| 
								 Son 
								illər çox sayda müsabiqələrin keçirilməsi, 
								nəticələrin obyektiv qiymətləndirilməsi 
								müəllimlərin fəallaşmalarına, onlarda pedaqoji 
								işə yaradıcı yanaşma meyilinin xeyli artmasına 
								səbəb olmuşdur. Təbiidir ki, bunun başlıca 
								səbəblərindən biri də yeni təlim 
								texnologiyalarının mövcudluğu və onlardan 
								istifadəyə marağın güclənməsidir. 
								Redaktoru olduğum "Azərbaycan dili  və 
								ədəbiyyatı tədrisi" jurnalının redaksiyasına 
								tez-tez istedadlı müəllimlər gəlir, respublika 
								müsabiqələrində öncül yer tutmaqda mühüm rol 
								oynayan məqalələr gətirirlər. Əlbəttə, 
								jurnalımızın bu cür praktik yazılara ehtiyacı 
								var və ona görə də onların dərcinə dərhal 
								xeyir-dua veririk. 
								Azərbaycan Respublikası Prezidentinin sərəncamı 
								ilə 2010-2011-ci tədris ilində keçirilmiş "Ən 
								yaxşı müəllim" müsabiqəsinin qaliblərindən biri 
								olan və beş min manat pul mükafatına layiq 
								görülən Şəhla Mirzəyeva iki ildir jurnalımızda 
								fəal müəlliflik edir. Bu müddətdə onun "Tədris 
								materiallarının möhkəmləndirilməsi prosesində 
								interaktiv təlim metodlarından istifadə", "Bədii 
								üslubda obrazlılığın leksik səviyyədə 
								təzahürlərinin öyrədilməsi", "Düzəltmə 
								sifətlərin öyrədilməsində yeni texnologiyaların 
								rolu", "Epik əsərlərin tədrisində yeni 
								texnologiyalardan istifadə" adlı məqalələri işıq 
								üzü görmüşdür. "Azərbaycan müəllimi", "Bakı 
								təhsili" qəzetlərinin səhifələrində də onun 
								yazılarına vaxtaşırı yer verilir. Şəhla 
								Mirzəyeva "Azərbaycan dili və ədəbiyyatının 
								tədrisində yeni təlim texnologiyalarından 
								istifadə" adlı kitabın da müəllifidir. 
								 
								Bakı şəhərindəki 30 nömrəli orta məktəbin 
								müəllimi olan Şəhla Mirzəyevanın istedadının üzə 
								çıxarılmasında Bakı Pedaqoji Kadrların 
								İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun 
								müəllimi, tanınmış metodist Esmira Cəfərovanın 
								xidməti danılmazdır. O, bizə Şövkət Aslanova, 
								Həcər Bəşirova, Sevda Mehdiyeva kimi yaradıcı 
								müəllimləri də təqdim etmişdir ki, bunlar artıq 
								öz yazıları ilə həmkarları arasında tanınır, 
								müxtəlif müsabiqələrdə fəal iştirak edirlər. 
								Prezident mükafatçısı Şəhla Mirzəyeva cəmi 17 
								ildir müəllimlik peşəsi ilə məşğuldur. Onun 
								gələcəyi hələ qabaqdadır. Bir niyyəti də 
								müəllimliklə yanaşı, elm yollarında 
								addımlamaqdır. Onu yüksək mükafat münasibətilə 
								ürəkdən təbrik edir, bütün niyyətlərinə bu cür 
								şərəflə çatmasını arzulayırıq.  
								
								
								Məhəmməd BAHARLI |