Nottingem
Universiteti (University of Nottingham)
İngiltərənin Nottingem şəhərində yerləşir və
Böyük Britaniyanın ən nüfuzlu təhsil
ocaqlarından biridir.
Böyük Britaniyanın "Times Higher Education
Supplement - QS World Universities Rankings"
jurnalının 2009-cu ildə apardığı dünya
universitetlərinin reytinqinə əsasən, Nottingem
Universiteti 100 ən yaxşı ali məktəb arasında
91-ci yerdə olub. "Times Higher Education World
University Rankings"in 2010-cu il üzrə dünyanın
ən nüfuzlu universitetləri arasında apardığı
araşdırmaya əsasən, Nottingem Universiteti
174-cü, "QS World University Rankings"in
açıqlamasına görə isə 73-cü yerdə qərarlaşıb.
"QS World University Rankings"in 2011-2012-ci
tədris ili üçün açıqladığı reytinq cədvəlinə
əsasən Nottingem Universiteti 74-cü yerə layiq
görülüb.
Nottingem Universiteti Rassell, Universitetlər
21, Satton 13 qruplarının, Avropa
Universitetləri, Birlik Ölkələri Universitetləri
assosiasiyalarının, Böyük Britaniya
Universitetləri Şəbəkəsinin üzvüdür.
Tarixi
Nottingem
Universitetinin yaranma tarixi 1798-ci ildə
fəaliyyətə başlamış yaşlıların tədrisi məktəbi
ilə bağlıdır. Belə ki, bu təhsil müəssisəsi
Nottingem şəhərində yaradılan ilk ali
məktəblərdən hesab olunur. Lakin universitetin
əsas tarixi 1877-ci ildə Böyük Britaniyanın baş
naziri Uilyam Qladston tərəfindən Nottingem
Kollecinin ilk təməl daşının qoyulmasından
başlayır. 1881-ci ildə isə kollecin Şekspir
küçəsindəki binası Olbani hersoqu şahzadə
Leapold tərəfindən açılır. Beləcə, 1881-ci ildə
Nottingem şəhərində London Universitetinin əsas
hissəsi kimi universitet kollecinin yaradılması
Nottingem Universitetinin tarixinin başlanğıcı
kimi qəbul oluna bilər. Həmin dövrdə kollecdə
ədəbiyyat, fizika, kimya və dəqiq elmlər üzrə
dörd professor çalışırdı. Buna baxmayaraq, tez
bir müddətdə Nottingem Kollecində yeni
fakültələr - 1884-cü ildə Mühəndislik, 1893-cü
ildə Fəlsəfə, 1897-ci ildə Fransız dili, 1905-ci
ildə Pedaqogika, Fizika və Riyaziyyat, 1911-ci
ildə İngilis dili və Dağ-mədən, 1912-ci ildə
İqtisadiyyat, Geologiya və Coğrafiya, 1914-cü
ildə Tarix, 1923-cü ildə Yaşlıların təhsili,
1925-ci ildə Əczaçılıq departamentləri
yaranmağa başlayır.
1920-ci illərdə Nottingem Kolleci Nottingem
şəhərinin mərkəzindən kənara köçürülür. Kollecin
Universitet Parkı adlanan yeni kampusunun
tikintisi 1928-ci ildə başa çatır və həmin ilin
noyabrında kampusun açılışında kral V Georq
iştirak edir. Fəaliyyət göstərdiyi illər ərzində
bu ali məktəbdə Albert Eynşteyn, Herbert Uells,
Mahatma Qandi və b. dahi şəxslər işləyiblər.
Nottingem Kollecində 1916-cı ildən rus dili
tədris olunur, 1933-cü ildə bu iş daha da
genişləndirilir və Slavyan dilləri (sonradan
Slavistika) departamenti fəaliyyətə başlayır.
1933-34-cü illərdə Elektrotexnika, Zoologiya və
Coğrafiya departamentləri müstəqil fəaliyyət
göstərməyə başlayır. 1939-cu ildə İkinci Dünya
müharibəsinin başlaması kollecin inkişafını
ləngidir.
İlk
vaxtlar Nottingem Kollecinin tələbələri London
Universitetinin diplomlarını alıblar. 1940-cı
ildə Satton Boninqtondakı Midlends Kənd
Təsərrüfatı Kolleci Nottingem Universitetinə
birləşdirilir. 1948-ci ildə Nottingem Kolleci
Kral xartiyası və universitet statusu aldıqdan
sonra diplom və elmi dərəcələr verməyə başlayır.
1956-cı ildə universitetin bir neçə binasının
tikintisi başa çatdırılır. 1970-ci ildə
universitetin ən yeni Tibb Məktəbi, 1995-ci ildə
isə Tibb bacısı və Mamalıq Məktəbi açılır.
