Sentyabrın
29-da Azərbaycan Dövlət İqtisad Universitetində
Azərbaycan təhsilinin inkişafında xidmətlərinə
görə bu ali təhsil ocağının bir qrup əməkdaşına
"Şöhrət" ordeni, "Tərəqqi" medalı və "Əməkdar
müəllim" fəxri adlarının verilməsi ilə əlaqədar
təqdimat mərasimi keçirildi. Tədbiri giriş
sözü ilə təhsil naziri Misir Mərdanov açaraq ilk
öncə tədbir iştirakçılarını salamladı. Sonra
Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin 26 sentyabr 2011-ci il tarixli
sərəncamları ilə Azərbaycan Dövlət İqtisad
Universitetinin bir qrup əməkdaşının fəxri
adlarla təltif olunmasını ölkə başçısının təhsil
işçilərinə göstərdiyi diqqət və qayğı kimi
dəyərləndirdi.
Tədbirdə universitetin bir qrup əməkdaşına
"Şöhrət" ordenini, "Tərəqqi" medalını və
"Əməkdar müəllim" fəxri adlarının vəsiqələrini
təqdim edən nazir, həm də yüksək ixtisaslı
iqtisadçı kadrların hazırlanması sahəsində uzun
müddət səmərəli elmi-pedaqoji fəaliyyətinə görə
və universitetin 80 illik yubileyi münasibətilə
universitetin digər əməkdaşlarına Təhsil
Nazirliyinin "Azərbaycan Respublikası qabaqcıl
təhsil işçisi" döş nişanlarını və fəxri
fərmanlarını verdi.
Təhsil naziri çıxışının sonunda Azərbaycanın
bütün təhsil işçiləri adından Azərbaycan Dövlət
İqtisad Universitetinin 80 illik yubileyi
münasibətilə universitetin professor-müəllim
heyətini təbrik etdi və onlara daha böyük
uğurlar arzuladı.
Şakir CƏFƏROV |