Azərbaycanda
elmin, təhsilin tərəqqisi istiqamətində aparılan
uğurlu dövlət siyasəti bu gün öz bəhrələrini
verməkdədir. Məqsədyönlü təhsil strategiyasının
nəticəsidir ki, Naxçıvanda möhkəm milli
əsaslara malik, güclü maddi-texniki bazası olan
müasir tipli universitet formalaşmışdır. 45-ci
tədris ilinə qədəm qoymuş, 32 mindən çox məzunu
olan, 11 fakültədə 47 ixtisas üzrə ali təhsilli
mütəxəssislər hazırlayan Naxçıvan Dövlət
Universitetinin 108 hektarlıq ərazini əhatə
edən, yeni tipli universitet şəhərciyi
bir-birinin ardınca istifadəyə verilən yeni
tədris binaları ilə günbəgün daha da gözəlləşir.
Təkcə 2011-ci ildə istifadəyə verilmiş, mükəmməl
şəraitə, füsunkar görünüşə malik tələbə evi,
qonaq evi, Tələbə Sosial Xidmət Mərkəzi buna
parlaq sübutdur. Naxçıvan Dövlət Universitetinin
magistratura üzrə dekanlığının tədris binası da
əsaslı şəkildə yenidən qurularaq istifadəyə
verilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali
Məclisinin sədri Vasif Talıbov açılış
mərasimində iştirak etmişdir.
Universitetin rektoru, akademik İsa Həbibbəyli
tədbirdə çıxış edərək ölkəmizdə, o cümlədən
muxtar respublikada elmin, təhsilin inkişafına
göstərilən diqqət və qayğıdan, universitetdə
təhsilin və tədrisin səviyyəsinin yüksəldilməsi,
elmin inkişafı istiqamətində qazanılan
müvəffəqiyyətlərdən danışmışdır. Rektor
bildirmişdir ki, hazırda Azərbaycan MEA-nın 2
həqiqi, 5 müxbir üzvünün çalışdığı bu ali təhsil
ocağında 40-a yaxın elmlər doktoru, 192 fəlsəfə
doktoru fəaliyyət göstərir. Beynəlxalq əlaqələr
sahəsində də böyük uğurlar əldə olunmuşdur.
Dünyanın 4 qitəsində yerləşən, 50-dən çox
universitet ilə tərəfdaşlıq edən bu təhsil ocağı
Avropa Rektorlar Klubu, Asiya Universitetlər
Assosiasiyası, İpək yolu və Qafqaz
Universitetləri Cəmiyyətləri, Qara Dəniz
Ölkələri Birliyində milli ali təhsilimizi
layiqincə təmsil edir. Burada dünyanın 10
ölkəsindən 200-ə yaxın tələbə təhsil alır. Bu
ali təhsil müəssisəsi Şərq mənəviyyatlı, Avropa
təfəkkür tərzinə malik, yüksək intellektli,
vətənpərvər gəncliyin yetişməsinə əzmlə xidmət
göstərir.
Rektor universitetin magistratura pilləsinin
təhsilin bakalavr pilləsinin tamamlanmasında və
doktoranturanın inkişafındakı rolundan
danışmışdır. Qeyd olunmuşdur ki, 1997-ci ildə 9
ixtisas üzrə 24 tələbə ilə fəaliyyətə başlayan
magistraturada 21 istiqamət, 40 ixtisas üzrə
kadr hazırlığı aparılır. Tədris prosesində
200-dən artıq professor-müəllim heyətinin
iştirak etdiyi magistraturanı indiyədək 812
nəfər bitirmişdir ki, onlardan 67-si xarici ölkə
vətəndaşıdır. 2011-ci ildə bu təhsil pilləsi
üzrə 38 ixtisas üzrə 119 tələbə məzun olmuşdur
ki, bunlardan 35 nəfəri xarici ölkə
nümayəndəsidir. Hazırda universitetdə 241
magistrant təhsil alır. Magistr məzunların işlə
təmin olunmasına muxtar respublika rəhbərliyinin
xususi diqqət və qayğısından söz açan rektor
xatırlatmışdır ki, onların 112 nəfəri bu gün
məhz universitetdə, öz müəllimləri ilə
çiyin-çiyinə fəaliyyət göstərir.
Millət vəkili, akademik İsa Həbibbəyli
çıxışının sonunda əsaslı şəkildə yenidən
qurulan, ən müasir texnologiya və tədris
avadanlıqları ilə təmin olunan yeni binanın
istifadəyə verilməsini Azərbaycanın dövlət
müstəqilliyinin 20 illiyinə sanballı töhfə kimi
dəyərləndirmiş, Ali Məclisin sədrinə
universitet kollektivinin dərin minnətdarlığını
çatdırmışdır.