1999-cu ildə Nottingem Universitetinin Böyük
Britaniyada Yubiley kampusu, Malayziyada
Semenyih, 2004-cü ildə isə Çində Ninbo
kampusları fəaliyyətə başlayır. 2005-ci ildə
Universitet Parkı kampusunun yaxınlığında Kral
Çəmən kampusu açılır. 2007-ci ildə Nottingem
Universitetinin rəsmi olaraq Baytarlıq Tibbi və
Elmlər Məktəbi fəaliyyətə başlayır. Bu, Böyük
Britaniyada son 50 ildə müstəqil olaraq açılan
ilk Baytarlıq Məktəbi olur.
Büdcəsi və təhsil haqqı
2010-cu tədris ilində Nottingem Universitetinin
illik gəlirləri 510600000 funt sterlinq olub.
Həmin vəsaitin 144400000-ni maliyyə şurası
qrantları, 165400000-ni təhsil haqqı və təhsil
sazişləri, 104100000-ni tədqiqat qrantları və
sazişləri, habelə digər vasitələr hesabına əldə
olunan gəlirlər təşkil edib. Ötən tədris ilində
ali məktəbin ümumi xərcləri 474600000
funt-sterlinq olub. Göstərilən məbləğin
273600000-ni əməkdaşların əməkhaqqı, 20000000-i
amortizasiya, qalanlarını isə digər əməliyyat
xərcləri təşkil edib.
2011-2012-ci
tədris ilində Nottingem Universitetində bakalavr
səviyyəsində təhsil haqqı 11900-23300
funt-sterlinq təşkil edib. Magistratura
səviyyəsində təhsil haqqı 11990-21630,
doktorantura səviyyəsində isə 11990-20500
funt-sterlinq olub.
Nottingem Universitetində tələbəyə bir ay
ərzində 700 funt-sterlinq lazım gəlir. Bu
məbləğə yataqxana, qidalanma, nəqliyyat, kitab,
avadanlıq və digər lazımi əşyalar daxildir.
Tələbənin seçdiyi həyat tərzindən asılı olaraq
sərf olunan vəsait dəyişə də bilər.
Universitet bu gün
Nottingem Universitetinin Nottingem şəhərində 5
tələbə şəhərciyi mövcuddur. Universitet Parkı
kampusu şəhərin mərkəzindən qərbdə 1,3
km²
(330 akr) ərazidə yerləşir və ali məktəbin əsas
şəhərciyidir. Hayfilds gölünün sahilində
yaşıllıqların arasında yerləşən kampus ölkənin
ən gözəl yerlərindən biri hesab olunur. Kampus
landşaftı və memarlıq üslubuna görə bir çox
mükafatların qalibi olub.
Memar Maykl Hopkins tərəfindən işlənmiş Yubiley
kampusunun açılışında 1999-cu ildə kraliça II
Yelizaveta iştirak edib. Bu kampus Universitet
Parkından 1,6 km aralıqda yerləşir. Yubiley
kampusunun tikintisi 2004-cü ildə başa çatıb.
Kampus müasir və unikal memarlıq üslubu,
əsrarəngiz landşaftı ilə seçilir.
Universitetin
Şəhər xəstəxanası kampusu Bestvud kəndi
yaxınlığındadır və burada respirator tibb,
əhalinin sağlamlığı, insult, onkologiya,
fizioterapiya və s. mərkəzlər yerləşir. 2009-cu
ildə burada yeni İctimai Səhiyyə İnstitutu,
Tütün Tədqiqatları Mərkəzi istifadəyə verilib.
Satton Boninqton kampusu Nottingem şəhərindən 20
km cənubda yerləşir. Burada Biologiya elmləri,
Baytarlıq məktəbləri mövcuddur. Kampus Satton
Boninqton tarixi malikanəsinin ətrafında, gölün,
Botanika bağının yaxınlığında salınıb.
Kral Çəmən kampusu 2005-ci ildə Lenton Leyndə
keçmiş Mərkəzi Müstəqil Televiziya studiyasının
yerində yaradılıb. Burada, əsasən, inzibati
binalar, Əlyazma və Xüsusi Kolleksiyalar
Mərkəzi, televiziya və film studiyaları vardır.
Nottingem Universiteti xarici ölkələrdə bir neçə
kampusa malikdir. 1999-cu ildən başlanılan bu
strategiya Malayziyanın Semenyih şəhərində
açılmış kampusla başlayır. Bu şəhərcik yaşıl
təpələrin yaxınlığında 101 akr ərazidə salınıb
və Universitet Parkı kampusuna bənzəyir. Daha
sonra 2004-cü ildə Çinin Ninbo şəhərində
universitetin digər kampusu istifadəyə verilib.
