Sentyabrın
20-də "Buta" sarayında Heydər Əliyev Fondunun,
Azərbaycan hökumətinin və YUNİSEF-in birgə
layihəsi çərçivəsində "Təcriddən inteqrasiyaya
doğru" mövzusunda beynəlxalq konfrans
keçirilmişdir.
AzərTAc xəbər verir ki, Almaniya, Rusiya,
Gürcüstan, Qırğızıstan, Türkmənistan və
ümumiyyətlə 20 ölkədən nümayəndələr, dövlət və
hökumət rəsmiləri, Milli Məclisin deputatları,
beynəlxalq təşkilatların təmsilçilərinin iştirak
etdiyi konfransda əlilliyi olan uşaqların
inklyuziyasını həyata keçirmək, bu sahədə
aparılan islahatlara dəstək vermək və s.
məsələlər müzakirə olunmuşdur.
Baş nazirin müavini Elçin Əfəndiyev konfransda
çıxış edərək bildirmişdir ki, dövlət
müstəqilliyinin bərpa olunmasının 20-ci
ildönümünü qeyd edən Azərbaycan ayrı-ayrı
ölkələrin onilliklər boyu qazandığı tarixi
nailiyyətləri qısa müddətdə əldə etmiş, əhalinin
sosial müdafiəsinin təminatı istiqamətində mühüm
uğurlara nail olmuşdur. Ümummilli lider Heydər
Əliyevin uzaqgörən siyasəti nəticəsində
Azərbaycan sabit sosial-iqtisadi inkişaf yoluna
çıxmış və özünü beynəlxalq hüququn müstəqil
subyekti kimi yüksək səviyyədə təsdiq etmişdir.
Qeyd olunmuşdur ki, hazırda Azərbaycanda
əlilliyi olan 419 min 598, o cümlədən məhdud
fiziki imkanlı 18 yaşınadək 59 min 207 uşaq
vardır. Bu gün onların tibbi-sosial
reabilitasiyası və cəmiyyətə inteqrasiyası
sahəsində ardıcıl tədbirlər görülür. Bərpa
mərkəzlərində hər il əlilliyi olan 8 mindən çox
insana xidmət göstərilir. Ölkəmizin 2008-ci ilin
oktyabrında BMT-nin "Əlillərin hüquqları
haqqında" Konvensiyasını və Fakultativ
Protokolunu ratifikasiya etməsi və onların
2009-cu ildən respublikamızda qüvvəyə minməsi,
eləcə də Avropa Şurasının Sosial Birlik Komitəsi
ilə fəal əməkdaşlıq əlaqələri qurması bu sahədə
müasir beynəlxalq təcrübəni öyrənmək və ondan
bəhrələnmək məramını ifadə edir.
Baş
nazirin müavini əlilliyi olan istedadlı
insanlara yüksək diqqət və qayğının
göstərilməsi, onların yaradıcılığının hərtərəfli
dəstəklənməsi və mədəni-kütləvi tədbirlərdə
iştirakının təmin olunması sahəsində Heydər
Əliyev Fondunun gördüyü işləri yüksək
qiymətləndirmişdir.
Sonra Heydər Əliyev Fondunun icraçı direktoru
Anar Ələkbərov Fondun prezidenti, Azərbaycanın
birinci xanımı, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin deputatı
Mehriban Əliyevanın tədbir iştirakçılarına
müraciətini oxumuşdur.
Müraciətdə qeyd olunmuşdur ki, fiziki qüsurlu
şəxslərin cəmiyyətdən təcrid olunmasının bir çox
səbəbləri vardır. İnsanlarla təmasın məhdudluğu,
yaradıcılıq və idmandan, öz bacarıqlarını
reallaşdırmaq imkanından, keyfiyyətli təhsil və
tibbi xidmətdən məhrum olmaq bu insanların
cəmiyyətə inteqrasiyasına mane olan əsas
amillərdir. Məhdud fiziki imkanlı insanların
problemlərinə təkcə tibbi nöqteyi-nəzərdən
yanaşmaq kifayət deyildir. Bu gün onların
üzləşdiyi problemlər sosial amil kimi
qiymətləndirilməlidir. Çünki bu insanların
sağlamlığı və fiziki inkişafı onların şəxsiyyət
kimi formalaşmasını və gələcək ictimai mövqeyini
şərtləndirir.
