2012-ci ilin
may ayında neft və qaz sənayesi sahəsində
tanınmış alim və dövlət xadimi, sabiq SSRİ qaz
sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı,
Lenin və Dövlət mükafatları laureatı, Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü, texnika
elmləri doktoru, professor Sabit Atababa oğlu
Orucovun anadan olmasının 100 illiyi tamam olur.
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin
32-ci bəndini rəhbər tutaraq, keçmiş sovetlər
birliyində, eləcə də Azərbaycanda neft və qaz
sənayesinin inkişafında mühüm xidmətləri olmuş
Sabit Orucovun 100 illik yubileyinin
keçirilməsini təmin etmək məqsədi ilə
QƏRARA ALIRAM:
1. Azərbaycan
Respublikasının Sənaye və Energetika Nazirliyi
Azərbaycan Respublikasının Təhsil Nazirliyi,
Azərbaycan Milli Elmlər Akademiyası və
Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti
ilə birlikdə Sabit Atababa oğlu Orucovun 100
illik yubileyinə həsr olunmuş tədbirlər planı
hazırlayıb həyata keçirsin.
2. Azərbaycan
Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan
irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 sentyabr 2011-ci il
|