Nottingem Universitetində 5 fakültə fəaliyyət
göstərir:
İncəsənət
fakültəsi Amerika və Kanada tədqiqatları,
Arxeologiya, İncəsənətin tarixi, Klassika,
Mədəniyyət, kinematoqrafiya və KİV,
Mədəniyyətlər, dillər və regionşünaslıq, İngilis
dili, İngiltərə tədqiqatları, Fransa və fransız
dili tədqiqatları, Alman tədqiqatları, Tarix,
Humanitar elmlər, Musiqi, Fəlsəfə, Rus dili və
slavistika, İspan, portuqal və Latın Amerikası
tədqiqatları, İlahiyyat və dinşünaslıq
departamentlərindən ibarətdir.
Sosial elmlər fakültəsinə Müasir Çin
tədqiqatları, İqtisadiyyat, Pedaqogika,
Coğrafiya, Hüquq, Siyasət və beynəlxalq
münasibətlər, Sosiologiya və sosial siyasət
departamentləri, Nottingem Biznes Məktəbi
daxildir.
Dəqiq elmlər fakültəsinə Biologiya, Bioelmlər,
Kimya, İnformatika, Riyaziyyat elmləri,
Əczaçılıq, Fizika və astronomiya, Psixologiya
departamentləri aiddir.
Maşınqayırma fakültəsində Memarlıq və antropogen
mühit, Kimya və mühəndislik ekologiyası,
Vətəndaş quruculuğu, Elektrotexnika, Mexanika,
material və maşınqayırma texnologiyası
departamentləri fəaliyyət göstərir.
Tibb və səhiyyə fakültəsi Biologiya, Biotibbi
elmlər, Kliniki elmlər, Cəmiyyətin sağlamlığı,
Ginekologiya, Molekulyar tibb, Tibb bacısı,
mamalıq və fizioterapiya, Fizioterapiya, Əmək,
sağlamlıq və təşkilat, Baytarlıq Tibbi və Elmlər
Məktəbindən ibarətdir.
Nottingem
Universitetinin bir neçə kitabxanası mövcuddur.
Hollvard kitabxanasında humanitar, incəsənət,
hüquq və sosial elmlər üzrə kitablar toplanıb.
Bu kitabxananın binası Böyük Britaniyanın ən
gözəl tikililərindən hesab olunur. Binada
kompüter otaqları, konfrans, oxu zalları
mövcuddur.
Universitetin ikinci böyük kitabxanası Corc
Qrindir. Kitabxanada dəqiq, texniki elmlər və
psixologiya üzrə materiallar saxlanılır. Yalnız
tələbə bileti olan şəxslər kitabxananın
resurslarından istifadə edə bilərlər.
Qrinfild Tibb kitabxanası Tibb, Tibb bacısı
fakültələrinin tələbələri üçün nəzərdə tutulub.
Qrinfild kitabxanası Universitet Parkı
kampusunun yaxınlığında yerləşir. Bundan əlavə,
Tibb bacısı və mamalıq, Fizioterapiya
fakültələrinin Derbi və Mensfilddə kitabxanaları
fəaliyyət göstərir.
Biologiya və baytarlıq elmləri üzrə kitablar
Satton Boninqton kampusundakı Ceyms Kemeron-Gifford
kitabxanasında toplanıb. Sadalanan
kitabxanalarla yanaşı, universitetin Denis
Arnold Musiqi kitabxanası zəngin musiqi
partituraları və yazılarına malikdir. Yubiley
kampusunda isə Djanoqli Tədris Mərkəzi və yeni
Biznes kitabxanası yerləşir. Bu müəssisələrdə
pedaqogika, kompüter elmləri və biznes
sahələrini əhatə edən materiallar mövcuddur.
Nottingem Universitetində 15 yataqxana kompleksi
fəaliyyət göstərir. Bütün nömrələrdə çarpayı,
yazı masası, paltar şkafı və digər mebel
mövcuddur. Tələbələrin evlə əlaqə saxlamaları
üçün otaqlar telefon və İnternetlə təchiz olunub.
Universitet şəhərciklərində yerləşən bu
yataqxanalarda 5 minə yaxın tələbə yaşayır.
Tələbələrin gündə üç dəfə qidalanması yataqxana
haqqına daxildir.
