Sentyabrın
23-də Prezident İlham Əliyev Xaçmaz Şahmat
Məktəbinin açılışında iştirak etmişdir.
Dövlətimizin
başçısı şahmat məktəbinin rəmzi açılışını
bildirən lenti kəsdi.
Məlumat
verildi ki, Prezident İlham Əliyevin
"Azərbaycanda şahmatın inkişaf etdirilməsi
haqqında" sərəncamı və "2009-2014-cü illərdə
Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət
Proqramı"na uyğun olaraq Xaçmaz rayonunda da
beynəlxalq standartlara uyğun yeni şahmat
məktəbi inşa edilmişdir. Qısa zamanda tikilən
məktəbin ümumi sahəsi 720 kvadratmetrdir.
Dizaynında şahmat fiqurlarından və digər şahmat
elementlərindən istifadə olunan binanın
tikintisi zamanı yüksək memarlıq quruluşuna nail
olunmuşdur. İkimərtəbəli binanın ətrafında
yaşıllıq zolağı salınmış, abadlıq işləri
görülmüşdür.
Məktəbdə
ümummilli lider Heydər Əliyevin və Prezident
İlham Əliyevin ölkəmizdə idmanın, o cümlədən
şahmatın inkişafına göstərdikləri diqqət və
qayğını əks etdirən fotoguşə yaradılmışdır.
Məktəbdə
yaradılan şəraitlə tanış olan dövlətimizin
başçısına məlumat verildi ki, burada 40 nəfərlik
yarış zalı, kompüter, məşq otaqları və digər
otaqlar vardır. Kompüterlərə xüsusi şahmat
proqramları yüklənmişdir. Şahmat məktəbində ən
müasir maddi-texniki baza yaradılmışdır. Burada
şahmatla peşəkar səviyyədə məşğul olmaq
məqsədilə bütün zəruri əyani vasitələr vardır.
Bildirildi ki,
məktəbin əsas vəzifəsi idmanın bu intellektual
növünün kütləviliyini, şagirdlərin asudə
vaxtlarının səmərəli keçməsini təmin etməkdir.
Burada şahmat üzrə müxtəlif səviyyəli yarışlar
keçirmək mümkündür.
Şahmat
məktəbində yaradılmış şəraiti yüksək
qiymətləndirən Prezident İlham Əliyev tövsiyə və
tapşırıqlarını verdi.
AzərTAc |