Ərəb dili ixtisası üzrə II kurs magistr Leyla
İsmayılova tələbə həmkarları adından çıxış
edərək yaradılan yüksək şəraiti, göstərilən
hərtərəfli qayğı və etimadı elmdə və təhsildə
qazanacaqları nailiyyətlərlə doğruldacaqlarını
bildirmişdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin
sədri Vasif Talıbov çıxış edərək ümummilli lider
Heydər Əliyevin təhsil siyasətindən, milli
elmin, təhsilin inkişaf strategiyasının bu gün
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsindən
danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Dövlət
Universiteti Azərbaycan ali təhsil sistemində
özünəməxsus yer tutaraq, milli təhsil tariximizə
yaddaqalan uğurlarla imza atmaqdadır. Ali
Məclisin sədri universitetdə magistratura
pilləsinin regionda elmi-pedaqoji potensiala
olan tələbatın ödənilməsi, müvafiq elmi
qurumların məqsədyönlü fəaliyyətlərinin təmin
olunması məqsədilə yaradıldığını
vurğulamışdır. Ali Məclisin sədri universitetin
elmi-pedaqoji kadrların hazırlanmasında, yüksək
ixtisaslı mütəxəssislərin yetişməsində,
elmi-pedaqoji, elmi-tədqiqat sahəsində peşəkar
səviyyəli gənclərin formalaşmasındakı rolundan
bəhs etmiş, magistr tələbələrə dəyərli tövsiyə
və tapşırıqlar vermişdir.
Açılışı bildirən lent kəsildikdən sonra binaya
baxış olmuşdur. 1908-ci ildə tikilmiş bina
klassik memarlıq üslubunu saxlamaqla ən müasir,
dünya standartlarına cavab verəcək şəkildə
yenidən qurulmuş, yeni tədris avadanlıqları, son
nəsil texnologiyalarla təchiz olunmuşdur.
Binanın foyesində İncəsənət fakültəsinin müəllim
və tələbələrinin əl işlərindən ibarət rəsm
sərgisi ilə tanışlıq olmuş, beşillik tarixə
malik, ayrıca kanalda yayımlanan, tədris yönlü
Universitet televiziyasının, yenicə yaradılmış
"Nuhçıxan" universitet radiosunun proqramları
izlənilmişdir.
Ali Məclisin sədri magistraturanın nəzdində
yaradılmış "Azərbaycanşünaslıq mərkəzi" və
"Tələbə Turizm Assosiasiyası"nın fəaliyyəti ilə
tanış olmuşdur. Məlumat verilmişdir ki,
"Azərbaycanşünaslıq" seçmə fənninin tədrisində
əhəmiyyətli rol oynayacaq mərkəz Azərbaycançılıq
ideologiyasının təbliğinə, Azərbaycanın kompleks
şəkildə öyrənilməsinə, Azərbaycan diasporu ilə
əlaqələr qurulmasına, dünya universitetlərinə
Azərbaycan həqiqətlərinin operativ
çatdırılmasına xidmət edəcək. Bu mərkəzdə
azərbaycanşünaslığın ən aktual problemləri -
milli tarixin, ədəbiyyatın, mədəniyyətin
təşəkkül tarixi ilə bağlı elmi-tədqiqat işləri
aparılacaq.
"Tələbə Turizm Assosiasiyası"nın yaradılmasında
məqsəd otelçilik və turizm işini inkişaf
etdirmək, Azərbaycanın təbiətini, coğrafiyasını,
turizm əhəmiyyətli ərazilərini, tarixi və təbiət
abidələrini öyrənmək, tələbələrin bu sahədəki
elmi-tədqiqat fəaliyyətlərini genişləndirmək və
dünyagörüşlərini artırmaqdır. "Tələbə Turizm
Assosiasiyası"nın üzvləri bu məqsədlə
Naxçıvan-Bakı-Naxçıvan istiqamətində ilk tur
layihəsini həyata keçirmiş, Bakı şəhərinə,
Qəbələ və İsmayıllı rayonlarına səfər etmiş,
Türkiyə Cümhuriyyətinin Doğu Bəyazid və Qars
bölgələrində də olmuşlar.
Ən müasir informasiya-kommunikasiya
texnologiyaları ilə təmin olunmuş, sürətli və
simsiz İnternet şəbəkəsinə malik kompüter
sinfinə, 600-dən artıq kitab fonduna malik
kitabxanaya, müasir dizayna və yeni
avadanlıqlara malik auditoriyalara və digər
otaqlara da baxış keçirilmişdir. Magistr
dissertasiyalarının müdafiəsi, elmi konfrans və
simpoziumların, "dəyirmi masa"ların keçirilməsi
üçün nəzərdə tutulmuş, müasir dizayna malik akt
zalında magistraturanın tarixindən, tədris və
elmi-tədqiqat sahəsindəki uğurlarından bəhs edən
sənədli filmə baxılmış, universitetin "Yallı"
qrupu musiqi ərməğanı təqdim etmişdir.
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin
sədri Vasif Talıbov universitetdə aparılan
tikinti-quruculuq işləri ilə də tanış olmuş,
yeni tədris obyektlərinin tikintisi ilə bağlı
tapşırıqlar vermişdir.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |
|