Sentyabrın
20-də Azərbaycan Dillər Universitetinin rektoru,
millət vəkili, professor Səməd Seyidov Böyük
Britaniyada təhsil üzrə fəaliyyət göstərən
ekspert Ömür Yeginsunu və Londonun Uimbildon
İngilis dili Məktəbinin marketinq meneceri
İzabel Klarkla görüşdü.
Qonaqları salamlayan Səməd Seyidov onları
ADU-da görməkdən məmnun olduğunu bildirdi.
Rektor universitet rəhbərliyini qonaqlara təqdim
etdikdən sonra Böyük Britaniya ilə mövcud olan
əlaqələrdən söz açdı. ADU-da beynəlxalq
münasibətlərin prioritet təşkil etdiyini
bildirən S.Seyidov Böyük Britaniya
universitetlərilə ADU arasında olan əməkdaşlığın
genişləndiyini vurğuladı. ADU-nun Böyük
Britaniyanın Esseks Universiteti ilə
əməkdaşlıq etdiyini bildirən rektor iki
universitet arasında imzalanan müqavilənin
şərtlərindən danışdı. Rektor ADU-da təhsil alan
tələbələrin I-II kursları bitirdikdən sonra
təhsillərini Esseks Universitetində davam
etdirərək ikili diplom alacaqlarını vurğuladı.
Rəhbərlik etdiyi ali təhsil ocağının xarici
əlaqələr sahəsində seçilən universitet olduğunu
diqqətə çatdıran rektor bir çox ölkələrlə
əlaqələrin günü-gündən artdığını diqqətə
çatdırdı. TEMPUS proqramından danışan Səməd
Seyidov ADU-nun TEMPUS layihələrinə ev sahibliyi
etdiyini qeyd etdi və Avropa Birliyi
proqramlarında əməkdaşlıq etməyin çox vacib
olduğunu vurğuladı.
Qonaqlar da, öz növbəsində, ADU-da olduqlarından
məmnun qaldıqlarını bildirdilər. Londonda
təhsilin inkişaf istiqamətlərinin
təkmilləşdirilməsi üzrə ekspert kimi fəaliyyət
göstərən Ömür Yeginsu ADU-nun Esseks
Universiteti ilə əməkdaşlığının vacib olduğunu
söylədi. O, Esseksin Britaniyanın nüfuzlu
universitetlərindən biri olduğunu diqqətə
çatdırdı. Xanım Ömür Yeginsu ikitərəfli
münasibətlərə təhsil sahəsindəki əməkdaşlığın
təkan verdiyini önə çəkdi.
Görüşdə həmçinin gələcək əməkdaşlığın
perspektivləri barəsində də geniş fikir
mübadiləsi aparıldı.
Şakir CƏFƏROV |