Bakının
Sabunçu rayonunda yerləşən 3 nömrəli "Səadət"
uşaq bağçasında hər il olduğu kimi, bu il də
yeni tədris ilinin ilk günü bayram tədbiri ilə
qeyd olundu. Uşaqlar Bilik gününə həsr olunmuş
maraqlı ədəbi-bədii proqram nümayiş etdirərək
oxumağa, öyrənməyə böyük həvəsli olduqlarını
göstərdilər.
Bütün qruplarda tərbiyə alan uşaql
ar bağçanın al-əlvan güllərlə, şarlarla
bəzədilmiş zalına daxil olduqdan sonra Dövlət
himnimiz ifa olundu. Bağçanın müdiri Şahnaz
Abdullayeva çıxış edərək fidan balaları, onların
valideynlərini yeni dərs ilinin başlanması
münasibəti ilə təbrik etdi. Bu ilin
kollektivləri üçün əlamətdar olduğunu deyən
Ş.Abdullayeva ölkə Prezidentinin Ehtiyat
Fondundan Təhsil Nazirliyinə ayrılan vəsait
hesabına bağçalarında aparılan təmir işlərinin
artıq başa çatdığını və yeni dərs ilinə
körpələrə hədiyyə edildiyini, burada uşaqların
təlim-tərbiyəsi üçün hər cür şəraitin
yaradıldığını bildirdi və bu münasibətlə də
kollektiv üzvlərinə, valideynlərə təbriklərini
çatdırdı. Bağça müdiri bu il bağçalarının
məktəbəhazırlıq qruplarından 54 uşağın
məktəblərə yola salındığını, onların Sabunçudakı
63 və 215, Ramana qəsəbəsindəki 90 nömrəli
məktəblərdə I sinfə qədəm qoyacaqlarını söylədi.
Bildirdi ki, məktəbə yola salınan uşaqların
əvəzinə artıq yeniləri bağçaya qəbul olunub.
Hazırda burada 6 qrupda 130 uşaq tərbiyə alır.
Bağça ötən dərs ilində bir çox nailiyyətlər əldə
edib, tərbiyəçi və uşaqlar müxtəlif
müsabiqələrdə fərqləniblər. Bağçanın istedadlı
uşaqları rayon, şəhər tədbirlərində dəfələrlə
maraqlı bədii proqramlarla çıxış ediblər.
Məktəbəhazırlıq qrupundan 5 fəal uşaq rayon icra
hakimiyyətinin fəxri fərmanları ilə təltif
olunub.
Ş.Abdullayeva təhsilə, təhsil işçilərinə, balaca
fidanlara göstərdikləri böyük qayğıya görə
Prezident İlham Əliyevə, Heydər Əliyev Fondunun
prezidenti, millət vəkili, YUNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri Mehriban xanım Əliyevaya dərin
təşəkkürünü bildirdi və kollektivə yeni tədris
ilində uğurlar arzuladı.
Sonra bağçanın istedadlı uşaqları İlqar, Mədinə,
Aydan, Emin, Dərya Azərbaycana, müəllimə,
məktəbə həsr olunmuş şeirlər söylədilər.
Bağçanın valideyn komitəsinin sədri Fatimə
İmaməliyeva pedaqoji kollektiv üzvlərini,
valideynləri təbrik etdi, bağçada görülmüş təmir
işlərini yüksək qiymətləndirdi, bağçanın
həyətinin xeyli gözəlləşdiyini, yaşıllığın,
gül-çiçəyin göz oxşadığını bildirdi.
Sonra bağçanın xoru T.Quliyevin "Yurdumda"
mahnısını ifa etdi. Uşaqlardan Emin, Nərgiz,
Ramazan Azərbaycanın dövlət bayrağı haqqında
şeir söylədilər, Cavid "Bayrağıma baxanda"
mahnısını oxudu, məktəbəhazırlıq qrupunda
tərbiyə alanlar "Torpaqdan pay olmaz" mövzusunda
səhnəcik nümayiş etdirdilər.
Tədbirdə iştirak edən 215 nömrəli məktəbin
ibtidai sinif müəllimləri uşaqlara xoş
arzularını bildirdilər.
Yusif ƏLİYEV |