Təxminən
on il əvvəlin söhbətidir. Xidməti işimlə
əlaqədar olaraq yolum Qaradağ rayonunun Qızıldaş
qəsəbəsində yerləşən Azər Namazov adına 180
nömrəli orta məktəbə düşmüşdü. Dəvət olunduğum
tədbirdə iştirak etdim, uşaqların çıxışlarını
həvəslə dinlədim. Məktəbin direktoru Zöhrə
Qədirova da çıxış etdi. Onun bir fikri
dəftərçəmdə özünə yer aldı: "Bura Qızıldaş
deyirlər. Qızıl ən qiymətli metaldır. Elə
buranın ən varlı, ən qiymətli adamları burada,
bizim məktəbdə yetişir. Çünki onlara mənəvi
cəhətdən ən varlı adamlar - müəllimlər dərs
deyir".
Ayrılanda direktor bir qədər gileylə demişdi: "Məktəbimizin
binası qırx ildir tikilib. O vaxtdan təmir
olunmayıb. Əsaslı təmirə salınsa, dərdimiz olmaz".
Bu günlərdə tam təsadüf nəticəsində yolum
Qaradağa düşmüşdü. Kimsə Qızıldaşdan söz saldı.
Və maraq məni on il əvvəl gördüyüm bu "varlı"
adamların yanına çəkdi... Budur, köhnə tanışla -
180 nömrəli məktəblə üzbəüz dayanmışam. İnanın,
binanı tanımadım. Ona görə yox ki, təzəcə
təmirdən çıxmışdı, bir də ona görə ki, məktəbin
binası mən görən deyildi. Məktəbə hardan
girəcəyimi də kəsdirə bilmirdim. Nəhayət,
həyətdə dayanan müəllimlərdən biri mənə yardımçı
oldu.
Zöhrə xanım da, onun yaşıdları olan bir çox
müəllimlər də ömürlərinin müdriklik
çağındadırlar. "Ən yaxşı müəllim" adına, "Tərəqqi"
medalına layiq görülən Sərdar Hacıyev də,
Məleykə Abdullayeva da, Ümid Əmrahov da, Səbinə
Hacıyeva da belələrindəndir. Məktəbin gənc
müəllimlərindən Aygün Qəhrəmanova, Təhminə
Hacıyeva yeni fənn kurikulumlarının tətbiqi ilə
əlaqədar olaraq çox böyük əmək sərf etmiş,
yeniliyi ilk gündən mənimsəyərək tətbiq
edənlərdən olmuşlar. Sevinc Musayeva, Mehriban
Vəliyeva isə məktəbdə yenilikçi müəllimlər kimi
tanınırlar.
-Məktəbinizin görkəmi elə dəyişib ki, maşallah
tanımadım, - deyə direktora müraciət edirəm.
-Bu il məktəbimizin 50, mənim özümüm isə 60
yaşım tamam olur. Biz indiyəcən çox danışmışıq,
qoy indi də gənclər danışsınlar, - deyib
direktor gənc müəllimlərə tərəf baxır.
Aygün Qəhrəmanova:
-Məktəbimiz 2006-cı ildə Heydər Əliyev Fondu
tərəfindən əsaslı təmir olundu. Bundan başqa,
240 yerlik əlavə korpus da tikildi ki, bununla
da məktəbimiz əsasən birnövbəli işləməyə başladı.
Bütün bunlar bizim əməyimizə verilən qiymətin
ifadəsidir.
Təhminə Hacıyeva:
-Əvvəllər məktəbimizdə qəbul imtahanında yuxarı
bal toplayan şagirdlərin sayı az olurdu ki, bu
da bizi sıxır, ürəyimizi ağrıdırdı. Şükürlər
olsun ki, valideynlərimizlə apardığımız uzun və
fasiləsiz iş öz təsirini göstərməkdədir. Artıq
məzunlarımızdan qəbulda 600 bal toplayanların
sayı artmaqdadır.
Son qeydlərimi də götürüb müəllimlərin
əhatəsində həyətə çıxıram. Bomboz, bir yaşıllığı
belə olmayan Qızıldaş çöllərinə baxıb qəfildən
soruşuram:
-Qızıldaşın ən varlısı kim olar, görəsən?
Hamı təəccüblə bir-birinə, mən isə Zöhrə
müəllimə baxıram. Neçə illərin o üzündə bu
sualın cavabını özü verən bu ağsaçlı müəllimin
yaddaşı təzələnir, gülümsünüb deyir:
-Hə, buranın ən varlıları bax, bu müəllimlərdir.
Onların yetirdiyi barın qiyməti ölçüyə gələn
deyil.
Azad QARADƏRƏLİ |