Azərbaycanın Bakı Dövlət, Xəzər və Qafqaz
universitetləri dünyanın 700 top universiteti
siyahısına daxil olmuşdur.
AzərTAc xəbər verir ki, "QS World University
Rankings-2011"-in reytinqinə görə, Bakı Dövlət,
Xəzər və Qafqaz universitetləri dünyanın 700 top
universitetinin siyahısına daxil olmuşdur. Bu
məqsədlə müxtəlif ölkələrin 2 min 919
universiteti haqqında məlumat təhlil edilmiş və
nəticədə 712 ali məktəb reytinqə daxil olmuşdur.
Dünyanın ən yaxşı təhsil müəssisələrinin
siyahısına bu il daha 80 yeni universitet əlavə
edilmişdir. Onlardan 18-i Mərkəzi Avropa və
keçmiş Sovet İttifaqı məkanında yerləşən
universitetlərdir. Qiymətləndirmə zamanı beş
əsas göstərici nəzərə alınmışdır: tələbə və
professorların nisbəti, tələbə və professor-müəllimlərin
beynəlmiləlləşdirilmə səviyyəsi, sitatgətirmə
indeksi, işəgötürənlər arasında nüfuzu və
akademik nüfuzu.
YUNESKO-nun bu yaxınlarda Parisdə keçirilmiş son
konfransında hazırda dünyada 20 min ali məktəbin
mövcud olduğu bildirilmişdir. 700 top
universitet siyahısına düşmək dünyada 4 faiz
təşkil edən elitar universitetlərin siyahısına
daxil olmaq deməkdir.
"QS World University Rankings" (təsisçisi Böyük
Britaniyadan Quacquarelli Symondsdur) və
ARWU-500 (Academic Ranking of World
Universities, Şanxay Universitetinin Ali Təhsil
İnstitutu tərəfindən tərtib olunur)
universitetlərin reytinqlərini müəyyənləşdirən
dünyanın ən nüfuzlu beynəlxalq qurumlarıdır.
|