Bakı
Dövlət Universiteti və Azərbaycan Dövlət Neft
Akademiyası arasında əməkdaşlıq müqaviləsi
imzalanıb. Müqaviləni BDU-nun rektoru, akademik
Abel Məhərrəmov və ADNA-nın rektoru, professor
Siyavuş Qarayev imzalayıblar. İki təhsil ocağı
arasında uzun illər əməkdaşlıq edildiyini, lakin
bu zamana kimi rəsmiləşdirilmədiyini deyən
akademik Abel Məhərrəmov dövlətin təhsil və elmə
qayğısından danışıb. Müqavilənin əsas
strategiyasının tələbələrin mobilliyinin
artmasına imkan yaratmaq olduğunu bildirən
rektor deyib ki, qlobal cəmiyyətə inteqrasiya
etmədən öncə daxilə inteqrasiya etmək daha
vacibdir. Rektorun sözlərindən məlum olub ki,
müqaviləyə əsasən Boloniya prosesinə uyğun
olaraq tələbələrin mübadiləsi və kreditlərin
alınması, pedaqoji və elmi işçilərin,
doktorantların müvafiq fakültələrdə,
kafedralarda və tədqiqat laboratoriyalarında
staj keçməsinin təşkili, yeni texnika və
texnologiyaların mübadiləsi, qabaqcıl inkişaf
metodları sahəsində təcrübə mübadiləsi,
ikitərəfli birgə elmi simpozium, seminar və
konfransların təşkili, qarşılıqlı maraq doğuran
layihə və proqramlarda tərəflərin birgə iştirakı
nəzərdə tutulub.
ADNA-nın rektoru, professor Siyavuş Qarayev də
müqavilənin əhəmiyyətindən və perspektivlərindən
danışıb. Bildirib ki, müqaviləyə əsasən BDU-nun
və ADNA-nın tələbələri hər iki ali təhsil
ocağında müvafiq ixtisaslar üzrə oxuyub kredit
ala biləcəklər.
Rektorlar sonda qeyd ediblər ki, BDU və ADNA
arasında imzalanan bu müqavilə Azərbaycan
elminə, təhsilinə böyük dəstək və töhfələr
verəcək.
BDU-nun Mətbuat və informasiya şöbəsi |
|