiş Ərəb
Əmirlikləri Universiteti 9 kollecdən ibarətdir.
Bu ali təhsil müəssisəsi ölkənin ən aparıcı
tədris və tədqiqat müəssisəsi hesab olunur.
Universitetdə 70 proqram üzrə bakalavr təhsili
verilir. Təhsil müəssisəsinin pedaqoji heyətinin
tərkibinə 700 nəfərdən çox işçi daxildir.
1988-ci ildə təsis olunmuş Zayed Universiteti
yalnız qızlar üçün nəzərdə tutulsa da, sonradan
burada oğlanların da təhsil almasına icazə
verilib. Bu ali təhsil müəssisəsi humanitar və
təbiət elmləri, biznes elmləri, kommunikasiya və
media, təhsil və informasiya sistemləri adlı 5
kollecdən ibarətdir. Universitetdə tədris əsasən
ingilis dilində aparılır.
1988-ci ildə təsis olunmuş Ali Texnologiya
Kolleci hazırda ölkənin bütün əmirliklərini
əhatə edən 16 tədris binasında 80 proqram üzrə
bakalavr və magistratura təhsili verir. 16000
nəfərin təhsil aldığı bu kollec ölkənin ən böyük
ali təhsil müəssisəsi hesab edilir.
Tələbə kontingentinin 10000 nəfərdən çoxu
qızlardan ibarət olan Ali Texnologiya Kollecinin
nəzdində fəaliyyət göstərən Tətbiqi Tədqiqat və
Təlim üzrə Təcrübə Mərkəzində texniki peşə
təhsili və tətbiqi texnologiya üzrə təlim
kursları həyata keçirilir. Mərkəz çoxsaylı
beynəlxalq şirkətlərlə əməkdaşlıq edir. Tətbiqi
Tədqiqat və Təlim üzrə Təcrübə Mərkəzi texniki
peşə təhsili və tətbiqi texnologiya üzrə Orta
Şərqin ən böyük özəl təhsil müəssisəsi hesab
olunur.
Özəl
ali təhsil müəssisələri arasında Şarcah və Dubay
Amerikan universitetləri, Şarcah Universiteti,
Acman Elm və Texnologiya Universiteti, Abu-Dabi
Universiteti, Əl-Hosn Universiteti daha məşhur
və nüfuzludurlar.
1995-ci ildə təsis olunmuş Dubay Amerikan
Universiteti həm BƏƏ, həm də ABŞ-da
akkreditasiyadan keçib.
BƏƏ-də ilk tibb məktəbi 1998-ci ildə təsis
olunmuş və Acman Əmirliyində yerləşən Körfəz
Tibb Universitetidir. Bu ali təhsil
müəssisəsində müxtəlif ölkələrin vətəndaşları
cinsi ayrı-seçkilik olmadan təhsil ala bilərlər.
2008-ci ildə təhsil müəssisəsi tədrisin
səviyyəsini xeyi yüksəldib və əhatə dairəsini
genişləndirərək Avstraliya Həkimlik üzrə Kral
Kolleci ilə birgə stomatologiya, əczaçılıq və
digər ixtisasların tədrisinə başlayıb.
Ölkədə fəaliyyət göstərən beynəlxalq özəl ali
məktəblərin əksər hissəsi nüfuzlu beynəlxalq
qurumlar tərəfindən akkreditasiya olunur. BƏƏ-də
hazırda bakalavriatura proqramı üzrə tədris
aparan 17 beynəlxalq təhsil müəssisəsi var. Bu
məktəblərin çoxu öz tədris proqramlarını
Cenevrədəki Beynəlxalq Bakalavriatura Təşkilatı
tərəfindən təsdiq etdirirlər.
Elmi tədqiqatlar
Birləşmiş Ərəb Əmirliklərində təhsil və
elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsinə
xüsusi diqqət göstərilir. Təcili Kompüter
Yardımı üzrə Tədqiqat Mərkəzinin, Məsdər Elm və
Texnologiya İnstitutunun səmərəli fəaliyyətinin
təşkili bunun bariz nümunəsidir.
