Onu
hamı belə çağırır. Ömür yolu olduqca sadə,
ibrətamiz və məhsuldardır. Uzun müddət şimal
bölgəsinin ucqar dağ kəndində fəaliyyət
göstərib, elə ilk uğurları da oranın adı ilə
bağlıdır.
1998-ci ildən Yasamal rayonundakı Faiq Rzayev
adına 150 nömrəli orta məktəbdə ixtisası üzrə
çalışır. Bu təhsil ocağında neçə-neçə nəsil
uşaqların təlim-tərbiyəsi ilə məşğul olub.
Zeynəb müəllim belə hesab edir ki, çağdaş dövrdə
müəllimin, xüsusilə sinif müəlliminin işi həm
asan, həm də çox çətindir. Asandır ona görə ki,
sovet dövründə olduğu kimi, indi müəllim
pedaqoji prosesin yeganə subyekti deyil, şagirdə
də haqlı olaraq subyekt kimi baxılır və məktəb
xidmət sahəsidir. Son illərə qədər təlim-tərbiyə
prosesində müəllim öyrədən, şagird isə öyrənən
tərəf kimi başa düşülürdüsə, artıq bu konsepsiya
ömrünü başa vurub. İndi müəllim ötürücü, bələdçi
rolundadır.
Həmişə gülərüzlü, xoş ovqatda gördüyüm Zeynəb
müəllim bir dəfə gözümə narahat, qayğılı dəydi.
Sən demə, ibtidai sinif dərsliklərindən birində,
mətndə "kəhər at" ifadəsi işlənib. Müəllim
"kəhər" sözünün rəng, cins, yaxud hansısa başqa
mənada işləndiyini dəqiqləşdirmək istəyir. Bunun
üçün həmkarlarına və bu sətirlərin müəllifinə də
müraciət etdi. Mən "kəhər" sözünün hansısa rəng
bildirdiyini dedim, əlavə olaraq "İzahlı lüğət"ə
baxmağı tövsiyə etdim.
Yaradıcı düşünən, işgüzar müəllim "Azərbaycan
dilinin izahlı lüğəti"nin 2-ci cildini tapdı,
"kəhər" sözünün açıq şabalıdı rəng mənasında
işləndiyini yəqin etdi.
Zeynəb müəllim istər ana dili, istərsə də
riyaziyyat dərslərinə hazırlaşanda, onları
tədris edəndə heç nəyi nəzərdən qaçırmır, odur
ki, şagird qarşısında aciz qalmır.
Bir neçə ildir ki, Bakı Şəhəri üzrə Təhsil
İdarəsi IV siniflərdə riyaziyyatdan sınaq
yoxlamaları keçirir: həm şagirdlər, həm də
müəllim imtahan olunur. Zeynəb müəllimin həm
özü, həm də şagirdləri bu sınaqdan başıuca,
alnıaçıq çıxıb.
Sözə qüvvət: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin
əməkdaşı Sitarə Məmmədova məktəbimizə təşrif
buyurmuşdu. Təbii ki, Zeynəb müəllimin də
dərsində, I sinifdə oldu. Şagirdlərin oxu və
yazı texnikasından, riyazi biliklərindən çox
razı qaldı.
Şagirdlər bildirdilər ki, Zeynəb müəllim bizə
yaxşı dərs keçir, bizi yaxşı öyrədir, çox
mehribandır, səmimidir. O, bizə ana qədər
əzizdir.
Zeynəb müəllim bu inamı, sevgini, etibarı uzun
illər zərrə-zərrə, qram-qram qazanıb. Odur ki,
hamının sevimlisidir.
Seçim dövrüdür: valideyn də, şagird də müəllim
axtarır. Sözün düzü, Zeynəb müəllimi axtarırlar,
hamı onun üstünə qaçır.
Müdriklərdən biri deyib: əgər yaxşı ana (təbii
ki, həm də ata!) ola bilmirsənsə, yaxşı müəllim
də ola bilməzsən. Bu, həqiqətən də belədir.
Müəllim gərək şagirdlə ünsiyyətdə sərhədi həmişə
gözləyə. Uşaq, şagird əzizdir, fəqət tərbiyəsi
ondan da əzizdir.
Nə gizlədim, dərs dediyim şagirdlər bəzən
ata-analarından gizlətdiklərini, yaxud onlara
deməyə ürək etmədiklərini mənə deyirlər. Bu,
pisdir, ya yaxşı?! Müəllim öz fəaliyyəti və
şəxsiyyəti ilə bu etibarı və inamı qazanmalıdır.
Zeynəb müəllim şagirdlərin sonrakı taleyi ilə də
həmişə maraqlanır. Onların içində nə qədər
ləyaqətli atalar, analar var, həm də indi də
gəlib onunla görüşürlər. Bu, onu sevindirir.
Deməli, çəkilən əmək hədər getməyib.
Ən böyük arzusu fəaliyyət göstərdiyi məktəbin
əsaslı təmir olunması idi. Cari ildə bu da baş
tutdu. Artıq o da yeni dərs ilinə digər
həmkarları kimi yeni təmir olunmuş məktəbdə
başlayıb. Uğur olsun, Zeynəb müəllim.
Samid AYDƏMİROV,
"Ən yaxşı müəllim" müsabiqəsinin qalibi,
150 nömrəli orta məktəbin Azərbaycan dili və
ədəbiyyat müəllimi |
|