"Ömür
dedikləri coşqun çay kimidir" deyən kəs
haqlıdır. Hər təzə il gələndə sirli-sehrli insan
qəlbində neçə-neçə arzu oyanır, könlümüzdən
nələr keçir... Və burası da var ki, ömrün bu
keçid məqamında düşünürük: - Bizdən sonra nə
qalacaq? İlləri yaşayanlar, sevib seçdiyi
peşənin fövqündə durmağı bacaranlar üçün bu
sualın cavabının nisgili, ağrı-acısı olmur. Belə
bir ömür yaşayıb Bəşir Abbas oğlu Əhmədov...
1932-ci ilin may ayında Tovuz rayonunun
axar-baxarlı obasında - Alakol kəndində dünyaya
göz açıb. Yeddillik təhsili burada, orta məktəbi
indi Gədəbəy rayonuna daxil olan Qoşabulaq
kəndində alıb (O vaxtlar kənd Tovuzun
inzibati-ərazi bölgüsünə daxil imiş). 1950-ci
ildə Azərbaycan Dövlət Universitetinin (indiki
BDU) filologiya fakültəsinə daxil olan
B.Əhmədov ali təhsildən sonra Mərəzə və Əli
Bayramlıda (indiki Şirvan) müəllim və məktəb
inspektoru işləyib. Arzularının arxasınca Bakıya
gəlib, Azərbaycan Elmi-Tədqiqat Pedaqogika
İnstitutunun (indiki Təhsil Problemləri
İnstitutu) aspiranturasına daxil olub. 1961-ci
ildə "V sinifdə Azərbaycan dili fonetikasının
tədrisi metodikası" adlı namizədlik, 1967-ci
ildə "Məzmun və formanın vəhdəti nitq
inkişafının əsası kimi" adlı doktorluq
dissertasiyalarını müdafiə etmişdir. Bir müddət
Pedaqogika İnstitutunda çalışan Bəşir Əhmədov
sonralar 1960-66-cı illərdə M.F.Axundov adına
Azərbaycan Dövlət Pedaqoji Dillər İnstitutunda
elmi-pedaqoji fəaliyyət göstərmiş, 1971-1976-cı
illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda
pedaqogika kafedrasına rəhbərlik etmişdir.
1984-cü ildən o, M.F.Axundov adına Azərbaycan
Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı
Slavyan Universiteti) keçmişdi, kafedra müdiri
işləyir, həm də Bakı Ali Pedaqoji Qızlar
Seminariyasında çalışırdı. Professor B.Əhmədov
2007-ci ilin iyununda dünyasını dəyişdi.
İnsan yaşa dolduqca, yan-yörədə səviyyəsiz və
başmaq cütləyib ləbbadə tutanlar çoxaldıqca
ovunub rahatlıq və təsəlli tapmaq üçün ötənlərə
qayıdır, xatirələr aləmində durulub toxtayır.
Təsəlli bu olur ki, həyat yollarında səmimi,
mərd, zəkalı və xeyirxah, diqqətli və
ləyaqətli... insanlarla rastlaşıbsan, onlarla
həmsöhbət olubsan, davranış və hərəkətlərindən
nəyisə görüb götürmüşsən. Həmin insanların
yaxşılığı isə heç vaxt unudulmur. Qarda qoyulan
iz əriyir, döşəmədə buraxılan yaş ayaq izi
quruyur. Fəqət ən həssas fotolentdən də güclü
insan yaddaşında çox şey qalır. Ömründə izi
qalan insanlar unudulmurlar.
62 illik ömrümün 40 ilini "Azərbaycan müəllimi"
qəzetində çalışmışam. Və bu illər ərzində mənim
üçün həyata hazırlıq məktəbi, dünyaya pəncərə
olan qəzet redaksiyasında Azərbaycan elminin bir
çox korifeyləri, görkəmli nümayəndələri ilə
görüşmüş, məqalələrini çapa hazırlamışam.
Bunların sırasında mərhum redaktor müavini
Məhyəddin Əbdülovun dostu, ağayana yerişi,
məntiqli və yumorla söhbəti ilə seçilən
professor Bəşir Əhmədovun öz yeri vardır. O,
qəzetin daimi müəlliflərindən idi.