Universitet
Parkı kampusunda 12 yataqxana (Ankaster,
Kavendiş, Kripps, Derbi, Florensiya But, Hyu
Stüart, Lenton və Vortli, Linkoln, Naytinqeyl,
Ratlend, Şervud, Uilloubi) yerləşir və burada
3200-dən çox tələbə məskunlaşıb. Yubiley
kampusunda Melton, Nyuark, Sautuell
yataqxanaları fəaliyyət göstərir. Yataqxanalar
ciddi mühafizə olunur, tələbələr üçün
təhlükəsizlik və tibbi xidmətlər göstərilir.
Universitetə yeni qəbul edilən əcnəbi
tələbələrin böyük əksəriyyəti yataqxanalarda
otaqlarla təmin edilir. Yataqxanalarda otaqların
1 günlük qiyməti 16-57 funt-sterlinq arasında
dəyişir. Portlend binasında Tələbə Təşkilatı,
kitab mağazası yerləşir.
Nottingem Universiteti üç orqan - Universitet
Şurası, Senat, Məhkəmə tərəfindən idarə olunur.
Universitetə şuranın tövsiyəsi ilə Universitet
Məhkəməsi tərəfindən seçilmiş kansler rəhbərlik
edir. Kansler Universitet Məhkəməsinə sədrlik
edir. Nottingem Universitetinin kansleri
professor Yan Fujiadır. Eyni zamanda ali
məktəbdə vitse-kansler və 6 provitse-kansler
fəaliyyət göstərir. Təhsil ocağının
vitse-kansleri professor Devid Qrinueydir.
Universitet Şurası 35 üzvdən ibarətdir.
Nottingem Universitetində, Malayziya və Çin
kampusları daxil olmaqla, ümumilikdə 7828 nəfər
işçi çalışır. Nottingem şəhərində işçilərin sayı
7035, Malayziyada 465, Çində isə 328 nəfərdir.
2010-2011-ci tədris ilində Nottingem
Universitetinin dünya üzrə bütün kampuslarında
ümumilikdə 40829 tələbə təhsil alıb. Belə ki,
Nottingem şəhərində universitetin 32999,
Malayziyada 3399, Çində isə 4431 nəfər tələbəsi
oxuyub.
Nottingem Universiteti həyata keçirdiyi
tədqiqatlarla dünyanın diqqətini cəlb edir.
Burada professor Piter Mensfild tərəfindən
aparılan maqnit-rezonans tomoqrafiyası işi
2003-cü ildə alimin tibb və fiziologiya üzrə
Nobel mükafatı almasına səbəb olub.
Universitetin iki alimi (Andre Geym və Piter
Mensfild) fizika, Klayv Qrencer isə iqtisadiyyat
üzrə Nobel mükafatına layiq görülüblər.
Professor Frederik Kippinq sənayedə milyard
funt-sterlinq gəlir verən silikon polimerlərin
kəşfini həyata keçirib, eləcə də universitetdə
12 teraflop superkompüter istehsal edilib.
Nottingem Universiteti dünyanın sürətlə inkişaf
edən böyük universitetlərindən biridir.
Beynəlmiləl tələbə və işçi heyətinə malik
universitetin məqsədi gənclərin intellektual,
peşəkar, şəxsi həyatlarına dəyərli və
əvəzolunmaz təcrübə bəxş etməkdir.
Universitetin məşhur məzunları
|
Tun Razak |
Malayziyanın baş naziri |
|
|
Zeynəb Banqura |
Syerra-Leone dövlətinin sabiq xarici
işlər naziri |
|
|
Sultan Tuanku Cəfər |
Malayziyanın 10-cu kralı |
|
|
Sultan Raca Azlan Şah |
Malayziyanın 9-cu kralı |
|
|
Sultan Tuanku Bahiyah |
Malayziyanın 5-ci kralı |
|
|
Tenqku Tan Sri Əhməd Rithaudden |
Malayziyanın sabiq müdafiə naziri |
|
|
Lətifə Əl Qaood |
Bəhreyn Nümayəndələr Şurasının ilk qadın
üzvü |
|
|
Piter Mensfild |
tibb və fiziologiya üzrə Nobel mükafatı
laureatı |
|
|
Yan Vilmunt |
ingiltərəli embrioloq, klonlaşdırma üzrə
mütəxəssis |
|
Universitetin məşhur müəllimləri
|
Hyu Qeytskell |
Böyük Britaniyanın sabiq maliyyə naziri |
|
|
Maykl Layons |
"BBC Trust" şirkətinin sabiq sədri |
|
|
Syuy Çjihun |
Pekin Universitetinin sabiq prezidenti |
|
|
Andre Geym |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Piter Mensfild |
fizika üzrə Nobel mükafatı laureatı |
|
|
Klayv Qrencer |
iqtisadiyyat üzrə Nobel mükafatı
laureatı |
|
Hazırladı:
Lamiyə ƏLİYEVA |