Azərbaycanın birinci xanımı müraciətində
vurğulamışdır ki, biz fiziki qüsurlu şəxslərin
cəmiyyətə inteqrasiyasına, onların özlərini
ölkənin dəyərli və tamhüquqlu vətəndaşları kimi
hiss etmələrinə, həyatın bütün sahələrində
maneəsiz istifadə imkanlarına malik olmalarına
yardımçı olmalıyıq.
Mehriban xanım Əliyeva bu baxımdan fiziki
qüsurlu şəxslərin müdafiəsi sahəsində
problemlərin müzakirəsinə, nailiyyətlərin, fikir
və təcrübələrin mübadiləsinə imkan yaradan
bugünkü konfransın keçirilməsini təqdirəlayiq
hesab etmişdir.
Sonra Heydər Əliyev Fondunun məhdud fiziki
imkanlı insanlar ilə bağlı fəaliyyətindən bəhs
edən film göstərilmişdir.
Filmdən sonra BMT-nin Uşaq Fondunun (YUNİSEF)
ölkəmizdəki nümayəndəliyinin rəhbəri Mark
Herevard çıxış edərək bildirmişdir ki, fiziki
cəhətdən qüsurlu şəxslərin hüquqlarının təmin
edilməsində həm Azərbaycan hökuməti, həm də
Heydər Əliyev Fondu mühüm işlər görmüşlər.
YUNİSEF-in rəsmisi bildirmişdir ki, BMT-nin
digər qurumları Azərbaycan hökuməti və Heydər
Əliyev Fondu ilə birgə Azərbaycanın bu sahədə
gördüyü işləri təhlil etmişdir. Həmin təhlildən
sonra formalaşan sənəd gələcək əməkdaşlığımızın
əsasını təşkil edə bilər. Çünki bu sahədə
görüləsi işlər hələ çoxdur. Biz Azərbaycan
hökuməti və Heydər Əliyev Fondu ilə birgə iş
aparırıq ki, heç bir uşaq diqqətdən kənarda
qalmasın.
Sonra Berlin Filarmonik Orkestrinin dirijoru Ser
Simon Ratlın konfrans iştirakçılarına
videomüraciəti təqdim olunmuşdur.
Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli
Ələkbərov konfransda "Əlilliyi olan şəxslərin
hüquqları: Azərbaycan hökumətinin üzərinə
götürdüyü beynəlxalq öhdəliklərin yerinə
yetirilməsi üzrə səyləri" mövzusunda məruzə ilə
çıxış etmişdir.
Nazir bildirmişdir ki, Prezident İlham Əliyev
ulu öndər Heydər Əliyevin əhalinin sosial
müdafiəsinin gücləndirilməsi sahəsində həyata
keçirdiyi siyasəti uğurla davam etdirir. Heydər
Əliyev Fondunun dəstəyi ilə isə bir çox internat
evlərində əsaslı təmir və yenidənqurma işləri
aparılmış, əlil uşaqların bacarıqlarının
inkişafı istiqamətində mühüm işlər görülmüşdür.
YUNİSEF-in əlilliyi olan uşaqlar üzrə baş
müşaviri xanım Rosanqela Berman Bieller də çıxış
edərək vurğulamışdır ki, fiziki qüsurlu şəxslərə
yardım etmək hər bir vətəndaşın borcudur.
YUNİSEF-in rəsmisi Azərbaycanda əlillərin
cəmiyyətə inteqrasiyası sahəsində görülmüş
işləri yüksək qiymətləndirmişdir.
"Azərbaycanda inklyuziv təhsil və
deinstitutlaşdırma siyasəti" mövzusunda məruzə
ilə çıxış edən təhsil naziri Misir Mərdanov
bildirmişdir ki, fiziki qüsurlu şəxslərin
keyfiyyətli təhsil almaları üçün bərabər
imkanların yaradılması Azərbaycanın təhsil
siyasətinin əsas istiqamətlərindən biridir.
Azərbaycanda inklyuziv təhsilin təşkili
istiqamətində nazirlik tərəfindən xüsusi qayğıya
ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə
əlaqədar Dövlət Proqramının həyata keçirildiyini
diqqətə çatdıran nazir vurğulamışdır ki, Heydər
Əliyev Fondu tərəfindən məhdud fiziki imkanlı,
kimsəsiz, valideyn himayəsindən məhrum uşaqların
təhsilinin təşkili istiqamətində məqsədyönlü
işlər görülür.