Dilçi-metodist, pedaqoq axtarışları
Bəşir Əhmədovun 75 illik ömrünün 50 ili
Azərbaycan təhsilinin elmi-pedaqoji
məsələlərinin araşdırılmasına, Azərbaycan
elmi-pedaqoji kadrlarının hazırlanmasına,
Azərbaycan elminin dünya miqyasında tanınmasına
sərf olunmuşdu. Bir müdrik kəlam var: Elmin
vətəni olmur, aliminsə vətəni var. Professor
Bəşir Əhmədovun həyatı Vətənə bağlı
alim-vətəndaş, əsl soydaş həyat idi.
Bu həyat "Azərbaycan müəllimi" ilə də əriş-arğac
idi. 600-dən artıq əsər çap etdirmiş Bəşir
müəllimin kitablarının qeyri-tam siyahısı
belədir: "Azərbaycan dili" (rus məktəbləri üçün
dərslik), "Azərbaycan dili" (Azərbaycan
məktəbləri üçün dərslik), "Pedaqogikadan
mühazirə konspektləri", "Pedaqogikanın qanunları
və prinsipləri", "Azərbaycan dili tədrisi"
(müəlliflər kollektivi), "Ana dili dərslərində
şagirdlərin nitqinin inkişaf etdirilməsi",
"Azərbaycan dili təliminin qanunları,
prinsipləri və metodları", "Azərbaycan dilinin
qısa etimoloji lüğəti", "Qısa etimoloji
lüğət"... Bu kitab və dərsliklərdə, yaxud
çoxsaylı qəzet və jurnal məqalələrində müəllifin
elmi-pedaqoji və nəzəri şərhini verdiyi
məsələlərin əhatə dairəsi və tematikası ilə
oxucuları bir daha tanış etmək yerinə düşərdi.
Azərbaycan dili təlimi prosesində səslə hərfin,
tələffüzlə yazının müqayisəli öyrədilməsinin
zəruriliyi ilk dəfə Bəşir Əhmədov tərəfindən
elmə gətirilmişdir.
Çoxsaylı qələm məhsullarında əksini tapmış fikir
və ideyaları, tezisləri nəzərdən keçirək:
fikirlə ədəbi dil normalarının vəhdətdə
öyrədilməsi zəruriliyi; söz birləşməsi,
frazeoloji vahid və mürəkkəb sözlərin spesifik
xüsusiyyətləri; "ifadəli oxu" anlayışının
mahiyyətinin açıqlanması; tələbələrin pedaqoji
təcrübəsinə yeni baxış; Azərbaycan dili
təliminin spesifik obyektiv qanunlarının
əsaslandırılması; diferensiasiya və inteqrasiya
qanunu; öyrənməyi öyrətməyin zəruriliyi
haqqında; pedaqoji prosesin obyektiv
qanunlarının müəyyənləşdirilməsi; bütövlükdə
pedaqoji prosesin ikitərəfli proses olmasının
əsaslandırılması; "pedaqoji sövq" və
pedaqogikada "hüceyrə" anlayışının şərhi;
tərbiyənin tərkib hissələrinin beş deyil, yeddi
olmasının əsaslandırılması; pedaqogika ilə
erqonomikanın əlaqəsi; ədəbiyyatın yeni qaydada
tədrisi barədə orijinal ideyanın ortaya
atılması... Ümumi sayı 60-a yaxın olan belə
fikir, ideya və məsələnin qələmə alınması, geniş
oxucu auditoriyasına çatdırılması bir insan
ömründən keçib. Və bu işlərlə yanaşı, bir elmi
rəhbər kimi Bəşir Abbas oğlu neçə-neçə soydaşın
pərvazlanmasında, sözün həqiqi mənasında, bir
vətəndaş, bir mərd alim, bir soydaş kimi əmək
çəkib. Onun rəhbərliyi altında 20-dən çox
tədqiqatçı namizədlik və doktorluq
dissertasiyası müdafiə edib, 70 nəfərdən çox
şəxsin müdafiəsində rəsmi opponent olub.
Professor B.Əhmədov 60-cı illərdən başlayaraq
keçmiş SSRİ, indiki MDB məkanında - Moskva,
Tbilisi, Aşqabad, Soçi, Yaroslavl, Orconikidze
şəhərlərində keçirilmiş elmi konfranslarda
məruzələrlə çıxış etmiş, müəyyən problemlərin
həllinə diqqəti yönəltməyə çalışmışdır. 1998-ci
ildə professor Bəşir Əhmədov Beynəlxalq Pedaqoji
Akademiyanın həqiqi üzvü seçilmişdi.
