Bilik
və istedadı, cəsarət və xeyirxahlığı özünə bəla
olan tarixi şəxsiyyətlər, insanlar az deyil.
Bunların sırasında Gəncə torpağının XIX əsrdə
Azərbaycan ədəbiyyatına bəxş etdiyi Mirzə Şəfi
Vazehin adı ön sırada yer alıb. Poetik dühası,
sadəliyi və ülvi məhəbbəti ilə zəmanəsinin bir
çox qələm və kəlam sahiblərini heyran qoymuş
M.Ş.Vazeh Avropaya işıq sürəti ilə yayılan
şöhrətindən xəbərsiz Tiflis torpağında uyuyanda
Şərq mədəniyyətinə və türk dünyasına ifrat
qısqanclığı bu gün də zaman-zaman püskürən Qərb
dünyası onun şərqilərinin mənəvi-estetik təsiri
ilə rahatlanaraq mədəniləşirdi.
"Humanist" Qərbin heyran qaldığı şərqilərin
çapından varlanan Bodenştedt az sonra çörəyi
dizinin üstünda olan dindaşları kimi Vazehi
dandı, belə bir şəxsiyyətin olmadığını söyləyən
"şahid" də tapdı. Fəqət çox həqiqətləri itib
batmağa qoymayan və qıymayan müdrik tarix gec də
olsa bu məsələyə - oğurluq və mədəni nankorluğa
da işıq saldı.
Ə.Səidzadə, M.Rəfili, F.Qasımzadə, H.Məmmədzadə,
A.Bayramov və başqa ədəbiyyatşünaslar Mirzə
Şəfinin həyat və yaradıcılığının ayrı-ayrı
qaranlıq məqamlarına işıq saldılar. Məqalələr
yazıldı, tədqiqatlar aparıldı, vətəndən uzaq
düşmüş şeirlər ana dilində səsləndirildi.
Ə.Nicat "Gəncəli müdrik" romanı ilə şairin
tarixi-bədii obrazını yaratdıE Daha neçə bədii
əsərlər həsr olundu taleyi kəm Mirzə Şəfiyə.
Müstəqillik dövründə Mirzə Şəfinin həyatı və
yaradıcılığı, tədqiqi məsələlərinə həsr olunmuş
"Azərbaycan ədəbiyyatının qaynaqları: Mirzə Şəfi
Vazeh" (Gəncə, 2011, 110 səh.) kitabı bu
baxımdan klassik sənətkarın xatirəsinə layiqli
mənəvi abidə sayıla bilər.
Pedaqoji və filoloji elmlər doktoru, professor
Abbas Səmədovun "Azərbaycan ədəbiyyatının
qaynaqları: Mirzə Şəfi Vazeh" kitabı (məsləhətçi
və elmi redaktor professor S.Şükürov, rəyçi
BDU-nun M.C.Paşayev adına Azərbaycan ədəbiyyatı
kafedrasının müdiri, professor Q.Namazovdur)
respublikanın ali məktəb tələbələri üçün nəzərdə
tutulub.
Kitabın əvvəlində Mirzə Şəfi barədə "Qurtuluş"
mətbu orqanında ilkin olaraq Azərbaycan
oxucularına məlumat çatdırmış böyük
mədəniyyətşünas Salman Mümtazın qələm məhsulu
var. Sonrakı səhifələrdə redaktorun giriş əvəzi
qeydləri verilib, burada tarixi bioqrafik janrın
Azərbaycan ədəbiyyatında yarandığı qeyd olunub.
Böyük maarifçi, qüdrətli mühərrir və təbiətşünas
alim H.B.Zərdabinin Lev Tolstoya məktubu
xristian və müsəlman dinləri ilə bağlı fikir və
münasibətləri əks etdirən dəyərli yazıdır.
Müəllif "Mirzə Şəfi Vazehin həyatı" adlı hissədə
memar Kərbəlayi Sadığın ailəsində dünyaya göz
açmış Mirzə Şəfinin bioqrafiyasının təsvirini
verib. Müxtəlif dövrlərdə yaşamış
ədəbiyyatşünasların fikirlərinə istinad edən
müəllif şairin əsərlərinin toplanılması, onun
tərcümeyi-halı ilə bağlı çox dəyərli faktlarla
oxucuları məlumatlandırır.
Kitabda M.Şəfinin "Süsəni" müxəmməsi, Naci ilə
müşairəsi, qəzəlləri, "Məktubun intizarında"
poeması ilə yanaşı, şairin maarifçiliyi ilə
bağlı yazı, F.Bodenştedtin "Mirzə Şəfi haqqında
xatirələr" kitabındakı şeirlər (professor
A.Bayramovun tərcüməsində) və s. verilmişdir.
Ümumilikdə zəngin ədəbi-tarixi fakt və bədii
materiallardan ibarət kitab klassik irsimizi
öyrənənlər üçün faydalıdır.
Ş.MƏMMƏDOV |