Məsdər
Elm və Texnologiya İnstitutu Orta Şərqin ilk
elmi-tədqiqat yönümlü universiteti hesab edilir.
2009-cu ilin payızında universitetdə ilk dəfə
magistratura proqramları həyata keçirilməyə
başlanıb. Bu universitetin yaradılmasının əsas
məqsədi dünyada təbii yanacaqdan asılılığın
azaldılması problemi ilə məşğul olan gənc
kadrlar və tədqiqatçılar hazırlamaqdır.
Tədqiqat və təlim müəssisəsi olan Dubay
İdarəçilik Məktəbi də elmi-tədqiqatlara geniş
yer verir, müvafiq sahədə yüksək səviyyəli
mütəxəssislər yetişdirir. Bu təhsil
müəssisəsində 2009-cu ildən idarəetmə və dövlət
siyasəti üzrə magistratura proqramları tədris
olunur.
Beynəlxalq əməkdaşlıq
Birləşmiş Ərəb Əmirliklərində xarici ölkələrin
beynəlxalq səviyyədə tanınmış universitetlərinin
filialları da fəaliyyət göstərir. Onların
bəziləri xüsusi təhsil zonalarında, 2003-cü ildə
yaradılmış Dubay Bilik Kəndində və Akademik
Şəhərcikdə yerləşir.
Xüsusi təhsil zonası olan Dubay Bilik Kəndində
beynəlxalq səviyyədə tanınmış universitetlər,
təlim mərkəzləri, elektron təlim və tədqiqat
şirkətləri bir arada cəmləşib. Hazırda bu
məkanda 25 beynəlxalq səviyyəli ali təhsil
müəssisəsi fəaliyyət göstərir. Buraya Sankt-Peterburq
Dövlət Universiteti, Mühəndislik və İqtisadiyyat
Universiteti, Uollonqonq Universiteti, Mahatma
Qandi Universiteti, Mançester Biznes Məktəbi və
digərləri daxildir.
Bundan başqa, Ras-Əl-Xayma Əmirliyində Tafts
Universitetinin və Corc Meyson Universitetinin,
Dubay Əmirliyində Miçiqan Dövlət Universitetinin
və Roşester Texnologiya İnstitutunun, eləcə də
Vaşinqton Universitetinin, Boston
Universitetinin filialları fəaliyyət göstərir.
700 illik şərəfli inkişaf yolu keçmiş Sorbonna
Universitetinin xaricdə ilk filialı məhz 2006-cı
ildə Birləşmiş Ərəb Əmirliklərində açılıb.
Burada Sorbonna Universiteti tərəfindən müəyyən
olunmuş qaydalara və təhsil standartlarına uyğun
tədris aparılır.
Avropa Biznesin İdarəolunması İnst
itutu Abu-Dabi Əmirliyində 2007-ci ildən
fəaliyyət göstərməyə başlayıb. Bu təhsil
müəssisəsində hazırda 7 icraedici tədris
proqramı üzrə mütəxəssislər hazırlanır.
2008-ci ildə Abu-Dabi Əmirliyində Nyu-York Film
Akademiyasının filialı təsis olunub. 2010-cu
ildən filialda bakalavr dərəcə proqramlarının
tədrisinə başlanılıb.
2010-cu ilin payızında Əbu Dabi Əmirliyində Nyu-York
Universitetinin müvəqqəti filialı açılıb. Yaxın
gələcəkdə bu təhsil müəssisəsi üçün Saadiyat
adasında əsas tədris binasının istifadəyə
verilməsi nəzərdə tutulur. Təhsil müəssisəsində
Orta Şərqdən, Cənubi Asiyadan, Mərkəzi Asiyadan,
Avropadan gələn 2000 tələbənin bakalavr və
magistratura təhsili alması üçün hər cür şərat
yaradılacaq.
Con Hopkins Universitetinin Blumberq Tibb
Məktəbi isə BƏƏ-də tibb üzrə doktorantura
proqramının həyata keçirilməsinə yardım edir.