Adam var özünə qəsd edər, yüzü yaşasın deyə...
Doğrudan da, qəlbi xalq üçün döyünən, mənalı
həyatını elmin inkişafına, gənc nəslin
təlim-tərbiyəsinə həsr edən Bəşir müəllimin
fəaliyyətinə nəzər saldıqca adamda elə bir fikir
yaranır ki, hörmətli şairimizin yuxarıdakı
misraları məhz Bəşir müəllim kimi alim-vətəndaşa
həsr olunmuşdur.
B.Əhmədovun ictimai fəaliyyəti də geniş və
çoxsahəli idi. O, Azərbaycan Ali Attestasiya
Komissiyasında ekspert şurasının, pedaqoji
elmlər üzrə ixtisaslaşdırılmış müdafiə
şurasının, Təhsil Nazirliyinin elmi-metodik
şurasının, Milli Elmlər Akademiyasında
Terminologiya Komitəsinin, Bakı Slavyan
Universitetində universitet və fakültə elmi
şurasının, Azərbaycanda pedaqoji-psixoloji
elmləri əlaqələndirmə komissiyası rəyasət
heyətinin üzvü olmuşdu. Keçmiş SSRİ dövründə
Moskvada pedaqogikanın metodoloji problemləri
üzrə elmi şuranın üzvü olmuş və bütövlükdə
Zaqafqaziyanı təmsil etmişdi. Milli Məclisdə
təhsil qanununun yeni redaksiyasını hazırlayan
işçi qrupunun üzvü idi.
Professor B.Əhmədovun Azərbaycan dilçiliyinin
inkişafında böyük fəaliyyəti olmuşdur.
Azərbaycan dilçiliyində mübahisəli məsələlər
olduqca çoxdur. Ən mübahisəli məsələlərdən biri
də "fonem" anlayışı ilə bağlıdır. Bəşir müəllim
bir çox dilçilərdən fərqli olaraq, fonem
anlayışını yüksək abstraksiyanın məhsulu hesab
etmiş, konkretlikdən məhrum olduğunu
söyləmişdir. "Meyvə" adında meyvə olmadığı kimi,
fonem adında da fonem yoxdur. Meyvə alma, armud,
şaftalı, gavalı, heyva, nar və s. mühüm
əlamətlərin ümumiləşməsindən ibarət olduğu kimi,
fonem də a, b, v, q, ğ, s, d-nin mühüm
əlamətlərinin abstraksiya səviyyəsində
ümumiləşdirilməsindən ibarətdir. Deməli, mənanı
fərqləndirən səs tərifinin verilməsi inandırıcı
deyil, "A" səsinin beş deyiliş variantı ola
bilər, bu variantların hamısında sabit qalan
(invariant) əlamətlərin ümumiləşdirilməsi məhz
fonem deməkdir.
Professor B.Əhmədovun ən maraqlı fikirlərindən
biri feli sifət, feli bağlama və məsdərin fel
olmasına etirazı ilə bağlıdır. O, bunları
müstəqil (hibrid) nitq hissələri hesab edir və
belə bir fəlsəfi müddəaya söykənirdi: elementin
ayrılıqda olan əlaməti ilə sistem daxilində olan
əlaməti eyniyyət təşkil etmir. Natrium ayrılıqda
zəhərləyicidir, xlor da belədir. Amma xörək
duzunun tərkibində onlar başqa xassə kəsb edir.
Sifətin və felin ayrılıqda olan bir sıra
əlamətləri feli sifətdə təzahür edə bilmir
(məsələn, təsriflənməmək feldə yoxdur, inkarda
işlənə bilmək sifətdə yoxdur, amma bunlar feli
sifətdə var).
Var, yox tipli sözləri dilçilər heç bir nitq
hissələrinə daxil edə bilmirlər. Bəşir müəllim
bunları xəbəri əvəzlik adlandırıb (mərhum
professor Ə.Z.Abdullayev Bəşir müəllimdən xeyli
sonra bunları predikativ sözlər hesab edib).
Ötən əsrin 90-cı illərində professor B.Əhmədov
ən çox sözün mənşəyi problemi ilə məşğul olurdu
və 200-dən artıq kəlmənin ilkin mənasını ortaya
çıxarmışdı. Onun fikrincə, ağzı göyçək, kəkliyi
azmaq və s. birləşmələr əslində ağzı gövşək,
gəyriyi azmaq kimi olub, sonra dəyişikliyə
uğrayaraq müasir formasını kəsb edir. O yazır
ki, aşıq sözünün eşk sözü ilə əlaqəsi yoxdur.