"Azərbaycanda əlilliyi olan şəxslərin vəziyyəti:
aparılmış ən son tədqiqat çərçivəsində əldə
edilmiş əsas məlumatlar və tövsiyələr"
mövzusunda çıxış edən YUNİSEF-in əlillik
məsələsi üzrə eksperti Şantel Makkabe hər bir
cəmiyyətdə məhdud fiziki imkanlı insanlarla
münasibətdə ayrı-seçkiliyə yol verilməməsinin
vacibliyini vurğulamışdır. Ekspert Heydər Əliyev
Fondunun əlil uşaqlara olan diqqət və qayğısını
yüksək qiymətləndirmişdir.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda
əlilliyi olan uşaqların hüquqlarından danışaraq
demişdir ki, ölkəmizdə bu sahəyə böyük diqqət
yetirilir. Məhz bu sahədə dövlət siyasəti ilə
yanaşı, Azərbaycanın birinci xanımı, Heydər
Əliyev Fondunun prezidenti, YUNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın xüsusi
xidmətləri vardır.
Prezident İlham Əliyevin sərəncamı ilə elan
olunmuş 2009-cu il "Uşaq ili" çərçivəsində
məhdud fiziki imkanlı uşaqlarla bağlı bir sıra
əhəmiyyətli aksiyaların keçirildiyini qeyd edən
komitə sədri respublikamızda yeni uşaq inkişafı
sistemi və bu sahədə standartların qəbul
olunması məqsədilə inkişaf etmiş ölkələrin
təcrübəsinin öyrənildiyini vurğulamışdır.
H.Hüseynova komitənin bu ilin noyabrında II Uşaq
Forumunu keçirməyi planlaşdırdığını da qeyd
etmişdir.
Sonra konfrans müxtəlif mövzular üzrə
sessiyalarla öz işini davam etdirmişdir.
İlk sessiyaya sədrlik edən Milli Məclis Sədrinin
müavini Bahar Muradova əlillik məsələləri ilə
bağlı müzakirə mövzularından danışmışdır.
B.Muradova parlamentin bu istiqamətdə beynəlxalq
qurumlarla əməkdaşlığının davam etdiriləcəyini
bildirmişdir.
"Heydər Əliyev Fondunun məhdud imkanlı insanlar
üçün infrastrukturunun inkişafı sahəsində
fəaliyyəti" mövzusunda məruzə ilə çıxış edən
Heydər Əliyev Fondunun eksperti İlqar Mustafayev
bildirmişdir ki, Fond yarandığı gündən humanitar
layihələri həyata keçirir, mədəni irsimizin
təbliği, əlil uşaqlara qayğı göstərilməsi
sahəsində mühüm addımlar atır. Bundan əlavə,
Fond ölkəmizin bir çox bölgələrində görmə
qabiliyyətini itirmiş və zəif görən uşaqların
İnternet resurslarından istifadəsi üçün
informasiya mərkəzləri yaratmışdır.
İ.Mustafayev vurğulamışdır ki, Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın
cəmiyyətdə yüksək humanizm prinsiplərinin
bərqərar olunmasında müstəsna xidmətləri vardır.
Onun sosial cəhətdən həssas əhali qrupları ilə
bağlı həyata keçirdiyi qayğıkeşlik missiyası
məhdud fiziki imkanlı uşaqları da əhatə edir.
Konfransda həmçinin "Əlillik sahəsində çalışan
təşkilatların cəmiyyətin əlilliyi olan şəxslər
üçün münasib olmasının təmin edilməsi prosesində
iştirakı", "Əlilliyi olan şəxslərə qarşı
ayrı-seçkilik və damğalanma halları insan
hüquqlarının pozulması deməkdir", "İnklyuziv
təhsil vasitəsilə inklyuziv cəmiyyət", "Əlillik
hallarının erkən aşkarlanması və profilaktikası:
beynəlxalq standartlar və səmərəli təcrübələr",
"Əlilliyi olan gənclərin sosial həyatda
iştirakının dəstəklənməsi", "BMT-nin Əlilliyi
olan Şəxslərin Hüquqları haqqında Konvensiyası
və onun əqli əlilliyi olan şəxslərə təsiri" və
digər mövzularda məruzələr dinlənilmişdir.
AzərTAc |