Sentyabrın 9-da Şuşa rayon təhsil işçilərinin
ənənəvi konfransı keçirildi. Bakının 276 nömrəli
tam orta məktəbinin binasında keçirilmiş
konfransda təhsil işçiləri ilə yanaşı millət
vəkilləri, rayonun ayrı-ayrı idarələrinin
rəhbərləri, valideynlər iştirak edirdilər.
Məktəbin foye və dəhlizlərində Şuşanın
ümumtəhsil və məktəbdənkənar uşaq
müəssisələrinin şagirdlərinin əl işləri,
qazandıqları uğurlara görə əldə etdikləri
diplomlar, medallar, fəxri fərmanlar nümayiş
etdirilirdi.
Konfransı giriş sözü ilə Şuşa Rayon Təhsil
Şöbəsinin müdiri Təfəkkül Əliyev açaraq
"2010-2011-ci tədris ilinin yekunları və yeni
dərs ilində qarşıda duran vəzifələr" mövzusunda
hesabat məruzəsi ilə çıxış etdi. Məruzəçi əsas
diqqəti ötən tədris ilindəki uğurlara və
problemlərə yönəldərək geniş təhlil apardı.
Şöbə müdiri Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin "Müasir dünyada hər
şeyi bilik, savad, təhsil həll edir" fikrinə
əsaslanaraq təhsilin inkişaf istiqamətlərindən,
dövlətimizin, Heydər Əliyev Fondunun prezidenti,
YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın
Azərbaycan təhsilinə göstərdiyi qayğıdan
danışmışdır.
T.Əliyev 2010-2011-ci tədris ilini uğurla başa
vurmuş orta məktəb məzunlarının rayon üzrə 22
nəfərinin ali məktəblərə, o cümlədən əsas təhsil
bazasından 30 nəfərin orta ixtisas məktəblərinə
qəbulunu vurğuladı.
Məruzə ətrafında müzakirələrdə Şuşa Rayon İcra
Hakimiyyəti başçısının təhsil, səhiyyə və
mədəniyyət məsələləri üzrə müavini Vüsalə
Fərzəliyeva Şuşanın zəngin təhsil ənənələrindən,
müasir dünyada yüksək savad və təhsilin
rolundan, rayon icra hakimiyyətinin təhsilə
qayğısından danışdı.
Əməkdar müəllim Firuzə Kazımova, şəhər 1 nömrəli
tam orta məktəbin fizika müəllimi Aidə
Süleymanova, Quşçular kənd orta məktəbinin
ibtidai sinif müəllimi Naciyyə Kərimova, Milli
Məclisin üzvü Elman Məmmədov və başqaları öz
çıxışlarını məktəb və təhsil üzərində qurdular,
uğur və nöqsanlardan danışdılar. Tədbirdə yüksək
balla ali məktəblərə qəbul olmuş gənclər və
valideynlər də ürək sözlərini dedilər.
Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram
Səfərov konfrans iştirakçılarını təbrik etdi,
tezliklə doğma yurdlarımıza qayıdacaqlarını
vurğuladı. O, Şuşa təhsilinə bundan sonra da
daha çox diqqət ayıracağını bildirdi. İcra
başçısı ali məktəblərə yüksək balla qəbul olan
30 nəfərə öz şəxsi hesabından maddi köməklik
göstərdi, Quşçular kənd məktəbinə 2 ədəd
kompüter, Malıbəyli kənd 1 nömrəli məktəbə
elektron lövhə bağışladı, fərqlənən bir qrup
müəllimi fəxri fərmanlarla təltif etdi.
Əyyub ƏBDÜLƏZİMOV,
Şuşa RTŞ-ın aparıcı məsləhətçisi |