Aşıq - hərəkət (oynamaq, oynaqlıq, gəzmək, bir
eldən digərinə gedən...) anlayışı ilə
bağlıdır... uşaqların oynadığı aşıq (sümük) ilə
eyni mənaya malik olub.
Bəşir müəllim həmin sözləri bir kitab halında
1999-cu ildə "Mütərcim" nəşriyyatında (376 səh.)
1000 nüsxə tirajla çap etdirmişdi. O, öz
yazılarında elmə aşağıdakı yenilikləri
gətirmişdir.
*Azərbaycan dili təlimi prosesində səslə hərfin,
tələffüzlə yazının müqayisəli öyrədilməsinin
zəruriliyi.
*Nitqin məzmunu ilə formasının, fikirlə ədəbi
dil normalarının vəhdətlə öyrədilməsi
zəruriliyi.
*Təlimdə müəllimə həqiqi müstəqilliyin
verilməsi, onun yaradıcı fəaliyyətinin təqdir
olunması zəruriliyi.
*Şeirin şifahi nitq formaları zəminində
yazılması zəruriliyi.
*Söz birləşməsi, frazeoloji vahid və mürəkkəb
sözlərin spesifik xüsusiyyətləri.
*"Pedaqoji gerçəklik", "Pedaqoji proses"
anlayışının vacibliyi.
*Müəyyən şəxsli təktərkibli cümlənin
mahiyyətinin açılması.
*Təyin nəyi təyin edir?
*Mürəkkəb söz və kəmiyyət kateqoriyası məsələsi.
*Məktəb direktorlarına tam səlahiyyətlər
verilməsinin züruriliyi.
Dərsin diskussiya şəklində təşkilinin
zəruriliyi.
*Təhsillə bağlı inkişafın rəqabətlə bağlı
olmasının əsaslandırılması.
*Söz birləşmələrinin tərəfləri arasında
sintaktik əlaqə məsələsi.
*Felin "Mürəkkəb zaman" anlayışının elmi əsasa
malik olmaması.
*Təlim-tərbiyədə islam dininin öyrədilməsi
zəruriliyi.
*Durğu işarələrinin dəqiqləşdirilməsi.
Üçcildlik etimoloji lüğət və daha neçə-neçə
məqalə və kitablar bu gün dilçilik, dilin
metodikası və pedaqogika sahəsində çalışanlar
üçün dəyərli mənbələrdəndir. Onun əməllərini iki
övladı - pedaqoji elmlər üzrə fəlsəfə doktorları
- Xoşqədəm Bəşirqızı və İlham Əhmədov davam
etdirirlər.
***
Bəşir müəllim özünə xas təsvir, təhlil və şərh
üslubu olan alim idi. Fikirlərini çox anlaşıqlı
və məntiqli cəhətdən düzgün ifadə onun bütün
əsərlərində özünü göstərir. 1995-ci ildə "Xalq
qəzeti"ndə dərc olunmuş "Müzakirə edəkmi?"
məqaləsindən bir parçanı yazıya daxil edirəm:
Dissertasiya üzərində işləyən gənclər tədqiqatın
metodoloji əsaslarını müəyyənləşdirməkdə ciddi
çətinliklərlə qarşılaşırlar.
Əlbəttə, marksizm-leninizm fəlsəfəsində öz
əksini tapmış həqiqətlər az deyil və bizim
onları tamam inkar etməyə haqqımız yoxdur.
Məsələn, dialektika (bunun əsas müəllifi
Hegeldir və marksistlər ona istinad ediblər),
onun qanunları bizə bu gün də lazımdır, sabah da
lazım olacaq. İnkişaf, onun mahiyyəti, həyata
keçirilmə yolları, bu işdə dialektik
ziddiyyətlərin rolu, meydana çıxarılmış obyektiv
qanunlar sisteminin metodoloji əhəmiyyət kəsb
etməsi kimi, fəlsəfi məsələlər indi də
əhəmiyyətlidir. Bununla belə, bizim metodologiya
sovet dövründəkinin təkrarı ola bilməz. İndi
milliliklə bəşəriliyin vəhdəti, hadisələrə sinfi
baxımdan yox, ümummilli və ümumbəşəri tərzdə
yanaşmaq zəruriliyi ön plana keçməlidir.