Ölkənin beynəlxalq səviyyədə tanınmış
universitetlərində xaricdə oxumaq imkanı olmayan
yerli tələbələr də biznes, təbiət elmləri,
mühəndislik və kompüter proqramları ixtisası
üzrə təhsil alırlar.
Əlavə təhsil
Birləşmiş Ərəb Əmirliklərində daimi inkişafa
nail olmağın vacibliyini nəzərə alaraq yeni
strategiyalar, proqramlar icra edilir və yeni
təşəbbüslər dəstəklənir, yüksək keyfiyyətli
təhsil standartlarının həyata keçirilməsinə səy
göstərilir. Bütün Orta Şərqdə təhsilin
inkişafına maneə yaradan əsas faktorlar ingilis
dilinin tədrisinə münasib diqqətin verilməməsi,
müasir tədris vasitələri, texnologiyaları və
metodları ilə qeyri-adekvat təmin olunmaq hesab
edilir. Müasir kurikulumun vacibliyini qəbul
edən BƏƏ bu sahənin inkişaf etdirilməsi üçün
böyük təhsil kampaniyasına başlayıb. Əlbəttə ki,
bu kampaniyanın əsasını təhsilin maliyyələşməsi
təşkil edir. Odur ki, BƏƏ-də 2009-cu ildə
təhsilin və müəllim hazırlığının keyfiyyətinin
yüksəldilməsi üçün 7,4 milyard dirhəm (2 milyard
ABŞ dolları) vəsait ayrılıb. Bu vəsaitin bir
hissəsi növbəti 5 il ərzində dövlət
məktəblərində çalışan 10000 müəllimin
ixtisasının artırılmasına yönəldiləcək.
2008-ci ildən Təhsil Nazirliyi Mentorluq
Proqramının tətbiqinə başlayıb. Proqrama əsasən
735 dövlət məktəbinin 50-nə Qərb ölkələrində
təhsil almış savadlı və ixtisaslı məktəb
direktorları təyin edildi. Bu, tədris
strategiyasının müasirləşdirilməsi və Qərb
ölkələrində tətbiq olunan təlim üsullarının,
şagirdyönümlü fəal təlim metodlarının ölkə
məktəblərində tətbiqi istiqamətində mühüm bir
addım oldu.
Aparılmış son tədqiqatlar deməyə əsas verir ki,
ölkədə savadsızlığın hazırkı səviyyəsi 7 faizdən
də aşağıdır. Sevindirici haldır ki, hökumətin
həyata keçirdiyi stimullaşdırıcı təhsil
layihələri sayəsində bu göstərici getdikcə daha
da aşağı düşür. Əhalinin yaşlı təbəqələri
arasında savadsızlığın ləğvi üzrə müvafiq
proqramlar həyata keçirilir və onların müsbət
nəticələri cəmiyyətin ümumi inkişafına əlavə
təkan verir. Hazırda minlərlə ölkə vətəndaşı
bütün regionlarda təsis olunmuş yaşlıların
təhsili üzrə 86 mərkəzdə formal təhsil
almaqdadır.
Ötən əsrin ikinci yarısından əldə etdiyi
sosial-iqtisadi uğurlarla bütün dünyanı
təəccübləndirən Birləşmiş Ərəb Əmirlikləri
təhsil sektorunda da kifayət qədər nailiyyətlər
qazanıb. Təsadüfi deyil ki, ölkə əhalisinin
ümumi artım dinamikasında miqrasiya hesabına
artım üstünlük təşkil edir. Digər səbəblərlə
yanaşı, təhsil almaq üçün ölkəyə gələn
əcnəbilərin əksər hissəsinin Birləşmiş Ərəb
Əmirliklərində daimi qalmağa üstünlük verməsi də
bu məsələdə mühüm rol oynayır.
Bəşarət MƏMMƏDOV,
Ramil HÜSEYNOV
Yazının hazırlanmasında Birləşmiş Ərəb
Əmirliklərinin Təhsil Nazirliyinin, həmçinin Ali
Təhsil və Elmi Tədqiqat Nazirliyinin rəsmi
materiallarından istifadə olunub. |