Azərbaycan pedaqogikasının metodoloji və
ideoloji əsaslarını təkcə, xüsusi və ümumi
anlayışlarının dialektikası zəminində
müəyyənləşdirməliyik. Dünyanın bütün xalqlarına
xas olan əlamətlər (demokratiya, plüralizm,
humanizm...) ümumi, müəyyən qrup xalqlara mənsub
olan cəhətlər (məsələn, müsbət mənada işlədilən
millətçilik) təkcə anlayışına daxildir. Bunların
vəhdəti Azərbaycanın milli ideologiyası şəklində
təzahür edir ki, bu da öz əksini türkçülük,
islamçılıq və müasirliyin vəhdəti prinsipində
tapmışdır. Bu prinsip milli mənafeyimizi əks
etdirdiyindən biz onu milli ideologiya kimi
qəbul etməliyik...
Son söz əvəzi, yaxud Xeyirxahlıq nümunəsi
Oxuculardan özümlə bağlı bu sətirlər üçün,
müəyyən mənada qeyri-təvazökarlığa görə, üzr
diləyirəm. "Xeyirxahım" qələbə çalmışdı:
filologiya elmləri doktoru, professor
M.H.Təhmasib "Orta əsrlər dastanlarımızda "Dədə
Qorqud" kitabı motivləri" mövzusunda
dissertasiyaya iki ildən sonra elmi rəhbər
olmaqdan imtina etdi. Mərhum Yaşar Qarayevi elmi
rəhbər olmağa razı salan professor (qəbri nurla
dolsun) Kamran Məmmədovla qohumum professor
Yusif Talıbov ədəbiyyatımızda təmsil janrı
mövzusunu tövsiyə etdilər. Bir az keçmiş,
sənədlərim və işin planı yoxa çıxdı?! Həyatda
möhkəm küskünləşmişdim. Mərhum Əziz Əfəndizadə
ilə Ağadadaş Babayev folklor metodikası ilə
bağlı dissertasiya mövzusunu şöbədə bəyənib
təsdiq etdilər. İnstitutun elmi şurasına təqdim
olundu (mövzu təsdiq olunanda da, sonralar da
badalaq atanlar az olmadı).
***
25 məqaləm, 2 fakültativ proqramım, 3-4 metodik
tövsiyəm çap olunmuşdu. Dissertasiya müdafiəyə
buraxılmışdı. Azərbaycan Pedaqoji İnstitutunda
(indiki ADPU) müdafiə şurası sədrinin: - Kurator
kim olsun - sualına cavab gec verildi.
-
Mən olacağam! - Bəşir Əhmədovun səsi idi.
10 gündən sonra onun çalışdığı instituta
getdim. Bəşir müəllim məni rahatlandıran
fikirlərini elmi şurada səmimi, aydın və
obyektiv söylədi.
-
Opponent kim olsun?
Nə Pedaqogika İnstitutundan, nə də Azərbaycan
Dövlət Pedaqoji İnstitutundan opponent ola
bilməzdi. Onda mən düzdə qalırdım, başqa
respublikadan kimsə dəvət olunmalı idi. Yenə də
professor Bəşir Əhmədovun mərdanə səsi gəldi: -
Mən olacağam.
Etiraz edənə Bəşir müəllimin cavabı tutarlı
oldu: - Ədəbiyyatın tədrisi metodikası ilə bağlı
5 elmi məqaləm, 8 çap vərəqi həcmində metodik
vəsaitimiz çap olunub. AAK-ın tələblərinə
müvafiq qaydada opponent ola bilərəm, - dedi.
Professor Bəşir Əhmədov birinci opponent təsdiq
olundu. Bir həftə sonra müdafiə şurasının elmi
katibi, dosent İ.İsayev zəng edib nəzərdə
tutulmuş alimin birinci opponent olmağa yazılı
razılıq verdiyini bildirdi. Avtoreferatı
dəyişməli oldum. Bəşir müəllimin cəsarətli
çıxışı, xeyirxah addımı nəticəsiz qalmadı.
Bu, professor Bəşir Abbas oğlu Əhmədovun kim
bilir neçənci insana növbəti xeyirxahlığı idi...
Şamxəlil MƏMMƏDOV |